95 yaşın mübarək, "Azərbaycan"
jurnalı!
Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi işçisi
Milli mətbuatımızın
əvəzsiz örnəklərindən olan "Azərbaycan"
jurnalı ədəbi fikir tariximizdə ciddi rol oynamış
nadir ədəbi mətbu orqanlardan biridir.
Neçə-neçə
ədəbi nəsil ilk dəfə bu jurnalda öz
sözünü deyib, ədəbi istedadını
nümayiş etdirib. XX əsrin elə bir yazarı tapılmaz
ki, "Azərbaycan" jurnalının qapıları onun
üzünə açılmasın. Dövrün gənc
yazıçılarının söz, qələm
tribunası olan "Azərbaycan" jurnalı haqqında Nəbi
Xəzrinin "Biz hamımız "Azərbaycan"
jurnalının şinelindən
çıxmışıq" ifadəsi tam yerində
işlənib.
1920-ci illərdə
yeni ədəbi əsərlərin daha geniş oxucu
auditoriyasına çatdırılması üçün
irihəcmli mətbu orqana ehtiyac yarandı. Bu ehtiyacın zərurəti
və maarifin işlərinə, ədəbiyyatın, incəsənətin
inkişafına kömək etmək məqsədi ilə Azərbaycan
Xalq Maarif Komissarlığının 14 oktyabr 1922-ci il tarixli
kollegiya iclasının qərarı ilə 1923-cü il yanvar
ayının 28-də "Maarif və mədəniyyət"
jurnalı nəşrə başlayır. Jurnal Azərbaycan
Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov,
Maarif komissarı Mustafa Quliyev və komissar müavini
Tağı Şahbazinin (Simurq) təşəbbüsü ilə
yaranmışdı. "Maarif və mədəniyyət"
jurnalına materiallar vaxtında toplanmadığı və mətbəə
təşkili işi yubandığı üçün
jurnal həmin il deyil, 1 il sonra çap olunub.
Azərbaycan
Yazıçılar Birliyinin fəal mətbu orqanı olan və
şərəfli yol keçmiş "Azərbaycan"
jurnalının adı ictimai-siyasi və ədəbi-mədəni
həyatda baş verən hadisələrlə əlaqədar
olaraq 6 dəfə dəyişdirilib. "Maarif və mədəniyyət"
(1923, yanvar, ¹1-1927, dekabr, ¹12), "İnqilab və mədəniyyət"
(1928, yanvar, ¹1-1936, may, ¹5), "Revolyusiya və kultura"
(1936, iyun, ¹6-1941, may, ¹5), "Vətən uğrunda" (1941,
iyun, ¹6-1946, aprel, ¹4), "İnqilab və mədəniyyət"
(1946, may, ¹5-1952, dekabr, ¹12), "Azərbaycan" (1953, yanvar,
¹1-dən bu günə qədər) adları altında
çap olunmuşdur. Müxtəlif illərdə Tağı
Şahbazi (Simurq) (1923-1924), Cəlil Məmmədzadə
(1924-1926), Ruhulla Axundov (1927-1928), Mustafa Quliyev (1929-1931),
Müseyib Şahbazov (1932-1933), Hacıbaba Nəzərli (1934),
Məmmədkazım Ələkbərli (1934-1936), Mirzə
İbrahimov (1938-1941), Məmməd Arif (1942-1945), Mehdi
Hüseyn (1946-4950; 1954), Əbülhəsən Ələkbərzadə
(1952-1953), Əli Vəliyev (1954; 1958-1959), Əhməd Cəmil
(1959-1960), Qılman Musayev (1963-1966), Cəlal Məmmədov
(1966-1975), İsmayıl Şıxlı (1976-1978), Əkrəm
Əylisli (1978-1983), Cabir Novruz (1984-1987), Yusif Səmədoğlu
(1987-1997), İntiqam Qasımzadə (1998-dən indiyə qədər)
jurnalın redaktorları olmuşdular. Bu redaktorlar içərisində
5-i Tağı Şahbazi (Simurq) (1892-1937), Ruhulla Axundov
(1897-1938), Mustafa Quliyev (1893-1938), Hacıbaba Nəzərli
(1895-1939), Məmmədkazım Ələkbərli (1905-1938)
1937-ci il repressiya qurbanlarından olmuşdur. Cəmil Məmmədzadə
və Müseyib Şahbazov isə ədəbiyyatla
bağlılığı olmayan "Kommunist"
partiyasının üzvü olublar. "Azərbaycan"
jurnalının 80 illik yubileyilə bağlı məqaləsində
Vaqif Yusifli jurnalın şərəfli tarixində yer tutan
baş redaktorlar haqqında qısa məlumat verərək
yazır: "80 ildə 20 baş redaktor! Lakin bu
redaktorların hər biri müxtəlif ədəbi zövqə,
dünyagörüşünə malik olsalar da, bu illər ərzində
Azərbaycanda ictimai-siyasi həyatda müəyyən dəyişikliklər,
hətta çevrilmələr baş versə də, jurnal
öz şərəfli missiyasına sadiq
qalmışdır".
