Balaca dostlara hədiyyə
Mustafa ÇƏMƏNLİ
Dünyasını dəyişmiş bir yazıçının əsərləri
ilə baş-başa
qalıb, yaradıcılığına
nəzər salmaq, povest və hekayələrini seçib
kitab tərtib etmək nə qədər xoşdursa, bir o qədər də məsuliyyətlidir. Çünki sən Allahın dərgahında olan bir yazıçının
ruhu qarşısında
məsuliyyət daşıyırsan.
Bu işi gərək
elə görəsən
ki, onun ruhu şad olsun.
Bu, sənin vətəndaşlıq,
həm də həmkarlıq borcundur.
Budur, Nəriman Süleymanovun ayrı-ayrı vaxtlarda çap edilmiş irilixırdalı on dörd
kitabı qarşımdadır:
"Balaca atlı",
"Qaraçı qızı",
"Qocalar və uşaqlar", "Tək
çiçək", "Göy qurşağı",
"Tərs külək",
"Əsas ürəkdir"
və s. Nəriman Süleymanovun "Balaca atlı" adlı ilk kitabı 1956-cı ildə
nəşr olunub. Cəmi beş
hekayədən ibarətdir.
"İnsan yaşayır"
adlı sonuncu kitabı isə 1989-cu ildə nəşr edilib: öz sağlığında. Sonuncu
kitabından sonra Nəriman Süleymanov cəmi altı il yaşadı.
Vətənpərvər, yurdsevər,
qayğıkeş, istiqanlı
insanlar bu altı ili
hansı ağrı ilə, nigarançılıqla
başa vurmuşdusa, Nəriman müəllim də o sayaq yaşadı. Bir-birindən gözəl şəhərlərin
işğalını görən,
vətənin hər guşəsində şəhid
qəbiristanlıqlarına rast gələn, qaçqın-köçkün müsibətlərinin şahidi
olan bir yazıçı-vətəndaş nə sayaq yaşaya
bilərdisə, o sayaq
yaşadı. Axı onun
dünyaya göz açdığı Körpülü
kəndi də keçən əsrin iyirminci illərində əsassız olaraq Ermənistana bağışlanmışdı.
Baş vermiş hadisələr onu o ağrılı-acılı
günləri yenidən
yaşamağa vadar etmişdi.
Nəriman Süleymanov uşaq yazıçısı kimi
tanınıb sevilmişdi. Görünür, heç nə təsadüfi deyildir.
Nəriman müəllim 1952-ci ildə ADU-nun filologiya fakültəsinin jurnalistika
şöbəsini bitirmişdi.
Elə o
zamandan da taleyini uşaq mətbuatına bağlamışdı.
"Pioner" jurnalında ədəbi işçi kimi işə başlamış,
1977-ci ildən ömrünün
sonuna - 1995-ci ilə kimi isə həmin
jurnalın baş redaktoru vəzifəsində
çalışmışdı. Nəriman müəllim bir yazıçı, redaktor
olaraq daim məktəbli uşaqlarla,
müəllimlərlə, valideynlərlə
ünsiyyətdə olduğundan
onların arzu və istəklərindən
yaxşı xəbərdar
idi. Buna görə də onun yazdığı hekayələr mövzu əlvanlığına, təbiiliyinə,
dilinin sadəliyinə,
səmimiliyinə görə
seçilir.
Hər bir yazıçı, ilk növbədə,
öz dövrünün
övladıdır. O, yaşıdlarının,
ətrafındakı insanların
duyğu-düşüncəsini qələmə alır. Nəriman müəllimin də uşaqlıq çağı
İkinci Dünya müharibəsi dövrünə
düşmüşdü. Əzizləri müharibəyə getmiş minlərlə uşaq kimi o da həmin dövrün
çətinliklərini yaşamış,
bu hadisələr onun yaddaşında möhkəm iz salmışdı. Buna görə də sonralar bir çox
hekayələrində müharibə
dövrünün yaşantıları,
arzu və istəkləri öz əksini tapmışdı.
Nəriman Süleymanovun "Ana quşun
yuxusu" adı altında tərtib etdiyimiz bu kitabında
onun kiçik və yeniyetmə uşaqlar üçün
yazdığı hekayələri
toplanıb. Bu hekayələrdə
Nəriman müəllimin
dərin müşahidə
qabiliyyətinin, həssas
yazıçı-vətəndaş mövqeyinin şahidi oluruq. Bu hekayələrdə
biz Azərbaycan təbiətinin
gözəlliyini, heyvanat
aləminin zənginliyini,
özünə xas xüsusiyyətlərini, balaca
və yeniyetmə dostlarımızın zəngin
dünyalarını görürük.
Hekayələrdə təsvir olunan
təbiət də, uşaqlar da, onların ata-anaları da mahiyyət etibarı ilə bir-birini tamamlayır.
Hər bir hekayədə oxucuya humanist duyğular, vətənə, dosta sədaqət, saflıq, məhəbbət, sevgi hisləri aşılanır.
İnanırıq ki, balaca dostlar
illüstrasiyalarla müşayiət
olunan "Ana quşun
yuxusu" kitabını
maraqla oxuyacaq, bu hekayələrin müəllifini həmişə
xoş duyğularla yad edəcəklər.
525-ci qəzet.-2018.-12 yanvar.-S.7.