Cəlil Məmmədquluzadəyə aid yeni arxiv sənədləri

 

Fərman XƏLİLOV

 

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru

Otuz bir il bundan əvvəl Naxçıvan Dövlət Arxivində mühafizə olunan materialları araşdırarkən Cəlil Məmmədquluzadə ilə bağlı maraqlı sənədlərlə rastlaşdım.

 

Bu sənədlər haqqında o vaxt Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dosenti, indi AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyliyə və həmin arxivin əməkdaşı, hazırda Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru F.Cəfərova məlumat verdim. Bu məlumat C.Məmmədquluzadənin mahir tədqiqatçısı İ.Həbibbəylini daha çox maraqlandırdı. Eyni şəhərdə yaşamağımıza və tez-tez görüşmək imkanına malik olmağımıza baxmayaraq, o, rəsmi olsun deyə 26 noyabr 1986-cı il tarixli məktubla  mənə müraciət etdi: "...Cəlil Məmmədquluzadənin evdəyişmə sənədlərini ya birdəfəlik, ya da müvəqqəti tanışlıq üçün mənə göndərsən, çox razı qalaram. Mən onların üzünü çıxartdırıb (və ya köçürüb) sənə qaytara da bilərəm".

 

Mən həmin sənədləri ona göndərmədim. Özüm də bu barədə heç nə yazmadım. Çünki C.Məmmədquluzadə və onun ailəsi ilə bağlı bu sənədlərdə əksini tapan bir məsələdə xəyanətkar erməni barmağı var idi. O vaxt bu barədə yazsaq belə, nə mən, nə də İ.Həbibbəyli yazdıqlarımızı heç yerdə dərc etdirə bilməzdik. Hələ təqiblərə məruz qalacağımızı demirəm.

 

Bu sənədlərin biri haqqında ilk dəfə oxuculara məlumat vermək isə tarix üzrə elmlər doktoru F.Cəfərova qismət oldu. (Bu, artıq Azərbaycanın müstəqilliyə qovuşduğu bir dövr idi). O, "Şərq qapısı" qəzetinin 5 sentyabr 2004-cü il tarixli nömrəsində dərc etdirdiyi "Cəfərqulu xan Naxçıvanski ömrü" adlı məqaləsində C.Məmmədquluzadənin aşağıda haqqında bəhs edəcəyimiz ərizəsi haqqında çox yığcam və ümumiləşdirilmiş məlumat verməklə kifayətləndi. Həmin məlumatın üzərindən xeyli illər keçib. Lakin bu illər ərzində böyük ədiblə bağlı haqqında bəhs etdiyimiz arxiv sənədlərinin mətni hələlik  geniş oxucu kütləsi üçün naməlum qalmaqdadır. Bir qədər gecikmiş olsa da, bu arxiv sənədlərinin rus dilindən tərcüməsinin tam mətnini oxuculara təqdim edirəm.

 

Birinci sənəd:

 

Daxili İşlər Nazirliyi Naxçıvan şəhər başçısı Sadələşmiş Şəhər İctimai İdarəsi ¹ 178.

 

12 fevral 1900. İrəvan Quberniyasının Naxçıvan şəhəri

 

Əlahəzrət cənab İrəvan qubernatoruna raport

 

Bu il fevral ayının 21-də Naxçıvan Şəhər Müvəkkilləri Məclisində baxılacaq məsələlərin siyahısını hörmətlə Siz əlahəzrətin diqqətinə çatdırmağı özümə şərəf bilirəm.

 

Şəhər başçısı Xan Naxçıvanski.

 

Naxçıvan Şəhər Müvəkkilləri Məclisinin 21 fevral 1900-cu ildə keçiriləcək iclasında baxılması müəyyənləşdirilən məsələlərin siyahısı:

 

...3.100 manat ödəməklə Sarvanlar məhəlləsində mövcud olan kiçik şəhər torpaq sahəsinə sahiblik hüququ almaq haqqında Cəlil Məmmədquluyevin ərizəsi (Naxçıvan MRDA F.30, s.1, iş 3/11, v.10-11).

 

İkinci sənəd: ...Naxçıvan Şəhər Müvəkkilləri Məclisi. 26 fevral 1900-cü il. Axşam saat 7.

