Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar

 

DİASPOR KOMİTƏSİ HƏRƏKƏTƏ KEÇDİ

 

Hazırda Türkiyədə işləmək, yaşamaq və digər müxtəlif səbəblərlə gələn milyonlarla xarici vətəndaş məskunlaşıb.

 Suriyalı qaçqınları və qanuni şəkildə qeydiyyata düşən xarici vətəndaşları nəzərə almasaq, Türkiyədə həm də qeyri-leqal yollarla, yəni qaçaq olaraq ölkədə yaşayan əcnəbilər də çoxdur. Onların arasında azərbaycanlılar da var və çoxluq təşkil edir.

Jurnalist olaraq Türkiyədə qeyri-qanuni məskunlaşmış azərbaycanlıların bir neçəsi ilə biz də görüşdük. Onlarla bağlı reportajdan öncə, qısa olaraq xatırladaq ki, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi Türkiyədə müvafiq sənədləri olmadan, qeydiyyata düşmədən yaşayan Azərbaycan vətəndaşlarına kömək etmək üçün işə başlayıb.

1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bu insanların sənədlərinin etibarlılıq müddəti bitdiyi üçün onlar yaşadıqları yerdə bir çox hüquqlardan məhrum olub. Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığı da ala bilməyən bu şəxslər etibarsız kimlik sənədləriylə gəzirlər. Onların uşaqları isə tamamilə sənədsiz yaşadığı üçün təhsil almaqdan məhrumdurlar. Bu şəxslər, eyni zamanda, nikah qeydi, iş müqaviləsi və bank əməliyyatlarını edə bilmir, tibbi və hüquqi yardım almaq imkanları yoxdur. Onlar, həmçinin, pensiya haqlarından faydalana bilmir, hər hansı təsirə məruz qalanda da polis bölməsinə şikayət etməkdən çəkinir və qorxduqları üçün zamanla problemləri daha da artır.

Türkiyədə yaşayan azərbaycanlıların uşaqları şəxsiyyətlərini təsdiq edən sənədə sahib olmadıqları üçün onlar da valideynləri kimi ən təbii haqq və azadlıqlardan məhrum olublar.

Vətəndaşlıqlarını itirmiş və Türkiyə vətəndaşlığı ala bilməyənlər vətənlərinə də geri dönə bilmirlər. Bu səbəbdən də, Türkiyə Respublikasının dövlət orqanlarının onlara şəxsiyyəti təsdiq edən sənədlər təqdim etməsi qeyri-mümkün hala gəlib.

Qeyd edək ki, Türkiyəyə gələn xarici vətəndaşların giriş-çıxışı arasında böyük fərq olur. Son iki ilin statistikasına görə, ölkəyə 271 milyon 232 min 722 nəfər əcnəbi gəlib. Amma ölkədən çıxan xaricilərin ümumi sayı 266 milyon 702 min 209 nəfər olub. 4,5  milyona yaxın xarici vətəndaş Türkiyədə "yoxa çıxıb".

Türkiyədə qanunsuz çalışan işçilər ölkələrə görə belə bölünür: Gürcüstan, Suriya, Ermənistan, Azərbaycan, Rusiya, Banqladeş.

İlk "üçlük"dəki ölkələrin vətəndaşlarını tapmaq çətin olmasa da, danışmaq istəyənlər azdı.

Türkiyədə uzun illərdir yaşayan soydaşımız Sədai Nəcəfli də eyni problemlərlə qarşılaşıb. Vətəni çox sevdiyini deyən Sədai ilk dəfə Türkiyədə yaşamağa 2001-ci ildə gəlib, 2009-cu ildə isə hərbi xidmət keçmək üçün vətənə - Azərbaycana qayıdıb. Vətənə xidməti başa vurduqdan sonra - 2011-ci ildə Türkiyədə yaşayan anasının yanına dönüb. O ildən sonra Sədai Türkiyədə qısa və uzunmüddətli yaşamaq icazəsi olmadan qalmağa başlayıb. Burda başqa bir Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub və iki övladı var.

