Şəhriyar - milli birlik və həmrəylik şairi
kimi
Ana dilli şeirimizin zənginləşməsində Azərbaycan ədəbiyyatının
görkəmli söz
ustadlarından biri, öz yaradıcılığı
ilə Heydərbaba dağı kimi vüqarla dayanan Şəhriyar yaradıcılığının
müstəsna xidmətləri
var.
Həyatı keşməkeşlərlə dolu olan böyük
sənətkarın zəngin
irsi Azərbaycan şeirinin inkişafına
xidmətlərlə bərabər,
milli dəyərlərimizə,
xüsusilə ana dilimizə, ümumən Azərbaycançılığa qoyulan
ən sanballı mənəvi abidədir.
Şairin
özünün dediyi
kimi:
Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin
bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru
nə qaranlıq isə, el məşəliyəm
mən.
Əbədiyyət gülüyəm mən!
Bu baxımdan Məhəmmədhüseyn
Şəhriyar sadə
Azərbaycan dilində
yazdığı əsərlərilə
mənsub olduğu xalqının dərdlərinin
"haqq səsi",
"dərdini söylər
dili" kimi çıxış etmişdir.
Onun yaradıcılığında ana dilimizə məhəbbət, xalqın
min illərlə tarixini
özündə yaşadan,
el birliyi və həmrəylik bağları
olan adət-ənənələr
xüsusilə yer alır. Bu baxımdan
onun yaradıcılığı
bütün bu xəlqi keyfiyyətlərin
stolüstü kitabı
kimi çıxış
edir. Ancaq bunu da qeyd etmək lazımdır ki, şairin milli ruhlu şeirlərinin tarixi anası Kövkəb xanımla söhbətindən sonra başlayır və güclənir. Mənbələrə görə, şairin anası Kövkəb xanım ona irad olaraq bildirmişdir
ki, "bala, sən necə şöhrətli bir şairsən ki, mən sənin dilini başa düşə bilmirəm?"
Şair özü də deyirmiş ki, "Rəhmətlik anam Tehrana gəldiyi
vaxtdan onun sehirli nüfuzunun təsiri ilə yaddaşında qoruyub saxladığı keçmiş
xatirələrini mənə
danışmaqla şirin
nağıllar mənim
yavaş-yavaş ölü
ruhuma can verdi".
Şair
bu tərbiyəvi söhbətdən sonra bütün qəlbi və ruhu ilə
yazdığı ölməz
"Heydərbabaya salam",
o cümlədən, "Səhəndiyyə",
"Türkün dili"
və başqa əsərlərilə sanki ana-vətən qarşısındakı
"günahlarını" yumağa çalışmış,
bu əsərlərlə
özünün vətəndaşlıq
duyğuları və
vəzifələrinə nəzər
salmış, özünün
əzəmətli vətəndaşlıq simasını
əks etdirmişdir. Ancaq bunu da etiraf
etmək lazımdır
ki, şairin "Türkün dili" şeirində də yazdığı, "türkün
dilitək sevgili, istəkli dil olmaz", - deyə etiraf etdiyi şirin,
ahəngdar, qədim şeir-sənət dili kimi şöhrət qazanan Azərbaycan dili onun əsərlərinə
nailiyyət və şöhrət qazandırdığı
kimi, şairin dərin və intəhasız istedadı
da ana dilində
poeziyamızın ən
kamil nümunələrinin
yaranmasına şərt
olmuşdur. Bu baxımdan şairin böyük istedad və yüksək təblə yazdığı
"Heydərbabaya salam"
poeması xüsusilə
diqqətəlayiqdir. Bu
əsərdə Şəhriyarın
uşaqlıqdan aralarında
böyüdüyü adi
insanların, sadə xalqın həyat tərzinin, adət-ənənələrinin,
dilinin, söz-savlarının
bütün incəlik,
dəqiqlik və təfərrüatı ilə
təqdimi böyük
maraq kəsb edir. Bəlkə də bu səbəbdəndir ki, şairin tədqiqatçılarından
olan Elman Quliyevin də yazdığı kimi, "Heydərbabaya salam" poeması hər bir azərbaycanlı
üçün ana laylası qədər əziz və müqəddəsdir. Ustad Şəhriyar
Heydərbaba dağından
bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini
bütün dünyaya
bəyan etmişdir".
Akademik Bəkir Nəbiyev haqlı olaraq deyirdi ki: "Heydərbabaya salam" poeması şairin göz açıb gördüyü
doğma ellər, Cənubi Azərbaycan haqqında, milli həyatımız, məişətimiz,
psixologiyamız haqqında
vüsətli bir şairanə ensiklopediyadır".