 

Sədrlik etdi: Naxçıvan şəhər başçısı Xan Naxçıvanski.

 

İştirak etdilər: 8 nəfər şəhər müvəkkili.

 

Eşidildi: ...3.100 manat ödəməklə Sarvanlar məhəlləsində mövcud olan kiçik şəhər torpağına sahiblik hüququ almaq üçün Cəlil Məmmədquluyevin ərizəsi haqqında.

 

Məmmədquluyev bildirir ki, şəhər bağının qərb tərəfində yerləşən Sarvanlar məhəlləsində şəhərə məxsus kiçik boş torpaq sahəsi vardır. Bu sahənin ortasından onun uzununa layihədə nəzərdə tutulan küçə (yol) keçməlidir. Beləliklə, bu küçənin cənub tərəfindəki sahənin uzunluğu təxminən 60, eni 30 arşın  olan hissəsi boş qalacaqdır. Buna görə də Məmmədquluyev xahiş edir ki, şəhər arxitektorunun göstərişi ilə daşdan 16 nömrəli kiçik ev tikilməsi üçün şəhərə məxsus olan torpağın haqqında söhbət gedən boş hissəsinə sahiblik hüququ 100 manat məbləğində pul ödəmək şərtilə ona verilsin.

 

Dinlənilənlərə dair 8 nəfər müvəkkilin iştirak etdiyi yığıncaq yekdilliklə qərara aldı: Cəlil Məmmədquluyevin Sarvanlar məhəlləsində şəhərə məxus olan torpağın boş sahəsi haqqındakı vəsatəti qəbul olunsun, şəhər torpağının həmin sahəsi dövlət üçün də sərfəli olan təklif edilmiş məbləğə - 100 manata Məmmədquluyevə satılmasına icazə verilsin və o, bu barədə məlumatlandırılsın (Naxçıvan MRDA F.30, s.1, iş 3/11, v.16-17).

 

Üçüncü sənəd:

 

 Daxili İşlər Nazirliyi Naxçıvan şəhər başçısı Sadələşmiş Şəhər İctimai İdarəsi ¹ 284.

 

16 mart 1900 İrəvan Quberniyasının Naxçıvan şəhəri

 

Əlahəzrət cənab İrəvan qubernatoruna raport

 

Bu ilin mart ayının 21-də Naxçıvan Şəhər Müvəkkilləri Məclisində baxılacaq məsələlərin siyahısını hörmətlə Siz əlahəzrətin diqqətinə çatdırmağı özümə şərəf bilirəm.

 

Şəhər başçısı Xan Naxçıvanski.

 

Naxçıvan Şəhər Müvəkkilləri Məclisinin 21 mart 1900-cü ildə keçiriləcək iclasında baxılacaq məsələlərin siyahısı

 

...4. Vəkil Hazar Bədəlyansın ev tikmək üçün Sarvanlar məhəlləsindəki sahənin 300 manata ona satılması haqqında ərizəsi. (Naxçıvan MRDA F.30, s.1, iş 3/11, v.16-17).

 

Dördüncü sənəd:

 

...Naxçıvan Şəhər Müvəkkilləri Məclisi. 24 mart 1900-cü il. Axşam saat 7.

 

Sədrlik etdi: Naxçıvan şəhər başçısı Xan Naxçıvanski.

 

İştirak etdilər: 9 nəfər şəhər müvəkkili.

 

Eşidildi: ...4. Vəkil Hazar Bədəlyansın ev tikmək üçün Sarvanlar məhəlləsindəki sahənin 300 manata ona satılmasına dair ərizəsi haqqında.

 

Bədəlyans keçən fevral ayının 25-də təqdim etdiyi ərizəsində Sarvanlar məhəlləsindəki şəhər bağının qarşısında və poçt küçəsinə uzanan uzunluğu 60, eni 30 arşın olan şəhərə məxsus torpaq sahəsini 300 manat ödəməklə onun mülkiyyətinə verilməsini və əgər təklif etdiyi bu məbləğdən daha çox pul ödəmək istəyən könüllülər varsa, ya ona məlumat verilməsini, yaxud da həmin torpaq sahəsinin hərraca qoyulmasını xahiş edir.

