Azərbaycan dilinin
tarixi: fərqli baxışlar, yeni yanaşmalar
PROFESSOR QƏZƏNFƏR KAZIMOVUN
"AZƏRBAYCAN DİLİNİN TARİXİ: ƏN
QƏDİM DÖVRLƏRDƏN XIII ƏSRƏ
QƏDƏR" ƏSƏRİNİN YENİ NƏŞRİ
HAQQINDA QEYDLƏR
(Əvvəli
ötən sayımızda)
Professor Qəzənfər Kazımovun vahid dilin qohum dillərə
parçalanması və qohum protodillərin inkişaf yolu, həmin
inkişaf prosesində söz köklərində baş verən
əsaslı dəyişikliklər haqqındakı mülahizələri
aydın və inandırıcıdır.
Müəllif hər bir dil ailəsinin müqayisəsinə
çox həssaslıqla yanaşmış, hər bir dil ailələrinə
aid elmi ədəbiyyatı diqqətlə nəzərdən
keçirmiş və həmin ailəyə daxil olan dillərin
tədqiqi səviyyəsi ilə maraqlanmışdır. Bu monoqrafiya
dünya dillərinin bir kökdən olduğunu təsdiqləyən
uğurlu və ümumiləşdirici bir tədqiqatdır.
Q.Kazımov özündən əvvəl
dünya dillərinin bir kökdən olduğunu təsdiq edən
əsərlərə də öz tənqidi münasibətini
bildirmiş, lakin gələcək araşdırmalar
üçün, dillərin mənşəyinin müəyyənləşdirilməsi
üçün bu cür ümumiləşdirici əsərlərə
ehtiyac yarandığını da göstərmişdir.
Diqqətlə araşdırma aparan, hadisələri məntiqi
şəkildə əlaqələndirən Q.Kazımovun
"Azərbaycan dilinin tarixi" monoqrafiyası ulu dil
haqqında tədqiqatların gələcəyinə
böyük ümidlər doğurur. Zəhmətkeş
alim dünya dillərinə məxsus saysız-hesabsız
söz köklərində ulu dilin söz köklərini
görür. Lakin kitabın əsas mövzusundan kənara
çıxmamaq üçün illərdən bəri
topladığı nümunələrdən (gi (getmək, gəlmək,
qaçmaq, yerimək, hərəkət etmək,
yüyürmək, yortmaq və s.) bi (boy, boy atmaq, bitmək,
bitki, böyümək, böyük, inkişaf etmək,
balaca, balacalaşmaq), ti (dil, demək, danışmaq, məlumat
çatdırmaq, söz söyləmək), qa
(örtülü yer, qab, qapı, qala, qalamaq, hasar, şəhər),
ba (bağ, əlaqə, bağlamaq və s.), lu (adam, el, xalq,
ulus, ölkə və s.), ta (düz, çöl, səhra, dərə
və s.), bar, ber (vermək, yığmaq, var və s.), bur
(burmaq, boran və s.), si (sinə, ürək, orta) yalnız
bir neçəsinin genetik və struktur-semantik təhlilini verə
bilmişdir. Bu faktlar dünya dillərində
sözün inkişaf istiqamətlərini-struktur-semantik və
genetik inkişafını izləmək baxımından
çox maraqlıdır. Bu həmçinin,
bəşərin inkişaf yolunu təsəvvür etmək
üçün də faydalıdır. Müəllifin
gətirdiyi türk mənşəli nümunələrin əhəmiyyəti
orasındaddır ki, o, ulu dilə məxsus olan, lakin ilkin
olaraq şumerdə təsadüf olunan sözlərin
bütün Hind-Avropa məkanında geniş işləndiyini
göstərməklə onun ulu dilə məxsus lüğət
vahidlərindən olduğunu və sonralar dünya dillərində
müxtəlif izomorflarla şaxələndiyini təsdiqləmiş
olur. Müəllifin özünəməxsus
mühakimə və mülahizələri ilə hörmətli
oxucu və mütəxəssislər razılaşmaya da bilərlər.
Bunu o, oxucularının öz öhdəsinə
buraxdığı üçün təqdir
olunmalıdır.
Məlumdur ki, Azərbaycan xalqının etnik
tarixi-etnogenezi və onun dilinin mənşəyi hələ də
dəqiqləşməmiş bir problem olaraq qalır. Etnogenez və
dilimizin mənşəyi məsələsi hazırkı
dövrdə mürtəce konsepsiyanın üstün
mövqeyi, həqiqi elmi konsepsiyanın küncə
qısılmış vəziyyəti ilə son dərəcə
mürəkkəbləşdirilmişdir. Xalqın
etnik tarixi yanlış və zərərli bir konsepsiya əsasında
izah edilir. Monopolizm əsl tarix və
dilimizi əlimizdən alıb
yadlaşdırmış-farslaşdırmışdır.
