"Gizli "Dədə Qorqud" silsiləsinin
yeni aşkar məqamları
AKADEMİK
KAMAL ABDULLANIN "KİTABİ-DƏDƏ QORQUD"
POETİKASINA GİRİŞ - DANSÖKÜLƏN
VARİANT" MONOQRAFİYASI HAQQINDA
DÜŞÜNCƏLƏR
Hərdən
artıq "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatların
bitdiyini, tükəndiyini güman edirik. Elə az bir zamandan
sonra eşidirik ki, yeni bir kitab, yeni bir araşdırma ərsəyə
gəlib bu möhtəşəm əsərlə
bağlı.
Həmin
tədqiqata nəzər saldıqda isə, həqiqətən
də, burada "Kitabi-Dədə Qorqud"a yeni bir prizmadan, fərqli
rakursdan baxışın sərgiləndiyini, yeni fikrin meydana
çıxdığını görürük. Yəni
maraqlıdır ki, "Kitabi-Dədə Qorqud" elm aləminə
bəlli olan zamandan bəri araşdırılır, ancaq hələ
də öz bitib-tükənməyən sirriçindəliyi,
gizli məqamları ilə diqqəti çəkir və onu
oxuyanları özü ilə bağlı düşünməyə
vadar edir, öz cazibəsinə salır.
"Kitabi-Dədə
Qorqud"un cazibəsinə düşən müəlliflərdən
biri də görkəmli alim və yazıçımız
olan akademik Kamal Abdulladır. Artıq uzun illərdir ki, Kamal
müəllim "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar
aparır. Onun sirli, gizli dünyasına "daxil olaraq"
onunla bağlı maraqlı, orijinal, özünə qədər
deyilməmiş fikirləri gündəmə gətirir və
etiraf edək ki, hər dəfə oxucuları heyrətləndirə
bilir. Xatırlayıram, hələ tələbə
olduğum vaxtlarda müəllimlər "Kitabi-Dədə
Qorqud" dastanından bəhs edəndə Kamal Abdullanın
"Gizli Dədə Qorqud" kitabında yazdığı
maraqlı fikirlərdən misallar gətirirdilər. Heç
unutmuram, o zaman dastanı oxuyan hər kəsi, eləcə də
məni Beyrəyin nakam taleyi, onun faciəvi şəkildə
ölməsi düşündürür, narahat edirdi. Belə
bir qəhrəmanın ölümü ilə sanki
barışa bilmirdik, bunun haqsızlıq olduğunu
düşünür, Beyrəyin həyatına
qıydığı üçün az qala dastanın müəllifini
belə (təbii ki, buradakı müəllif
anlayışı şərtidir)
günahlandırırdıq. Amma müəllimlərin
tövsiyəsi ilə Kamal Abdullanın "Gizli Dədə
Qorqud" adlı araşdırmasını oxuyandan sonra Beyrəyin
ölümünün əsl səbəbi bizə məlum
oldu. Kamal Abdulla Beyrəyin ölümünün səbəbini
onun bakirə kafir qızına onu xilas etməsinin
müqabilində qayıdıb onu aparacağına söz
verib, and içməsi və sonradan bu andına xilaf
çıxması ilə bağlayırdı. Beyrək
andına, dolayısı ilə mifə xəyanət
etmişdi. Kamal Abdullaya görə, məhz bu səbəbdən
Beyrək ölümə məhkum idi. Xatırlayıram, o
vaxt biz o fikirləri oxuyarkən cavabsız sualımıza
cavab tapmışdıq. Beyrəyin ölümünün, bəlkə
də "haqlı" olaraq ona verilən cəza olduğunu
anlamışdıq. Və bizi elə o vaxtdan Kamal müəllimin
"Kitabi-Dədə Qorqud"la bağlı sanki hər kəsin
dastanda gördüyü, ancaq eyni zamanda görə bilmədiyi
"gizli", "sirriçindəlikli" məqamları
müşahidə etmək bacarığı heyrətləndirmişdi.
Sonralar
da zaman-zaman akademik Kamal Abdulla "Kitabi-Dədə Qorqud"
ilə bağlı bir sıra tədqiqatlar apardı, yeni-yeni
nəticələr əldə etdi. Və Kamal müəllimin
"Kitabi-Dədə Qorqud"la bağlı
düşüncələri onun yazıçılıq
istedadını də rahat buraxmadı, ona da siraət etdi.
