110 yaşlı "Leyli və Məcnun": ülvi hisslərin əbədi səhnə təcəssümü

 

Üzeyir Hacıbəyli! Bu əfsanəvi insanın, əvəzsiz bəstəkarın adı zamanın məhvərindən çıxaraq əbədiyyətə qovuşub artıq. Ulu təbiət özü əsrarəngiz musiqi səltənətinin xəzinə açarını məhz Üzeyir bəyin zehninə, ürəyinə etibar etmişdi.

 

Onun yaratdığı "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" kimi şedevrlər sanki bir bəstəkar təxəyyülünün məhsulu deyil, yüz illərdir insanlara tanış olan xalq musiqisidir.

 

Bu gün 110 illik yubileyini qeyd etdiyimiz "Leyli və Məcnun" bəstəkarın ilk operasıdır. Dahi Üzeyir bəy bu əsəri 1907-ci ildə 22 yaşında ikən qələmə almış, opera ilk dəfə 1908-ci il yanvarın 25-də H.Z.Tağıyevin teatrında tamaşaya qoyulmuşdu. Bu əsər əvvəlindən sonuna qədər gənc Üzeyir bəyin işıqlı ruhunun inikası, ülvi hisslərin əbədi  təcəssümüdür.

 

Əsərin yaranması haqqında Ü.Hacıbəyli yazır: "O zaman mən - operanın müəllifi ancaq solfecionun əsaslarını bilirdim (bunu seminariyada öyrənmişdim), harmoniya, kontrapunkt, musiqi formaları, yəni bəstəkarın bilməli olduğu şeylər haqqında isə heç bir təsəvvürüm yox idi".

 

Bütün çətinliklərə baxmayaraq, Üzeyir bəy bu operasında Şərqin muğamları ilə Qərbin sinfonizminin vəhdətini böyük məharətlə yaratmış, operada bəstəkarın möhtəşəm musiqisi hadisələrin gedişatına daha da təkan vermiş, demək olar ki, onun bir dramatik bəstəkar kimi istedadı bu əsərdə daha parlaq təzahürünü tapmışdı. "Leyli və Məcnun" operasının böyük hüzn və kədər yüklü ayrı-ayrı musiqi  parçaları xalq arasında geniş yayılıb və müstəqil əsərlər kimi bu gün də ifa olunmaqdadır.

 

İlk tamaşasından bu günədək Azərbaycan xalqının ülvi məhəbbət himninə çevrilmiş bu operanın libretto müəllifi də dahi bəstəkarın özüdür.

 

Qeyd etməliyik ki, bəstəkarın kiçik qardaşı Ceyhun bəy Hacıbəyli də "Leyli və Məcnun" operasının meydana gəlməsində, ədəbi mətnin tərtibində çox yaxından iştirak etmişdi. Təsadüfi deyildi ki, "Leyli və Məcnun"un ilk afişasında Üzeyir bəylə yanaşı, onun da adı yazılıb. Əsərin ilk tamaşası haqqında Ceyhun bəyin xatirələrindən oxuyuruq: "...Nəhayət, o əlamətdar gün, daha doğrusu, əlamətdar axşam gəlib çatdı. Hamımız həyəcanlanırdıq. Tamaşanın, demək olar ki, bütün çətinliyi Üzeyirin üzərinə düşürdü. O, hələ də yorulmaq bilmədən məşqlər keçirirdi. Bu hadisənin hansı gün və hətta hansı fəsildə olduğu yadımda deyil. Bircə onu bilirəm ki, 1908-ci il idi...

 

Üzeyir dirijor çubuğunu qaldırdı və Tağıyev teatrının tamaşaçı ilə dolu zalı gərgin bir maraqla tamaşanın başlanmasının şahidi oldu.

 

Tamaşaçılar bütün tamaşa boyu susur, hətta aktyorları alqışlamağa da cəsarət etmirdilər. Təkcə, xususilə sentimental tamaşaçıların gözlərindən axan yaş diqqəti cəlb edirdi. Leylinin atası öz qızını Məcnuna ərə verməkdən qəti imtina edəndə bütün tamaşaçılar həyəcanlanmışdı. Yalnız tamaşanın sonunda alqış sədaları eşidildi və əvvəldən axıradək özünü təmkinli aparmış tamaşaçılar, nəhayət məmnunluq duyğularını, bu vaxtadək görmədikləri tamaşadan aldıqları ləzzəti ifadə etdilər.

 

Həvəskarların quruluşunda ilk Azərbaycan operasının tamaşası belə başlandı və belə qurtardı".