Həmin konsepsiya artıq özünün
qeyri-elmiliyi, mürtəceliyi ilə əksər tədqiqatçıların
diqqətini çəkməkdədir. Çünki
həmin konsepsiya xalqa öz keçmişini, etnik mənşəyini
unutdurmaq məqsədi güdür. Q.Kazımovun
da, məsələdən obyektiv danışan digər müəlliflərin
də yanaşmasında bizə xoş təsir
bağışlayan odur ki, artıq gerçəklik
çoxları tərəfindən getdikcə başa
düşülməkdədir. Çünki
bu məsələ son dərəcə ciddi məsələdir.
Bu proses müxtəlif konsepsiyaların toqquşması yolu ilə
yaranmış gərgin mübarizə şəraitində
meydana çıxır və əslində yuxarıdan nəzarət
olmadığı, olan nəzarət də əks qüvvələrin
xeyrinə olduğu üçün bu mübarizə indi də
daha kəskin şəkildə davam etməkdədir. Dilin və
xalqın mənşəyini müəyyənləşdirmək
sahəsində bilavasitə imkanlı və ixtiyarlı
qüvvələr daim mühafizəkar mövqe tutmuş, Azərbaycan
ərazilərində çox qədim dövrlərdən
köklü türk tayfalarının mövcudluğu
faktlarını inkar etməklə, türk tayfalarının
Azərbaycana ilkin gəlişini eramızın III və V əsrləri
ilə bağlamış, lakin bu gəlişin də elə
bir əhəmiyyətə malik olmadığını, Azərbaycan
türk dilinin XI-XIII əsrlərdə səlcuq-oğuzların
gəlişi ilə təşəkkül
tapdığını israrla sübuta
çalışmışlar. Bir sıra Azərbaycan
tarixçi və dilçilərin nöqteyi-nəzərlərində
tarixi gerçəkliklər qəsdən təhrif olunur,
xalqımızın, dilimizin tarixi keçmişinə əks
ideoloji baxışlar formalaşmışdır. Bu baxımdan monoqrafiyanın 3-cü fəsl
"ProtoAzərbaycan dili dövrü" zidd ideoloji
baxışlara cavab olaraq çox qiymətlidir. Bu fəsildə dövlət, etnogenez və Azərbaycan
dilinin mənşəyi məsələlərinin qoyuluşu,
etnik tərkib və dil məsələləri
saf-çürük edilir. Müəllifin
fikrinə görə, protoAzərbaycan dili dövrü e. ə.
IV minilliyin ortalarından başlanır. Azərbaycan
ərazisində yaşayan türk tayfalarının dili yerli
keyfiyyətlər qazanır, yerli toponim, etnonim və antroponimlər
yaranır, dil (tayfa dilləri) tədricən şərqə
hərəkət edən türk tayfa dillərindən
ayrılma, gələcək vahid Azərbaycan dilinin əcdadı
kimi təşəkkül tapma istiqamətində inkişaf
edir.
Q.Kazımov dünya elminin arxalandığı arxeoloji
materiallara əsaslanaraq qeyd olunan yanlış və zərərli
konsepsiyalara qarşı öz sözünü deyə bilir və
göstərir ki. türklərin ilkin vətəni Sayan-Altay əraziləri
deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan
başlamış, türklər buradan Mərkəzi Asiyaya
köç etmiş, min illərlə o yerlərdə
artıb-çoxalaraq yeni əlverişli yaşayış sahələri
axtarışı ilə yenidən geriyə-öz ilkin
yurdlarına dönmüşlər. Ulu dil
Ön Asiya və Aralıq dənizi həndəvərində
yaranmış və burada protodilə
parçalanmışdır.
Q.Kazımov bu fəsildə həmçinin, protoAzərbaycan
dili dövrünün leksikası (xüsusi adlar, toponimlər),
bir sıra fonetik, qrammatik əlamətləri, Mannanın etnik
tərkibi və dil özəllikləri (leksika, xüsusi
adlar, Manna toponimləri və antroponimləri və onların
mənşəyi, fonetik və qrammatik xüsusiyyətləri;
Madanın etnik tərkibi və dilin qrammatik əlamətləri-leksikası-xüsusi
adları-toponimləri-şəxs adları haqqında da
orijinal fikirlərini söyləyə bilmişdir. Bu hissədə
gəlmə türk tayfalarının (kimmerlər, skiflər,
saklar) etnik tərkibi və dil xüsusiyyətlərinə də
aydınlıq gətirilmişdir.
Həmin dövrdə Alban (Aran) dövləti yaranır,
etnik tərkibi və dili formalaşır. Alban dövlətinin
ərazisi aborigen etnoslar və onların dilləri çərçivəsində
müəyyənləşir. Azərbaycan
xalqının və dilinin təşəkkülündə
mühüm rol oynamış oğuz mənşəli qədim
tayfaların (qarqarlar, bolqarlar, peçeneqlər,
qıpçaqlar, xəzərlər, kəngərlər,
şiraklar, şamaklar, kerqilər, hunlar, çollar və s.)
etnogenetik xüsusiyyətləri açıqlanır. Alban yazısı, Alban dilinin leksikası (etnonim,
toponim və antroponim) və qrammatikası (sözdüzəldici
şəkilçiləri) haqqında məlum olmayan yeni biliklər
verir.