Şəhriyarın "Heydərbabaya salam" əsəri o taylı-bu taylı həyat sürməyə məhkum
edilmiş xalqımızın
bir-birinə mənən-ruhən
yaxınlaşması üçün
olduqca əhəmiyyətli
mənəvi körpü
rolunu oynamışdır. Çünki adət-ənənələr, ana
dili ayrı-ayrı sərhədlər daxilində
yaşayan bir millətin, xalqın vahidlik, milli birlik pasportu, kimliyidir. Akademik İsa Həbibbəyli
çox gözəl deyirdi ki, Şəhriyarın
"yazdığı əsərlər
azərbaycanlı ruhunun
poetik ifadəsidir".
Şairin "Heydər
bababaya salam"
poemasında xalqa müraciətlə deyilən
aşağıdakı misralar
da birlik və həmrəyliyə
çağırış şüarları kimi səslənir:
Heydərbaba, göylər bütün dumandı.
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın, amandı!
Yaxşılığı əlmizdən alıblar,
Yaxşı bizi yaman günə
salıblar.
Mübariz şair: "Heydərbaba,
mərd oğullar doğginən, namərdlərin
burunların ovginən",
- deyə xalqını
ayrılıq və həsrəti ortadan götürmək üçün
mübarizəyə də
səsləmişdir.
Ustad Məhəmmədhüseyn
Şəhriyar bəşəri
olduğu qədər
də milli şairdir. İstər fars, istərsə
də ana dilində yazdığı
şeirlərində elinin
dərdlərini söylər
dil olan şair milli məsələləri ümumiləşdirməyə
və təqdim etməyə nail olmuşdur.
"Məmməd Rahim
həzrətlərinə cavab",
"El bülbülü", "Süleyman Rüstəmə",
"Qardaşım Süleyman
Rüstəmə", "Döyünmə, söyünmə",
"Oyun olduq",
"Azərbaycan", "Əsir Azərbaycanıma
xitab", "Türkün
dili" və başqa şeirlərində
şair mənsub olduğu xalqının dərdlərini, onun istiqlalı, xoşbəxtliyi
və birliyi ideallarını əks etdirmişdir. Şair
"Əsir Azərbaycanıma
xitab" əsərində
xalqını istiqlal mübarizəsinə və
birliyə çağırır:
Fədakarlıq günüdür, qalx,
anam Azərbaycan!
...Ey min-min bəlalara sinə gərib, mərd duran,
Ey düşmənlər önündə
qaya kimi sərt duran...
Ahın
dağlara düşsün,
göz yaşın dumanlara,
Ey məhəbbət, ey ülfət məskəni
məğrur Vətən!
Şairin "Azərbaycan" şeiri isə ümumən bu mövzuda yazılmış əsərlər
içərisində ən
yaxşı nümunələrdən
birini təşkil edir. Şeir şairin vətəndaşlıq
duyğularını mükəmməl
əks etdirən ən sanballı nümunələrdən biridir.
"Elimin farsca
da dərdini söylər diliyəm mən", - deyən şair burada xalqının arzuları uğrunda daha çox mübariz, qətiyyətli, hətta üsyankar və kəsərli sözlərlə
çıxış edir.
Şair böyük cəsarətlə
xalqını öyür,
onun qəhrəmanlığı,
mübarizliyi, fədakarlığı
və sədaqətini
qabarıq təqdim edir, bunun müqabilində
düçar olduğu
dərdlərə görə
istilaçıları tənqid
və qınaq edir. "Azərbaycan"
şeirində mübarizə
ruhu da qüvvətlidir.
Müəllifin misralardakı mübarizəyə
səslənişi onun
istiqlal üçün
darıxan və qüvvətlə döyünən
qəlbinin səsidir.
Övladların nə vaxtadək tərki vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir
fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya
tamam yan, Azərbaycan!
- misrası bütün
Azərbaycana və azərbaycanlılara səsləniş
kimi qiymətləndirilməlidir.
Şairin "El bülbülü"
şeirində də cəsarətlə dediyi:
"O tay, bu tay, fərqi yoxdu, vətəndi" misrası şairin cəsarətli vətəndaşlıq
duyğularının ifadəsi,
Azərbaycanın siyasi
və mənəvi birliyi haqqındakı düşüncələrinin örnəyidir.
Beləliklə, Məhəmmədhüseyn Şəhriyar
yaradıcılığı milli və bəşəri
səciyyəli, xalqının
mənəviyyat mənbəyi,
bəşəriyyətin ideallar
lövhəsidir. Şəhriyar təkcə Azərbaycan
xalqının deyil, bütövlükdə bəşəriyyətin
ən nəhəng söz adamlarından biri, mənsub olduğu xalqının söylər dilidir.
Ramiz QASIMOV
AMEA Naxçıvan
Bölməsinin şöbə
müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet 2017.- 11 yanvar.-
S.8.