 

Dahi bəstəkar, ictimai xadim, akademik Q.Qarayev yazırdı: "Üzeyir Hacıbəylinin həyatının məqsədi irəliyə doğru hərəkət, böyük, fundamental yaradıcılıq məsələlərini həll etmək olmuşdur. Bu yüksələn xətt üzrə tərəqqi "Leyli və Məcnun" ilə bəstəkarın yaradıcılığının zirvəsi olan "Koroğlu" arasındakı böyük fərqdə xüsusilə nəzərə çarpır. Lakin "Koroğlu" nə qədər zəngin, sənətkarlıq nöqteyi-nəzərindən yüksək olsa belə, yenə də "Leyli və Məcnun" operasını kölgədə qoymur. Azərbaycan xalqının ürəyində "Leyli və Məcnun"un xüsusi yeri vardır və bu yer əbədidir. Opera səhnəmizin ən yaxşı əsərlərindən biri olan "Leyli və Məcnun" təkcə Azərbaycanda deyil, bütün yaxın Şərqdə ilk opera olmuşdur. Bu, Üzeyir Hacıbəylinin incəsənətimiz üçün misilsiz xidmətlərindən biridir".

 

Üzeyir bəyin qardaşı oğlu, məşhur dirijor Niyazi bəstəkarın bu ölməz əsərini XVII əsrdə Florensiya və Venesiya bəstəkarlıq məktəbləri nümayəndələrinin yaratdıqları ilk operalara bənzətmiş, keçmişin məşhur musiqi abidələri ilə bir sırada durduğunu söyləmişdi. Ü.Hacıbəylini həm də ustad dramaturq kimi səciyyələndirən Niyazi yazırdı: "Leyli və Məcnun" operasının yaradılmasında istedadlı bəstəkar Hacıbəyli, gözəl dramaturq Hacıbəylinin köməyinə gəlmişdir".

 

"Leyli və Məcnun" operasının səhnə coğrafiyasının genişliyi başqa xalqların da bu əsərə böyük marağından, məhəbbətindən xəbər verir. Azərbaycanın hüdudları daxilində bu əsər Ağdamda, Ağdaşda, Naxçıvanda, Şəkidə, Füzulidə, Mingəçevirdə, Lənkəranda, Qazaxda, Şamaxıda və başqa bölgələrdə dəfələrlə tamaşaya qoyulub, hər bir azərbaycanlının bu sənət incisini canlı səhnədə izləməsi üçün şərait yaradılıb. Ölkəmizin hüdudlarının xaricində isə "Leyli və Məcnun" operası Tehranda, Təbrizdə, Aşqabadda, Tiflisdə və başqa şəhərlərdə böyük uğurla səhnələşdirilib və "Şərqin "Romeo və Culyetta"sı" adını qazanıb.

 

Türkiyəli tamaşaçılar Üzeyir Hacıbəylinin əsərləri ilə hələ keçən əsrin əvvəllərindən tanışdırlar. 1919-cu ildə Azərbaycan artistləri Türkiyədə qastrol səfərində olmuş, "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarını orada nümayiş etdirmişlər. Heç təsadüfi deyil ki, görkəmli türk yazıçısı, "Çalı quşu", "Damğa", "Dodaqdan qəlbə" əsərlərinin müəllifi Rəşad Nuri Güntəkin Üzeyir bəyin əsərləri ilə tanış olduqdan sonra "Azərbaycan teatrı" adlı məqalə yazmış, bu əsərlərə ideya və sənətkarlıq baxımından yüksək qiymət vermişdi. O, Üzeyir bəyin operettalarını yumor səviyyəsinə görə böyük fransız komediya ustası Molyerin əsərləri ilə müqayisə etmişdi. Türkiyəli tamaşaçılar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasına yenə də heyranlıqla tamaşa edirlər. 2016-cı ilin yanvar ayında Üzeyir Hacıbəylinin bu ölməz əsəri Türkiyə Cümhuriyyətinin Ankara şəhərindəki Dövlət Opera və Balet Teatrında professor Əflatun Nemətzadənin quruluşunda böyük uğurla tamaşaçılara təqdim olundu. Tamaşanın dirijoru professor Fəxrəddin Kərimov, baş rolların ifaçıları isə İlkin Əhmədov və Arzu Əliyeva idi. Qeyd edək ki, baş rol ifaçılarının səhnəyə hazırlanmasında Xalq artisti Mənsum İbrahimovun böyük əməyi var.

