Bəstəkar Nəriman Məmmədov yad edildi

 

Dünən Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə iştirakçılar muzeyin foyesində bəstəkarın həyat yaradıcılıq yolunu əks etdirən sərgi ilə tanış olublar.

 

Tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova çıxış edərək sənətkarın ömür yolundan danışıblar. Bildirilib ki, 1927-ci ildə Naxçıvanda anadan olan Nəriman Məmmədov şəhərdəki uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbində nəzəriyyə şöbəsində oxuyub. O, bu illər xalq çalğı alətləri üçün "Suita"sını bəstələyib. "Suita" görkəmli bəstəkar dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib. N.Məmmədov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1951-1956-cı illərdə musiqi nəzəriyyəsi, 1956-1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili alıb. 1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayan N.Məmmədov 1946-1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışıb, 1947-1961-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində müəllim işləyib. O, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutunda çalışıb.

 

Elmi yaradıcılığı pedaqoji fəaliyyətlə sıx əlaqələndirən N.Məmmədov 1962-ci ildən etibarən uzun müddət Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının müəllimi, dosenti, professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işinə var qüvvəsini sərf edib.

 

Qeyd edilib ki, o, yeddi simfoniyanın müəllifidir. Səməd Vurğunun eyniadlı poeması əsasında yazılmış "Humay" baleti ötən əsrin 80-ci illərində Azərbaycan Dövlət OperaBalet Teatrında səhnə təcəssümü tapıb. Baletdə muğamlarımızdan məharətlə istifadə edilib.

 

N.Məmmədov xalq musiqisindən bəhrələnərək bəstələdiyi lirik mahnılarla Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqincə davam etdirib. Bəstəkar bir neçə simfonik poema, kamera orkestri üçün pyeslər və instrumental əsər, kvartet, triosonata bəstələyib. Onun 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılıb. Müəllif mahnılarının mətnləri üçün şairlərdən Rəsul Rza, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, R.Heydər, R.Muxtar, Nüsrət Kəsəmənli, R.Abdullayev, Musa UrudXuraman Vəfanın sözlərinə müraciət edib.

 

Bildirilib ki, səhnə əsərlərinə də böyük maraq göstərən bəstəkar çox sayda dram tamaşalarına musiqi yazıb, xalq çalğı alətləri orkestri üçün musiqinin ifadə vasitələrini xeyli zənginləşdirməyə müvəffəq olub. Dərin obrazlılıq və dolğun məzmun onun orijinallığı ilə seçilən yaradıcılığının başlıca cəhətləridir. Nəriman Məmmədovun Azərbaycan xalq musiqisinin, muğamların nota köçürülməsi sahəsindəki fəaliyyəti də təqdirəlayiqdir. Onun nüfuzlu musiqi nəşriyyatlarında çap olunmuş əsərləri Azərbaycan muğam sənətinin tanıdılmasına öz töhfəsini verib.

 

Sonra bəstəkarın qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kaminə Məmmədova çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib. Tədbir bəstəkarın əsərlərindən ibarət kompozisiyaların yer aldığı konsert proqramı ilə davam edib.

 

ŞAHANƏ

525-ci qəzet  2018.- 9 yanvar.- S.7.