Tanıdığımız redaktor - Teymur
Əhmədov
Onu tanıdığım ilk vaxtlarda, indi, ahıl
çağında da ağsaqqallığı ilə
seçilən Teymur Əhmədovla yolumun təsadüf, yaxud
zərurətdənmi kəsişməsini həmişə
bir şans saymışam.
İxtisasca filoloq alim (Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini bitirib), qələm fədaisi
olan bu sadə, təmkinli insanla bir yerdə işlədiyim
ilyarım mənim üçün həyat məktəbi
oldu. Eyni
Universitetin jurnalistika fakültəsini bitirib, təyinatla rayon
qəzetində 6 il işlədikdən
sonra, necə deyərlər, əyalətdən mərkəzə
gəlmişdim. Daha doğrusu, gəlmək məcburiyyətində
qalmışdım. Və yeni işıq
üzü görən, tamam fərqli məqsədlə yola
çıxmış bir qəzetdə (“Vətən səsi”)
işə düzəlmək istəyim vardı. Filologiya elmləri doktoru, professor kimi elmi ictimaiyyətin
yaxşı tanıdığı bir şəxsdən
ölkənin mərkəzi mətbuatında 5-10 yazısı
çap olunmuş birisini işə götürmək
xahiş edilmişdi. Doğrudur, Azərbaycan
radiosunun “Bulaq”, “İyirminci əsr incəsənət”
proqramlarında gedən süjetlər haqqında da ona məlumat
verilməmiş deyildi. Nə gizlədim,
“bizimlə əməkdaşlıq elə, baxarıq” kimi
başdansovdu bir cavab gözləyirdim. Ancaq
Teymur müəllim gözlənilməz qərarı ilə hər
şeyi dəyişdi. Onun
üçün növbəti, sıradan bir qərarla mənim
həyatımda yeni mərhələ başlandı. İşsizliklə yanaşı, digər, daha
ağır bir yükdən azad oldum.
...1990-cı
il yanvar ayının 22-də cəmi 34-35 min nəfər əhalisi
olan Zəngilan rayonunda, şəhərin mərkəzi
meydanında təşkil etdiyimiz mitinqdə 20 minə
yaxın insan Bakıya qoşun yeridilməsinə
etirazını bildirdi. Yüzlərlə şəxs
mərkəzi hakimiyyətin Azərbaycana qarşı törətdiyi
qanlı cinayətə etiraz əlaməti olaraq partiya biletlərindən
imtina etdi, 400-dən artığı biletini yandırdı.
Mitinq iştirakçılarının qəti
tələbi ilə sərhədyanı rayonlarda fövqəladə
vəziyyətin tətbiqi barədə qərarın Zəngilanda
icrası dayandırıldı. Bu barədə
qərarı xüsusi komendantlığın rəisi
A.Yakovlev meydanda elan etmək məcburiyyətində qaldı.
Həmin hadisələr barədə rayon qəzetində
“Xalq birliyinin gecəsindən reportaj”ımız dərc edildi. Yerli dövlət
orqanlarının tapşırığı ilə baş verənlərin,
gecəyarısına qədər davam etmiş mitinqin
videoçəkilişi də aparılmışdı. 1990-cı ilin mart ayı idi. Yaxın
günlərdə rayonda həbslərin başlanacağı
xəbərləri dolaşırdı. On
illərlə kommunist rejiminə xidmət etmiş
insanların əksəriyyəti onun çökəcəyinə
heç inanmırdılar da. Həmin vaxt
rayon qəzetində şöbə müdiri işləyirdim.
Redaktorun Bakıya növbəti kleşeləri
(fotoşəkil onların üzərinə
köçürülürdü) hazırlatmaq
üçün ezamiyyə təklifi yerinə
düşdü. Rayonu tərk etdiyim günün səhəri
həbslərin başlandığını və
komendantlığın nümayəndəsinin bir neçə
dəfə iş yerimə və evimizə gəldiyini öyrəndim.
