Azərbaycan dilinin tarixi:
fərqli baxışlar,
yeni yanaşmalar
PROFESSOR
QƏZƏNFƏR KAZIMOVUN “AZƏRBAYCAN DİLİNİN
TARİXİ: ƏN QƏDİM DÖVRLƏRDƏN XIII
ƏSRƏ QƏDƏR” ƏSƏRİNİN YENİ
NƏŞRİ HAQQINDA QEYDLƏR
(Əvvəli ötən sayımızda)
Dilimizin inkişafının üçüncü
mərhələsi protoAzərbaycan
dili dövrüdür. “ProtoAzərbaycan
dili dövrü” adlanan fəsildə Q.Kazımov “Azərbaycan tarixi”nin akademik
nəşrini aşkar
şəkildə təhrif
edən tarixçilərə
öz sözünü
deyə bilib.
Tədqiqatçı protoAzərbaycan
dilinin izlərini 3 və 2-ci minilliklərə
aid toponim, etnonim və antroponimlər, şumer-türk qohumluq əlaqələri, qonşu
ölkələrin dilləri,
tarixin mühafizə edib saxladığı digər sənədlərlə
yanaşı, xüsusi
adlarda Azərbaycan dili və digər
türk dilləri ilə izah oluna
bilən bir sıra fonetik və qrammatik əlamətlərdə görə
bilir.
Əsərin 4-cü fəslində dilimizin əmələ gəlmə
prosesi tarixi-linqvistik aspektdə araşdırılır. Bu dövr e.ə IV əsr-e. V əsri
əhatə edir.
Həmin
dövrdə Alban dövləti
və Alban (Aran) dili yaranır, etnik tərkib formalaşır. Bu dil türkdili tayfaların (utilər, sarıqurlar, yaqurlar, kəmər, xəzər,
savar, sirak, hun, qul və
s.) şivə əlamətlərinə
görə bir-birindən
fərqlənən dili
idi. Müəllif
bu tayfaların dil xüsusiyyətlərini,
xüsusən də leksikasını (xüsusi
adlar: etnonim, toponim və antroponim), qrammatik əlamətlərini sistemli
şəkildə tədqiq
edərək onların
mənşə etibarilə
türk dillərinə
aid olduğunu göstərmişdir.
Bundan əlavə, Atropatenalıların
etnik tərkibi və dili haqqındakı
yozumlar da Azərbaycan xalqının
və dilinin təşəkkülü məsələsinə
yenilik gətirmişdir.
Müəllif fikrini ümumiləşdirərək
göstərir ki, ümumxalq Azərbaycan dilinin təşəkkülü
ilə Qədim Azərbaycan dili mərhələsi sona yetir və yeni
Azərbaycan dili mərhələsi başlayır.
5-ci fəsildə şifahi
ədəbi dilin təşəkkül tarixi
(VI-VIII əsrlər) Azərbaycanın
o dövrdəki siyasi,
iqtisadi və mədəni durumu ilə paralel izah edilir. “Kitabi-Dədə
Qorqud”un dil özəllikləri, xüsusən də sintaktik quruluşu ümumxalq Azərbaycan dilinin təşəkkül
dövrünün ecazkar
abidəsi kimi nəzərdən keçirilir.
İndiyə qədər
“Kitabi Dədə Qorqud”un dilinin
sintaksisi bu həcmdə və səviyyədə yazılmamışdır.
Kitabın 6-cı fəslində isə yazılı ədəbi dilin IX-XII əsrlərdə
yaranmasını şərtləndirən
faktorlar üzərində
mülahizələr söylənilir. Müəllif yazılı və şifahi ədəbi dil arasında olan sərhədləri ümumiləşdirərək belə bir fikirə
gəlir ki, VI-VIII əsrlər arasında
tam təşəkkül tapan
Azərbaycan şifahi
ədəbi dili IX-XII
əsrlərdə yazılı
ədəbi dil kimi təşəkkülünü
başa çatdırmışdır.
Tədqiqatçı ənənənin təsiri ilə bir qədər o tərəfə gedərək
belə bir fikir söyləsə də, yazılı və şifahi ədəbi dilin bu cür sərhədlənməsini
daxilən narahatlıqla
qəbul edir. “Kitabi Dədə
Qorqud”u son dərəcə
kamil bir yaradıcılıq nümunəsi,
dilimizin bütün fonetik sistemini, lüğət tərkibi,
qrammatik quruluşu barədə tam təsəvvür
yaradan bir mənbə sayır.
