Cümhuriyyət qurucuları
Azərbaycan Cümhuriyyəti – 100
QARABAĞIN
GENERAL-QUBERNATORU XOSROV BƏY SULTANOV
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
(Əvvəli 28 dekabr sayımızda)
Xosrov bəy Sultanov Qarabağda hadisələrin
təhlükəli inkişafı
ilə bağlı partizan dəstələrinin
yaradılması elanı
haqqında Parlamentin sədri M.Y.Cəfərova
belə bir teleqram vurmuşdu: "Ermənilər bu gün Xankəndinə hücum etdilər.
Şuşadan olan teleqraf xətləri
qəsdən kəsilib. Mənim agentlərdən
alıb dəfələrlə
Sizə çatdırdığım
məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri
haqqında hələ
məlumatım olmadan
yazıram. Hamıya partizanların
səfərbər edilməsi
haqqında əmr göndərilib. General-qubernator Sultanov".
1920-ci ilin martın 31-də X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova
Şuşada, Xankəndində,
Əsgəranda ağır
vəziyyət və təcili köməklə
bağlı göndərdiyi
teleqram: "Sizin 28 martda olan gizli
məlumatınıza uyğun
olaraq 29-da səhər
Əsgərana hücum
gözləyirdik. Gizli məlumatdakı
təxmini gözləntiyə
görə, hücum Xankəndi tərəfdən
başladı. Bizə məlum
olmayan səbəbə
görə, Əsgəran
bu günə qədər alınmayıb.
Dünən cəbhədən aldığımız məlumata
görə, Zəngəzur
erməniləri Bağırbəyli
kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini
ələ keçiriblər.
Beləliklə, zəngəzurlularla qarabağlılar arasında
əlaqə yaranıb.
Bu gün, yaxud sabah, saat
10-a qədər gözləmək
lazımdır. Səhər Şuşaya,
yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən
birbaşa Xankəndi və Əsgərana gedilməlidir. Bütün əhali
səfərbər və
təşkil edilib, ermənilərin hərəkətinin
qarşısının alınması
və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir
gün gecikərsə,
o, artıq kömək
olmayacaq. Təcili cavab
gözləyirəm.
Bundan əlavə,
bizdə bütün patronlar qurtarıb. Partizanlar üçün
patron yoxdur. Xankəndi anbarından
150 min üçxətli və
50 min mauzerin ayrılması
ilə bağlı təcili sərəncam verməyinizi xahiş edirəm. General-qubernator Sultanov. Parlament üzvü Əliverdiyev".
X.Sultanovun Qarabağın General-qubernatoru təyin edilməsi erməniləri
narahat edirdi. Diplomatik Nümayəndəliyin
Azərbaycan və Ermənistan üzrə təmsilçisi Təkinskiyə,
Xarici İşlər
Nazirliyinin Azərbaycan
hökumətinin Qarabağda
fəaliyyətinə Ermənistan
hakimiyyətinin mane olması
ilə əlaqədar
nota verməsi haqqında
1720 saylı 18 iyun
1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: "Ermənistan
hökumətinə xəbər
verin: Sultanov Azərbaycan hökumətinin
15 yanvar 1919-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası tərəfindən
Azərbaycanın ayrılmaz
və mübahisəsiz
torpaqları olan Şuşa, Zəngəzur,
Cəbrayıl, Cavanşir
qəzalarının General-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı
tərəfindən rəsmi
qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə
və Azərbaycan qoşunlarının Qarabağa
daxil olmasına erməni hökumətinin
hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır
və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla
bağlı isə
general-qubernator tərəfindən
güclü tədbirlər
görülüb və
həyat normal axarına
düşüb".
Azərbaycanın Ermənistandakı diplomatik
nümayəndəsi Təkinskinin
Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi 1874 saylı
məlumatda qeyd olunur: "1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının
Xarici İşlərinə
224 saylı nota təqdim
etdim: "Hökumətimin
tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar
1919-cu il qərarı
ilə Azərbaycan Respublikasının mübahisəsiz
və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl
və Cavanşir qəzalarının general-qubernatoru
təyin edilib və aprelin 3-də rəsmi tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının
qeyd etdiyimiz bölgələrdə yerləşməsinə
erməni respublikasının
hər formada etirazı Azərbaycan respublikasının daxili işlərinə qarışmaq
kimi qəbul edilir. Qarabağın
General-qubernatoru Sultanov
enerjili tədbirləri
ilə Şuşa
rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm,
mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Təkinski".