"Maarif
və mədəniyyət" jurnalı 1924, avqust, ¹8-1925,
iyul, ¹7 ərzində çap olunmamışdı. Jurnalın
bu müddət ərzində çıxmamasının səbəbini
Rasim Tağıyev respublikada mövcud iqtisadi vəziyyətin
ağırlığı, maliyyə vəsaitinin,
kağız ehtiyatının və mətbəə
avadanlığının çatışmaması ilə
bağlayır. Lakin müxtəlif araşdırmalar zamanı
bir başqa səbəbin də ortaya
çıxdığını görürük. Belə ki,
jurnalın ilk baş redaktoru Tağı Şahbazi (Simurq) o
zamanlar Maarif komissarının müavini vəzifəsində
çalışırdı və vaxt məhdudluğundan
jurnalın baş redaktoru vəzifəsini Mühitdin Birgen icra
edirdi. Mühitdin Birgen haqqında məlumat professor Asif
Rüstəmlinin Türkiyat Araştırmaları İnstitutunun
Dərgisinin 2016-cı il 55-ci sayında dərc olunan
"Muhitdin Birgen ve Bakü mühiti" adlı məqaləsində
ilk dəfə verilmişdir: "Qısa bir müddətdən
sonra isə bugünkü "Azərbaycan"
jurnalının davamı sayılan "Maarif və Mədəniyyət"
jurnalının fəal mühərriri və yazarı
olur". Lakin 1920-ci illərdə bir çox ziyalılar kimi,
M.Birgenin adı da ÇK-nın Azərbaycan Fövqəladə
Komissiyası tərəfindən sorğuya çəkilənlər
siyahısında olur, həmin komissiyanın qərarına əsasən,
onun 1923-cü ilin dekabrında Türkiyəyə
qayıtmasını jurnalın 1924-cü ilin sentyabrından
1925-ci ilin iyun ayınadək nəşr olunmamasına səbəb
amili kimi göstərməsi daha ağlabatandır.
"Azərbaycan"
jurnalının ismini mətbuat tarixində
araşdırdıqda o da məlum olur ki, müxtəlif
dövrlərdə eyniadlı jurnallar da fəaliyyət göstərmişdir.
"Azərbaycan" jurnalı Təbrizdə (1906-cı ilin
dekabrından 1907-ci ilin sentyabr ayına qədər), Bakıda
Rəsul Rzanın baş redaktorluğu (1945-1946) ilə ana
dilində ərəb qrafikasıyla, Ankarada Məmməd
Əmin Rəsulzadənin rəhbərliyi ilə (1952-ci ilin
aprel ayından bəri bu günümüzədək),
1926-cı ildə Ceyhun Hacıbəylinin baş redaktorluğu
ilə Parisdə (1926), Münhendə Əbdürrəhman Fətəlibəyli
Düdənginskinin baş redaktorluğu ilə (1952-1954),
Stokholmda (1992), Vaşinqtonda (1993) çap olunmuşdur. Mətbuat
tariximizə öz irsini qoyan "Azərbaycan"lar azərbaycançılıq
ideya-məfkurəsi istiqamətində köklənsə də,
mövzu-problem, yaradıcılıq axtarışları məsələlərində
fərqli cəhətlərdən də xali deyillər.