 

2018-ci ildə isə "Leyli və Məcnun" operası 110 ilik yubileyi münasibətilə Rusiyanın paytaxtı Moskva şəhərində "Siti Holl Krokus"da tamaşaya qoyulacaq. Konsert salonunun çoxmillətli auditoriyasını nəzərə alaraq, bu tamaşaya əvvəlcədən böyük hazırlıq işləri görülüb. Əsərin təqdimatından öncə tamaşaçılara paylanmaq üçün operanın məzmunu müxtəlif dillərdə, kiçik informasiya şəklində dərc edilib.

 

Dünya və Azərbaycan mədəniyyətinin nadir incisi olan bu operaya dövlətimiz də öz qayğı və diqqətini heç zaman əsirgəməyib. Əsər bu gün də Opera və Balet Teatrının repertuarından düşmür. Ötən il iyulun 30-da IX Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışında Azərbaycan Dövlət Akademik Milli Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası da təqdim olundu. Orkestri Xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edirdi. Əsas obrazlarda Gülyaz Məmmədova və Elnur Zeynalov səhnəyə çıxdı. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnələşdirilmiş bu misilsiz operaya dünyanın bir çox ölkələrindən gəlmiş musiqisevərlər öz heyranlıqlarını sürəkli alqışlarla bildirdilər.

 

Üzeyir bəyin və "Leyli və Məcnun"un yubileylərində operanın partituraları, klavirləri dəfələrlə dərc olunub, valları, lent yazıları, diskləri, vaxtaşırı işıq üzü görüb. Bütün bu sadalanan nümunələrdən nüsxələr böyük bəstəkarın ev muzeyində qorunub saxlanılır. Budur, qarşımızda əsərin yaranmasının 75 illik yubileyi münasibətilə nəşr olunmuş partitura var. Bəstəkar Nazim Əliverdibəyovun redaktəsi ilə 1983-cü ildə "İşıq" nəşriyyatı tərəfindən çap edilmiş bu partitura əsl sənət əsəridir. Qırmızı cildli kitabın üstü fil sümüyündən düzəldilmiş inkrustasiya, qızıl və gümüş lövhələr ilə çox nəfis şəkildə bəzədilib. Bu kitab bəstəkarın ev muzeyində nümayiş etdirilən ən qiymətli əşyalardan biridir.

 

Ev muzeyində "Leyli və Məcnun" operasına həsr edilmiş daha bir sənət əsəri var. Bu, rəssam Nəcəfqulu İsmayılovun "İki dahi" adlandırdığı misdən hazırlanmış üç hissəli kompozisiyasıdır. Rəssam bu triptixdə 16-cı əsrin dahisi Məhəmməd Füzuli ilə 20-ci əsrin dahisi Üzeyir Hacıbəylini birlikdə təsvir edib. Ortada onların müştərək əsəri "Leyli və Məcnun"dan bir fraqment həkk olunub. Bu metal triptix də bəstəkarın ev muzeyinin çox dəyərli əşyalarındandır.

 

Burada, "Leyli və Məcnun" operasına ayrılmış guşədə, çəhrayı ipəkdən hazırlanmış bir proqram ev muzeyini ziyarətə gələnlərin böyük marağına səbəb olur. Bu proqram 2 yanvar 1909-cu ildə H.Z.Tağıyevin teatrında tamaşaya qoyulmuş operanın proqramıdır. Proqram-afişa əski əlifba ilə Azərbaycan dilində və rus dilində çap edilib. Aradan keçən uzun zaman bu ipək afişanın rəngini bugünəcən də soldura bilməyib.

 

Hər zaman olduğu kimi, bu il də əsərin yubileyi ərəfəsində ev muzeyində geniş hazırlıq işləri görülür, əsərin 110 illik tarixini əks etdirən sərgi hazırlanır. Yubiley münasibətilə keçiriləcək tədbirdə səslənəcək musiqi nömrələrinin məşqləri keçirilir.

 

110 il bundan öncə səhnəyə çıxarılan ilk milli operamız öz sonsuz şöhrətini qoruyub saxlamaqdadır. İllər keçəcək, amma 22 yaşlı gənc Üzeyirin dühasının məhsulu olan "Leyli və Məcnun" operası öz təravətini itirməyəcək, azərbaycanlıların, eləcə də dünya xalqlarının musiqisevərlərinin, sevib-sevilənlərinin qəlbini hər zaman riqqətə gətirəcək.

 

Gülnarə ƏLƏSGƏROVA

Üzeyir Hacıbəylinin Ev Muzeyi Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri

 

525-ci qəzet.-2018.-12 yanvar.-S.6.