Televiziyada şou proqramlar və məsuliyyətli
davranış məsələsi
Əkrəm BƏYDƏMİRLİ
Bu gün sorğu aparsaq görərik ki, tamaşaçıların
xeyli hissəsi ,xarici kanalları
izləməyə daha
çox önəm verir. Təbii ki, bunun ciddi
səbəbləri var. Düzdür,
heç kimə qadağa qoymaq olmaz ki, sən
yalnız yerli kanalları seyr et. İnzibati resurslar hesabına
bunu etməkdə mümkün deyil. Ancaq bütün bu məqamlar düşünməyə
əsas verir ki, öz teleməkanımıza
diqqət yetirək.
Ədalət naminə demək
lazımdır ki, Azərbaycan telekanallarında
normal verilişlər, maarifləndirici
layihələr var. Mən
bəzən düşünürəm
ki, belə maarifçilik missiyası
daşıyan verilişlər
Azərbaycan gəncinə,
yeniyetməsinə, ümumilikdə
hər kəsə yalnız fayda verər.
Xüsusilə professor Məhərrəm Qasımlının müəllifliyi
ilə hər şənbə "Mədəniyyət"
kanalında yayımlanan,
aşıq sənətini
tədqiq və təbliğ edən "Saz-söz axşamı"
verilişi, mən deyərdim, folklor məktəbidir. Bu kateqoriyadan
olan cəlbedici proqramlar var. Həmçinin,
böyük sənətkarımız
aşıq Ədalət,
dünya şöhrətli
alim Lüfi Zadə və digər şəxsiyyətlərlə
bağlı çəkilən,
nümayiş olunan sənədli filmlər, başqa telelayihələr
auditoriya üçün
əhəmiyyətlidir. Yaxşı sənət,
gözəl musiqi, bəşəriyyətə xidmət
edən elm əslində
sərhəd tanımır.
Hər bir xalqın malıdır. Biz bir çox hallarda yaxşıların
qədrini zamanında
bilmirik. Yəni sözümün
canı odur ki, Azərbaycan teleməkanında belə
sanballı telelayihələr
olub və indi də var. Yetər ki, onları seyr edib dəyərini verəsən. Ancaq bütün
bunlar məsələnin
bir tərəfidir.
Bəs, Azərbaycan
tamaşaçısını bezdirən, dərhal kanalları dəyişməyə
məcbur edən nədir?
Bu məqamlar üzərində
düşünmək lazımdır.
Etiraf etmək
lazımdır, teleməkanda
ciddi problemlər hələ də qalmaqdadır. Bu gün
təəssüf doğuran
odur ki, bəzi tv-lərdəki elə şou aparıcıları uzun müddət çalışmalarına
baxmayaraq, bu şəxslərdə elementar
efir mədəniyyəti
formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin
verilişləri auditoriya
toplaya bilir. Həmin auditoriyanın zövqü
və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur.
Bütün hallarda teleleviziya verilişi hadisələrin
fövqündə duraraq
zərərli tendensiyalardan
uzaqlaşaraq maarifçilik
missiyasını qismən
də olsa yerinə yetirməlidir. Hər dəfə
təkrar-təkrar qeyd
olunur, belə verilişlərdə məqsəd
cəmiyyətə informasiya
vermək, maarifləndirmək
və həmçinin,
bütün bunlarla bərabər əyləndirmək
funksiyası əsas hədəf olmalıdır.
Tamaşaçını əndazəni gözləmək
şərtilə əyləndirmək
və informasiya vermək şou proqramın vacib elementidir.
Xoşa gəlməyən hal odur ki, bu
verilişlərin bəzi
aparıcılarında mütaliəsizlik
kəskin şəkildə
özünü göstərir. Bu qənaətə gəlmək
olar ki, şou proqram aparıcısında təhsilsizlik,
mütaliənin bərbad
gündə olması,
öz üzərində
zəif çalışması
və digər səbəblər belə
verilişin ortalığa
çıxmasına gətirib
çıxarır. Bəlkə də
ifadə yumşaq səslənəcək. Həmin
şəxslər 10 il əvvəl necə olubsa, demək olar ki, indi də
eyni şit, bayağı verilişlə
auditoriya qarşısına
çıxırlar.
Peşəkar teletəndiqin olmaması bu şəxslərin əl-qol açmasına rəvac verib. Kimisi toyxananın çox pis variantını efirə gətirir. Kimisi intellektual yenilik edə bilmədiyinə görə, qadın müğənnilərin pul kisəsini eşələməyə, xanım müğənnilərin makiyajlarının silinməsinə, daha hansısa səviyyəsiz addımlara əl atır. Ay zalım uşağı, bəlkə arada bir kitab oxuyun, çünki mütaliə təfəkkürün formalaşmasına təsir edir.
Onu da etiraf etmək lazımdır ki, televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq, teleticarət işini quraraq əsas milli strateji hədəflərə doğru getmək mümkündür.
Telekanal tamaşaçıya ağıl öyrətmək yox, maarifçilik işi ilə bərabər hər evə xoş aura gətirməlidir. Qıcıq doğuracaq yüngül şoularla, maraqsız və baxılması qəliz olan seriallarla kövrək cəmiyyəti ovundurmaq, əyləndirmək çətindir. Bu məsələdə ən azından balansı qorumaq lazımdır.
Bu gün TV-də və media sahəsində reklam bazarı çox ciddi məsələdir. Bu sahə həqiqətən geniş araşdırılmalı və problemlər həll olunmalıdır. Telekanallarda reklam məsələsi ilə bağlı çox qısa bir məqama toxunmaq istərdim. Görəsən, yalnız pul qazanmaq xatirinə efiri bazara döndərmək hansı dəyərlərə sığır? Əgər televiziyada hər hansı filmin nümayişi zamanı reklam fasiləsi elan olunaraq 20-25 dəqiqə (bəlkə daha çox) müddətində eyni məhsulları və yaxud xidmətləri təkrar-təkrar reklam edirlərsə, bu, hansı qanuna və məntiqə sığır? Burada yalnız "Reklam haqqında" qanunun tələblərini pozmaqdan və tamaşaçıya qarşı hörmətsizlikdən söhbət gedə bilər.
Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Vay o gündən ki, vətənpərvərlikdə şəxsi maraqlar və məsuliyyətsiz yanaşma olsun.
Əlqərəz, cəmiyyətin və tv-lərdə şou proqramların formalaşmasında, inkişafında yaxşı təhsillə bərabər məsuliyyətli vətənpərvərlikdə zəruridir. Normal təhsili olan şəxs istənilən sahədə fayda verər. Keyfiyyətli təhsilin verilməsi, əxlaqlı münasibətin tətbiqi və nəhayət hər kəsin öz intellektual potensialına güvənib irəliləməsi üçün şəraitin yaradılması zəruridir.
525-ci qəzet 2018.- 5 yanvar.- S.8.