Fuad Axundovla Bakı səyahəti
HƏSRƏTİN
TƏDQİQİ
Nə zamansa - çox da keçmiş olmayan illərdə
bu ölkədə, bu məmləkətdə Fuad Axundov
adlı alim, zəngin bilik və istedad sahibi telejurnalist,
coşqun təbiətli bir insan olub.
O Fuad
Axundov ki, çoxumuz elə dildə “Qədim Bakı” deyib, bu
qədimliyin mahiyyətinə varmadığımız halda,
bizim hamımızın yerinə həmin qədimliyi
araşdırıb, öyrənib və uzun müddət bizlərə
öyrətmək əzmində olub. Gah müsahibələri,
gah çəkdiyi süjetləri, gah da müəllifi və
aparıcısı olduğu “Bakının sirləri” adlı
televiziya layihəsi ilə...
Olub deyirəm, çünki biz əlimizdə, ovcumuzda
olan çox dəyərlər kimi, onu da itirməyi
bacarmışıq və o, uzun illərdir ki,
Bakısından uzaqda həyat sürməkdədir. İllərlə
böyük bir sevgiylə, heyranlıqla tədqiq etdiyin,
öyrəndiyin, öyrətdiyin şəhərə bir zaman
uzaqdan - dünyanın o başından baxmaq, havasına,
suyuna, insanlarına, o qədimliyinə həsrət yaşamaq
nə qəribə və ağrılı taledir, kim bilir. Ancaq etiraf etmək
lazımdır ki, bu uzaqlıq ondan çox, bizim əleyhimizə
işlədi. Məsələn, gənc nəslin
nümayəndəsi kimi mən onun adını cəmi bir
neçə gün öncə eşitdim və kimliyi haqda məlumat
toplamağa başladım. Yox,
düşünmürəm ki, bu, mənim, ya da Fuad Axundovun
günahıdır. Bu, gərəkli təbliğatın
zəifliyinin nəticəsidir ki, çoxumuz, xüsusən də
biz gənc nəsil onu bu qədər uzun müddətdə kəşf
edə bilməmişik.
Onun “Bakının sirləri” verilişi və
özünəməxsus, bəlağətli
danışığı köhnə, dumanlı, rəngi-rufunu
itirmiş kadrlar kimi yadıma gəlir. Bir də o
maraqlı, fərqli tembrdəki səsini xatırlayıram.
Vəssalam! Hafizəmin onunla bağlı hissəsində
başqa heç nə yoxdur. Bu
xatırladıqlarımı isə bir neçə gün
öncə internetdən izlədiyim o kadrların hesabına
yaddaşımda apardığım çox dərin
“qazıntı işlərindən” sonra aşkara
çıxara bildim.
Fuad Axundov tarixçidir, daha dəqiqi, Bakının tədqiqatçısı. Xüsusən
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki
Bakının tarixini kökündən, ən incəliklərinə,
dərinliklərinə qədər araşdırıb,
öyrənib. Ancaq onun bu
araşdırması qalın-qalın kitab cildləri, arxiv
materialları, tarixi sənədlər, fotolarla
yekunlaşmır. O, Bakının - bu qədim və
ecazkar şəhərin az qala hər
daşını araşdırıb, öyrənib,
Bakını küçə-küçə, bina-bina, abidə-abidə
deyil, daş-daş “oxuyub”, “əzbərləyib”. Özü
bu sonsuz səbr tələb edən
araşdırmalarını belə əsaslandırır:
“Daşlarda nə qədər insan enerjisi var. Şəhər
mədəniyyətini qum üzərində qurmaq olmaz”.
ONU TANIMAQ
ŞANSI
Heç bir ay deyil ki, gözəl paytaxtımızın
mərkəzində böyük, yaraşıqlı,
sözün bütün mənalarında işıqlı bir
mədəniyyət ocağı - Bakı Kitab Mərkəzi
yaradılıb. Bu mərkəz təkcə kitab
satışı ilə məşğul olmur,
yarandığı ilk gündəncə kitabı, kitab
yazanları, onu araya-ərsəyə gətirənləri, bir
sözlə, kitabla bağlı hər şeyi və hər kəsi
ən yüksək şəkildə təbliğ edir, bir məkanda
birləşdirir.
Haqqında bəhs etdiyim Fuad Axundovu tanımağıma
vasitəçi də məhz Bakı Kitab Mərkəzi oldu,
daha doğrusu, onun “Tarixlə üz-üzə” layihəsi. Bundan əvvəlki
ilk tədbirində iştirak etdiyim layihənin budəfəki
elanı da diqqət cəlb edirdi. Çünki mövzu
Bakı idi: gözümü açdığım, 26 illik
ömrümün az qala hər saniyəsini
üzərində keçirdiyim, hər gün bir
başından o biri başına universitetə, işə
gedib-gəldiyim doğma Bakım və onun məndən
çox, lap çox öncəki tarixi...
Bu tarixi isə bizə Fuad Axundov adlı tarixçi
danışacaqdı. Elanda da elə bu cür
yazılmışdı “Bakının tədqiqatçısı!”