Mən artıq Bakıda idim və tələbə
dostlarımın köməyi ilə yenicə nəşrə
başlayan “Vətən səsi” qəzetində işə
düzəlməyim gözlənilirdi. Bunun
üçün bir neçə yazımı və sənədlərimi
baş redaktor Teymur Əhmədova təqdim etmişdilər.
Teymur müəllimlə söhbətimiz
çox qısa oldu.
- Dədə,
bizə elə gənc, ixtisaslı və qələmi olan
jurnalistlər lazımdır. Səni işə
götürürəm, elə bu gündən başla, - dedi.
Etiraf edim ki, işin bu cür asanlıqla düzələcəyini
gözləmirdim. Bu qocaman redaktor (onda heç 60
yaşı tamam olmasa da, Teymur müəllim mənə belə
təsir bağışlamışdı), “bu gündən
başla” deməklə özü də bilmədən məni
real həbsdən xilas etmişdi. Elə o gün imzalanan
əmrlə mən “Vətən səsi”nin
Qarabağ və Mil-Muğan zonaları üzrə xüsusi
müxbiri kimi işə başladım. “Vətən
səsi” ilə vətənin haqq səsinə haray vermək,
soydaşlarımızın dərdlərinə,
qayğılarına ortaq, yaralarına məlhəm olmaq niyyəti
ilə yola çıxdım.
Bilirəm ki, məni işə qəbul
etdiyinə görə bir çoxlarının etirazı ilə
də qarşılaşmışdı.
- O
qaçqın deyil, Zəngilan rayonundandı. Niyə
qaçqınları qoyub onu işə götürmüsən?
Sonralar
bildim ki, belələrinə Teymur müəllimin cavabı
çox qısa və konkret olubmuş: “Mənə qəzet
çıxarmağa qaçqın yox, qaçqının dərd-sərindən,
problemlərindən yazmağı bacaran jurnalist
lazımdır”. Bu barədə o, özü nə qəzetin əməkdaşı
olduğum, nə də sonrakı 28 il ərzində
mənə heç nə deməyib. Baş verənləri
başqalarından eşitmişəm.
Teymur müəllim yerli dövlət orqanlarının
qaçqınların yerləşməsi, problemlərinin həlli
istiqamətində fəaliyyətinin diqqət mərkəzində
saxlanılmasına xüsusi əhəmiyyət verir, əməkdaşları
müntəzəm rayonlara ezamiyyələrə göndərirdi. “Vətən səsi”nin didərgin soydaşlarımızın real
durumlarını əks etdirən təsirli, obyektiv
yazıları əsasında yerlərdə görülən
tədbirlər barədə məlumatlar mətbu sözün
gücündən istifadənin son on illərdəki ən
yaxşı nümunələri sırasında yer alır. Bu gün həmin vaxt çəkilmiş fotolara da
sakit baxmaq mümkün deyil. Dədə-baba
torpaqlarından amansızlıqla qovulmuş insanların
acınacaqlı vəziyyətləri, məruz
qaldıqları vəhşiliklər adamın damarlarında
qanını dondurur.
“Vətən səsi”ndə o zaman ölkədə
az-çox tanınan jurnalistlər də işləyirdi. Onların arasında tələbəlik
illərindən tanıdığım Qafar Çaxmaqlı,
imzasına bələd olduğum Bədirxan Başkeçidli
(Əhmədov), indiki “Xalq qəzeti”nin baş redaktoru Həsən
Həsənov, Nazirlər Kabineti Mətbuat Xidmətinin rəisi
Akif Əli, sonra televiziya sahəsinə keçən Miraslan Bəkirli,
bu gün də “Vətən səsi”ndə
çalışan Nəsib Qaramanlı, Bilal Ənsər və
başqaları vardı. Bu yolda yürüyənlərin,
“qələmin ən müqəddəs vəzifəsinin millətə
xidmət” olduğunu sələflərindən əxz edənlərin
arasında olmaq şərəf idi. Kimsə alim,
publisist, tədqiqatçı, kimsə jurnalist kimi... Ancaq ən başlıcası neçə-neçə
“vətən daşından” biri, sıravi vətəndaş
kimi.
