Qrossman, Dostoyevski və...
Namiq Abdullayev...
(Esse)
NARINGÜL
Yazı
prosesində cidd-cəhdlə ərazisi Pluton planetinin ərazisindən
də böyük olan, ədəbiyyat tarixinə, xüsusilə
XIX əsrdə vermiş olduğu istedadlı qələm
sahiblərinə görə dünyada birinci hesab edilən
Rusiyanın şöhrətli yazıçısı
Dostoyevski ilə bizim fantast yazıçımız Namiq
Abdullayev arasında əlaqə qurmağa
çalışıram.
Əslində,
bu əlaqə yazıçı Əjdər Olun "Qəzənfər
müəllimgilin Şuşaya yürüşü"
kitabında ilk olan "Yazıçı Namiq Abdullayevin
axırı"
hekayəsini oxuduqdan sonra beynimdə intuitiv şəkildə
qurulur. Düşünürəm ki, baş
açmadığımız dünyada müxtəlif təzadlı
hadisələrə, fərqli coğrafi ərazilərə,
baş verən
kataklizmlərə insanlar tərəfindən eyni
rakusdan baxmaq mistikası da var. Bəlkə yazı da elə
bir mistikadır. Həm də inadla yazı prosesində mətnimin
dekonstruksiyasına çalışıram.
Lev
Qrossman məşhur rus yazıçısı F. M.
Dostoyevskinin portretini yaratdı və "Dostoyevski" portret
romanı heç də Dostoyevskinin yazdığı romanlardan
az oxunmadı. Şəxsən
mənim üçün Dostoyevski
yaradıcılığına maraq "Dostoyevski"
romanından sonra yarandı. Dostoyevski bütün
varlığıyla insanları öyrənməyə
çalışır, onların iztirab və əzablarına
öz fantaziyasını, rəngli yazıçı təfəkkürünü
əlavə edib qələmə alırdı. Qrossman
isə Dostoyevskinin həyatını fantaziyasız, rəngsiz
qələmə aldı və sevdirdi. Qrossmanın
portret romanını oxuyarkən böyük bir izdihamın
içinə düşürsən, hadisələr
burulğan kimi adamı alıb aparır.
Tanınmış
yazıçımız Əjdər Ol Azərbaycanın fantast
yazıçısı Namiq Abdullayevin portret hekayəsini
yazdı və yenicə çapdan çıxmış
"Qəzənfər müəllimgilin Şuşaya
yürüşü" kitabına daxil etdi. Əjdər Ol
öz dostu üçün əlindən nə gəlirdisə
etdi, insanlardan bacardıqca gizlənməyə
çalışan fantast yazıçının portretini məharətlə,
ən dəqiq detallarıyla işləyib göz önündən
asdı.
Hər iki portret yazı məharətlə işlənib,
hər iki yazı müəllifi öz qəhrəmanının
taleyini soyuqqanlıqla təsvir edir və onu xilas etməyə
çalışır. Düşünürəm ki, ümumiyyətlə, portret
yazılarında müəlliflər insan taleyinin içərisində
arın-arxayın, soyuqqanlıqla gəzişməsə,
yazı əsla alınmaz. Amma portret yazıları müəllifdən
cəsarət də tələb edir: birdən təsvir etdiyin
portret qəhrəmanın özündən böyük
alındı, yaxud əksinə.... Həm də
portret yazıları heç bir romantikaya, fantaziyaya uyğun gəlmir,
yazı prosesində müəllifin xəyala dalmağa
vaxtı yoxdur, hər şey dəqiq hesablanmalıdır. Belə yazılarda
yalnız müəllif danışır və sən dinləyirsən.
Və sonda hər şey aydındır, and
içə bilərsən ki, bu qəhrəmanı
tanıyırsan. Portret yazılarda elə əsas məqsəd
də budur: qəhrəmanını olduğu kimi tanıda
bilmisənsə, demək, məqsəd hasil olub.
Görəsən, Dostoyevski sağ olsaydı, Qrossman tərəfindən
çəkilən portretinə reaksiyası necə olardı?
Yazıçı öz portretinin
önündə ruslara məxsus bir ədayla təzim edərək,
ehtiras və coşğunluqla, həm də utopikcəsinə
uzun bir nitq icad edərdimi? Yaxud mütəəssir
olaraq kövrəlib dizi üstə çökərdimi? Kim bilir...
