Emin Akif

 

başqa var, başqa yox, soruşma,

köhnə təklik, köhnə darıxmaqdı bu.

gəl, bir gün özün bax qadın gözüylə,

gör təklik, gör darıxmaqdı bu.

 

boğazım sıxılır qəhər əliylə,

üzülmür ayağım yerdən hələ ki.

arabir yadımdan çıxır gedənlər,

yəni dincəlirəm hərdən hələ ki.

 

yuxum da yozulur darıxmağa, qız,

tərslikdən hamısı hələ çin çıxır.

sevgi çıraq imiş, cin, arzu

içindən darıxan Ələddin çıxır.

 

gərək qulağını burum bu ömrün,

bəlkə bir gün gələ ağıl başına.

bir adam verirsən, darıxmaq düşür,

kül olur bu ömrün nağıl başına.

 

gəlir, xoşbəxtliyim tıkkatık, gəlir,

keçir düz yanımdan görməmiş kimi.

tənhalıq elə bir divdi ki, ömrü,

yeyir, harda tutdu, görməmiş kimi.

 

de, görüm, bu necə ömürdü axı,

hamıya bir nağıl yazısı düşür.

çıxıb gedənlər demir bu ömrə

neçə il darıxmaq cəzası düşür.

başqa var, başqa yox soruşma,

hələ ki, birtəhər darıxıram da.

 

lll

 

çətini gedincədi,

,

sonra kim ölə, kim qala.

 

kimi uçulmuş ev kimi üşüyər,

xəbərin olmaz,

kimi qaçılmış ev kimi qapısı,

çəpəri olmaz,

bu sürünən tənhalığın öldürən

zəhəri olmaz,

qanını çəkincədi,

,

sonra kim ölə, kim qala.

 

kimi səhraya bənzərdi,

külək sovurar, sovurar,

çölü özgəni yandırar, içi özünü qovurar,

hürər itin əvəzinə,

bir kəlmə cavab alar,

karvanlar keçincədi,

,

sonra kim ölə, kim qala.

 

o da, bu da, sən , mən ,

biz, demə, bir adammışıq,

biz yox imiş, o da, bu da, sən ,

mən yalanmışıq,

qorxulu yuxu görmüşük,

ayrı-ayrı oyanmışıq,

bir qurtum su içincədi,

,

sonra kim ölə, kim qala.

çətini gedincədi....

 

lll

 

xərçəngə tutulanların eşqinə,

saçlarımı uzatmıram, biləsən.

dizlərimi göynədir

bu soyuqluq hər gecə,

dizlərimə döyməsəm,

dizlərimə yağmasam,

heç yatmıram, biləsən.

 

dodağımı çeynəyir

içimdəki hirs mənim,

barmağımı saraldır

siqaretlər, tüstülər.

mən hər şeyə dözərəm,

bircə üşüməyəydim,

ya bir adam gələydi,

sən olmasan da olar,

ya da ki, tez gələydi,

tez gələydi istilər.

 

böyrəyimə dözərəm,

ciyərimə dözərəm,

mən hər şeyə dözərəm,

olsun ki, getmisən,

hamını incidirsə

tale yaramazlığı.

yalanın ömrü azdı,

düzünü deyim sənə,

əlimi, ayağımı bütün ili üşüdür,

biraz sənin yoxluğun, biraz da qan azlığı.

 

lll

 

gəl, öyrət mənə saymağı,

sənəcən qədər sayım?

de ki, neçə gecə sayım,

de ki, neçə səhər sayım.

 

sən yaxşı bilirsən

ki,

titrək olur

tənhaların əlləri.

bu nazik barmaqlarımın,

dizlərimin ucu göynər,

saçlarından ötəri...

 

ürək elə, mesaj yaz,

darıxma, qayıdıram,

bu gün, sabah gəlirəm.

gələnəcən özünə

biraz da bax, gəlirəm.

 

qayıdıram, içəsən

əllərimdən isti çay,

isti kökə yeyəsən,

dayan, tapdım deyəsən,

deyim, neçə gecə say,

bu gün, sabah gəlirəm,

 

ürəklənim cavab yazım

tənhaların

bütün ili qış olur.

dönüb ana qarğışına,

tənhaların qarğışı da

tutmayan qarğış olur.

 

isti çay, isti kökə,

o sonranın işidi.

qayıtmaq istə, sonrası

ayaqların işidi.

 

qayıt, bayrama çevirək

bu təkliyi yıxmağı.

təkliyə barmaq yelləyib

qışqıraq ki, demişdik

bir gün devirəcəyik

bu zalım darıxmağı...

 

ikimiz yola verərik

ömrün bütün qışların.

Sonra sənə sayaram,

sevdiyim qarğışları.

 

gəl, ötüb gedək saatı

saatı öldürməyə.

hamını bir-bir yaşadıb

həyatı öldürməyə.

 

səni and verirəm, Günəş,

o kökə qoxusuna,

qol-qola, çiyin-çiyinə

gedək qış yuxusuna.

 

Emin AKİF

 

525-ci qəzet  2017.- 5 yanvar.- S.7.