- Biz burada dini kəbinlə ailə qurmuşuq. 2 övladım var, rəsmi nikaha girə bilmirik. Azərbaycanın Diaspor Komitəsindən gəlmişdilər, onlarla da danışdıq. Dedik ki, bizim həyatmız çətinləşib. Uşaqlarımızın şəxsiyyətini təsdiq edən sənədləri yoxdur. Uşaqlarımızı Azərbaycan vətəndaşı edə bilmirik. Mən dövlətimi, millətimi sevirəm. Niyə mənim övladım Azərbaycan vətəndaşı olmasın? Burda uşaqları xəstəxanaya apara bilmirik, məktəbə gedə bilmirlər.

Sədai niyə bu illər ərzində rəsmi oturmaq üçün Türkiyə dövlətinin müvafiq qurumlarına baş vurmayıb? Həmyerlimiz deyir ki, əvvəllər oturma izni anlayışından xəbərsiz olub:

- Problemin yaranmasına səbəb məlumatsızlıq oldu. Yaşadığımız müddətdə də hər hansı problem yaranmadı. Belə davam edirdik və bir gün pasportumun müddəti bitdi. O vaxt xəstələnmişdim və əməliyyat olundum. İlk çətinliyi onda yaşadım. Oturma izni almaq lazım olduğunu öyrənəndə maddi gücüm çatmadı, xəstəlik və s. problemlərlə üzləşdim. Bir də gördüm ortadayam və mən hər iki ölkədən kənarda qalmışam.

Hazırda Sədai Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bu işlərlə əlaqədar yaradılan işçi qrupuna ümid bəsləyir. Ümid edir ki, həm övladları, həm də özü yenidən Azərbaycanın rəsmi kimlik sənədlərini ala biləcək. Nəticədə Türkiyə dövlətinin əfvinə düşəcək və qardaş ölkədə bundan sonra həyatına rəsmi sənədlərlə davam edəcək.

- Əvvəllər bizlə heç maraqlanan yox idi. İlk dəfədir ki, komitə və konsulluq belə bir təşəbbüs göstərib. Bu, bizləri çox sevindirdi. Komitə üzvləri bizlərlə görüşəndə hər şeylə dəqiq maraqlanıblar və konsulluqda da onlara ətraflı məlumat verilib. İnanırıq ki, bu iş qardaş ölkədə yaşayan minlərlə vətəndaşımıza kömək olacaq.

Pəri Kırıkçı isə Naxçıvanın Şərur rayonundandır. 1992-ci ildən sovet pasportu ilə ticarətə başlayıb, bir qədər pul topladıqdan sonra isə qızı ilə birgə Naxçıvandan İstanbula köçüb. Həmin vaxtlar  "Forma 9" deyilən sənədlə sərhəddi keçən azərbaycanlılar üçün ciddi çətinliklər mövcud deyildi. Yalnız bir problem vardı ki, öz uşaqlarını da özləri ilə aparan soydaşlarımız uzun yolçuluqda uşaqların əziyyət çəkməməsi üçün onları qohum və ya tanışların evində qoyurdu. Beləliklə, Pəri Kırıkçının qızı Xumar da tanış bir türk ailəsinin yanında qalmağa başlayıb.