Deməli, bir şəhərin tarixinə illərini,
enerjisini həsr edən insanlar da varmış.
Tədbirə hələ üç gün var idi. Və mən
bu müddət ərzində onun haqqında araşdırma
apara bilərdim.
O
DANIŞMIR, YAŞAYIR
Onun haqqında ilk bilgini Rəşad Məcidin “İkiqat
mühacir” adlı essesindən aldım. 2007-ci ilin
oktyabrında yazılmış esse müəllifin Fuad
Axundovla görüşündən və onun fəaliyyətinə,
şəxsiyyətinə olan müsbət münasibətindən
bəhs edir. Rəşad müəllim “Bakının
sirləri” proqramından danışarkən onun Bakı
sevgisini belə şərh edir: “Heç şübhəsiz,
“Bakinskiye taynı” bu gün Azərbaycan efirindəki
verilişlərdən bir baş yuxarıda dayanır. Həm qayəsinə, mövzusuna, həm də
aparıcının səviyyəsinə görə. Bu isə onun - peşəsi jurnalist olmayan, tamam
başqa ixtisas sahibi Fuad Axundovun fəaliyyəti sayəsində
mümkün olub. Lap dəqiqi, onun
Bakıya, Bakının tarixinə olan sonsuz SEVGİsi və
bu sevginin verdiyi enerjinin, ilahi gücün sayəsində əldə
edilən hədsiz informasiya hesabına. Bunlar
bir-birindən ayrı olsa, şübhəsiz, bu effekt
alınmazdı”.
Rəşad Məcidin onun haqqında bu cür sevgi və
heyranlıqla söz açması bu alimə
marağımı daha da artırdı və mən
başladım internetdən videolarını, sujetlərini,
verilişindən bölmələri izləməyə,
müsahibələrini oxumağa.
Öncə onu deyim ki, Fuad Axundov bizim öyrəşdiyimiz,
bildiyimiz klassik alim modelindən çox uzaqdır. Heç
danışığında ənənəvi təmkindən
də əsər-əlamət yoxdur. O, Bakıdan
danışarkən tamamilə dəyişir, bambaşqa insana
çevrilir. Bol enerjisi, dipdiri gözləri,
jestikulyasiyası, danışdıqca obrazdan-obraza düşən
üzü, mimikaları, enib-qalxan səs tonu insana elə hisslər
bəxş edir ki, sanki o, Bakını danışmır,
Bakını bütün varlığıyla, ruhuyla
yaşayır. Onun
danışdığı ən adi hadisəyə belə
biganə qalmaq mümkün deyil. Çünki
o, özü artıq çevrilib hadisə olur.
Kadrlar, şəkillər, videolar olmasa belə, Fuad
Axundovun səsi və danışıq tərzi insana heç
zaman görmədiyi o dövrə, hadisələrə səyahət
təsiri bağışlayır. Sanki bu səs insanın əlindən
tutub o daş binaların, qədim tikililərin, abidələrin,
arasıyla gəzdirir, haqqında danışdığı
insanlarla şəxsən tanış edir,
səni də o dövrün bir parçası edir və sən
bu yaşananların canlı şahidinə çevrilirsən.
Onun videoçarxlarında xarici turistlərlə Bakı
haqqındakı söhbətlərini ləzzət almadan dinləmək
mümkün deyil. Elə böyük şövqlə, ehtirasla
danışır ki, bir anlıq sən də bu əzəmətli
şəhəri yeni görmüş turist kimi hiss edirsən
özünü. Əslinə baxanda, onun
danışdığı Bakını çoxumuz ilk dəfə
görürük - Fuad Axundovun gözü ilə. Həqiqətən də o, insanı Bakıya məhz
onun gözüylə baxmağa məcbur edir.
BAKI
HAQQINDA “MONOTAMAŞA”
Nəhayət, həmin gün gəlib çatdı. Sentyabrın
27-i saat 19:00 ərəfəsində Bakı Kitab Mərkəzinin
2-ci mərtəbəsi adamla dolu idi. Tədbirin
vaxtından 15 dəqiqə öncə ora çatsam da,
artıq nəinki oturmağa, az qala ayaq
üstə dayanmağa da yer qalmamışdı. Geniş,
işıqlı görüş zalında adam
əlindən tərpənməyə yer yox idi. Elə bir tərəfdən stullar
daşınır, amma yenə də ayaq üstə qalan
insanların sayı azalmırdı. Onların
arasında gənclər də vardı, orta və
yaşlı nəslin nümayəndələri də. İlk dəfə idi ki, tədbir öncəsi bu qədər
səssiz və sakit zal görürdüm. Ora-bura stul daşıyan, insanlar üçün yer
düzəldən əməkdaşlardan başqa heç
kimin səsi çıxmırdı. Hamı
böyük səbr və gözlərindəki sonsuz sevgi ilə
zalın ortasında qonaq üçün ayrılmış
yerə baxırdı. Fuad Axundov isə hələ
görünmürdü.
