Tağı
Əhmədovun "Sadiq" dünyası
Nizami CƏFƏROV
Hər
bir insan bu dünyaya yalnız yaşamağa yox, həm də
özünün təkrarsız olduğunu göstərməyə, hansısa ilahi
bir inersiyasının qüdrəti ilə həyata sədaqətini
təsdiq eləməyə, bu və ya digər səviyyədə
dünyada (tarixdə!) əbədi qalmağa gəlir.
Doğrudur, Tarixin yaddaşı ən müasir kompüterin
yaddaşından müqayisə olunmayacaq qədər
güclüdür, ancaq orada da
tünlükdür...
Azərbaycan
cəmiyyətinin təsəvvüründə isə
Tağı Əhmədovun ən azı üç mükəmməl
obrazı var ki, onların ayrı-ayrılıqda hər biri
kimdə olsa, özünü dünyanın xoşbəxt
insanı sayar və hər gün ən azı üç dəfə
Allahına sidq-ürəkdən şükür eləyər!..
Birincisi,
Tağı Əhmədov mənsub olduğumuz xalqın, millətin
ruhundan, təbiətindən doğulub, uşaqlıq, yeniyetməlik,
gənclik illərindən bu dünyanın, həyatın
düz üzünü də, tərs üzünü də
görüb; dosta dost, düşmənə düşmən
olmağın təcrübəsinə yiyələnib...
Ömrünün altıncı onilliyini arxada qoyub yeddincisinə
keçdiyi bu günlərdə Tağı Əhmədovu
tanıyanların hamısı,
söz düşəndə, onun mərdliyindən, cəsarətindən,
haqq-ədalət adamı olmasından, eyni zamanda
"dağlar oğlu"nun ürəyinin uşaq ürəyi
kimi saflığından, təmizliyindən
danışır.
İkincisi,
Tağı Əhmədov ictimai-siyasi xadimdir... Ümummilli
lider Heydər Əliyevin gərgin mübarizələr şəraitində
başladığı, bu gün İlham Əliyev tərəfindən
uğurla davam etdirilən milli müstəqillik hərəkatının
sədaqətli əsgəri, Yeni Azərbaycan
Partiyasının öncüllərindən biridir.
Və nəhayət,
yaradıcı istedadının gücü, miqyasıdır
ki, özünü ədəbiyyatda, poeziyada da sınayıb,
hisslərini, duyğularını gizlətməyib, gözəl
şeirlər
yazıb. Heç də təsadüfi deyil ki, bugünkü
poeziyamızda bir "Tağı Sadiq"
imzası var... O Tağı Sadiq ki, ilhamını ilk növbədə
Ana Vətəndən - Azərbaycandan alır...
Ulu dədəmiz
Qorqudun
Qopuzunun nəğməsisən,
Ana Vətən,
Ana Vətən!
Cavanşirin,
Xətainin
Qollarının
qüvvəsisən,
Ana Vətən,
Ana Vətən!
Tarixlərin
yaşıdısan,
Qobustanda
qavaldaşın
Bizə
çatan gur səsisən,
Ana Vətən,
Ana Vətən!
...Qarabağda
döyüşənlər
Koroğlular nəvəsidir.
Yağılara
sinə gərən
Hayqırtısı, gur səsidir.
Keşiyində
duranların
Qəlblərindən
dilə gələn
"Yaşa
Vətən!" kəlməsidir,
Ana Vətən,
Ana Vətən!
Tağı Sadiqin ürəkdən-candan, böyük
bir övlad məhəbbətilə tərənnüm etdiyi
Azərbaycan həm tarixi, həm də bu günü ilə
qürur doğurur. Və vətənpərvər şair onun bu
günündən olduğu kimi, tarixindən də tükənməz
ilham alır...
Hər
addımda keçmişimin izi var,
Qarabağı, gözəl "Cıdır
düzü" var.
Ataların
daşdan keçən sözü var,
Müqəddəsdir, müqəddəsdir
torpağım.
Vətənin taleyi üçün mənəvi-ideoloji
məsuliyyət, yüksək amallara, ideallara can atmaq şairin
yaradıcılığının ana xəttini təşkil
edir. Və əsas da odur ki, vətənpərvərlik
onun təqdimində hər cür deklorativlikdən uzaq, həyatının,
tərcümeyi-halının üzvi tərkib hissəsi olan
yaşantılardan gəlir.
Ömrün
hər mərhələsinin öz poeziyası olduğunu, yəqin
ki, kimsə inkar edə bilməz...