- Tək qadın idim. Ailəmiz çox kasıb olduğu üçün  təhsil almaq imkanımız olmamışdı. Türkiyəyə getmək imkanı yarananda ilk gedənlərdən biri mən oldum. Ticarətlə məşğul olub yaxşı pul qazanırdım. Tək övladımın xoşbəxt gələcəyi üçün əlimdən gələni edirdim. Amma təəssüf ki, ona təhsil verə bilmədim. Sonra evləndim, qızımla birgə həmişəlik İstanbulda qalası oldum. Həmin dövrdə Azərbaycana gediş-gəliş sənədləri bir neçə dəfə dəyişdi. Qızımın sənədlərini qaydasına qoya bilmədim və beləliklə, Xumar Türkiyədə sənədsiz, qeyri-qanuni yaşamağa başladı. Sonra evləndi, indi bir övladı da var. Amma övladının "doğum pasportu"ndan başqa əlimizdə heç bir sənəd yoxdur. Uşağın doğulduğu xəstəxanadan verilən bu sənədin müddəti isə bir aydır. Bir ay sonra biz uşağın adı yazılmayan bu kağızla hər hansı sənədləşmə apara bilmirik. İndi uşaq xəstə olduğu üçün təcili əməliyyat olunmalıdır, amma sənədsiz olduğuna görə heç bir xəstəxana qəbul etmir.

Türkiyədə 2009-cu ildən məskunlaşan Samirə Əsədullayeva da qardaş ölkədə icazəsiz yaşayanlardandır. Samirə xanım Türkiyəyə gəldiyi ilk gündən bu ölkədə müvəqqəti yaşamaq üçün şəxsiyyətini təsdiq edən heç bir sənədə sahib deyil.

- Mən Türkiyəyə iş üçün gəldim və burda ev işlərində çalışmağa başladım. Rəsmi iş yerim olmadığı üçün kimsə mənə müvəqqəti qeydiyyatla bağlı bir şey demədi. Bir neçə il sonra bu barədə məlumatım oldu. O zaman da artıq maddi durumum imkan vermədi ki, sənəd üçün müraciət edəm. Sonra Türkiyəyə suriyalı qaçqınlar gəlməyə başladı. Sənədlər üçün bir neçə dəfə internet üzərindən müraciətim alınmadı. Yenə belə yaşamağa davam etdim. Düzü, 8 il eyni evdə yaşadım deyə, bu problemi tam anlaya bilmədim.

- Sizdə pasport müddəti keçib?

- Sənədlərimdə heç bir problemim yoxdur. Pasport müddətimin bitməsinə 1 il qalıb. Sadəcə, böyük məbləğdə cərimə kəsilib. Onu ödəməyə gücüm çatmır. İstəyirəm Diaspor Komitəsi, konsulluğumuz mənə yardım etsin və bu cəzam bağışlansın. Mən də ölkəmə gedim, sonra geri dönüb rəsmi qaydayla yaşamağa başlayım.

Burda həyatımızı qurmuşuq və illərdir yaşayırıq. Vətənimizdən və vətəndaşlığımızdan imtina etmirik. Mən şəxsən çörəkpulumu qazanıram və bu günə kimi nə Türkiyə, nə Azərbaycanı üzəcək hər hansı bir mənfi davranışa yol verməmişəm. Ümid edirəm ki, Diaspor Komitəsi bizə yardım edəcək. Bu məsələ ilə baglı ilk dəfədir komitə işə başlayıb, ona görə artıq biz də ümidlənmişik və hesab edirik ki, problemlərimiz tezliklə həll olunacaq.

Qeyd edək ki, şəxsiyyəti təsdiq edən sənədləri olmayan həmvətənlərimiz daha çox İstanbul şəhərinin Qaziosmanpaşa bölgəsi, Rami, Eyyubsultan, Bağlarbaşı, Yıldıztabya, Barbaros, Hayreddinpaşa, Hürriyyət, Fevzi Çakmak məhəllələri, Bayrampaşa rayonunun Yıldırım, Altıntepe, Orta məhəllə, Kartaltepe, Vatan məhəllələrində yaşayırlar.

Amma adı çəkilən bölgələrdə kompakt məskunlaşma yoxdur. Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu tərəfindən hazırlanmış anketlər sənədi olmayan və müəyyən qaydalardan xəbərsiz vətəndaşlarmıza paylanıb.

 

Məhsəti ŞƏRİF

 

525-ci qəzet.- 2018.- 4 oktyabr.- S. 4.