Ona görə də bu abidə ən
yüksək yazılı
ədəbiyyat nümunələrindən
daha yüksəkdə
dayanan yazılı ədəbiyyat nümunəsidir.
Beləliklə, bu kitab etnik
tariximizə və dilimizə yeni baxışın nəticəsi
olaraq meydana çıxmışdır. Məlumdur ki,
dil ailələrinin ümumi genetik qohumluğu problemində
dilemma kimi qarşıda
duran əsas məsələ “dillərin
poligenez və ya monogenez olması”dır.
Poligenez nəzəriyyə əksəriyyətin
qəbul etdiyi nəzəriyyədir, lakin
monogenez probleminə şübhə ilə baxanlar da vardır.
Dünya
dillərinin vahid kök üzərində yarandığını nəzərə
almamağın nəticəsində
tipoloji cəhətdən
müxtəlif dillərdə
eyni bir sözü gördükdə
həmin leksik vahidin bu və
ya digər bir dildən yayılmış olduğunu
güman etmişlər.
Məsələni qəlizləşdirən də budur. Sözsüz
ki, bu ikili
nöqteyi-nəzər arxeoloji
materiallarla yanaşı,
dil ailələrinin qohumluğunu isbat edən faktların tədqiqi, aşkara çıxarılması yolu
ilə həll oluna bilər. Bir çox dilçi alimlər inamla, təkidlə monogenez mənşəyin sübutuna
çalışmış, lakin öz fikirlərinin
sona qədər müdafiə etməyənlər
də olmuşdur.
Həmin
alimlərin araşdırmaları
dillərin monogenez və ya poligenez
olması məsələsinin
tarixi linqvistikanın mühüm bir bölməsi kimi son dərəcə aktual olduğunu göstərir.
Etimoloji araşdırmaların genişləndirilməsi
və dərinləşdirilməsi
istiqamətində gözlənilmədən
dünyanın bütün
müasir dil ailələrinin vahid mənşəyini aydın
şəkildə sübüt
edən inandırıcı
faktlar əldə edilmişdir. Alimlər
dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirməyə can atırlar. Beləliklə, bir çox
nəzəriyyələr (A.Melniçuk,
V.İlliç-Svitiç və
b.) ulu dilin öyrənilməsi üçün
geniş imkanlar yaradır, tədqiqatlar dərinləşir, bu məqsədlə qrammatik
və leksik formaların müqayisəli
etimoloji təhlilləri
verilir, rəngarəng
quruluşda praformalar müəyyənləşdirilir. Geniş mənada Altay nəzəriyyəsinə
əsaslandığı üçün
türk dilləri materiallarını müqayisəyə
cəlb etmək o qədər də mümkün olmamışdır.
Q.Kazımov isə monogenez
problemini əlavə faktlar və türk dilləri materialları ilə zənginləşdirmişdir. Əsərin
ən qiymətli cəhətlərindən biri
də elə budur.
Dünya dillərinin ümumi qohumluğu ideyasının tərəfdarları və tədqiqatçıları nostratik dilçilik nəzəriyyəsini əldə əsas tutaraq yer üzündəki bütün dil ailələrinin qohumluğunu, bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə, orijinal dəlillərlə, israrla sübuta yetirmişlər. Bəri başdan qeyd edək ki, bu əsər indiyə qədər Azərbaycan xalqının və dilinin mənşəyinə kölgə salan hipotezanı alt-üst edir, təhrif, dolaşıq konsepsiyalara tutarlı zərbə vurur. Çox mühüm bir tarixi-elmi həqiqətin ucundan tutub ulu dilimizin zirvəsinə yüksəlirik. Türkün kimliyi, ulu dilimizin ilkin mərhələləri açılır. Bu açıqlama dünya dillərinin qohumluğu-monogenez probleminə aydınlıq gətirilməsi ilə başlanır. Müəllifin həqiqi tarixə söykənən mülahizələri nəticəsində Azərbaycan ərazisinin ən qədim insan məskəni olduğunu, ilk insanların təfəkkür və nitqinin mərhələlər üzrə inkişaf prosesi keçirdiyini, dilin tədrici inkişafı nəticəsində ulu dilin meydana gəldiyini öyrənirik. “35-40 min illik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə miqrasiyaların çoxalması ilə parçalanmağa başlamış, tədricən ilkin forma-quruluş etibarilə bir-birindən fərqlənən və gələcək dil ailələrinin başında duran protodilləri doğurmuşdur. Nəticədə yer üzərində yaranmış ulu dildə təqribən e. ə. XII minillikdə böyük bir mərhələ başa çatmış, ulu dilin parçalanması, müxtəlif dialektlərin, müasir dil ailələrinin başında duran protodillərin yaranması prosesi sona yetmişdir (dillərin bir-birindən sonrakı təcrid olunmalarını inkar etmirik). Müxtəlif dil ailələrinin yaranması bundan sonrakı inkişaf prosesinin nəticəsidir”.
