Qışın ortasında payız
sevdası...
(esse)
Şəfa VƏLİ
Mən bütün payızları
ayrı sevmişəm...
Mənim əllərimdən
tutub sarı rəngə boyamağa çalışmayın, onsuz
da çoxdan etiraf etmişəm ki: "duruşum, gülüşüm payız"...
Canımı qurban edəbiləcəyim sevdalar
var ürəyimdə
ünvanı payız
olan...
Bütün payızlar eyni deyil... Heç bir-birinin oxşarı da deyil... Bunu da çoxdan bilirəm.
Nolsun, bircə dəfə payıza naz eləmişəm, demişəm ki:
Fərqli
deyil payızım,
Ötənilkidi elə...
Bəzən bildiklərim məni yarıyolda qoya da bilir. Mənsə
daha irəli can atıram. Bildiklərimdən
yaxa qurtarıb bilmədiklərimin arxasınca
yüyürürəm... Ümidim
çatana kimi...
Yanvarın bu soyuğunda payızı yadıma salan Səbuhi Şahmursoyun "Bu payız"
şeiri oldu. Bu mövsümdə
hələ qar görməsək də, Səbuhi bəyin şeiri belə başlayır:
Bu payız ömrünü tez vurdu başa,
Bu il bəxtimizlə
tez barışdı qış.
Yenə
yadıma illər öncə Gəncənin
soyuğunda oturub
"küləyə küsən
pəncərələrə" baxa-baxa şikayətlənməyim
düşdü:
Qar yağmadı Gəncəyə,
Sevinmədi uşaqlar...
Bəzənmədi pəncərəm
Qarın
naxışlarıyla...
Bir də payızın həsrət
fəsli olduğunu deyirlər. Bəs onda ulularımızın payızı "toylar fəsli" deyib əzizləməsini hara yozaq? Deyəsən, elə payız da bizdən inciyib... Özünə söz verib
ki, daha ayrılıqlara qucaq açmayacaq. Ona görə
də bir ayağı qaçaraqdı
son illər. Bunu
Səbuhi bəy də duyub şair
fəhmi ilə... Yazıb ki:
Nəsə gücsüz oldu
builki payız,
Yazda qovuşanlar
ayrılmadı heç.
Nədənsə, folklorumuzda qarlı
qışı ağ saçlı, ağ saqqallı qoca baba, baharı
yaşıl donlu, qızlar bulağından yenicə su içmiş yeniyetmə qız kimi obrazlaşdırıb
ulularımız... Yay və
payız obrazına rast gəlməmişik amma. Bəlkə də bu iki
fəslin də öz obrazı varmış nə vaxtsa, biz minillikləri itirə-itirə gəldiyimizdən
bu gün əlimizdə heç bir mənbə yoxdur... Lakin təsəvvürümüzdəki
cizgilər qan bağıyla, ana südüylə ötürülərək
əbədilik qazanmışdır.
Ona görə də payızı yetkin bir qadın kimi obrazlaşdırmağımız
təbiidir. Məsələn,
belə:
Qadan alım, payız qadın,
Seç
rənglərdən ən
sarısın
Bəzən...
"Öldür aşiqini"...
Özü də bu yetkin qadının hisslərini, yaşantılarını,
yeri gələndə
gözəlliyini, cilvəsini
də məhz qadınlar daha dərin duyur... Xəyalə Sevil yazır ki:
Üşüyər, üşüdər
pəncərəmi də,
Gəlməz içəriyə, yadındı
payız.
Sarı
saçlarını töküb
çiyninə,
İlahi, nə gözəl qadındı payız.
Aydan Ay İşığı isə
payıza "gözəlim"
deyir... Bir qadının payızı
bu cür əzizləməsi də
onun ümidlərinə
güvənməsindən irəli
gəlir. Yoxsa harda görünüb ki, düşüncə sistemimizdə konteksləşən
"payız qadın"ı
məhz qadın əzizləsin və özündən gözəl
saysın?! Aydan ümid edir sadəcə... Ümid edir ki:
Saat əqrəbində köçkün
ömürlər,
Payız
toyumuzu unutdurmasın...
Ardınca da sanki, payızın ayaqlarına
döşənir... Yalvarır
ki, məhz bu il, elə gözlədiyi mövsüm arzuları reallaşsın... Yoxsa... Bax, bu yoxsa
da Aydanın qadın hikkəsini xoş sözlərin arxasında tapmaq elə də çətin deyil...
Sonrakı payızlar nəm
qoxuyacaq..
Daha gəlməyəcək o "gəlin
payız"...
Payıza
bir kimsə toxunmayacaq...
Təkcə ikimizindi gözəlim
payız...
Gəlin
payız...Bu ifadə Gülnarə İsrafilin
"Payız" şeirində
də var. Amma o, öz düşündüyünü
yox, eşitdiyini yazıb:
Sarı
gəlin deyir nənələrimiz
Dəyişkən havalıya...
