"Azərbaycan tarixi nəsrində
Naxçıvan"
DƏYƏRLİ
MONOQRAFİYA BARƏDƏ GECİKMİŞ QEYDLƏR
Azərbaycan Milli Elmlər Akademiyası İncəsənət,
Dil və Ədəbiyyat İnstitunda həmin institutun elmi
katibi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimin
(Həşimov) "Azərbaycan tarixi nəsrində
Naxçıvan" monoqrafiyasının bugünlərdə
təqdimatı keçirildi.
Təqdimatdan bir neçə gün əvvəl bu əsər
haqqında məruzə etmək təklif olunanda elmi əsərin
bütün məziyyətləri haqqında təqdimat
iştirakçılarına dolğun məlumat vermək
üçün hazırlaşmağa kifayət qədər
vaxtın olmamasına görə əvvəlcə tərəddüd
etsəm də, gənc həmkarımın təklifinə yox
da demək istəmədim. Beləliklə, qısa zaman kəsiyində əsəri
yenidən oxumalı oldum.
Düzdür,
bu tədqiqatla işin yerinə yetirildiyi zaman müddətində
- 2010-2014-cü illərdə bu və ya digər dərəcədə
tanış idim. Həm də müəllifin
tədqiqatıyla bağlı olaraq istər mətbuat
orqanlarında, istərsə də elmi-kütləvi nəşrlərdə
dərc etdirdiyi məqalələri oxumuş, elmi işin
müdafiəsinə aparan yolda keçilən mərhələlərdə
- müzakirə prosesində, seminarda, elə müdafiə
zamanı işlə tanış
olmuşdum. Amma təqdimatın məsuliyyəti
əsərə yenidən qayıtmaq zərurətini meydana
çıxardığından monoqrafiyanı bir daha diqqətlə
oxudum.
"Əcəmi"
Nəşriyyat Poliqrafiya Birliyində bu ilin birinci
rübündə nəşr olunan və 192 səhifədən
ibarət olan "Azərbaycan tarixi nəsrində
Naxçıvan" əsəri giriş, üç fəsil,
nəticə və istifadə olunmuş ədəbiyyat
siyahısından ibarətdir.
Naxçıvanşünaslıq elminin daha geniş,
ciddi və məsuliyyətli şəkildə aktuallıq
qazandığı son dövrlərdə meydana çıxan
elmi əsərlər içərisində bu monoqrafiya
özünün bir çox məziyyətləri ilə
seçilir. Əsərlə ətraflı tanışlıqdan
sonra məndə belə bir qənaət formalaşdı ki,
müəllifin bu əsəri riyazi terminlə ifadə etsək,
üç fərqli üçbucaqlı tənliyin həlli
kimi elmi dövriyyəyə buraxılıb. Daha aydın
təsəvvür formalaşdırmaq üçün deyim
ki, Əli Həşimov öz tədqiqatında
Naxçıvanı tarix, müasir gerçəklik və
yazıçı mövqeyindən yola çıxaraq (birinci
üçbucaq), roman, povest və hekayələrdə (ikinci
üçbucaq), dövr, hadisələr və şəxsiyyətlər
prizmasında (üçüncü üçbucaq) öyrənib.
Nəticədə, çox sanballı və əhəmiyyətli
elmi tədqiqat əsəri ortaya qoymağa nail olub.
