Naxçıvan Muxtar Respublikası: uğurlara könül açan diyar

 

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının müasir ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrin ardıcıl inkişafında həlledici mərhələlərin bazasını yaratmışdır.

 

Ölkəmizdə hazırkı müstəqillik şəraitində də təbii ehtiyatlardan səmərəli istifadənin, sosial dayanıqlığın daha da gücləndirilməsinin, regional siyasətin səmərəliliyinin təmin edilməsinin və digər amillərin məcmu halda təşəkkülündən ibarət proseslərin nizamlanmasında Naxçıvan Muxtar Respublikasının çox zəruri rolu və əhəmiyyəti olmuşdur. Bu, 2017-ci ildə sosial-iqtisadi inkişafın yüksək təminatı ilə yadda qalan iqtisadiyyat quruculuğu prosesində özünü göstərmişdir.

 

Makroiqtisadi sabitliyin təmin edilməsi, uzaq gələcək üçün sosial-iqtisadi proseslərin düzgün tənzimlənməsi, sosialyönümlülüyün gücləndirilməsi, istehsal potensialının artırılması və digər məsələlər ötən ilin məhsuldar sosial-iqtisadi xronikasını təşkil etməkdədir.

 

Sosial-iqtisadi inkişaf dinamikasına diqqət edəndə aydın olur ki, ötən il muxtar respublikanın milli iqtisadi inkişafdakı rolu baxımından olduqca əlamətdar olmuşdur. Əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsulun strukturu qarşılıqlı yüksəliş dövrünə qədəm qoymuş, bununla da dayanıqlı və müqavimətli xarakter almışdır. Bunun da nəticəsində 2016-cı ilin müvafiq dövrü üzrə göstəricilərə diqqət edərkən aydın olur ki, ÜDM-nin həcmi 1,6, onun hər bir nəfərə düşən həcmi 3,7, sənaye məhsulunun həcmi 1,2, kənd təsərrüfatı məhsullarının istehsalı həcmi isə 4 faizdən çox artmışdır.

 

Böyük sevgi, artan məhəbbət, yüksək vətənpərvərlik hissi ilə təmin edilən bu nailiyyətlər xalqımızın ümummilli lideri böyük Heydər Əliyev ideyalarına sadiqliyin ən gerçək təzahürüdür. Çünki əldə olunan hər bir inkişaf göstəricisi onun əsaslarını yaratdığı milli dövlətçilik siyasətinin tərkib hissəsidir və ona birbaşa olaraq xidmət etməkdədir.

 

Bu mənada muxtar respublikanın ötən ildə təmin etdiyi yüksək makroiqtisadi uğurlara bir neçə istiqamətdə yanaşmaq olar. Belə ki, muxtar respublika artıq geridə qalan ilin nailiyyətləri əsasında:

 

- çox güclü baza formalaşdırmış oldu. Yerli məhsullarının istehsalının stimullaşdırılması, daxili bazarın bu məhsullar hesabına təmin edilməsi, alıcılıq qabiliyyətinin yüksəldilməsi, məhsul çoxnövlülüyü əsasında seçim imkanlarının genişləndirilməsi, istehsalçı və istehlakçı mədəniyyətinin təminatı istiqamətində mühüm addımlar atılmış oldu. Bunun ardınca ərzaq təhülkəsizliyinin təminatındakı möhkəm və etibarlı təsisatların təşəkkülü, sənayeləşmə siyasətinin perspektivli davamlılığının təmin edilməsi kimi amillər əvvəlki 22 ildən artıq dövrün nailiyyətləri ilə daha da möhtəşəmlik qazandı;

 

- yüksək perspektivə söykənən başlanğıc oldu. Hər kəsə aydın olan gerçəklikdir ki, muxtar respublika artıq iqtisadiyyatın ənənəvi sahələri ilə yanaşı, eyni zamanda, milli iqtisadiyyatın perspektivləri üzrə də ölkə iqtisadiyyatının davamlı inkişafına öz töhfələrini verməkdədir. Belə bir vəziyyətdə makroiqtisadi səviyyədə xarici iqtisadi əlaqələrin ən çevik iştirakçısına çevrilməklə, həm də bu səhədəki proseslərin düzgün yönləndirilməsində ciddi yol qət etdi. Hələ 2017-ci ilin yanvar ayından daha da sürətlənən bu proseslər sonrakı dövrlərdə güclü perspektivlərin mövcud olduğu potensial yaratmış oldu. Qeyd edək ki, göstərilən ayda Türkiyə Cümhuriyyəti ilə gələcək perspektivləri müəyyənləşdirilən xarici iqtisadi əlaqələr Xüsusi İqtisadi Zonanın yaradılması təşəbbüslərini sürətləndirdi. Bunun ardınca may ayında Ali Məclis Sədrinin Gürcüstan Respublikasının Acarıstan Muxtar Respublikasına səfəri və Azərbaycanla Türkiyənin İqtisadiyyat Nazirlərinin (eyni zamanda, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirinin) oktyabr ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində keçirilən biznesforumda iştirak etmələri, dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına səfəri muxtar respublikanın xarici ticarət potensialının məhsuldarlığını daha da artırmış oldu. Yəni 2017-ci il yenicə keçid etdiyimiz 2018-ci və uzaq gələcəyi hədəfləyən ondan sonrakı illər üzrə sözü gedən proseslərin təşkili və idarə olunmasında çevik başlanğıc dövrünü ifadə etməkdədir.