 

Beləliklə, verilən arayışdan məlum olur ki, Bədəlyans tərəfindən istənilən və layihədə nəzərdə tutulan şəhər küçəsinin cənub tərəfindəki Sarvanlar şəhər meydanının boş sahəsinin Şəhər Müvəkkillər Məclisinin həmin ilin fevral ayının 26-da keçirilən iclasında 100 manat məbləğinə Cəlil Məmmədquluyevə satılmasına qərar verilmişdir. Şəhər müvəkkillərindən Xəlilov  qeyd etdi ki, şəhər torpağının bu sahəsi haqqında məsələnin 26 fevralda müzakirəsində Cəlilin atası Məşədi Məmmədqulu Məmmədquluyevin Puşkin küçəsinin salınması üçün 1899-cu ildə müvəkkillərin təklifini qəbul edərək 300 manatlıq cüzi  məbləğin qarşılığında özünün bir neçə min manatlıq dəyərindəki həyəti və bağı olan evini şəhərin xeyrinə güzəştə getməsini və böyük ailəsinin evsiz qalaraq kirayədə yerləşməsini nəzərə alaraq şəhər müvəkkillərinin iclası tərəfindən qərar qəbul edilmişdir. Buna görə də Xəlilov hesab edir ki, Bədəlyansın xatırladılan şəhər torpağı haqqındakı xahişi təmin edilməməlidir. Qalan 8 nəfər müvəkkilin isə M.S.Yedigarov istisna olmaqla hamısı hesab edir ki, Bədəlyansın xahişi gecikdiyi üçün rədd olunmalıdır.

 

İclas 9 nəfər müvəkkildən əksəriyyəti - 8-i lehinə, 1-i əleyhinə olmaqla eşıdilənlərə dair qərar qəbul etdi: Hazar Bədəlyansın ev tikmək üçün şəhər torpağının Sarvanlar məhəlləsindəki boş sahəsinin 300 manata ona verilməsi haqqındakı xahişi rədd edilsin və o, bu barədə məlumatlandırılsın. (Naxçıvan MRDA F.30, s.1, iş 3/11, v.34-35).

 

Gələk bu sənədlərin şərhi və onlarda öz əksini tapan bəzi məsələlərlə bağlı araşdırmalarımızın nəticələrinin üzərinə.

 

Əvvəla, Sadələşdirilmiş Şəhər İctimai İdarəsi və onun tərkibi haqqında.

 

Rus çarı II Aleksandrın 16 iyun 1870-ci ildə imzaladığı "Şəhər Əsasnaməsi"nə görə  Rusiyanın mərkəzi şəhərləri SankPeterburq, Moskva, Odessa və bütün əyalətlərində meşşanların seçki yolu ilə özünüidarə təşkilatları yaradılmışdı. Şəhərlərin böyük və kiçikliyindən asılı olaraq bu təşkilatların adı, say tərkibi, səlahiyyəti, fəaliyyət dairəsi müxtəlif idi. Həmin "Əsasnamə"nin tələblərinə uyğun olaraq Naxçıvanda da Sadələşdirilmiş Şəhər İctimai İdarəsi yaradılmışdı. Bu İdarənin əsas vəzifəsi məktəblər, xəstəxanalar, qiraətxanalar açmaqla yanaşı, onların problemləri ilə maraqlanmaq, əhalinin yoxsul təbəqəsinə yardımlar göstərmək, məişət problemlərini həll etmək, bir sözlə, şəhərin sosial, iqtisadi və mədəni həyatını nizamlamaqdan ibarət idi.

 

Naxçıvanda Sadələşdirilmiş Şəhər İdarəsinin fəaliyyətinə aid 1887-1918-ci illəri əhatə edən bir sıra sənədlər bu günədək Naxçıvan MRDA-da mühafizə olunmaqdadır. Həmin sənədlərlə tanışlıqdan aydın olur ki, qanunla müəyyən olunan struktura əsasən bu idarəni bir şəhər başçısı və əhalinin müxtəlif təbəqələri içərisindən seçilmiş şəhər müvəkilləri təmsil etmişdir.