“Vətən səsi” jurnalist araşdırmalarına yer
ayırması, ölkədə və regionda sürətlə
dəyişən vəziyyəti düzgün təhlil edib
proqnozlaşdırmaq bacarığı ilə başqa qəzetlərdən
fərqlənirdi. Onun Azərbaycanın son 200 illik tarixinin bir sıra məqamları,
xüsusən Xalq Cümhuriyyəti dövrü ilə
bağlı hətta elmi ictimaiyyətə də az məlum
olan həqiqətlərə işıq tutan sanballı
elmi-publisistik məqalələri bu gün də aktualdır. “Təcavüz davam edir” rubrikası altında sərhədyanı
ərazilərdə baş verən ən son hadisələrlə
yanaşı, Azərbaycana qarşı erməni təcavüzünün
tarixi köklərini üzə çıxaran arxiv sənədləri
və həmin dövrə dair məlumatlar da dərc olunurdu.
“Vətən səsi”nin ilk dəfə ölkə
oxucusuna çatdırdığı “Gülüstan”,
“Türkmənçay” müqavilələri kimi neçə-neçə
tarixi sənədlər də sonrakı illərdə tədqiqatçılara,
alimlərə mənbə kimi çox gərək oldu.
“Vətən
səsi”nin tarixi xidmətləri
sırasında ilk baxışda adi görünən bir
genişhəcmli iş də var. Qəzet Ermənistandan
qovulan ayrı-ayrı qaçqın
soydaşlarımızın dilindən bütün faktları
qeydə alaraq öz səhifələrində dərc edib,
yaxud lazımi qaydada arxivləşdirib. Bu gün həmin
insanların dilindən yazıya alınmış bu məlumatlar
azərbaycanlılar və Azərbaycan dövləti tərəfindən
Ermənistan dövlətinə qarşı beynəlxalq məhkəmə
müstəvisində mülki və s. xarakterli davalar
açılması üçün əvəzsiz sənədlərdir.
“Vətən səsi” təkcə qaçqınların
problemlərindən, Ermənistanın və ermənilərin
Azərbaycana və azərbaycanlılara qarşı
apardığı soyqırım, deportasiya və ekspansiya
siyasətindən yazan bir qəzet olaraq məhdud çərçivədə
qalmadı, o, Azərbaycanla bağlı bütün mövzulardan
yazdı. Özü də soyuq ağıl və qaynar qəlblə.
Ən başlıcası isə obyektiv və
peşəkarcasına. Bu daha çox
Teymur müəllimin xidməti idi. “Vətən səsi”nin Azərbaycanın o vaxtlarda ciddi ehtiyac
duyduğu həqiqi ictimai-siyasi qəzet kimi
çıxması, ölkə həyatının bütün
sahələrini işıqlandırması asan başa gəlmirdi.
Bunun əleyhinə olanlar, “qaçqın” adından, bu
alınmayanda qəzetin siyasiləşməsinin yolverilməzliyi
və digər bəhanələrdən istifadə ilə
açıq şəkildə qarşı çıxanlar
olurdu. Çox təəssüf ki, belə məqsədli
maneçiliklər bəzən təşkilatlanmış
forma alır, hətta bəzi rəsmilər tərəfindən
dəstəklənirdi də. Teymur müəllim
bütün bunlara özünəməxsus təmkinlə
cavab verir, daha çox əsassız iradların səsləndirildiyi
iclaslarda qəzetin ardıcıl mövqeyini səbrlə,
ancaq qətiyyətlə müdafiə edirdi. “Vətən
səsi”nin üzərinə
götürdüyü missiyaya sadiq qalmasını hər
şeydən üstün tutan, onun istiqamətinin dəyişdirilməsi
cəhdlərinin qarşısını almaq üçün
olmazın səy, enerji sərf edən bu çəlimsiz
insanın zahiri soyuqqanlılığının arxasında
möhkəm, sarsılmaz iradə dururdu. Elə bu iradə və
qələmə sadiqlik idi “Vətən səsi”ni yüz minlərin, dil imkanları olsa, bəlkə
də milyonların qəzetinə çevirən. O, baş
redaktor vəzifəsindən getməyə də razı oldu,
ancaq inandığı, özü üçün biryolluq
müəyyənləşdirdiyi prinsiplərdən imtina etmədi.