Etiraf edək ki, "Kitabi-Dədə Qorqud" ilə
bağlı müəllifin yazdığı bədii əsərlər
də ideya, məzmun baxımından öz
orijinallığı ilə seçilə bildi. Onun
yazdığı "Yarımçıq əlyazma"
romanı, "Casus" pyesi dastanla, onun obrazları ilə
bağlı düşüncələrdə yaranmış
stereotipləri dağıtmaq baxımından kifayət qədər
cəsarətli addımlar idi və cəmiyyətdə də
ciddi rezonans doğurdu.
Elə
bu yaxınlarda da Kamal Abdulla "Gizli Dədə Qorqud"
silsiləsindən olan çalışmalarının
davamı olan, lakin tamamilə yeni bir baxış
açısı sərgiləyən "Kitabi-Dədə
Qorqud" poetikasına giriş. Dansökülən
variant" kitabını oxucuların ixtiyarına təqdim
etdi. Bu əsər də elm aləmində və cəmiyyətdə
kifayət qədər maraqla qarşılandı. Onunla
bağlı mətbuatda xeyli rəylər işıq
üzü gördü. Bu əsərin əsas özəlliyi
ondan ibarətdir ki, burada müəllif tərəfindən
"Kitabi-Dədə Qorqud" dastanının poetik
qatının orijinal və yeni təhlil üsulu təqdim
edilir. Və etiraf edək ki, elə ilk öncə kitab
üçün müəllifin seçdiyi addakı -
"poetikasına giriş", "dansökülən
variant" sözləri diqqəti cəlb etdi. Niyə məhz
"poetikası" yox, "poetikasına giriş" və
"dansökülən variant" nə demək idi? Diqqətli
oxucunu (diqqətli təyini Kamal Abdullanın öz təbirincədir)
bu sualların düşündürəcəyini əvvəlcədən
təxmin edən müəllif elə kitabın müqəddimə
hissəsində bu məsələlərə aydınlıq
gətitir. Kamal müəllim yazır: "Giriş"
sözü ilə bağlı bu ona görə belə oldu
ki, təqdim edilən ad (yəni "Kitabi-Dədə
Qorqud" poetikasına giriş. Dansökülən
variant") bizcə, daha iddiasızdır. Bütöv
poetikanın bir sistem kimi araşdırılması hansısa
məqamın və ya məqamların
"unudulmasının" qarşısını ala bilməzdi.
İkinci, bu ona görə belədir ki, "poetika" müstəvisinin
məhz nəzərdə tutulan bəlli bir kəsiyi, məlum
bir hissəsi, başqa sözlə desək, qədim bədiilik
xüsusiyyətləri bizim üçün
maraqlıdır" (s. 8).
Müəllif
daha sonra "KDQ "poetika"sına həsr olunmuş bir
sıra tədqiqatlar barədə ümumi şəkildə məlumat
verir və qeyd edir ki, bu sahədə nəzərə
çarpan ən böyük qüsur odur ki, KDQ poetikası
adı altında təqdim edilən bəzən ciddi, bəzən
də qeyri-ciddi əsərlərin, demək olar ki,
hamısı tam "qətiyyət"li və
"inamlı" şəkildə KDQ mətninin
bütöv poetikasını öyrənməyi
qarşısına məqsəd qoyur, amma nəticədə
isə KDQ-nin qədim dövrünün qatı ilə yeni
(nisbətən yeni) dövrü bir-biri ilə
qarşılaşdırılır və ortaya bütöv, səlis
və sistemli nəzəri-metodoloji baxış qoyula bilmir.
"Bu yazılarda "poetika" adına yalnız sonradan
yaranmış bədii arsenal (klassik poetizmlər) təhlil
edilir. Daha qədim immanent KDQ nümunələri (bədiipoetik
ünsürlər) əvəzinə, məhz bu artıq
püxtələşmiş klassik dövr poetik material təqdim
olunur. Belə təhlil
isə KDQ poetikasının bütöv və adekvat ola bilməz"
(s. 29).
Kamal
Abdulla, həmçinin, "Poetika problemləri" adı
altında bir vaxtlar gündəmdə olan başqa bir istiqamətə,
KDQ mətninin nəzmlə, yoxsa nəsrlə olması ilə
bağlı aparılan diskussiyalara da toxunur və onların
heç bir nəticə gətirməyən yazılar
olduğunu vurğulayır. Bu münasibətlə
yazılmış və vaxtilə uzun müddət beyinlərə
hakim kəsilən Steblevanın "türk epik mətnləri
poetik mətndir" müddəasını xatırlayır
(s. 29).