1920-ci ildə Azərbaycan
bolşeviklər tərəfindən
işğal edildi. Bu işğaldan sonra X.Sultanovun həyatında ağır dövr başladı.
Bolşeviklərin Azərbaycanı işğalından
az sonra
1920-ci ilin mayın 1-də
X.Sultanov Qarabağ Hərbi İnqilabi Komitəsini yaradır və sədri olur. Komitə Şuşa şəhərində
yerləşirdi. İnqilabi
Komitənin tərkibi
aşağıdakılardan ibarət idi: Bahadur Vəlibəyov (sədr müavini), Məmməd Həsən Mirzəcanov (katib), üzvlər: Ocaqqulu Musayev, Məmməd Əli Qayıbov, Fərhad Ağayev. Hətta İnqilab Komitəsinin qərarında qeyd edilirdi ki, bu
dövrə qədər
mövcud olan partizanlar bu gündən Qırmızı
kəndli qvardiyası
adlansın, qəza rəisləri və pristav vəzifələri
ləğv edilərək
qəza və sahə komissarları ilə əvəz olunsun.
Lakin bu qərardan 11 gün sonra, mayın 12-də 519 saylı həbs kağızı əsasında
X.Sultanov azadlıqdan məhrum edilir. Onun XI Ordunun
Hərbi Tribunalının
rəisi Pankratovun göstərişi əsasında
həbsi qeyd olunur. X.Sultanovun istintaqı ilə
bağlı məlumatlardan
aydın olur ki, o, həbs edilənə qədər
ailəli olmayıb.
Odessada Universitetin tibb fakultəsində oxuyub, inqilabi hadisələrin başlanmasına qədər
Bibiheybət xəstəxanasında
həkim işləyib.
Həbs edildiyi sonuncu ildə Şuşada yaşayıb.
Bolşeviklər X.Sultanovu ağır cəzaya məhkum etməyə hazırlaşırdılar. Odur ki,
1920-ci ilin avqust ayının 9-da X.Sultanovun
işi Ali Tribunalın
məhkəməsinə verilir.
Bu mərhələdə X.Sultanova ciddi köməklik göstərilir
və o, həbsdən
azad olunur. Bu köməyin də ona N.Nərimanov və Ç.İldırım
tərəfindən göstərilməsi
ehtimalı vardır.
X.Sultanov həbsdən azad olduqdan dərhal sonra Azərbaycanı tərk edir. Bir məlumata görə isə X.Sultanov həbsxanadan çıxdıqdan,
yaxud təşkil edilib çıxarıldıqdan
sonra Qarabağa getmiş, 1920-ci ilin iyun ayında bu bölgədə sovet rejimi əleyhinə
baş verən üsyana Nuru Paşa ilə birgə başçılıq
etmişdir. Lakin Qızıl Ordu
hissələri üsyanı
yatırdıqdan sonra
Xosrov bəy, Nuru Paşa və Fərhad bəy (o da "İttihad"ın rəhbərlərindən
idi) İrana keçməyə məcbur
oldular.
1920-ci illərdə, xüsusən
Qarabağ bölgəsində
"İttihad" partiyasının
çoxlu tərəfdarları
var idi. Bu da hər şeydən
əvvəl Xosrov bəy Sultanovun təbliğatı nəticəsində
mümkün olmuşdu.
Sovet məmurları isə
"İttihad"ı bəy-xan
partiyası olaraq xalq arasında nüfuzdan salmağa çalışırdılar.
Belə faktlara da rast
gəlinir ki, X.Sultanov İrana keçdikdən sonra Azərbaycanın Qarabağa
yaxın olan sərhəd bölgələrinə
ciddi təsirlər göstərmişdir. 1925-ci ilin sonunda o, Zəngilan rayonu ərazisində İranla sərhəddə
yerləşən Mincivan
bəylərinə Qarabağda
Qızıl Ordu hissələrinin əsgərlərinin
və zabitlərinin sayı, kommunistlərin, milislərin sayı, ərzaq və dövlət anbarları barədə məlumat toplamaq üçün göstəriş vermişdi.