"Azərbaycan"
jurnalı haqqında ilk genişhəcmli tədqiqat işi
İ.A. Novruzovun 1968-ci ildə tamamladığı "Azərbaycan
sovet ədəbiyyatının inkişafında "Maarif və
mədəniyyət" ("İnqilab və mədəniyyət")
jurnalının rolu (1923-1932-ci illər)" adlı
dissertasiyasıdır. "Azərbaycan" jurnalının
53 illik (1923-1976) fəaliyyəti haqqında digər tədqiqat
əsəri Rasim Tağıyevin "Azərbaycan"
jurnalı və Azərbaycan Sovet ədəbiyyatının
aktual problemləri (1923-1976-cı illər)" kitabı (1977)
jurnalın ideya və məqsədlərini təhlili
zamanı müəllifin zamanın ideoloji tələblərinə
uyğun olaraq daha çox konyuktiv yanaşmasıdı.
Müstəqillik
illərində Bəxtiyar Məmmədovun "Azərbaycan bədii
publisistikasının inkişaf meylləri və sənətkarlıq
məsələləri (XX əsrin II yarısında)",
Aygün Əzimovanın "Müstəqillik dövrü Azərbaycan
mətbuatında bədii publisistika" ("Azərbaycan",
"Ulduz", "Qobustan" jurnallarının
materialları əsasında) dissertasiya işi "Azərbaycan"
jurnalının müasir dövrdə keçdiyi inkişaf
yoluna nəzər salır, qazan-dığı bədii
publisistik keyfiyyətlər müxtəlif aspektlərdə təhlil
olunmuşdur.
Hər
zaman ədəbi prosesə yaxından bələdçilik edən,
klassik irsin öyrənilməsi, ədəbiyyatşünaslıq
və ədəbi tənqidin inkişafı, teatr, musiqi, kino,
incəsənətin bütün sahələrini, dilimizin
saflığı, dünya xalqlarının ədəbi-mədəni
həyatına aid materiallar daim jurnalda
işıqlandırılmışdı. Rasim Tağıyev
"Azərbaycan" jurnalı və Azərbaycan Sovet ədəbiyyatının
aktual problemləri (1923-1976-cı illər)" kitabında
yazırdı: "Azərbaycan ədəbiyyatı və incəsənətinin
tarixində elə bir mühüm hadisə yoxdur ki, jurnalda
öz əksini tapmamış olsun".
"Azərbaycan"
jurnalının adının müxtəlif dövrlərdə
dəyişdirilməsinə səbəb olan amilləri
müasir aspektdən təhlil edən akademik Bəkir Nəbiyevin
fikirləri təqdirəlayiqdir: "1928-ci ilin lap əvvəllərində
isə o zamankı iqtidar özünün iç
üzünü göstərdi: yəni sadəcə olaraq
maarif və mədəniyyəti yox, məhz inqilabın tələbləri
baxımından maarif və mədəniyyəti təbliğ
etməyi jurnalın adı-qayəsi kimi elan etdi: 1936-cı ildən
etibarən onun başlığındakı birinci və
üçüncü sözlər rus dilində yazılan və
işlədilən şəklə salındı, demək
olar ki, "Revolyusiya və kultura"ya çevrildi. Bu da 30-cu
illər repressiyasının tərkib hissəsi olan dildə
ruslaşdırma siyasətinin Azərbaycana vurduğu ən
ağır zərbələrdən biri oldu. "Vətən
uğrunda!" - jurnalın adları arasında
özünü ən çox doğruldan başlıqlardan
biri oldu və Böyük Vətən müharibəsinin
amansız möhürünü 1946-cı ilin əvvəllərinə
qədər özündə təsbit etdi. Artıq 50 ildən
bəri iftixarla daşıdığı "Azərbaycan"
adı isə ölkənin həyatında 50-ci illərin
başlanğıcından ilk əlamətləri
özünü göstərən yumşalmanın təzahürlərindən
biri oldu".