...ağ gəlinlik
geyinib xınalı gəlin,
Bəzənib,
Qışa gedir payız...
Payızın gözəlliyini öz
gözəlliyinə tay tutan qadınlardan fərqli olaraq kişilər sanki bu sarı
gözəldən "dünyanı
gözəllik xilas edəcək" deyiminin qisasını almaqda israrlıdırlar. Bəhruz
Xəlil boşuna yazmır axı:
Yandırdım bütün yarpaqları
payızdan heç
nə qalmasın.
Yaxud Mehman Rasimoğlu... Ay şair, insafın olsun, adam
da sevgiliylə görüşü xəzələmi
bənzədər?!
Səninlə görüşüm xəzələ bənzər-
E yni ağacdayıq ayrı budaqda
Payızda son nəfəs verib
qovuşduq...
Yaxşı ki, Mehmanın günahını sonrakı
misraları "yuyur"...
Payız
gəldi-görüşümüz yaxındı,
Ayrılıb budaqdan düşürük
indi.
Bir xəzəldə neçə
sevda gəzindi,
Süpürülüb birgə yandı ocaqda.
Ülvi
Bahadır əzabkeş
aşiq obrazının
iztirablarını vals adlandırır...
Sevgisindən yarımayan
bu aşiqin əzab valsının tərəf müqabili payız leysanlarıdır...
Sevgi-hər sonbahar axşamı
"unutmaq" küçəsindən
keçəndə
burnunun
ucunu göynədən
bir yağmur damlası...
Yaxud:
Bir yağış gətirdi
ki...
tut ucundan yallı get üzü tanrıya...
Təsadüfən, birdən gözün
onlara sataşır?..
Düşünürsən...
Axı kimə yas saxlayır
bu
balaca, burnu selikli ümidçələr?..
Aşiqin öləziyən bir ovucluq ümidlərinə
"ümidçə" deməsi də genetik yaddaşımızdakı
növbəti kodlaşdırmadı. Bir kənddə yetim vardısa, ona canı yandığını
göstərmək üçün
"-çə" şəkilçisini
artırardı yaşlılar,
dünyagörmüşlər... Deyərdilər ki: "O yetimçəyə əl
tutaq"... Ülvi Bahadır ümid sözünə artırdığı
"-çə" şəkilçisini
də eyni canıyananlıqla şeiriyyətə
gətirib...
Adilə Nəzər payız mövzusundakı cinsi ayrı-seçkiliyimizi şübhə
altına qoyur. Onun şeiri də payıza üsyandan xali deyil... Üstəlik,
qadın əzabından
süzülən misralarının
boynubüküklüyünü də payızın "boynuna atır"...
Payız
hakim olub şeirlərimə,
Nə yazsam, vərəqdə saralıb
solur.
Adilə
xanım bütün dərdlər bir yana qalsın,
payızın özünü
də dərd hesab edir. Bu dərdi çəkməyə
də hünər axtarır. Və nəhayət, hər qadın kimi təsəllidən kəm
deyil:
Ümid
çox güclüdür,
dözər payıza...
lll
Bütün payızlar sevimlidir...
Bütün payızlar
aşiqdir, eşqdir, butadır, muncuqdur, ay daşıdır, yol həvəsidir... Və bütün payızların
öz adı, öz dadı olur insan ömründə...
2017-ci ilin payızını
Elməddin Nicat öz həyat tarixçəsinə hamıdan
fərqli bir adla yaza bilir:
"Qaçqın payızı"...
Şair özünün "Payız
ki, belə başladı" şeirində
mən dediyim adı bir dəfə
də olsun dilinə gətirmir.
Dili od
tutacaqmış kimi mətləbi başqa-başqa
eyhamlarla qandırır
oxucusuna... Yazır ki:
Yurdsuzluqdan saralırıq,
Qapımızı payız döyür.
Sonuncu bənddə isə "Qaçqın payız"ın
portretini elə boyalarla tamamlayır ki, az qalırsan bütün rəngləri ovuclayıb
gözlərinə çəkəsən...
O kəndi bircə dəfə, tək bircə dəfə görmək üçün...
Kəndimizin bir şəkli
var
Əlimdə susub bayaqdan.
Payız ki, belə başladı,
Kəndimiz ölər soyuqdan.
Bütün əhvallardan sonra yenə payız haqqındakı misralarım yadıma düşür incə-incə... Uzaqdan havalanan ney səsi kimi...
Məni yada salmağa, yar,
Payız ömrün gülü varmış...
lll
Təsadüfdən gəlib düşsəm yadına,
Bil ki, payızdayıq, bizim fəsildi...
lll
Dərdim hələ uşaqdı,
Payızla oynayacaq...
Və nəhayət... Ən sonda... Yenə də səsimi başıma atıb haray çəkirəm ki:
Dözmədik sarı nazına,
Payızı küsdürdük...
Getdi...
525-ci qəzet 2018.- 9 yanvar.- S.7.