Q.Kazımov tarixdən əldə etdiyi təəssürat əsasında protodillərin yaranması dövrünü, sonradan parçalanması haqqında inamlı nöqteyi-nəzərini bildirir. Müəllif tayfa dilləri arasında çarpazlaşma prosesini, inkişaf nəticəsində dillər arasında ayrılma prosesini (köksözlü, aqqlütinativ və flektiv), həmin dillərin quruluş sistemində, lüğət tərkibində baş verən dəyişmələrin səbəblərini aydınlaşdırır: Buna səbəb tədricən prefiks, infiks, suffiks kimi dil vasitələrinin törəməsi, dillərin tədricən tipoloji cəhətdən fərqlənməsi, leksik-qrammatik vasitələrin inkişafı, qrammatika və leksikanın qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi idi (17). Alimin inamla söylədiyi fikirlərdən biri budur ki, tipoloji cəhətdən fərqlənən protodillər ulu dilin daxilində güclü dialekt kimi fərqlənmişdir. Bundan daha mühüm başqa bir nəticə çıxarmaq olur: tipoloji cəhətdən fərqlənən ilk protodillər ilkin təcridolunma mərhələsində eyni quruluşlu bütün dil ailələrinin başında durmuşlar. Yəni indi bir-birinə qohum hesab olunmayan bütün flektiv dillər bir protodilin törəmələridir. Bir-birinə qohum hesab olunmayan bütün iltisaqi dillər bir protodilin törəmələridir. Beləliklə, müəllif indiyə kimi “sübütları” düzgün olmayan alimlərdən fərqli olaraq ulu dilin quruluş və lüğət tərkibində gedən ümumi inkişaf prinsiplərini - təkmilləşməni, səlisləşməni, sadələşmə və mürəkkəbləşməni doğru olaraq nəzərə alır.
Monegenez probleminin hərtərəfli təhlili dillərin inkişafını vahid köklə bağlayan istiqamətləri üzə çıxarır.
Əsərdə ulu dilin parçalanması səbəbləri, dillərin təcrid olunmasının, vahid ulu dilin ilkin parçalanması üçün təbii şəraitin yarandığı göstərilir. Ulu dil haqqında müəllifin təsəvvürləri güclü məntiqə, ulu dilin dil ailələrindəki izlərinə və protodillərin törəmələrinə, budaqlarına əsaslanır. Ulu dildən dil sistemləri yayılmış, dilin daxili kateqorial əlaqələri öz əsasını ulu dildən almışdır. Ulu dildə protodillərin yaranması üçün kifayət qədər əsaslı fonetik, leksik və qrammatik özəlliklər var idi. Elə buna görə də Q.Kazımov ilk dəfə belə bir mülahizə irəli sürür ki, tipoloji cəhətdən eyni olan bütün dillər bir protodilin budaqlarıdır. Odur ki, tipoloji cəhətdən eyni quruluşlu dilləri müqayisəli-tarixi metod əsasında öyrənməklə sonra müqayisəni protodillər arasında apararaq ulu dilə yaxınlaşmaq olar.
Müəllif bu sahədə böyük xidmətləri olan N.Andreyevin, N.Marrın, V.Şottun, V.İlliç-Svitiçın, A.Melniçukun həmin istiqamətdə gördüyü işləri qiymətləndirir. Bu alimlər ulu dildən gələn leksik vahidlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirmiş, əsaslı və ciddi araşdırmalar və müqayisələr aparmış, dil ailələri arasında uyğunluqları müəyyənləşdirmişlər. Tətbiq olunan üsullar dünya dillərinin bir kökdən, bir ulu dildən yaranması fikrinə aydınlıq gətirir, həmin ideyanı əyaniləşdirir.
(Ardı var)
Möhsün NAĞISOYLU
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
direktoru, akademik
İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru,
professor
525-ci qəzet 2018.- 6 yanvar.- S.18.