Atropatena dövründə
Azərbaycan ərazisində çox mürəkkəb etnik
proseslərin getdiyi, yerli türk tayfaları ilə gəlmə
türk tayfalarının konsolidasiyasının davam etməsi
göstərilir. İnamlı faktlar əsasında
müəllif xalqımızın təşəkkülündə
iştirak etmiş komponentlərin etnik mənsubiyyətini
müəyyənləşdirir və azərbaycanlıların
orta əsrlərdə iranlılardan və qafqazdillilərdən
dönmə olması haqqındakı qeyri-elmi konsepsiyanın
puçluğunu üzə çıxarır. Uzumüddətli inkişaf prosesində təbii dəyişikliyə
uğramış atropatenalların toponim, etononim və
antroponimlərinin quruluş-məna və genetik imkanları nəzərdən
keçirilir.
Tədqiqatın növbəti istiqaməti erkən orta əsrlərdə
Azərbaycan xalqının və dilinin təşəkkülü
məsələsinə həsr edilir. Müəllif türkləri
Azərbaycan ərazisində şumerlərin yaşıdı
sayanlardan fərqli olaraq, insandan türk qolunun Ön Asiya
torpaqlarında ayrılmışdır, fikrinə gəlir.
Nəticə
belədir: türk tayfaları zaman keçdikcə
qaynayıb-qarışmış, Azərbaycan xalqının,
müasir Azərbaycan dilinin təşəkkülünə gətirib
çıxarmışdır. Bir sıra
şivə fərqlərinə baxmayaraq, erkən orta əsrlərdə
Azərbaycanda yerli və gəlmə türk
etnoslarının vahid xalq kimi birləşməsi prosesi
başa çatmışdır.
Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə Qədim Azərbaycan dili mərhələsi sona yetir və yeni Azərbaycan dili mərhələsi başlayır. Öncə, VI-VIII yüzilliklərdə Azərbaycanın tarixi şəraiti-siyasi, iqtisadi və mədəni vəziyyəti təhlil olunur. Sonra son dərəcə kamil bir yaradıcılıq nümunəsi olan, dilimizin bütün quruluşu barədə bütöv təssəvvür yaradan bir mənbənin - "Kitabi-Dədə Qorqud"un - ümumxalq Azərbaycan dilinin təşəkkül dövrünün abidəsinin yaranma tarixi, poetik-dastançılıq ənənələri, dastanların bir sıra fonetik, leksik və morfoloji xüsusiyyətləri, ən çox da Dədə Qorqud dilinin geniş sintaksisi şərh olunur. İlk dəfə olaraq alim "Dədə Qorqud"un dil materialı əsasında Azərbaycan dili sintaksisinin bütün əsas struktur modellərini nəzərdən keçirmişdir.
Monoqrafiyanın sonuncu - VI fəsli yazılı ədəbi dilin təşəkkülü (IX-XII əsrlər) dövrünün xarakterik xüsusiyyətlərindən bəhs edir. Fəslin əvvəlində sözügedən yüzilliklərdə Azərbaycan ədəbi dilini şərtləndirən amillər üzərində dayanılır. VI əsrdən təşəkkül və formalaşma prosesi keçirən Azərbaycan ədəbi dili artıq IX-XII əsrlərdə yazılı ədəbi dil kimi öz təşəkkülünü tam başa çatdırmışdır.
Kitabda azəri dilinin Azərbaycanın erkən türk əhalisinin dili olduğu, fars, pəhləvi dilindən fərqləndiyi də əsaslandırılır. Məlum olur ki, azəri dili bir termin kimi daha çox ərəb təhsillərinin dilinə məxsus olmuş, ərəblər Azərbaycanda öz mövqeyini itirdikdən sonra "azəri" sözü öz işləkliyini zəiflətmişdir.
Türkiyədə çap edilmiş və üzərində yenidən işlənmiş bu nəşrin müsbət cəhətləri həddən artıq çoxdur: bu cür kitabların bir əhəmiyyəti budur ki, araşdırıcılar hər hansı bir leksik-terminoloji vahidin dünya dillərində yayılma arealını müəyyən edə bilirlər. Təhsil, tədris prosesində yunan, latın mənşəli söz, element kimi şərh edilən bir sıra sözlərin xalis yunan və ya latın sözü olmadığı, dünya dillərinə məxsus ulu dildən gəldiyi aydınlaşır.
Q.Kazımovun böyük zəhmətinin nəticəsi olan bu əsər ulu dilin yaranması, problemlərin və dil ailələrinin əmələ gəlməsi, e.ə. III-I minilliklərdə Azərbaycan ərazisində etnogenez və dil məsələləri, Azərbaycan Xalq Dilinin, şifahi və yazılı ədəbi dilimizin təşəkkül yolu barədə aydın və bitkin təsəvvür yaradır, gələcək tədqiqatlar üçün yol açır.
Kitab universitetlərin müəllim və tələbələri, gənc elmi işçilər, Azərbaycan xalqının tarixi və dilinin mənşəyi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Möhsün
NAĞISOYLU
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun direktoru, akademik
İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor
525-ci qəzet 2018.- 9 yanvar.- S.6.