Tədqiqatın
girişində müəllifin özü də qeyd edir ki,
"Monoqrafiyada Azərbaycan tarixi nəsrinin keçdiyi yol izlənmiş,
tarixi mövzulu əsərlərdə Azərbaycan tarixinin fərqli
dövrlərinin bədiiləşdirilməsi prosesindən bəhs
olunmaqla mövzusunu birbaşa Naxçıvandan alan əsərlər
diqqət mərkəzinə çəkilmiş, kiçik
epizodlarda olsa belə, Naxçıvanla müəyyən
bağlılığı olan məqamlar dəyərləndirilmiş,
tarixi dövr, müasir gerçəklik və
yazıçı mövqeyi üçlüyündə
tarixi dövrün əksi məsələləri ətrafında
fikir mübadilələri aparılmışdır". Bu
zaman müəllif təkcə bədii əsərlərdə
Naxçıvanı öyrənməyib, həm də həmin
əsərlərdə gerçək tarixin təhrif
olunduğu məqamları vurğulamış, bədii təxəyyülün
tarixdən daha güclü olduğunu diqqət mərkəzinə
çəkmiş, hətta bəzi məsələlərin
şərhi zamanı gənc alim dahi mütəfəkkir
yazıçılarla üz-üzə dayanmağı da
gözə almışdır.
Kitabın birinci fəsli "Naxçıvanın qədim
və orta əsrlər tarixi bədii nəsrdə"
adlanır və bu fəsil özlüyündə iki
yarımbaşlıqda araşdırılır. "XIII əsrə qədərki
Naxçıvan tarixinin ədəbi inikası" adlanan
birinci yarımbaşlıqda Hüseyn İbrahimovun Atabəylər
dövrü zamanı, Möminə xatın türbəsinin
tikildiyi 10 illik zamanın ələ alındığı
"Əsrin onda biri" romanı, yenə həmin dövrləri
əks etdirən Oqtay Salamzadənin "Əsrlərin
sirri" romanı, Əzizə Cəfərzadənin Atabəylər
hökmdarı Məhəmməd Cahan Pəhləvanın
qızı Cəlaliyyədən bəhs edən "Cəlaliyyə"
povesti, Mahmud İsmayılın böyük şair Xaqaniyə
həsr olunmuş "Xaqani" romanı, Əhməd
İsayevin Teymurun Əlincəyə yürüşlərini
ehtiva edən "Üsyan" romanı və Atabəylər
dövrü hadisələri zamanı Şeyx Nizaminin mərkəzdə
dayandığı, xüsusilə qeyd olunan dövrün əhatəli
bədii təxəyyüldən keçirildiyi ən mükəmməl
tarixi romanlardan biri olan Məmməd Səid Ordubadinin
"Qılınc və qələm" romanı tədqiqatçı
səriştəsi, analiz və şərh etmə kamilliyi ilə
araşdırmaya cəlb olunmuşdur. İkinci
yarımbaşlıqda isə "XV-XVIII əsrlər
Naxçıvan tarixi bədii nəsrdə" adlanır və
buradada bir çox nəsr əsərləri ciddi şəkildə
mövzunun tələbləri çərçivəsində
öyrənilmişdir. Belə ki, Həmid Arzulunun
"Göy geyimli fateh" hekayəsində, Zaman Qarayevin
"Əlincə qalası" və İsa Hüseynovun
"Məhşər" romanlarında böyük türk sərkərdəsi
Teymurun Əlincəyə yürüşlərindən bəhs
olunması, hürufiliyin müqəddəs mərkəzlərindən
biri olaraq Naxçıvandan pərvəriş tapması, həmçinin,
Mahmud İsmayılın "İki od arasında", Fərman
Kərimzadənin "Xudafərin körpüsü", Yunus
Oğuzun "Təhmasib şah", Elçin Hüseynbəylinin
"Şah Abbas" romanları tarixdə Naxçıvan,
tarixi nəsrdə Naxçıvan prizmasından tədqiq
edilmişdir.