Tağı
Sadiqin çox gənc yaşlarında - 60-cı illərdə
qələmə aldığı çoxlu əsgərlik
şeirləri var ki, heç də hamısı poetik
baxımdan mükəmməl deyil, ancaq bu şeirlərin, demək
olar ki, hamısında təbii, səmimi duyğuların təravəti
özünü hiss etdirir...
Yenə Vətən
düşdü yada,
Kimə deyim dərdimi mən?
Eşitmirəm
heç bir səda,
Kimə deyim dərdimi mən?
Qohum-qardaş harda qaldı?
Tale bu yerlərə saldı.
Yar
başında o nə şaldı,
Kimə deyim dərdimi mən?
Vətən,
yurd hissi insanla
birgə doğulur, onunla birgə
böyüyür, get-gedə onun varlığına hakim kəsilir.
Və içində belə bir hiss olmayan adam heç vaxt özünü həyatın,
cəmiyyətin normal hadisəsi hesab edə bilməz... Hətta
ən sadəlövh,
ən prozaik emotiv təzahüründə belə...
Nə qədər
axtarsan, bu tərəflərdə
Mən bəyənən
bircə nəfər can olmaz.
Elə
bir yerdi ki, bu viranədə
Azəri yoluyla heç ehsan olmaz.
Gəzib
dolanıram mən neçə aydı,
Keçib iki bahar, ikinci yaydı.
Çöllü-biyabanlı
bir yerə taydı,
Odur ki, axtarsan müsəlman olmaz.
Yoldaşları
ya it olar, ya pişik,
Uzun saçlar olar həmişə kəsik.
Binadan
qurmazlar nə ev, nə eşik,
Bu yerlərdə yaxşı bir insan olmaz.
Yəqin
ki, şair həmin mövzuda sonralar belə
"maksimalist" üslubda yazmazdı, daha "korrektə"li,
daha "təmkin"li, daha "peşəkar" olardı,
ancaq bu gənclik (və əsgərlik!) səmimiyyətini
"sonralar" bu dərəcədə qoruyub saxlaya, bu
bolluqda, bu zənginlikdə
yaşaya bilməzdi.
Tağı
Sadiqin 70-ci illərdən etibarən yazdığı
şeirlərdə yaradıcılıq təcrübəsi
artdıqca peşəkarlıq da daha aydın görünür. Və
sevgi-məhəbbətlə dolu bu illərin şeirlərindəki
başlıca ideya ondan ibarətdir ki:
Gözümün
nurusan, qəlbimin odu,
Qayada çiçəksən, zirvədə qarsan.
Sənsiz
bu dünyada yaşamaq çətin,
Bu qəmli
dünyada nə yaxşı varsan!..
Əlbəttə, sevgi-məhəbbət olmayan yerdə
nəinki poeziya, ümumiyyətlə yaradıcılıq
yoxdur.
"Eşqdir mehrabı uca göylərin" deyən dahi
Nizami onun ardınca dərhal belə bir ritorik sual da verir:
"Eşqsiz, ey dünya, nədir dəyərin?!."
Tağı
Əhmədov necə sevib, öz eşq-məhəbbət tərcümeyi-halını
necə yaradıb, bu
onun öz həyatı, öz taleyidir... Ancaq
Tağı Sadiqin şeirlərindəki sevgi həyəcanları,
həmin həyəcanların doğurduğu təəssüratlar
başqaları üçün də maraqlı olmaya bilməz...
Çağırdım
gəlmədin, bəlkə, küsmüsən,
Təki məndən küsmə, can sənə qurban.
Yolun
gözləməkdən canım üzmüsən,
Barı əlim üzmə, can sənə qurban.
Aldığım
nəfəsi sən vermisən, sən,
Mən desəm artıqdır, haqqı gözlə sən.
Allahım,
bəndədən əgər ki küssən,
Yad baxışla süzmə, can sənə qurban.
Sevgidən
yazan şairlərə irad tutmaq olmaz ki, min illərdi sevirlər,
ancaq sevib qurtarmaq bilmirlər... Onda gərək ümumiyyətlə
insanlara irad tutasan ki, min illərdi dünyaya gəlirlər,
ancaq gəlib qurtarmaq bilmirlər...
Tağı
Sadiq nə qədər "dağlar oğlu"dursa, o qədər
də dağlar şairidir...
Ürək
qübar etdi, gözüm yaşardı,
Həsrət-həsrət dönüb baxdım
dağlara.
"Səfər
bəy səngəri" hələ də qardı,
Yaxşı ki, vaxt tapıb çıxdım
dağlara.