 

Cəlil Məmmədquluzadənin həmin idarəyə ərizə ilə müraciət etdiyi il (1900) orada fəaliyyət göstərən bəzi müvəkkillər bunlar idi. Mülkədarlardan: Ş.Kəngərli, Ə.Kəngərli; müsəlmanlardan: T.Xəlilov, Ş.Kələntərov; ermənilərdən: K.Adamov, N.İsaxanov, M.S..Yedigarov.

 

İdarəyə müraciət edənlərin ərizələrinə tərkibi 9-11 nəfərdən ibarət olan Müvəkkillər Məclisində baxılır və səsvermə yolu ilə müvafiq qərar qəbul edilirdi. Müvəkkillər Məclisində baxılan bütün məsələlər haqqında əvvəlcədən hökmən İrəvan qubernatoruna məlumat verilməli və onun razılığı alınmalı idi.

 

Mətnini təqdim etdiyimiz sənədlərdə və Müvəkkillər Məclisinin bir neçə illəri əhatə edən protokollarında iclaslara sədrlik edən şəhər başçısının adı "Xan Naxçıvanski" kimi göstərilmişdir. Belə bir vəziyyətdə məlum olmur ki, həmin vaxt şəhər başçısı Naxçıvan xanlarından hansı imiş. Axı bu imzadan bir neçə Naxçıvan xanı istifadə etmişdir. Məsələn, Hüseyn xan Naxçıvanski.

 

Arxivdə qorunan  İrəvan qubernatorunun imzaladığı 24 may 1902-ci il tarixli bir sənəd bu məsələyə tam aydınlıq gətirir: "1882-ci il şəhər qaydalarının 22-ci maddəsinin 9-cu əlavəsinə və 118-ci maddəsinə əsasən Naxçıvan şəhər başçısı vəzifəsinə 1901-ci ildən (ikinci dəfə) dörd il üçün Cəfərqulu xan Naxçıvanskini, köməkçi vəzifəsinə isə Mirzə Sadıq Xəlilovu təyin edirəm".

 

Sənəddən o da aydın olur ki, Cəfərqulu xan Naxçıvanski 1897-1900-cü illərdə də Naxçıvan şəhər başçısı olmuşdur. Arxivdə bunu da təsdiq edən sənəd vardır:

 

"Əlahəzrət cənab İrəvan qubernatoruna Naxçıvan şəhərinin başçısı Cəfərqulu xan Naxçıvanskidən xahişnamə.

 

Ev işlərimlə əlaqədar olaraq Tiflis şəhərinə getməyim zəruridir. Buna görə də mənə yeddi gün məzuniyyət verilməsi haqqında xahişimi üzrxahlıqla Siz əlahəzrətin diqqətinə çatdırmağı özümə şərəf hesab edirəm. Xan Naxçıvanski. 6 oktyabr 1897".

 

Bu sənədlər tam şəkildə sübut edir ki, Müvəkkillər Məclisinin 1897-1904-cü illərə aid protokollarında və digər sənədlərində rastlaşdığımız "Xan Naxçıvanski" imzası məhz Cəfərqulu xan Naxçıvanskiyə aiddir.

 

Cəfərqulu xan Naxçıvanskinin kimliyi haqqında keçən əsrin 2000-ci illərinədək çox cüzi məlumatlar var idi. Hətta onun adı "Naxçıvan Ensiklopediyası"nın 2002-ci il birinci nəşrinə də düşməmişdi. Tədqiqatçılardan tarix üzrə elmlər doktoru F.Cəfərov və tarix üzrə fəlsəfə doktoru M.Quliyevin araşdırmaları nəticəsində Cəfərqulu xan Naxçıvanskiyə aid xeyli tarixi sənəd aşkara çıxarılmış, onun ömür yolu və fəaliyyəti haqqında oxuculara müəyyən məlumatlar verilmişdir. 2005-ci ildə çap olunan "Naxçıvan Ensiklopediyası"nın ikinci nəşrindən də Cəfərqulu xan Naxçıvanski haqqında məlumat almaq mümkündür.

 

İndi isə qayıdaq Mirzə Cəlilin atası Məşədi Məmmədqulunun Puşkin küçəsində yerləşən "bir neçə min manat dəyərindəki həyəti və bağı olan evini şəhərin xeyirinə güzəştə gedib kirayədə yaşaması" məsələsinin üzərinə.