Bu kimi tədqiqatlardan
bəhs edən Kamal Abdulla qeyd edir ki, əslində poetika anlayışı
öz içərisinə daha geniş tədqiqat səviyyələrini
alır. Konkret KDQ-nin poetikası isə - onun mifoloji
layını, daha sonra isə epik mətn kimi struktur, tipoloji,
ideya-bədii, məzmun, süjet, motiv, obraz və s. kimi səviyyələrdə
tədqiqatının cəmini əhatə etməlidir ki, məhz
bundan sonra KDQ-nin bütöv poetikasının tədqiqatının
yekunlaşdığından söhbət gedə bilər.
Kamal Abdullanın təqdim etdiyi sözügedən əsərin
isə əsas obyekti hələ ki, yalnız və yalnız
KDQ-nin mif dövrünün əlamətlərini yaradan və
yaşadan qatıdır. Məhz bu səbəbdən müəllif
bu əsərini "Kitabi-Dədə Qorqud" poetikasına
giriş. Dansökülən variant" adlandırır.
Onu da qeyd
edək ki, Kamal Abdulla KDQ-dəki mövcud mif qatının
özünün də bir neçə laylara
bölündüyünü bildirir. O mifoloji qatlardan birincisini,
ilk qatı müəllif şərti olaraq "mifoloji
dansökülən" qatı adlandırır. Və müəllifin
fikrincə, mifoloji dansökülən insan təsəvvürlərinin,
onun ibtidai görüşlərinin ən ilkin
çağıdır. Və bu əsərdə, əsasən,
KDQ-dəki həmin mif qatının əlamətləri
orijinal və yeni üsulla təhlil edilir. Bu dövrü
müəllif autentik mif dövrü kimi də qeyd edir. Bu
dövr insanın mifi nəinki yaratmaqla təhrif etmədiyi,
mifin içində yaşadığı dövrdür.
"Mifoloji dansökülən mifoloji günortaca, oradan da
mifoloji qüruba keçəcək. Hələ isə Tarixdən
əvvəlki, kosmoloji dövrdür, mifi yaşayırlar, onu
yaratmır, onu təsvir etmirlər. Yaratmaq da, təsvir etmək
də mifin içindən çıxandan (onu yaşayandan)
sonra baş verəcək..." (s.55) "Birinci halda (mifoloji
dansöküləndə - N.Q.) insan mifin içində
yaşayır, ikinci halda isə (mifoloji günortacda - N.Q) insan
mif barədə əvvəlcə eşidir, sonra isə bu
eşitdiyini yenidən yaradır və yaxud əlyazma şəklində
oxuyur, bəlkə də ona amfiteatrda tamaşa edir. Başqa
sözlə, mif təsvirinin içində olur" (s.54).
Göründüyü kimi, Kamal Abdulla özünün də
qeyd etdiyi kimi, "dansökülən" deyərkən KDQ
mətnində bu və ya digər (implisit və ya eksplisit)
şəkildə təzahür edən (bəzən isə təzahürsüz,
yəni onun təzahürünü bərpa etmək, "gizləndiyi"
dərindən aşkara çıxarmaq lazımdır) mifin ən
qədim element və ya ünsürlərini nəzərdə
tutur, onları tədqiqata cəlb etmək məqsədini
güdür.
Kamal
Abdullaya görə, KDQ-nin "dansökülən"
dövrünün əsas əlamətlərindən biri də
odur ki, bu tipli ibtidai dönəm mətnləri
üçün "proza-poeziya" birliyi səciyyəvidir,
belə ki, burada prozaya xas olan bədiilik xüsusiyyətləri
və poeziyaya xas olan poetiklik xüsusiyyətləri əvvəlcədən
məhz birikmiş "bədii-poetik" şəkildədir.
Daha sonralar proza ilə poeziya hər biri öz sərhədlərini
qurub bir-birindən ayrıldıqdan sonra bu birikmiş variant
"bədiilik" və "poetiklik" olaraq iki yerə
ayrılır. Bədiilik prozaya, poetiklik isə poeziyaya
aidliyini qoruyub saxlayır. Məhz bu səbəbdən də
Kamal Abdulla bu tədqiqatında qədim, primitiv dövrə
aid məqamlar ilə bağlı "bədii-poetiklik"
ifadəsindən istifadə edir (s.15).
Bütün
bunlarla yanaşı, Kamal Abdulla KDQ mətninin qədimlik
baxımından yekrəng olmadığını da
vurğulayır və qeyd edir ki, məlum həqiqətdir ki,
KDQ-nin quruluşunda həm ilkin, ibtidai, bədii-poetik elementlərin
və imkanların, həm də bununla yanaşı, daha
müasir, artıq ədəbi-bədii şüurumuza
tanış olan klassik poetik nümunələrin olduğu
özünü göstərir.