Bununla həm də həqiqi əqidə
adamı olduğunu, şəxsi maraqlardan ucada durduğunu bir
daha sübuta yetirdi.
Məncə, Teymur Əhmədovun kimliyini az-çox
xarakterizə edən bu həqiqətlərin arasında onun
redaktorluğu xüsusi vurğulanmalıdır. O, 150 ilə yaxın bir yol
keçmiş Azərbaycan mətbuatının klassik
redaktorluq ənənələrini öyrənməklə
qalmayıb, özünü bu ənənələrə
uyğun yetişdirməyə, həmin məktəbin layiqli
nümayəndəsi olmağa çalışıb. Və birmənalı demək olar ki, bunu bacarıb.
Redaktorluğun
çoxtərəfli vəzifə və funksiyalarına, hər
mətbu orqanın özünəməxsus “mətbəx”inin
təşkilinə gəlincə, Teymur müəllim bu məktəbi
hələ “Sovet Ermənistanı” qəzetində müxtəlif
vəzifələrdə işlədiyi 1954-1958-ci illərdə
keçməyə başlayıb və 1965-1968-ci illərdə
“Azərbaycan” jurnalı redaksiyasında şöbə
müdiri kimi davam etdirib. Əlbəttə, Moskvada
Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi
lektoriyanın jurnalistika şöbəsini (1959-1961) bitirməsi
də bu sahədə nəzəri və praktik vərdişlərinin
gəlişməsində az rol
oynamayıb. Redaktor kimi çıxardığı mətbu nəşrlərə
gəlincə, “Vətən səsi” ilə yanaşı, “Hikmət”
və “Yeni fikir”, 1995-ci ildən “Respublika” qəzetləri də
var. AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat
şöbəsinin müdiri olan T.Əhmədov 1992-2003-cü
illərdə eyni zamanda, “Elturan” (“Milli məsələlər”)
jurnalının məsul redaktoru olmuşdur. 2007-ci ildən isə
100 il sonra nəşri bərpa olunan Azərbaycan
mətbuatında dərin iz qoymuş “Füyuzat”
jurnalının baş redaktorluğu da elmi-nəzəri səviyyəsi
nəzərə alınaraq məhz ona həvalə
edilmişdir.
O, baş
redaktor kimi qəzetdə gedən istənilən
yazının, janrından asılı olmayaraq, ən
kiçik xəbərə qədər belə faktların
doğru-düzgün əks etdirilməsini tələb edirdi.
Kimisə qədərindən artıq tərifləyib az qala qəhrəmana çevirməyin tərəfdarı
olmadığı kimi, başqasının
insafsızcasına, daha dəqiqi, qeyri-obyektiv tənqidə məruz
qalması ilə də razılaşmırdı,
“Ağını çıxarmısan ki” deyirdi. Redaksiyaya daxil olan yazıların işlənməsində
də eyni prinsip gözlənilir, bəzi müəlliflərin
isnad etdikləri faktlar əksər hallarda yoxlanılıb
sonra dərc edilirdi. Bu xüsusiyyətlərini
bildiyimiz üçün müəllif yazılarına da eyni
məsuliyyətlə yanaşır, hər hansı
yanlışa yol verməməyə
çalışırdıq.
Nə gizlədim, qəzetə güzəran
maraqlarının təminatçısı kimi baxanlar həmin
dövrdə də yox deyildi. Belələrinin
hansı arqumentlərlə “silahlanmasına” baxmayaraq, baş
redaktorun onlara qarşı mövqeyi sonadək dəyişməz
qaldı. Bu, hazırda jurnalistika adına
ləkə olan reketçiliyin təzahürlərinə
qarşı qəti münasibətin ilk nümunələri
idi.