 

Naxçıvan Dövlət Arxivində o vaxt Naxçıvanda rus şairi A.S.Puşkinin adına küçənin salınmasına aid də bəzi sənədlər saxlanılır. Üzərində rusca "Şahab-Əlixan məhəlləsinin Puşkin küçəsi adlandırılması haqqında" sözləri yazılan xüsusi qovluğa daxil edilən sənədlərdən aydın olur ki, 1899-cu ildə başlanan bu iş elə həmin ildə də başa çatdırılmışdır.

 

Birinci sənəd: Daxili İşlər Nazirliyi. Naxçıvan şəhər başçısı, Sadələşdirilmiş Şəhər İctimai İdarəsi ¹ 639, 15 iyun 1899.

 

Keçən 21 iyun 1766 nömrəli təlimata əsasən Naxçıvan şəhər planını Siz Əlahəzrətin diqqətinə çatdırmağı özümə şərəf bilirəm: Şahab-Əlixan küçəsi artıq bu il açılıb, uzunluğu 220 sajendir.

 

Şəhər başçısı Xan Naxçıvanski.

 

İkinci sənəd: 25 sentyabr 1899. ¹ 2740. İrəvan qubernatoru. Naxçıvan şəhər başçısına.

 

Bu ilin 10 may tarixli 121 nömrəli təqdimatınızda Naxçıvanda Şahab-Əlixan məhəlləsinin Puşkin küçəsi adlandırılması haqqındakı təklifinizə mənim tərəfimdən heç bir etiraz yoxdur.

 

İstinad etdiyimiz arxiv sənədlərindən belə nəticə çıxır ki, 1899-cu ildə Naxçıvanda Şahab-Əlixan məhəllələri boyu Puşkin küçəsinin salınması üçün  Məşədi Məmmədqulunun evi sökülmüşdür. Əgər belə deyildisə, o, "böyük ailəsi" ilə birlikdə nə üçün kirayədə yaşamalı idi? Belə olan surətdə isə professor Ə.Şərifin "Molla Nəsrəddin" necə yarandı" monoqrafiyasında yazdığı "Məmmədqulu haqqında məlum olan ən doğru və şübhəyə yol verilməyən budur ki, o, Naxçıvanda anadan olmuş və bütün ömrünü Pirqəmiş məhəlləsində, keçən əsrin sonlarından Puşkinin adına daşıyan küçədə atası Məşədi Hüseynqulunun tikdiyi evdə yaşamışdır" sözləri şübhə altına düşür.

 

Başqa bir fakt da düşündürücüdür. Məşədi Məmmədqulu Tiflisdə yaşayan  oğlu C.Məmmədquluzadəyə 13 mart 1904-cü ildə yazdığı məktubunda ona xəbər verir ki: "...küçə tərəfində böyük damın divarı yatdı. Lazımdır ora divari-təzə. Olsa, bir yaxşı böyük otaq olardı" Maraqlıdır. Məktubda hansı evdən söhbət gedir? Ə.Şərifin qeyd etdiyi "Məşədi Hüseynqulunun Pirqəmiş məhəlləsində tikdiyi" evdən, yoxsa Naxçıvan Şəhər Müvəkkillər Məclisinin 26 fevral 1900-cü il tarixli qərarı ilə Cəlil Məmmədquluyevə Sarvanlar məhəlləsində verilən boş torpaq sahəsində tikdirilən evdən?

 

Bu məsələnin daha da dəqiqləşdirilməsi yeni araşdırmalar tələb etdiyi üçün biz burada nəticə olaraq yalnız onu vurğulamaq istəyirik ki, 118 il bundan əvvəl H.Bədəlyansın Naxçıvan şəhəri ərazisindən torpaq sahəsi almaqla bağlı haqsız iddiasının vətənpərvər naxçıvanlı müvəkkillər tərəfindən rədd edilməsi dədə-baba torpaqlarımıza sığınıb onu hərraca qoymaq istəyən erməni xəyanətkarlarına layiqli bir cavab idi.

 

525-ci qəzet  2017.- 11 yanvar.- S.6.