 

Bütün bunlar Naxçıvan Muxtar Respublikasının ötən illərdə keçdiyi davamlı və qətiyyətli sosial-iqtisadi inkişaf yolunu göstərməkdədir. Təbii ki, hər bir nailiyyət böyük ictimaiyyətin, xalqımızın və cəmiyyətimizin daim yüksək qiymətləndirdiyi ən mühüm gerçəklikdən ibarətdir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, ötən günlərdə Caspian Energy International Media Group iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini hazırlayıb. Orada böyük Heydər Əliyev ideyalarından bəhərlənən ölkənin uğurla icra etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına aid məqsəd və vəzifələrin əhəmiyyətinə istinad edilmişdir. Burada Naxçıvan Muxtar Respublikasının formalaşdırdığı güclü infrastruktur potensialının əhəmiyyəti diqqətdə saxlanılmışdır.

 

Qeyd edilənlər Azərbaycan Respublikasının təkcə regionda, Cənubi Qafqazda deyil, eyni zamanda, dünya miqyaslı nüfuz və mövqeyinin güclənməsində əlamətdar olmuşdur. Qeyd edək ki, müxtəlif vaxtlarda İsrailin, Yunanıstanın, Niderlandın, Belçika Krallığının, Türkiyənin, Rumıniyanın, İran İslam Respublikasının, Almaniyanın, Çin Xalq Respublikasının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və digər ölkələrin səfirlərinin Naxçıvan Muxtar Respublikasında səfərə gəlmələri, buradakı davamlı və perspektivli sosial-iqtisadi inkişafın yaxından şahidi olmaları, çox mühüm strateji sahələrlə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin, innovasiya texnologiyalarının tətbiqinə və turizmin inkişafına göstərdiyi diqqətdən valeh olduqlarını bildirmələri də bunu bir daha sübut etməkdədir.

 

Sözügedən media qrupunun bəyan etdiyi nəticələrlə tanış olarkən aydın olur ki, regionların qiymətləndirilməsində 18 parametr və 6 qrup üzrə təhlillər aparılmışdır. Bunlar:

 

- sosial-demoqrafik göstərici,

 

- sosial-iqtisadi vəziyyət,

 

- işgüzar mühit,

 

- infrastruktur,

 

- rifahlıq,

 

- kənd təsərrüfatı sahələrindən ibarət olmuşdur.

 

Qeyd olunanlar muxtar respublikanın dünəni ilə bu gününün, eləcə də bu günü ilə sabahının səsləşməsində çox əlamətdar görünməkdədir. Muxtar respublikamızda  həyata keçirilən tədbirlər öz məqsədyönlülüyü ilə seçilərək, yuxarıda müəyyən edilmiş qruplar üzrə dolğun xidmət etmişdir.

 

Son iyirmi iki ildə həyata keçirilən məqsədyönlü tədbirlər və tənzimləmələr burada sosial-iqtisadi proseslərin gedişində əhalinin iştirak və yararlanma səviyyəsini daha da fəallaşdırmışdır. Bu isə öz növbəsində demoqrafiq tarazlığın təmin edilməsində mühüm amilə çevrilmişdir. 2016-cı ilin statistik məlumatlarına görə muxtar respublikada kişilər üzrə doğulanlar (3390 nəfər) ölənlərdən (973 nəfər) 3,5 dəfə, qadınlar üzrə (müvafiq olaraq 3120-877) isə 3,6 dəfə çox olmuşdur. Təbii artım isə kişilər üzrə 2417, qadınlar üzrə isə 2243 nəfər təşkil etmişdir.

 

Eyni müqayisəni şəhər və kənd yerləri üzrə aparsaq, onda müvafiq olaraq, kişilər üzrə şəhər yerlərində doğulanlar ölənlərlə (müvafiq olaraq, 955-350) müqayisədə 2,7 dəfə, kənd yerlərində (2435-623) 4 dəfəyə yaxın artmışdır. Təbii artım isə şəhər yerlərində 605 nəfər, kənd yerlərində isə 1812 nəfər olmuşdur.

