ƏBDÜL DAYI
(Povestdən
parça)
Yusif
HƏSƏNBƏY
İllərlə hökm sürən Sovetlərin binəsi sökülür, tağları uçulurdu. Azərbaycanda dağıdıcı müxalifət dövlət başçısını ölkədən qaçırtdı. Hakimiyyətə gələn səriştəsiz prezident nüfuzlu kürsülərdən "Biz İranı özümüzə birləşdirib gücləndirəcəyik", "Çinə bayrağımızı sancmalıyıq", "Türklərə qardaş olarıq!" - deyə bağırır, özünü dünya ictimaiyyətinin gözündə kiçildir, gülünc vəziyyətə salırdı.
Ölkədə qapa-qap, çapa-çap başlanmışdı. Bəzi nazirlər balanslarında olan mülkləri, torpaq sahələrini, dövlət əmlakını dollara çevirib altlarını doldururdular. İcra hakimiyyəti başçılarının sərəncamıyla kəhrizlər, bulaqlar, göllər tikanlı məftillərlə çəpərlənir, örüşlər, yaylaqlar imkanlılar arasında bölüşdürülürdü.
Araya çökən sakitliyi "Koroğlu" üverturasının qıvraq sədaları pozdu. Kabinə uğuldadı. Telefondakı çağrışçının nömrəsini görən Məhərrəmin dodaqları qaçdı:
- Hə, Əbdül dayı, zəng vuran yoldaş Bədəlovdu! Özümü tanıyandan onu Qaraxanlıdakı Dövlət Bankının direktoru görmüşəm. İndi özəlləşdirib onu. Görürsən də kimlərlə işləyirik, - deyib lovğa-lovğa irişdi. Amma bu süni təbəssüm Əbdül kişini açmadı. Qaş-qabaq salladı. Bunu görən Məhərrəm də əsəbiləşdi. Telefonun bir neçə düyməsini birdən basdı. - Bəli, bəli! Məhərrəməm mən, eşidirəm, yoldaş Bədəlov. Nömrənizi görən kimi tanıdım. Bir qulluğunuz, tapşırığınız olsun!
- Sən hardasan indi? - dolu, amiranə səslə xəbər aldı Bədəlov.
-
Qaraxanlı yolundayam. Amma siz hara desəz, ora gələrəm.
Ancaq yoldaş Bədəlov, - səsi xırıldadı -
xeyir ola? Sən Allah, nə məsələdi?
Bir balaca ucundan-qırağından eşitdirin.
Bəlkə hazırlıq görüm?
-
Əşşi, problem yoxdu! Bilirsən, həyətimdə
bir-iki dana-duna var. Pay gətiriblər mənə. Amma bir neçə gündü kötrüm
düşüblər.
- Xəstədilər
bəlkə? - soruşdu Məhərrəm.
- Ola bilər.
İndi safa-çürüyə kim
baxır? Deyərəm, çatdırsınlar
onları da sənə? Sağaldarsan, ya elə
kəsərsən, neylərsən öz işindi. Eşitmişəm sən də ağına-bozuna
baxmadan əlinə düşəni kəsdirib ətini
göndərirsən marketlərə. Xəstəxanalara,
doğum evlərinə, uşaq bağçalarına da həmin
ətlərdən gedir. Deyirlər ki, maşınlarla
mal-qara da ötürürsən sərhəddən o tərəfə!
- Yox! Lap sən deyən kimi də deyil. Xəstə heyvanları veterinar həkimim
sağaldır.
-
Yaxşı da, bunları da ərit necə bacarsan. Pulunu yuxarı qiymətdən verərsən mənə.
Hə, bir vaxt tap, gəl yanıma. Faizsiz kredit düzəldim, apar. Sonrasını
da bilirsən də. Keçən dəfəki kimi, əl-əli
yusun, əl də üzü!
-
Çox sağ olun, yoldaş Bədəlov.
Amma o dana-buzov sarıdan heç narahat
olmayın. Əlbəttə! Kəsərik,
ya elə necə var satarıq. Düzəldərik,
düzələr!
Əbdül
kişi tikan üstə oturmuşdu elə
bil. Elə hey qurcalanırdı. Deməli, Məhərrəm o xəstə
heyvanları kəsdirəcək. Bu ətlər
də dükan-bazarlarda satılacaq, xəstəxanalarda,
uşaq bağçalarında bunlardan ləzzətli xörəklər
bişiriləcək? - Əbdül kişi
içini yeyirdi. Ancaq Bədəlovun təklifi
Məhərrəmi qanadlandırıb ala buluda
qaldırmışdı. Birdən qəflət
yuxusundan ayıldı elə bil. "Nədi,
ay Məhərrəm, odu söndürüb külnən
oynayırsan? Əsas məsələdən
yayınırsan axı! Bəs bu kişini niyə
oturtmusan yanında? Şabalıd gözlərinə
aşiqsən? Başıma
qışqırır, dözürəm. Elə
bağıraram ki, bağrı çatlayar.