Müəllifin əhatəli
araşdırıcılıq məharəti
"Naxçıvanın XIX əsr-XX əsrin əvvəlləri
tarixinin və görkəmli şəxsiyyətlərinin bədii
nəsrdə əks etdirilməsi problemləri" adlı
ikinci fəsilin elmi şərhlərində də
özünü göstərir. Bu fəslin "Dövrün
sosial-siyasi prosesləri tarixi nəsr müstəvisində"
adlı birinci yarımfəslində tədqiqatçı
Güllü Məmmədovanın "Kalbalı xan", Məhərrəm
Zamanın "Maxtalı", Əyyub Abbasovun "Zəngəzur"
romanlarını, Həsən Qasımovun "Dağlara
çəkildi" povestini əhatəli və geniş şəkildə
mövzunun tələbləri çərçivəsində
tədqiq etmiş, öyrənilən dövr ərzində
Naxçıvanda baş verən sosial-siyasi məsələlərə
nəzər yetirmiş öz yanaşmasını
yenilikçi fikirlər doğrultusunda ortaya qoymuşdur.
"Tarixi
nəsrdə sənətkar və zaman" yarımfəslində
isə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz",
Pənahi Makulunun "Xiyabani", Güllü Məmmədovanın
"Qarabəkir əfsanəsi" romanlarına, Novruz Nehrəmlinin
"Zülmətdə nur" povestinə müraciət edərək
bədii nəsrdə tərrənnüm, təsvir, təbliğ
olunan və həmin romanlardan görünən
Naxçıvan, Naxçıvan insanı, sənətkarı
və zamanın bu mühitə, insanlara təsiri, münasibəti
zərgər dəqiqliyi ilə gözdən
keçirilmişdir.
Əli Həşimovun tədqiqat əsərinin III fəsli
"Müasir tarixi gerçəkliklər və tarixi nəsr"
adlanır. Digər iki fəsildən fərqli olaraq
üçüncü fəsli tədqiqatçı
üç yarımbaşlıqda öyrənib.
"Tarixi nəsrdə Naxçıvanın sovet
dövrünə münasibət məsələləri"
adından da göründüyü kimi, Sovetlər quruluşu
ərzində Naxçıvan və həmin quruluşa
Naxçıvanın münasibəti problemi Həmid Arzulunun
"Qaçaq Quşdan" romanı və Güllü Məmmədovanın
eyniadlı povesti, həmçinin, Sadıq Zeynalovun
"Tarixin qanlı yaddaşı" sənədli povesti əsasında
araşdırmaya cəlb olunmuşdur.
Üçüncü fəslin ikinci yarımfəsli
"Zaman, xalq və ziyalı problemi" adlanır. Burada da biz XX əsrin əvvəlləri
tarixində Naxçıvan ziyalılarının, həmin
ziyalılarla xalq arasındakı münasibətlərin, eləcə
də xalq ziyalılarının oynadığı rol,
ziyalı mövqeləri, bu mövqenin Naxçıvana aidiyyəti,
bu və ya başqa dərəcədə təsiri məsələləri
ilə tanış oluruq. Bu
tanışlıq Hüseyn İbrahimovun dahi mütəfəkkir
Hüseyn Cavidə həsr olunmuş "Böhtan"
romanı, Süleyman Rəhimovun demokrat yazıçı Mirzə
Cəlilə həsr etdiyi "Uğundu" povesti, Məsud
Əlioğlunun yenə Cəlil Məmmədquluzadə və
Sabir mövzusunun ələ alındığı "Məslək
qardaşları" hekayəsi, eyni zamanda, Çingiz
Hüseynovun yazıçı və ictimai-siyasi xadim Nəriman
Nərimanovdan bəhs edən "Doktor N" ikihissəli
romanı üzərində müəllifin təhlil və
şərhləri vasitəsilə mümkün olur.
"Azərbaycanın müstəqilliyi uğrunda
mübarizə və müstəqillik dövründəki
Naxçıvan həqiqətləri bədii nəsrdə"
adlı üçüncü və son yarımfəsil zaman
etibarıylə bizə daha yaxın bir dövrü əhatə
etməsiylə, hadisələrin bir çoxuna yaxşı bələd
olduğumuz məsələlərin şərhi ilə yadda
qalır. Gənc
tədqiqatçı ən yaxın dövrün ictimai-siyasi
hadisələrinin yer aldığı və Naxçıvan
mövzusunun aktual olduğu bir neçə əsəri dəqiq
müşahidələrlə elmi-nəzəri müstəvidə
şərh etməyə nail olub. Biz burada Həmid Arzulunun
"Qara xəncər", Fərəc Fərəcovun
"Aydın sabahlar" və Güllü Məmmədovanın
"Mənim üçün varsan" romanları
işığında öz elmi baxışını ortaya
qoyan müəllifin özünəməxsus elmi mülahizələrinə
şahid oluruq.