 

Müvafiq olaraq bu artım qadınlar üzrə şəhər yerlərində (880-295) 3 dəfəyə yaxın, kənd yerlərində isə (2240-582) 3,8 dəfə təşkil etmişdir. Burada təbii artım göstəricisi isə birincilər üzrə 585 nəfər olmuşdursa, ikincilər üzrə 1658 nəfər kimi qərarlaşmışdır.

 

Fikrimizi muxtar respublikanın ümumi əhalisi üçün ifadə etsək görərik ki, doğulanlar (6510) ölənlərlə (1850) müqayisədə 3,5 dəfə çox olmuşdur. Burada təbii artım isə 4660 nəfər təşkil etmişdir. O cümlədən, ümumi şəkildə şəhər yerlərində doğulanlar (1835) ölənlərlə (645) müqayisədə 2,8 dəfə, kənd yerlərində isə (müvafiq olaraq, 4675-1205) 4 dəfə çox olmuşdur. Təbii artım isə birincilərdə 1190, ikincilərdə isə 3470 nəfər təşkil etmişdir.

 

Naxçıvan Muxtar Respublikasının ərazi xüsusiyyətlərinə görə aqrar bölgə olması, bununla yanaşı, mezoiqtisadi baxımdan iqtisadiyyatın sənaye əhəmiyyətinin yüksəldilməsi burada əhalinin məskunlaşma siyasətinin təşkili və idarə olunmasında məqsədyönlü tədbirlərin həyata keçirilməsini stimullaşdırmışdır. Araşdırmalar göstərir ki, muxtar respublikada müəyyən olunan sağlam iqtisadi siyasət əhalinin artım dinamikasının sağlam təminatına qaranti vermişdir. Əhalinin illər üzrə artım göstəricilərinə diqqət edərkən bunu aydın şəkildə görmək mümkündür. 

 

Naxçıvan Muxtar Respublikasında əhalinin artım vəziyyəti (ilin əvvəlinə, min nəfər)

 

Hazırda bu göstərici 452 min nəfərdən artıqdır. Müasir müstəqillik şəraitində muxtar respublikanın əldə etdiyi möhkəm sosial-iqtisadi dayanıqlılıq burada əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial məmnunluğunun yüksəlməsinə, bununla da ömür uzunluğunun artmasına səbəb olmuşdur. Aşağıdakı şəklə diqqət edəndə son iyirmi ilə aid müxtəlif illərdə muxtar respublika üzrə cins bölgüsündə doğulanda gözlənilən ömür uzunluğu haqqında məlumat verilmişdir:

 

Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında cins bölgüsündə doğulanda gözlənilən ömür uzunluğu (yaş sayı)

 

Naxçıvan Muxtar Respublikasında qeyd edilən məsələlərin təşkili və idarə olunmasındakı proseslər nəticəsində ana ölümünün sayı 1996-cı ildə 1, 1997-ci ildə 2, 1998-ci ildə 1 və 2003-cü ildə 2 nəfər olmuş, 1999, 2000, 2001, 2002-ci illərdə və 2004-cü ildən etibarən bu günlərə qədər sıfıra bərəbər olmuşdur.

 

İqtisadiyyatın mövcud inkişaf potensialı muxtar respublikanın sosial-iqtisadi vəziyyətinin ardıcıl dinamikasını təmin etməkdədir. Ciddi və qətiyyətli addımlar səmərəli və perspektivli makroiqtisadi mexanizmlərin yaradılmasına yol açmaqdadır.

 

Nəticədə isə milli iqtisadi inkişafın məcmu göstəricisi olan Ümumi Daxili Məhsulun (ÜDM) strukturunda inkişaf dinamikası öz əksini tapmışdır. Bunu aşağıdakı şəkildən də görə bilərik:

 

Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında ÜDM-nin həcmi (min manat)

 

Qeyd edək ki, hazırda da ÜDM-nin artım dinamikası pozitivdir və 2016-cı ilin müvafiq göstəricisini üstələyəcəkdir. Təhlillər göstərir ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələri üzrə həyata keçirilən hüquqi-iqtisadi tənzimləmə tədbirləri məhsuldar nəticələrin əldə edilməsinə imkanlar açmışdır. Belə ki, məqsədyönlü tədbirlər nəticəsində 2016-cı ildə istehsal edilmiş ÜDM-nin həcmi 1995-ci illə müqayisədə 60 dəfədən çox artmışdır. Güclü baza əsasında davam etdirilən iqtisadi siyasət sayəsində 2016-ci ildə istehsal edilmiş ÜDM, 2003-cü ilin müvafiq göstəricisindən 15 dəfədən artıq təşkil etmişdir.