Bu iki
dövrə aid mənəvi məkanları Kamal Abdulla
onların aparıcı, daxili semantikalarına uyğun və
ona aid olan təyinlərlə səciyyələndirir və
şərti adlarla adlandırır. Tədqiqat boyu müəllif
1-ci ibtidai dövrü (və məkanı) Dəşti-Müstəqimiyyə,
2-ci klassik dövrü (və məkanı) isə Dəşti-Məcaziyyə
adlandırır. Dəşti-Müstəqimiyyəyə
mifoloji bədii-poetiklik ünsür və vasitələri,
dansökülən mərhələdə müstəqim
deyimlərin bədii-poetiklik "iddiasında" olan
ünsürləri daxildir. Bu məkan, əslində, tarixəqədərki
mifoloji təsəvvürlər dövrünə və tarixi
mif yaradıcılığı dövrünə məxsus bədii-poetik
elementləri öz içinə yığır. "Dəşti-Müstəqimiyyə
dövrünə, yaxud qatına təmiz mifoloji elementlərdən
ibarət olan mif mətninin dövrü kimi baxmaq olar. Bu
elementlər ibtidai bədii-poetik və kvazibədii-poetik
(özünün hətta "klassik" formasında!)
elementlərdir. Onlar autentik mif düşüncəsinin məhsulu
və autentik mif dövrünün (miflə
reallığın üst-üstə düşdüyü
dövrün!) əlamətləridir. Autentik mifin belə deyək,
ibtidai nüvəsi, özəyidir" (s.22).
Dəşti-Məcaziyyə
isə tarixi dövrün mif yaradıcılığından
sonrakı təsvir etmə dönəmindəki bütün və
hər cür məcazlaşmaları və klassik poetik örnəkləri
ehtiva edir (s.21). "Dəşti-Məcaziyyə dövrünə,
yaxud qatına sonralar yaranacaq Yazı mədəniyyətinin məhsulu
olan klassik poetizmlər daxil edilir. Dərindən nəzər
salınsa görünər ki, burada da kvazibədiipoetik
elementlər yox deyil və onlar sonrakı Yazı dövründə
naqis poetizmlər kimi qiymətləndiriləcək. Bu
dövrün də ünsür və vasitələri
özünəməxsusdur. Eyni zamanda bu dövrün
güclü daxili energiyasını şərtləndirən
bəzi dil (leksik-qrammatik) əlamətləri də meydana
çıxır. Onların içində öz
mövcudluğu ilə geniş və dərin müqayisələrə
meydan açan poetik genişliyin əvəzolunmaz kimi qoş-masını xüsusi qeyd eləmək
lazımdır" (s.23). Müəllifin qənaətinə
görə, KDQ-də tarixəqədərki mif
yaradıcılığı dövrünü təmsil edən
Dəşti-Müstəqimiyyə ilə tarixi mif təsviri
dövrünü təmsil edən Dəşti Məcaziyyə
üzbəüz dayanmışdır.
Kamal
Abdullanın bu tədqiqatda qarşıya qoyduğu və cavab
tapmağa çalışdığı maraqlı suallardan
biri də KDQ mətninin yarandığı ilkin məkanın
hara olması ilə bağlı sualdır. Müəllif qeyd
edir ki, "dastan şəklində təzahür edən bu
yaranış bir hadisə olaraq görəsən harada,
hansı şəraitdə baş verir" sualı əhəmiyyət
kəsb edir. "Mifoloji mətn dediyimiz hadisə necə - o
harada baş verir? Müəllimin (bu həm də Müəllif
ola bilər) dərs dediyi "auditoriya"damı (bu auditoriya
hansı parametrlərə malikdir? O bəlkə hansısa
mağaranın bir küncüdür?) yoxsa mədrəsə
hücrəsində yaranandan sonramı yazıya alınır,
ya bəlkə yazıda fiksə olandan sonra hər hansı
şifahi ötürmələrə imkan
açılır?!"(s.73). Kamal Abdullanın qənaətinə
görə, qədim, ibtidai mətnin yaranma şəraiti və
mühitini ümumiləşdirilmiş şəkildə
Mağara mühiti adlandırmaq olar. "Əlbəttə,
bu, o demək deyildir ki, KDQ və
onun kimi qədim mətnlər özünün bütün
variantlarında (əvvəlindən axırına, dərinindən
aşkarına qədər) məhz mağarada yaradılıb.