Bundan sonra onun Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı
başlayır. Həmin ölkələrdən (xüsusən Türkiyədən)
onun İrana keçməsi, burada sovet rejiminə qarşı mücadilə
əzmində olan əqidə dostları ilə görüşməsi
haqqında məlumatlar
vardır.
X.Sultanovun fəaliyyətinin mühüm
bir dövrünü də mühacirət illəri təşkil edir. Onun mühacirət
həyatı müxtəlif
ölkələrdə keçmişdir:
İranda, Türkiyədə,
Fransada, Almaniyada, Polşada. X.Sultanov ciddi siyasi mübarizə aparmışdır.
Bəzi təsdiqlənmiş məlumatlara
görə, o, Almaniyada
Tibb universitetində
professor vəzifəsində çalışmışdır.
X.Sultanov mühacirət həyatının ağır şərtləri daxilində yaşamağa məcbur olmuşdur. Bu ağır şərtlərə aşağıdakı məqamlar daxil idi: vətənsizlik, pulsuzluq, sovet casus şəbəkəsinin təqibləri, Sovet Azərbaycanında qalan qohum-əqrəbanın həbsi, incidilməsi və s.
Bu və digər səbəblərdən yaranan digər problemi də buraya əlavə etmək mümkündür: müxtəlif ölkələrdən və Azərbaycandan olan mühacirlər arasında ziddiyyətlər və çəkişmələr.
X.Sultanovun mühacirət həyatının Türkiyə dövrünə aid məlumatlara G.Mamiliya və R.Abutalıbovun 2014-cü ildə Bakıda nəşr etdikləri "Odlar yurdu Azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945-ci illər" kitabında rast gəlirik.
Məlum olur ki, 1924-cü ilin payızında İstanbulda X.Sultanovun rəhbərliyi altında Müsavat partiyasını tərk etmiş müəyyən sayda insanlardan bir qrup yaradılır. Mühacirlərin Mərkəzi orqanı olan İstiqlal Komitəsini tanımaq istəməyən bu qrup Azərbaycan Milli-Demokratik Respublika partiyasını yaratdıqlarını elan etmişlər. X.Sultanovun qardaşı İsgəndər bəy Sultanovun Azərbaycan-İran sərhəddində üsyançı dəstəyə başçılıq etməsi və tez-tez Qarabağa hücum edib işğalçı Sovet hökumətinə problemlər yaratması mühacir dairələrdə X.Sultanovun mövqeyini möhkəmləndirirdi.
Bunun nəticəsi idi ki, Polşanın Türkiyədəki rəsmisi Roman Knoll 1924-cü ilin oktyabrında ilk olaraq onunla görüşmüşdü. Bu görüşdə R.Knoll X.Sultanova birləşmək tərəfdarı olan Qafqaz təmsilçilərindən ibarət qrup yaratması təklif etmişdi. X.Sultanov bu təklifə uyğun olaraq Azərbaycan və Şimali Qafqaz nümayəndələrindən ibarət böyük birlik yaratmaq istəyirdi. Hətta bu danışıqlara Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru Paşa da qoşulmuşdu. Lakin bu prosesə müdaxilə edən Polşanın Türkiyədəki Hərbi attaşesi polkovnik T.Şetsel gizli əməliyyatların keçirilməsi üçün çox sayda olmayan müvafiq adamlardan ibarət komitənin yaradılmasını vacib saymışdı. Bunun nəticəsində İstanbulda Qafqaz Konfederasiyaları Birliyinin Komitəsini yaratmaq qərara alınmışdı.
Həmin Komitədə Azərbaycanı Xosrov bəy Sultanov, Əbdüləli bəy Əmircanov və Əkbər ağa Şeyxülislamov təmsil edirdi. 1924-cü ilin avqustunda Polşa rəsmisi Knoll X.Sultanova fəaliyyət üçün üç min Türk lirəsi maliyyə də vermiş və o, bu vəsaiti aldıqdan sonra Trapezunddan İran Azərbaycanına daxil olmuşdu.
525-ci qəzet 2018.- 9 yanvar.- S.5.