Nazlandırdığım bəsdi! Qurtardı! Belə fürsət bir də ələ düşəcəkmi?
Çətin! Qızmış dəmir maşanın
ucundadırsa, onu soyutma! Zindan üstə oturdub döy!
Məhərrəm elə indicə - bu yolun içində
Nurcahanın elçiliyini eləyəcək, Əbdül
kişidən xeyir-dua alacaqdı.
- Hə,
Əbdül dayı, sən maşına minəndə
qanın bərk qaraydı. Elə hey namusdan,
qeyrətdən danışırdın. Mən
elə bildim ki, mənə atırsan bu kumufları.
- Sənə
niyə? Allah başına daş salmasın
Alsoltanın. Evində qonaqlıq
vermişdi mənə. Yediyimi burnumdan gətirdi.
"Çox əcəb. Mən qurtardım şübhələrdən!
Deməli, davası Alsoltanlaymış".
Üzü güldü Məhərrəmin.
Sonra da - Ay Əbdül dayı, ay can-ciyər - dedi - Axı
biz yaxın qohumuq. Yanından yel olub ötəni
nakazat elərəm. Bilmirəm necə
baxacaqsan bu məsələyə? Hamı
üçün adət olanı, mənimçün cinayət
saymazsan yəqin ki? Bir neçə həftə
bundan əvvəl maşınımla məhlənizdən
keçirdim. Evinizin qabağındakı
"Cəmşid" arxına çatanda maşını
yumaq, ora-burasına əl gəzdirmək keçdi ürəyimdən.
Arxa təkərlərini suya salıb vedrələri,
poroşokları, maçalkaları tökdüm yerə.
Birdən güclü gurultu, şaqqıltı
səsi gəldi həyətiniz tərəfdən. Dedim, bəlkə dağ çayı şahə
qalxıb. İndi süpürləyəcək
məni də, maşınımı da. Ancaq
nə gördüm? Bir-birindən bir az
havalı, yeniyetmə uşaqlarınız həyətinizdən
çıxıb hay-harayla doluşdular maşına. Döşəmə xalçalarını,
kabinkadakı ayaqaltıları da yerə tökdülər.
Pəncərələri yuyan kim, parpresin ləkələrini,
kapotun palçığını silən kim! Uşaqlar
yaxşı işləmişdilər. Ciblərinə
pul-para qoya bilərdim...
Əbdül
kişi yerindən dik atıldı:
- Qoydun?
Hökmlü, zabitəli səs Məhərrəmi
diksindirdi. Qurcuxub çiynini çəkdi.
- Pul
uşaqları korlayar. Yox, qoymadım.
- Lap əla elədin! Əla deyirəm, neynim, namusa boğulmuşam da! Eh... - dodaqlarını büzüb başını narazılıqla buladı - Əla deyirəm, amma bunun harasıdı əla? Heç olmasa bir-iki kitab-dəftər alardılar. Allah belini qırsın Alsoltanın. Üsullu-isbatlı yaşayırdıq da. Köhnə bazara təzə nırx qoydu. Rəvan axıb gedən çayın ağzını dikdirə caladı. Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Heç bilirsən noolub? İcra başçısının qoçuları evinin yanındakı Cümə məscidinin minarəsini yıxıblar onun barısının üstünə! Alsoltan minarəni dikəldib, yerinə qoymur.
Amma iki gün əvvəl Qarxun Məscidinin
axundu Hacı Mayis günorta azanında həmin o minarənin
başından ağzını aşağı tutub, ay camaat,
Raykopittifaqın sədri İsgəndərov yumurtanı
cücə qiymətinə satdırır deyib. Sonra əlavə
eləyib ki, müdür Məmmədovun göstərişiylə
avtobus sürücüləri adamları Bakıya, başqa
rayonlara da çox baha qiymətə aparırlar. Dili dinc
durmayıb bazarın içindəki Xalidşahın marketində
kərə yağına sana yağı qatırlar deyib.
İcranın qoçuları da Hacı Mayisi döyüblər.
Uçurduqları minarə Alsoltanın barısını
dağıdıb. Alsoltan bilməlidi ki, o Minarə kəndin bir növ
radio-qovşağıdı. Ərazidə baş
verən zorakılıqlar barədə xəbər verir əhaliyə.
Minarəni dikəltməlidi, amma dikəltmir.
Amma məni heçə-puça görə
dannıyır. Evinə
çağırmışdı. Yaxşı,
gen-bol süfrə açdılar. Nuşicanlıqla
yedik. Sonra yediklərimi burnumdan gətirdi.