İnsan və ya insanabənzər məxluq meşədən
çıxandan sonra məhz mağaraya daxil olur, onun
özünə məskən bildiyi, yatan yeri məhz mağara
olur. Meşədə onun mifoloji təsəvvürləri
formalaşmağa başlayırdı. Bu qədim, primitiv təsəvvürlərin
Təbiət dönəmində formalaşmasından sonra xətti
narrativ parçalara çevrilməsi və beləliklə,
mifoloji mətnin ilkin variantının yaranması yeri isə
fikrimizcə, mağara sayıla bilər" (s.74).
Müəllifin
fikrincə, mağara indiyədək yalnız və yalnız
rəsm nümunələrinin (qayaüstü və divar rəsmlərinin)
yer aldığı bir mədəniyyət məkanı hesab
edilmişdir. Lakin mağaradaxili "mədəni intibah",
başqa sözlə, Mağara mədəniyyəti yalnız
təsviri sənətlə, rəssamlıqla məhdudlaşmır.
"Mağara həm də qədim (primitiv) ədəbi
nümunənin formalaşdığı məskən olmuşdur.
Buradakı qayaüstü şəkillərin fonunda
Mağarada Müəllim-Kahin (həm də Müəllif) tərəfindən
mağaradaşlara müəyyən real dərslər
verilmişdir. Mağara bu dərslərin özü ilə gətirdiyi
mənəvi mahiyyətin də vətəninə
çevrilmişdir. Mağara sözün
cilalandığı, üslubun formalaşdığı bir məskən
idi. Meşədə ilkin təsəvvürlər
külçə şəklində formalaşırdı,
sonrakı mağara dövründə isə bu təsəvvürlər
ibtidai xətti mətn parçalarına çevrilməyə
başladı".
Kamal
Abdullanın Dədə Qorqudun bir müəllim və eyni
zamanda, müəllif statusu ilə bağlı fikirləri də
maraq doğurur. Onun fikrincə, maraqlıdır ki, nə
üçün və hansı məziyyətlərinə
görə məhz Dədə Qorqud müəllimlik zirvəsinə
qalxa bilmişdir?! Bu dərslərin müəllimi niyə Dədə
Qorquddur, tutalım ki, Şirşəmsəddin, yaxud
Qılbaş deyil?! Kamal Abdulla qoyduğu bu suala maraqlı cavab
verir. O qeyd edir ki, əslində, Dədə Qorqud şərti
bir obrazdır, hətta konkret bir şəxsiyyət deyil, daha
çox bir prinsip və ya mifoloji dövrün atributudur.
"Mağara şəraitində Mifoloji dövrə, autentik
mif əhatəsinə cəmiyyəti alışdıran və
öyrədən, onu həyatın qorxulu və keşməkeşli
mərhələlərindən keçirən bir müəllim
lazım idi. Oğuz məkanında mif dövrü bunu Dədə
Qorqudu icad eləməklə qazandı. Beləliklə, Dədə
Qorqud miflə Oğuz arasında ötürücü oldu.
Mifin qadağa və yasaqlarını, məqbul və
uyğunlarını, cəmiyyət üçün müəyyənləşdirdiyi
norma və qaydaları məhz müəllim (kahin) Dədə
Qorqud mağara şəraitində cəmiyyətə
ötürməyə və izah etməyə başladı.
Öz içində olan, bəlkə də, Mifin gizli xətlərlə
ona "göndərdiyi" (mifoloji təsəvvürlərin
hesabına öyrəndiyi) informasiyanı mağaradaşlara
ötürməyə, bu şəkildə onları...
işıqlı, obyektiv dünyadan hali eləməyə
başladı. Dədə Qorqud bu baxımdan Prometey
funksiyasını yerinə yetirirdi və sözün əsl mənasında
mədəni qəhrəman idi..." (s. 96).
Həqiqətən
də, Kamal Abdullanın gəldiyi doğru qənaətə
görə, KDQ-də Dədə Qorqudun dilindən deyilən:
"Ölən adam dirilməz, çıxan can geri gəlməz",
"Ulaşıban sular daşsa dəniz olmaz, Yapa-yapa qarlar
yağsa yaza qalmaz, Yapağulu gökcə çəmən
güzə qalmaz", "At yeməyən acı otlar bitincə
bitməsə yey, Getdikcə yerin otlaqların keyik bilir,
Ayrı-ayrı yollar izin dəvə bilir" və s. kimi bu qəbildən
olan yüzlərlə informasiya dolu olan kəlamlar, əslində
Dədə Qorqudun öz mağaradaşlarına verdiyi "həyat
dərsləri" idi, onları həyatın əsl mahiyyəti
və həqiqətləri ilə tanış etmək cəhdi
idi. Bu baxımdan, Dədə Qorqud müəllif olduğu qədər
də müəllim idi.