Sovetlər
Birliyinin dağılmasına aparan yol, bu yolda
Naxçıvanın oynadığı rol, Naxçıvanda
ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən ictimai-siyasi məsələlər,
xalqın inam bəslədiyi liderin xalqın tələbinə
verdiyi cavab və digər məsələlər fonunda
Naxçıvan məsələsi əhatəli şəkildə
təhlil süzgəcindən keçirilib.
Monoqrafiyanı
oxuduqca müəllifin geniş irudisiyası, təhlil və
şərhetmə qabiliyyəti, elmi yeniliyə əməl etmə
prinsipi, özündən əvvəlki tədqiqatçıların
bu məsələyə münasibətindən xəbərdarlığı,
zəngin mütaliəsi, ən əsası isə tarixi hadisələrə
bələdliyi, tarixi yaxşı mənimsəməsi və
Naxçıvan tarixini dəqiqliklə öyrənməsi
oxucunun diqqətindən yayınmır. 200-ə yaxın mənbəyə
müraciət edən müəllifin türk və rus dilindəki
məxəzlərdən istifadəsi, internet resurslarına
müraciəti işin sonunda əldə edilən
mühüm nəticələrində özünü
dolğun şəkildə göstərir. Bunun nəticəsidir
ki, Əli Həşimov uğurlu elmi yenilikləri ilə yadda
qalır. Nəticə hissəsində qeyd olunan
aşağıdakı fikir monoqrafiyanın sanbalı
haqqında çox söz deyir: "Azərbaycan tarixi nəsrində
Naxçıvan mövzusu bütöv və sistemli şəkildə
ilk dəfə olaraq tədqiq olunmuşdur. Burada yalnız
tarixi romanlar deyil, mövzu ilə bağlı olan roman, povest və
hekayələr tədqiqata cəlb edilmişdir. Mövzusu
birbaşa Naxçıvanla bağlı olan əsərlərlə
yanaşı, ayrı-ayrı epizodlarında bu qədim diyardan
bəhs olunan əsərlər də tədqiqata cəlb
olunaraq Naxçıvan tarixinin müvafiq dövrünün ədəbi
əksi məsələləri dəyərləndirilmişdir.
Tarixi nəsr nümunələri tarixi mənbələr, əsərlər
haqqında mətbuat və ədəbi tənqidin fikirləri
əsasında müqayisəli şəkildə təhlil
olunmuş, Azərbaycançlıq ideologiyası əsas
götürülməklə məsələlərə milli
müstəvidən yanaşılmışdır".
Bütövlükdə, 50-yə yaxın bədii əsərin tədqiqata cəlb olunduğu "Azərbaycan tarixi nəsrində Naxçıvan" monoqrafiyası Azərbaycan elmi-tənqidi mühitində özünəməxsusluğu ilə seçilən zəhmətli elmi araşdırmaların uğurlu yekunudur. Xüsusilə, tədqiqat Naxçıvanşünaslıq bazasının zənginləşməsində də böyük rol oynayacaqdır. Bu mənada 2017-ci ilin əvvəlində nəşr olunan bu monoqrafiya münasibəti ilə müəllifə kitab haqqındakı gecikmiş fikirlərimlə təbriklərimi çatdırır, bundan sonrakı elmi fəaliyyətində bu miqyasda sanballı uğurlar arzulayıram.
Elxan
YURDOĞLU-MƏMMƏDOV
AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun Folklorşünaslıq
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2018.- 10 yanvar.- S.7.