Nəhayət, böyük çətinliklə
özümə yer tapıb oturdum. Deyilən vaxtda Mərkəzin
direktoru Günel Anarqızı və Fuad Axundov
göründülər. Günel xanım qonaqları
salamlayıb, tarixçi alim haqqında və bu görüşün məqsədi
barədə bir neçə cümləlik məlumat verdikdən
sonra mikrofonu Fuad Axundova ötürdü. O da özünəməxsus
yumorla qonaqları salamladıqdan sonra əsas mövzuya
keçdi və bizim “inqilabdan əvvəlki Bakıya səyahətimiz”
başlandı. Alim “İnqilabdan əvvəlki
Bakının etnik və mədəni müxtəlifliyi”ndən
danışırdı. Yox, o, yenə də
danışmırdı, o dövrü canlı-canlı
yaşayırdı, yaşadırdı.
İki
saat ərzində alim dayanmadan, ara vermədən
birinci neft bumu dövründəki Bakının tarixindən,
burada yaşayan müxtəlif xalqların ən görkəmli
nümayəndələrindən, onların bu şəhərin
inkişafına töhfələrindən o qədər
çox informasiya verdi ki, özümü Bakı adlı
böyük bir okeanın içərisində hiss edirdim. Hər tərəfdən üstümə məlumat
yüklü dalğalar şığıyırdı və mən
o dalğaların hamısına böyük zövqlə
qucaq açırdım. Axı onlar doğma
sahildən gəlirdilər.
Fuad Axundov gah Bakının o dövrdəki etnik tərkibini
sadalayır, gah ayrı-ayrı xalqların bu qədim şəhərin
tarixindəki izindən söz açır, gah Bakının
ilk merini tanıdır, gah da Dümanı yada salırdı. Böyük
ekranda nümayiş olunan şəhərin XIX əsrin sonu-XX əsrin
əvvəllərinə aid fotolarından ibarət kollaj isə
mühazirənin təsirini daha da artırır, “səyahətimizi”
daha yaddaqalan edirdi.
Bir insana
düz iki saat tərpənmədən, az
qala nəfəs almağı belə unudaraq, gözlərini
ondan çəkmədən qulaq asmaq da
mümkünmüş. Bunu həmin gecə Fuad
Axundov sübut elədi. Çünki o iki
saatda yaşananlar adi mühazirə deyildi, sanki hansısa
böyük bir teatrın səhnəsində nümayiş
olunan monotamaşa idi. O danışdıqca mənə
elə gəlirdi ki, hansısa monotamaşadayam və Fuad Axundov
adlı məşhur, peşəkar bir aktyorun Bakı
haqqındakı monoloqunu dinləyirəm.
Başındakı araxçın da bütün o məlumatları, informasiya selini, Fuad Axundov fərqini tamamlayır, simasına ayrı bir xarizma qatırdı. Yalnız dili, kəlmələri deyil, gözləri, baxışları, əlləri, jestləri, gülüşü belə danışırdı və o qədər sərbəst, azad danışırdı, bir məqamdan sonra insana elə gəlirdi ki, sanki qarşındakı o böyük şəhərdir - Bakıdır, özü-özünü tanıdır.
Tədbir başlayandan insanlara baxmağı
unutmuşdum.
Ön cərgədə oturduğumdan zalda nə qədər adam olduğunu bilmirdim. Yaranan
kiçik fasilədən istifadə edib bir anlıq arxaya
boylandım və gördüyüm mənzərədən
heyrətə düşdüm. Onlarla insan ayaq üstə,
gözünü bircə an da mühazirəçidən
çəkmədən, diqqəti yayınmadan dinləyirdi. Bu, onun uğuru idi. Belə böyük bir
auditoriyanı təkbaşına ələ almaq, iki saat (əminəm
ki, əgər mühazirə uzansaydı, o insanlar yenə də
eyni diqqət və ciddiyyətlə dinləyəcəkdilər!)
ara vermədən ötürdüyün
informasiya bolluğuna rəğmən insanları yormamaq hər
kəsə nəsib olan xoşbəxtlik deyil.
SON SÖZ ƏVƏZİ
Son dərəcə coşqun
temperamentli, təpədən-dırnağa tarix olan Fuad
Axundovun Mayakovskinin Bakıya həsr etdiyi şeirlə təsirləndiyimiz,
“Əli və Nino” adlı gerçək eşq hekayəsini
xatırladığımız, köhnə Bakıyla
müasir paytaxtımızın oxşar və fərqli
yanlarını bəzən təəssüf, bəzən
yumor, bəzən də qürurla etiraf etdiyimiz mühazirəsi
- monotamaşası da bitdi, o mühazirədən
aldığımız təəssürat yazısının
da son nöqtəsi qoyulmaq üzrədir. Amma mənim fikrimdə
hələ də Rəşad Məcidin essesindəki bir sual
dolanır: “Bir də bu şəhərin tarixini, hər
tikilinin hekayətini bu dərəcədə ətraflı bilən
və bu dərəcədə ondan şövqlə söhbət
açan ikinci bir adam yetişəcəkmi?!”
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.9.