"Novlu"nun
suyundan içdim,
doymadım,
Köhnə təravəti indi duymadım.
Nərgizə
əl atdım dərim, qıymadım,
Dərdiyim gülü də taxdım dağlara.
...Heyf,
"Daş bulağ"a çata bilmədik,
Tüfəngi doldurduq, ata bilmədik.
Qaya
kölgəsində yata bilmədik,
Şimşəklər oyanıb çaxdı
dağlara.
Yəqin
ki, Azərbaycan poeziyasında elə bir şair təsəvvür
etmək mümkün
deyil ki, dağlara bu qədər şeir
yazmış olsun. Və heç biri digərini bu qədər təkrar
eləməmiş olsun... Mənə
elə gəlir ki, Tağı Sadiq bütün ömrü boyu
dağlardan deyəcək, ancaq sözü bitib-tükənməyəcək...
Eşq özünün bütün zamanlarında (və
təzahürlərində), heç şübhəsiz, əzabdır. Bunu çoxları
yazıb... Tağı Sadiq isə əzabın eşqindən,
sevgisindən yazır:
Leyli həsrətindən
yorulmaz Məcnun,
Başqa
bir gözələ vurulmaz Məcnun,
Təzədən,
yəqin ki, doğulmaz Məcnun,
Əzab
da bir cürə sevgidir, vallah!
Ancaq (və təbii ki!) Tağı Sadiqin lirik
qəhrəmanı sonacan məcnunluq eləmək fikrində
deyil. Və təzədən doğulsaydı, bu
dünya ilə başqa cür haqq-hesab çəkərdi:
Uçub
getdi uşaqlıq,
Əldən
çıxdı cavanlıq,
Gözə
çökür qaranlıq...
Doğulaydım
təzədən,
Bilərdim neylərəm mən.
Ancaq bu,
bir xəyaldır, ən yaxşı halda isə bir təsəllidir...
Və belə hallarda susmaqdan böyük müdriklik yoxdur...
Boğazdan
yuxarı danışanlara
Dözmüşəm, sükutla cavab vermişəm.
Manqurt
beyinlərə, taxta başlara
Cavab qaytarmayıb sinə gərmişəm.
Şənimə
təriflər deyilən vaxtda
Güllər gətiriblər hey qucaq-qucaq.
Çoxunun
sözünü bilmişəm saxta,
Hirsimi sükutum soyudub ancaq.
Sükut, sadəcə susmaq və ya susdurulmaq deyil. Elə
hayqırtıları var ki, zaman-zaman, tarix-tarix eşidilməkdədir...
Bəhlul Danəndə demiş, bu dünyada
haqq-ədalət var, ancaq ona çatana qədər adamın
ağzından köpük gəlir. Əsas odur ki, inamını itirməyəsən...
Qəmim
çox, neyləyim, qananım yoxdu,
Dərdimə ürəkdən yananım yoxdu.
Bu halətdə
kimsə məni aramaz,
Dərdə çarə qılan loğmanım yoxdu.
...Taleyindən
çox da küsmə, ey Sadiq,
Yoxsa ki, qismətə inamın yoxdu?
Tağı
Sadiq öz tale-həyat idealları, fəlsəfəsi ilə dahi sələflərinin
sədaqətli xələfi, onların böyük yolunun
sadiq yolçusudur...
Mərdlə
dostluq eylə, namərddən uzaq,
Yaltaq-riyakardan olmayıb dayaq.
Özü
qanadında qoy saxlasın Haqq,
Pisə də
bir pislik yetirmə, Sadiq!
Və bu
Haqq yoludur... Nə əvvəli var, nə də sonu... Bu yolu
tutan Haqdan gələr, Haqqa gedər...
Sadiqim,
yaz-yarat, qalsın yadigar,
Səndə var cəsarət, səndə var vüqar.
Qismətinə
düşsün anlayan bir yar,
Ömrü
hədər yerə itirmə, Sadiq!
Tağı Sadiqin poeziyası, ideya-estetik təbiəti
etibarilə, xalq şeiri texnologiyalarına əsaslanır,
ancaq onunla məhdudlaşmır. İlhamının, ovqatının
ritmi, intonasiyası hansı janrı tələb edirsə, o
janrda yazır: qoşmadan qəzələ, bayatıdan
rübaiyə qədər...
Ən əsası isə, gəncliyində yazdığı həvəs, enerji və ehtirasla yazır... Yaza-yaza yetmişi aşırdıq, yüzə bir şey qalmadı...
525-ci qəzet 2018.- 5 yanvar. - S.7.