 

Ölkəmizdə iqtisadi proseslərin tənzimlənməsində sosial mahiyyətin üstün tutulması, insan amilinin diqqətdə saxlanılması, onun bir potensial qüvvə kimi inkişafı məqsədlərinin strategiyası uğurla həyata keçirilməkdədir. Bu mənada bütün regionların, o cümlədən, Naxçıvan Muxtar Respublikasında əhalinin maddi vəziyyətinin və rifah halının daha da yaxşılaşdırılması istiqamətindəki tədbirlər ilbəil gücləndirilməkdədir. Bunu muxtar respublikada hər bir nəfərə düşən ÜDM-nin həcmini ifadə edən aşağıdakı şəkildən də görə bilərik:

 

Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında hər bir nəfərə düşən ÜDM-nin həcmi (manat)

 

Hesablamalar apararkən aydın olur ki, muxtar respublikada əhali problemlərinin öyrənilməsi, səmərəlilik yollarının axtarılması, aradan qaldırılması və bir potensial kimi ictimai istehsala cəlb edilməsi məsələləri daim diqqətdə saxlanılmış və bunun da yaratdığı imkanlar 1995-2016-cı illər üzrə hər nəfərə düşən ÜDM-nin həcmində 44 dəfəlik artım təmin edilmişdir. Eynilə, bu mənzərə 2003-2016-cı illər üzrə 13 dəfə, 1995-2003-cü illər üzrə isə 3,4 dəfə təşkil etmişdir.

 

Naxçıvan Muxtar Respublikasında səmərəli tənzimləmə siyasətinin və məhsuldar fəaliyyət mühitinin yaradılması həm də işgüzar mühitin təminat mexanizminin yaradılmasında hərəkətverici təsirə malik olmuşdur. Bu isə özünü iqtisadiyyatın bütün sahələrində, o cümlədən, təbii ki, bütün faydalı proseslərin fonunda olmaqla, həm də yaradıcı ideyalarla, yüksək təşkilatçılıq keyfiyyətləri ilə və təcrübəli iqtisadi idarəetmə qabiliyyəti ilə formalaşan sahibkarlıq fəaliyyətinin təşkili və idarə olunmasında göstərməkdədir. Həyata keçirilən tədbirlərin perspektivliyinin və məqsədyönlülüyünün təmin edilməsi məqsədilə 2017-ci ilin son günlərinə qədər sahibkarlara 8 milyon 664 min manatdan çox kreditlər verilmişdir ki, bu da muxtar respublika iqtisadiyyatının təminat qabiliyyətliliyinin artırılmasına ciddi təsir göstərmişdir. Müvafiq dövr üzrə maliyyə dəstəyi sayəsində stimullaşdırıcı amillərin yaratdığı əlverişli mühit nəticəsində 60 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, daha 36 hüquqi və 2015 fiziki şəxs dövlət qeydiyyatına alınması təmin edilmişdir.

 

Regionların sosial-iqtisadi inkişafında çox qətiyyətli rolunu ortaya qoyan Naxçıvan Muxtar Respublikasında müasir güclü infrastruktur potensialı formalaşdırmışdır. Ən ucqar dağ kəndləri belə əhatə edən bu proseslər davamlı istehsal qabiliyyətinə malik olması ilə fərqlənməkdədir. Həmin ərazilərdə mövcud potensialın aşkar edilməsi mikro, mezo səviyyələrdə iqtisadi inkişafı təmin edə bilmiş, bu isə təbii ki, makroiqtisadi səviyyədəki proseslərin səmərəliliyini artırmışdır. Fikrimizi rəqəmlərin dili ilə ifadə etsək, aydın olar ki, ötən ilin hətta son günlərinə qədər bütün maliyyə mənbələri hesabına kapital qoyuluşlarının həcmi artaraq 916 milyon 390 min manat təşkil etmişdir. Müasir tikinti və arxitektura ənənəsini qorumaqla, reallaşdırılan məqsədlər çərçivəsində investisiya qoyuluşlarının 92 faizi bilavasitə tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

 

30 dekabr 2017-ci il tarixdə keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Muxtar Dövlətin başçısı demişdir: 2017-ci ilin nəticələri bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə xeyli artmışdır. Daxili imkanlardan səmərəli istifadə hesabına yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaratmışdır.

 

Cavadxan QASIMOV

İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2018.- 9 yanvar.- S.4.