2004-cü
ildə Əmin Əfəndiyevin tərtibçiliyi ilə
çap olunan "Azərbaycan"-80: (1923-2003)"
biblioqrafik göstərici isə onun tədqiqatçılarının
ən vacib bələdçisidir.
"Azərbaycan" jurnalının 75 illiyi münasibəti ilə çap olunan sayında jurnalın baş redaktoru İntiqam Qasımzadə mənsub olduğu dövrün ictimai fikrində rolunu belə izah edir: "Ustad tənqidçi Məmməd Arifin (baş redaktor) ömrünün qatıldığı o dörd ildə "Vətən uğrunda" doğrudan da müsəlləh əsgərlərdən oldu".
"Azərbaycan" jurnalı müxtəlif illərdə dövlət tərəfindən ən ali fəxri adlara və mükafatlara layiq görülmüşdü. SSR Ali Soveti Rəyasət Heyətinin 22 mart 1973-cü il qərarı ilə Sovet ədəbiyyatının inkişafında və zəhmətkeşlərin ideya-estetik tərbiyəsində fəal iştirakına görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə, SSR Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 21 yanvar fərmanına əsasən, Sovet ədəbiyyatının inkişafında xidmətlərinə və zəhmətkeşlərin kommunist tərbiyəsində fəal iştirakına görə Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur. 2003-cü il 27 yanvar tarixində Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətlərinə görə "Azərbaycan" və "Literaturnı Azərbaycan" jurnallarının bir qrup əməkdaşları fəxri adlarla təltif edilmişdir. Ümummilli lider H.Əliyevin qərarı ilə, müstəqil Azərbaycan mətbuatının azad inkişafı naminə Yazıçılar İttifaqının mətbu orqanları "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat" qəzetinin dövlət büdcəsindən maliyyələşdirilməsi onun mətbuata göstərdiyi diqqət və qayğının örnəklərindəndir.
"Azərbaycan" jurnalı müasir dövrdə də Azərbaycanın ədəbi-mədəni həyatının aynasıdır. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar jurnalın 90 illik yubileyi münasibəti ilə çap olunmuş 2013-cü il 1-ci sayında "90 yaşlı müasirimiz" adlı məqaləsində xüsusi olaraq jurnalın müasir dövrdəki oynadığı rolu qeyd edirdi: "Azərbaycan" jurnalı öz yaşarı ənənəsinə XXI əsrdə də sadiq qalır, ədəbiyyatımızın ümumi mənzərəsini yaratmaqda, onun müasir səviyyəsini, durumunu əks etdirməkdə, dünya ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olmaqda, gələcəyimiz olan ədəbi gəncliyi ruhlandırmaqda davam edir. Vaxtilə Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Bəxtiyar Vahabzadənin, Qabilin, Hüseyn Arifin, Əliağa Kürçaylının, İslam Səfərlinin, Əli Kərimin, Yusif Səmədoğlunun, Məmməd Arazın, Cabir Novruzun, İsa İsmayılzadənin çap olunduğu "Azərbaycan"da indi onları layiqincə əvəz edən müxtəlif ədəbi nəsillərin yaradıcılığı öz əksini tapır".
"Azərbaycan" jurnalı zamanın diktə etdiyi hansı ideologiyaya az və yaxud çox dərəcədə əməl edən mətbu orqan olsa da, onun xalqın maddi və mənəvi sərvəti olmaq fikrini, ədəbi və mədəni sahədə ictimai düşüncənin inkişafındakı böyük əhəmiyyətli rolunu inkar etdirə bilməz. "Azərbaycan" jurnalı hal-hazırda müstəqillik dövrünün salnaməsini yaratmağa xidmət göstərir, ədəbiyyatımızın elmi mühakimə gücünü artırır, yeni forma və üslubların yaranmasını təmin edir.
95 yaşın mübarək, "Azərbaycan" jurnalı!
525-ci qəzet 2018.- 10 yanvar.- S.8.