Dedi- ə... bəsdi. özünü
yığışdır. Bənna
Əbülqasım sənin barını çəkdirir,
papaqçı Qulam hərdən ətdən-toyuqdan göndərir
sizə. Belə-belə hərəkətlər,
uşaqlarına da xoş gəlməz. Elə
mənə də toxunur sənin bu
düşüklüyün. Camaat torpaq
bölgüsündə əkin, örüş
götürüb. Sənə də
"Çılğalıq"-da yer veriblər. Daşdı, qaya-kəsəkdi hər
qarışı. Bax - deyə
böyrümə bir çimdik atdı. - Bax, biz bir
neçə yoldaşla fermer təsərrüfatı
yaradırıq. Birinin torpağı
yağışlı, dumanlı "Şimi" dərəsindədi.
Orda kartof əkəcəyik. O biri torpaq
çay qırağındadı, orda kələm, kök,
çuğundur əkiləcək. Mənim də
fermam var. Mal-qara kökəldəcəyik orda. Bəs səni necə qoşum özümüzə?
Daş-kəsəkdə nə bitirək?
- deyib, yapışdı yaxamdan, ay Məhərrəm,
mən onu belə ası bilməzdim. Danışdıqca
taxma dişləri irəli çıxır, titrəyirdi.
Alnını xəncəllə
doğram-doğram eləmişdilər elə bil. Qırışlar ovuna atılmaq istəyən kərtənkələ
kimi çırpınır, çabalayırdı. Papirosundan dərin bir qullab alıb özünü
sakitləşdirdi Alsoltan. Sonra da - Eh,
neynim, görüblər ki, adamın, pulun da yoxdu, fərsizsən,
sənə də o zay torpağı sırıyıblar -
deyib, bərk sancdı məni. Mən də dözmədim,
açıldım, nə açıldım ki...!
-
Düzdü, zəngin həyat təcrübən var, amma
noolsun, fantaziyan qısırdı, dedim. Torpağın
zayı, yararsızı, faydasızı olmur. Əgər
pay torpağımız bataqlıqdısa, suyunu qurudarıq,
torpağını satarıq. Elə ordaca
İtaliyada olduğu kimi ikinci bir Venetsiya şəhəri
salınar. Pay torpağımız balaca bir göl də ola bilər. Çox yaxşı! Halvaçı qızı daha şirin. Orda biz qızıl balıqlar yetişdirərik.
Amma mən Puşkinin "Balıqçı və
balıq" nağılındakı qoca balıqçı
kimi tora düşən sultan balıqdan villalar, xarici
maşınlar, nökərlər, qaravaşlar istəmərəm!
Uşaqlarımçın təknə dolu
çörək istəyərəm. Əgər pay
torpağım neft-qaz damarı üstündədisə, gəlirlərin
hesabına mən də babam Zeynalabdin Tağıyev kimi məktəblər
açar, fabrik, zavodlar tikərəm. Pay
torpağım "Çılğalıq"dadı, eləmi?
Sərvəti, bar-bəhəri də daş-kəsək,
qaya parçasıdı. Çox gözəl.
O daş-kəsəyin harda, nəyə sərf
olunacağını mən bilirəm - deyib
sağollaşmadan çıxdım evlərindən. "Hə...
- mızıldandı astadan, dodaqları
qaçdı Məhərrəmin. - Deməli
Əbdül dayının qanını Alsoltan
qaraldıb".
- Hə,
belə-belə işlər , - deyərək
əllərini bir-birinə çırpdı Məhərrəm,
- Hə, Əbdül dayı, maşını yumaqdan danışırdım
axı! Salondakı ayaqaltıları
çırpıb-süpürən qızlar yorulub əldən
düşdülər. Bəs mən də
könüllərini almalıydım axı?! Ehtiyatlı çıxıram evdən. Bir az yemək, bişmiş də
götürürəm hərdən. Bardaçokumda
cürbəcür çərəzlər, növbənöv
ədavalar olur. Əlimə düşəndə
paxlava, şəkərbura də atıram ora. Şüşə konfetlərlə, peçenyelərlə
doldurdum qızların ciblərini.
-
Çox nahaq yerə! Sən də bil,
başqalarına da başa sal. Nə mənə, nə
də arvadım Şahzadaya - bir söznən ailəmizdən
heç kimə, heç kim, heç nə
verməsin bundan o yana! Mən qadağa qoyuram!
Məhərrəm Əbdül dayının bu
qadağa-yasağına sən deyən elə bir əhəmiyyət
vermədi. "Eh, hirslidi, danışır da. Hədiyyədən,
paydan kim qaçar? Bəs o da kişidi
axı! Şaqqatarını sındırmır, mənliyini
qoruyur, özünü gözütox göstərir", -
düşündü.
525-ci qəzet 2018.- 12 yanvar.- S.7.