Yaqub Zurufçu
Kanadada konsert verdi
Məşhur
müğənni və vokal ifaçısı Yaqub
Zurufçu 2018-ci ilin ilk günlərində Kanadanın ən
böyük şəhərlərindən olan Torontoda
geniş konsert proqramı ilə çıxış edib.
Sənətçinin
yeni ildə ilk konserti musiqisevərlərin böyük sevincinə
səbəb olub, onlara xoş bayram ovqatı
bağışlayıb.
İlk
konsertdən sonra Kanadanın Ontario ştatının təhsil
naziri R.Moridi ölkələrarası mədəni əlaqələrin
inkişafındakı xidmətlərinə, Azərbaycan
musiqisi ilə Kanada sənətsevərlərini daha
yaxından tanış etdiyinə görə Yaqub
Zurufçunu yenidən fəxri diplomla təltif edib.
Səfər
təəssüratını bölüşən müğənni
deyib: "Düzü, çətinlik çəkirəm deyəm
ki, konsertdən daha çox tamaşaçılar zövq
aldı, sevindi, yoxsa mən. Uzun illər İranda, Almaniyada və
Amerikada doğma Bakımızın, Azərbaycanın həsrəti
ilə yaşadığımdan qürbətin nə
olduğunu yaxşı bilirəm. Bu səbəbdən də
indi Vətəndən uzaqda olan, lakin qəlbində daim Vətən
sevgisini yaşadan soydaşlarımızın nələr
çəkdiyini yaxşı başa düşərək
öz mahnılarımla onlara təskinlik verməyə
çalışdım. Mən onlar üçün Azərbaycanı,
dostluğu, qardaşlığı, həm də məhəbbəti
tərənnüm edən bir-çox mahnılar ifa elədim.
Təbii ki, konsertin sonunda sevimli dostlarımızın
xahişi ilə onların çox sevdikləri
"Ayrılıq" mahnısını oxumalı oldum. Daha
doğrusu, mahnının son sözlərini birgə oxuduq və
birgə təsirləndik... Hər halda bu mahnını
yüz dəfələrlə ifa etsəm də, onu ürəyimin
dərin qatlarından keçirmədən, kövrəlmədən
oxuya bilmirəm".
Müğənninin qastrol səfərləri Kanadadan sonra ABŞ-ın Çikaqo, Los-Anceles, Hyuston şəhərlərində, həmçinin, paytaxt Vaşinqtonda, daha sonra isə İngiltərənin paytaxtı Londonda da davam edəcək. Silsilə konsertlər doğma Bakıda başa çatacaq.
XƏDİCƏ
525-ci qəzet 2018.- 5 yanvar. - S.7.