Hazırda yaşının ağsaqqal
çağında da Teymur müəllim öz prinsiplərinə
sadiqdir. Qələmin ən ümdə vəzifəsi olan həqiqəti
yazmaq, Vətənin, cəmiyyətin xeyrinə olan
sözü deməkdən çəkinməmək. Ölkənin rəsmi mətbu nəşrlərindən
olan “Respublika” qəzetinin baş redaktoru kimi fəaliyyətini
davam etdirir.
Teymur müəllimin jurnalistliyində alim, tədqiqatçı
olmasının xüsusi payı var. Bu təcrübələrin
ən mühüm təsiri isə istənilən faktı,
yaxud faktları mövcud reallıq zəminində təhlil
süzgəcindən keçirərək, obyektiv dəyərləndirməsidir. Bu baxımdan, böyük
azərbaycanlı Nəriman Nərimanovun tədqiqatçısı
olmaq ona az şey bəxş etməyib. Xalqa, Vətənə xidmətin bir dərsini də
bəlkə də, bu fədakar insanın həyatını,
yaradıcılığını öyrənərkən
keçib. Onun “Nəriman Nərimanov” kitabı
rus, ingilis, fransız və ərəb dillərində
1984-cü ildə kütləvi tirajla nəşr edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri olan Teymur müəllimin tədqiqat işləri, elmi araşdırmaları barədə danışmaq tamamilə başqa bir yazının mövzusu olduğundan, bu barədə yalnız bir məsələni qeyd etmək istəyirəm. Onun həyatı ilə yaxından tanışlıq göstərir ki, bu şöbənin seçilməsi heç də təsadüfi deyil.
Bu, Azərbaycanın özü kimi, onun ədəbiyyatını, mədəniyyətini də bütöv olaraq qəbul edən bir insanın həyat amalından qaynaqlanır desəm, qətiyyən mübaliğə olmaz. Ötən iki əsrlik bir dövrdə məcburi parçalanmanın doğurduğu problemlərin bir xalqın inkişafında yaratdığı fərqlər nəinki məişətdə, ədəbiyyatda, dildə, ümumən mədəniyyətdə də özünü büruzə verir.
Ayrılığın, uzaqlaşmanın önlənməsi, proseslərin mümkün qədər vahid məcraya yönləndirilməsi qarşılıqlı əlaqələrin ən azı geniş mənada mədəniyyət sahəsində gəlişməsini zəruri edir. Teymur Əhmədovun alim kimi bu missiyanın həyata keçirilməsində danılmaz əməyi var. Bölünmüş, kiçildilmiş Vətənin dərdlərinə məlhəm qoymaqla, gələcəyinə olan ümidləri yaşatmaq. Buraya 1961-ci ildə, gəncliyində İrəvanda çıxmış “Ülkər” adlı şeir və hekayələr kitabını, “Dostluq nəğməkarı”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)” və s. kitab və adını çəkmədiyimiz monoqrafiyaları əlavə etsək, məhsuldar yaradıcılığın mənzərəsi bir qədər də konkretləşər.
Alim-tədqiqatçı kimi danılmaz xidmətləri sırasında “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)”, “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” da var. Təkcə, bu irihəcmli və faydalı işinə görə, Teymur Əhmədov 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülməyi haqq edirdi. 2002-ci ildə “Tərəqqi” medalı alması da xidmətlərinin yüksək səviyyədə qiymətləndirilməsi idi. Bunlar həm də onun səmərəli əməyinin, fədakar fəaliyyətinin etirafıdır. Ancaq onun üçün həyatı amalı saydığı əbədi bir missiyası da var: Həsən bəy Zərdabilə başlanan bu missiyanı Teymur Əhmədov otuz ilə yaxındır ki, ləyaqətlə davam etdirir.
Lətif
ŞÜKÜROĞLU
525-ci qəzet 2017.- 6 yanvar.- S.19-24.