Kamal
Abdullanın gəldiyi digər bir maraqlı qənaətə
görə, KDQ-nin qədimliyini sübut edən faktlardan biri də
dastan mətnində olan: "Qarşı yatan ala dağ",
"Babasına, anasına haber oldı, ap alaca ordısına
şiven girdi", "Kan Turalının uyhusı geldi,
uyudı", "Gözüm döndi, könlüm
gitdi", "Şarabın itisi başına
çıktı", "Derelerde, depelerde kafire
qırğın girdi", "Dede Korkut gine soylamış,
görelim, hanum ne soylamış”... kimi deyimlərdə Dəşti-Müstəqimiyyə
dövrünün bədii-poetiklik elementləri öz izlərini
göstərməkdədir. Kamal Abdulla qeyd edir ki, bu deyimlərdəki
dağın yatması, sözün görünməsi,
şivənin, qırğının girməsi, şərabın
başa çıxması kimi cismaniləşdirilmiş məqamların
KDQ mətninin mifoloji qatına (bədii-poetik dəyərlər
sisteminə) aid olmaları şübhəsizdir. "... deyə
bilərik ki, bu şəkildə müstəqimliyin
nümayişi qədim insanın obrazlı düşüncə
tərzinə malik olmasının işarəsidir... Bu isə
əlbəttə ki, xüsusi qurma vasitəsi kimi
mümkün olub mətndə ilkin, ibtidai bədii-poetizm əlamətlərinin
mövcudluğunu bir daha bu istiqamətdən təsdiqləyir"
(s. 145).
Tədqiqatın
digər bir diqqətçəkən məqamı ondan ibarətdir
ki, müəllifin qənaətinə görə, KDQ mətnində
xüsusi ibtidai qurmalar mövcuddur ki, bunlar mifoloji mətnin
arxitektonik quruluşu ilə birbaşa bağlıdırlar.
Kamal Abdullaya görə, bu xüsusi bədii-poetik qurmalar, əsasən,
sahmanlayıcı ünsürlər, sadəlövh suallar və
mətndə müxtəlif səviyyələrdə
özünü göstərən təkrarlar və bədii
yasaqlardır.
Sahmanlayıcı
ünsürlərlə bağlı müəllif qeyd edir ki,
bütün KDQ boyu xüsusi rəngarəngliyi ilə
seçilməyən, lakin qədim, ibtidai bədii-poetikliyə
xidmət edən sahmanlayıcı elementlər, əsasən,
üç variantda çıxış edir. O variantlar
bunlardır: "məgər", "bu (ol) mahalda",
"bu yanadan (bu yana)". Müəllifin fikrincə, bu
ünsürlər KDQ boyu bir-birinin yanında olan informativ
parçaları eyni-zamanlılıq məzmunu
daşıdıqlarına görə sanki növbələşdirir
və əslində, bununla müəyyən sahmana xidmət
edir. Bu sahmanlayıcı ünsürlər eyni vaxtda baş
verən hadisələri mətnin narrativ təsvirində
bir-birinin içinə "girməyə" qoymur və sərhəd
markeri kimi informativ parçaları bir-birindən
ayırır. Hadisələr və onların təsviri mətn
daxilində məkana görə paylanmış olur.
Qeyd etdik
ki, Kamal Abdullanın fikrincə, KDQ mətnində mətnin
arxitektonik quruluşu ilə bağlı olan xüsusi ibtidai
qurmalar mövcuddur ki, bunlardan biri də sadəlövh
suallardır (qeyd edək ki, müəllif o sualları bu
günün prizmasından yanaşmaqla sadəlövh
adlandırır). Bu tipli suallara mətndə olan
"Yağı diyü neye dirler?", və ya "Baba,
içində big yigitler öldürsələr kan
sorarlarmı, davi-lerlermi?", yaxud "Mere Tersuzamış,
baş kesüp kan tökmek hünermidir?" və yaxud
"Ya, pes can viren, can alan Allah Taalamıdur?!" və s. kimi
suallar misal olaraq göstərilir. Müəllifin fikrincə, mətndəki
bu "sual-cavab" vasitəsilə əslində haqqında
söhbət gedən nəsnənin mahiyyətinin daha dərin
qatlarına nüfuz etmək, beləcə Oğuz cəmiyyətini
vacib bilgilərlə bilgiləndirmək qarşıya məqsəd
kimi qoyulur. "Nəticədə, Mağaradaş cəmiyyət
üçün, özünün yaşadığı
müasir (özünə görə - müasir) cəmiyyət
üçün "nə etmək olar?" sualına
cavablar alır... "Sadəlövh suallar" mağara dərslərinin
birbaşa əsas mövzusudur. Mağaradaş onların vasitəsilə,
dediyimiz kimi, ehtiyacında olduğu vacib həyat bilgisi
alır. Digər tərəfdən onları bir ritual kimi
yaşayır və yaşadır. Bu həyat bilgisi
yağılar, öldürüləsi adamlar, başqa sözlə,
törədilən cinayət, Allah, din barəsindədir.
Öz dövrü üçün son dərəcə aktualdır"
(s.193).
Araşdırmada
KDQ mətnində mətnin arxitektonik quruluşu ilə
bağlı olan xüsusi və vacib ibtidai qurmalardan birinin də
təkrarlar olduğu qeyd olunur. Təkrarlardan indiyədək
daha çox bədii-kompozisiya vasitəsi kimi dilçilik və
ədəbiyyatşünaslıqda bəhs edildiyinə
baxmayaraq, Kamal Abdullanın qənaətinə görə, təkrarlar
hələ lap qədim zamanlarda ibtidai autentik mifoloji mətnin
qurulmasında da iştirak etmişlər. Müəllifin qənaətinə
görə, təkrarların "əsil-nəcabət"
tarixi məhz mağarada başlayır. Mifoloji mətnin
gündəlik diqqətdə saxlanılmasının vacibliyi
psixo-praqmatik faktor kimi labüd olaraq təkrar fenomeninin həm
vaxtaşırı yaranmasını, həm də
inkişafını şərtləndirmişdir.
İnformasiya ötürücüsü (müəllim və
ya müəllif) hansısa məqamın üzərində
xüsusi dayanmağı vacib bilir və həmin məqamı
təkrarlar vasitəsilə mağaradaşın
yaddaşına pərçimləyir.
Kamal
Abdulla KDQ mətnində özünü göstərən təkrarları
"tam" və "natamam (yarımçıq)" deyə
iki yerə bölür. Tam təkrarların ilkin bədii-poetik
dövrə (autentik mif dövrünə) uyğun gəldiyini,
natamam - yarımçıq təkrarların isə klassik
poetik dövrə uyğun gəldiyini qeyd edir.
Araşdırmanın obyektinin KDQ-nin bədii-poetik
dövrü olduğunu nəzərə alaraq Kamal Abdulla tam təkrarları
təhlilə cəlb edir. Tam təkrarların isə: söz
səviyyəsində tam təkrar, cümlə səviyyəsində
tam təkrar, cümlələr birliyi səviyyəsində
tam təkrar, boy sonluqları səviyyəsində tam təkrarlar
növlərini təsbit edir. Müəllif həmin təkrarlara
aid KDQ mətnindən misallar gətirərək onların
mifoloji mətndə həm vacib bədii-poetiklik
ünsürü olduğunu, həm də mətnin
arxitektonikasının formalaşmasında mühüm vasitə
olduğunu qeyd etdi.
Qeyd
etdiyimiz kimi, müəllifin qənaətinə görə,
KDQ mətnində mifoloji mətnin arxitektonik quruluşu ilə
birbaşa bağlı olan xüsusi ibtidai qurmalardan biri də
bədii yasaqlardır. Bu yasaqları Kamal Abdulla şərti
olaraq iki yerə ayırır: bədiipoetikliyə yasaq və
reallığa yasaqlar (və bədii-poetiklik
tərəfindən reallığa qoyulan yasaqlar). Müəllifin
fikrincə, bu iki variant - "bədii-poetikliyə yasaq" mənası
daşıyan variant və "reallığa yasaq" mənası
daşıyan variant ilk baxışda bir-birini inkar edir. Amma əslində,
bunlar bir-birini inkar edə-edə bir-birini tamamlayırlar.
"Reallığa yasağın da, bədii-poetikliyə
yasağın da öz daxillərində "material müqaviməti"
var... Bu müqavimət dərk edilməmiş müqavimətdir
və o, əslində, autentik mifin mövcudiyyətinə
qarşıdır. Müqavimətin olması yeni, növbəti
mərhələyə, yeni dövrə keçidi şərtləndirən
məqamdır. Deməli, yasağın görünən tərəfi
ilə yanaşı, görünməyən tərəfi də
var və o, autentik mif mətnini içəridən
dağıdan funksiya daşıyır, yeni dövrün gəlişini,
bir növ, köhnə dövrün içindən
hazırlayır" (s.229).
Beləcə,
son olaraq qeyd edək ki, akademik Kamal Abdulla bu əsərində
("Kitabi-Dədə Qorqud" poetikasına giriş. Dansökülən
variant") KDQ-nin daxilində olan tarixəqədərki
dövrün qədim autentik mətnə aid ibtidai mifoloji təsəvvürlərini
və onların təzahürlərini (etiraf edək ki,
böyük zəhmət bahasına) aşkarlayıb oxuculara
təqdim etdi. Özünün (kitabın "Ümumi nəticə"
hissəsində) qeyd etdiyi kimi, bu tədqiqat ümumilikdə
üç variantda nəzərdə tutulmuşdur ki,
sözügedən tədqiqatın ("Dansökülən"in)
davamı olan daha iki tədqiqat əsəri (İnşallah) ərsəyə
gələcəkdir: "Günortac" və
"Qürub" variantları. "Günortac"da mifoloji
proseslərin qızğın dövrünün, təsəvvürdən
təsvirə keçidin, qədim autentik mətnin artıq
ibtidai, primitiv deyil, klassik formasının KDQ mətnindəki
təzahür formalarının aşkarlanması ilə
qarşılaşacağıq. "Qürub"da isə KDQ
mətnindəki yazıyaqədərki mifoloji məqamlarla yazıya
keçən mifoloji məqamların
çulğaşmış, bir-birinin içində əridiyi
dövrün izləri araşdırılacaqdır. Kamal
Abdulla qeyd edir ki, bu tədqiqat əsərləri ərsəyə
gələndən sonra "o zaman, həqiqətən də,
"Kitabi-Dədə Qorqud" dastanının bütöv
olaraq mifologiyasının öyrənilməsinə qədər
real addım atıldı, deyə, düşünə bilərik"...
Belə məlum olur ki, əlimizdə olan "Dansökülən variant" və bir müddət sonra ərsəyə gələcək iki tədqiqat əsəri ilə "Kitabi-Dədə Qorqud" mətninin yalnız və yalnız mifoloji qatının təhlili yekunlaşacaqdır. Ancaq danılmaz həqiqətdir ki, dastanımızın epik yaradıcılıqla bağlı olan formalaşma, şifahi repertuarda yaşama, yazıya alınma və s. mərhələləri də olmuşdur. Doğrudur, dastanın keçdiyi bu mərhələlərlə bağlı folklorşünaslığımızda, ədəbiyyatşünaslığımızda xeyli sayda tədqiqatlar ərsəyə gəlmişdir. Amma heç şübhə etmirəm ki, akademik Kamal Abdulla o mərhələlərlə də bağlı yenə heç kimin görmədiyi nələri isə görəcək, nələri isə aşkarlayacaq və beləcə yenə hansısa tamamilə yeni-yeni tədqiqatlar meydana gələcəkdir.
P.S. Elə bil bu gün Dədə Qorqudun bəzi missiyaları, eyni zamanda dərs vermək missiyası, sanki Kamal Abdullanın boynuna qoyulub. Eyni zamanda, Kamal müəllimin "Kitabi-Dədə Qorqud" dastanını bu cür hiss etməyi, onunla bağlı heç kimin görə bilmədiklərini (gizlinləri, sirriçin-dəlikləri) görməsi, hətta dastanın yarandığı, hadisələrin baş verdiyi mağara məkanından xəbər verməsi bizdə, bəlkə də onun Dədə Qorqudla bir ruh bağlılığının olması qənaətini yaradır. Sanki Kamal Abdulla ruhən və ya xəyalən o mağaraya gedib və ya orada başverənləri öz gözü ilə görüb. İndi isə o mağarada olanları bizə danışır, bizə "həyat dərsləri" verir. Kim bilir, bəlkə o, elə Dədə Qorqudun özüdür...
Ya bəlkə Kamal Abdulla Platonun təsvir etdiyi gün işığını görən Qoruyucudur... Günəş işığını görəndən sonra geri qayıdanlardandır. Onun missiyası Günəş işığını - mağaradan kənardakı həyatı və ölümü, sevgini və nifrəti, mərhəməti və qəzəbi, yaxşını və pisi xəyali mağaradakılara anlatmaq və öyrətməkdir... Kim bilir...
Bir də onu deyim ki, zənnimcə, bu həyat dərsləri, başqa sözlə desək, "Kitabi-Dədə Qorqud" ilə bağlı söhbətlər, tədqiqatlar, araşdırmalar qiyamətədək sürəcək. Axı, "onların qiyamətədək sürəcəyi"ni "Müqəddimə"də Dədə Qorqudun özü demişdi. O, deyənlər isə şübhəsiz, düz olur...
Nail QURBANOV
Filologiya üzrə
fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun "Gənc
alim və mütəxəssislər" şurasının sədri
525-ci qəzet 2018.- 10 yanvar.- S.6.