Bəs Əjdər Olun "Yazıçı Namiq
Abdullayevin axırı" hekayəsindən sonra bizim fantast
yazıçımızın öz portretinə reaksiyası
necə olardı? Özünü görmək əzabını
yaşayardımı? Öz təkliyindən
heyrətə gəlməzdi ki? Öz aramızdır, bu
portret hekayədə Əjdər Ol
fantast yazıçının tənhalığına
o qədər "rəğbətlə" yanaşıb
ki, cızdığı tənhalıq qəhrəmanın
özündən də böyük alınıb. Həm də təsvir etdiyi təkliyin qorxusu
çox vahiməlidir. Yəqin ki, Namiq Abdullayevin heç ağlına da gəlməzdi
ki, öz yaşam tərziylə istedadlı dostu
üçün ədəbi obraz rolunu oynayır,
qarşı tərəfin yaddaşına sətir-sətir
yazılır. Görəsən,
özünü görmək necə hissdir? İnsan öz tablosunda ürəyini, əllərini,
ayağını hiss edirmi? Şəxsən mən
dözməzdim...
Deyim ki, Dostoyevski ilə bizim fantast
yazıçımız Namiq Abdullayevin arasında yerlə-göy
qədər fərq var. Əslində, yazıçı Namiq
Abdullayev, həm də, Dostoyevskinin ədəbi qəhrəmanıdır.
Qrossmanın
"Dostoyevski" portret romanının qəhrəmanı
inqilabçı olmasa da, azadlıq ideyalarını təşviq
etmək, təhkimçiliyi, senzuranı, bərabərsizliyi
və yoxsulluğu ləğv etmək üçün
müxtəlif dərnəklərə qatılır, uzun bir
mübarizə yolu qət edir, Petraşevski dərnəyi,
Alekseyev qalası, Semyonov meydanı, Sibir katorqası, Omsk həbsxanası,
Seminalatinski katorqa şəhərciyi kimi məkanlardan
keçir. Odur ki, Dostoyevski öz roman qəhrəmanlarının
ictimai xarakterini dəqiqliklə ifadə edir. Onun ədəbi
qəhrəmanları həyatdan götürülmüş qəhrəmanlardır:
Omsk həbsxanasındakı şallaq və dəyənək
ustaları, zadəganlar zümrəsinə mənsub olanlar,
iztirab çəkən sadə, zəhmətkeş yoxsullar, təhqir
olunmuş insanlar... O, məhz Omsk həbsxanasından sonra "Ölülər
evindən qeydlər"i yazır, Raskolnikov, Stavrogini, Karamazov
surətlərini yaradır.
Buna görə də rus prozaiki Qrossman üçün
böyük yazıçını geniş ictimai-siyasi mənzərələrin
fonunda vermək o qədər çətin deyil. Hər
şeydən əvvəl əlinin altında böyük xronoloji
material var.
Amma Azərbaycanın
fantastik hekayə yazarı Namiq Abdullayev öz hücrəsində
yaşayır, dünyanı, dünyada baş verənləri
kənardan seyr edir, olanları daha çox öz empirik düşüncəsiylə
dərk edir. Onun başqasının faciəsini
duymağa, iztirablarını çözələməyə
vaxtı yoxdur, çünki öz faciəsini oynayır.
Əjdər Olun qəhrəmanı ölkədə
sovet quruluşunun dağılıb, siyasi hərc-mərclik
yarandığı dövrdə yaşayır, lakin heç
bir siyasi fəallıq göstərmir. Siyasi
fəallıq göstərmədiyi üçün
sürgünə filana da məhkum edilmir. Bizim
fantast yazıçının qeydə alınacaq zəngin
xronologiyası da yoxdur, real roman qəhrəmanları da yarada
bilmir. O, qəhrəmanları ancaq xəyalında yarada
bilər, onun ədəbi qəhrəmanları Əjdər
Olun dili ilə desək, "paralel planetlərdə
yaşayan insanlarla dostluq edən, sevişən,
keçmişə və gələcəyə gedib-gələ
bilən, beyinə qoşulmalarla yuxularda istəklisiylə
görüşən, xəyalında uşaq doğub
böyüdən, su pərilərilə
pıçıldaşan, divlərlə nəfəs-nəfəsə
dayanan" insanlardır.
Bu
baxımdan Əjdər Olun heç də Qrossman qədər "bəxti
gətirmir". Amma o da peşəkarlıq edib
öz qəhrəmanına Freydcəsinə yanaşır, həm
də öz cəmiyyətini yaxşı tanıyır.
Bəlkə də ona görədir ki, Əjdər
Olun hekayəsində dərin bir sükut var, heç bir səs
eşidilmir, kiçik bir qımıltı, xəfif bir
ürpəndi belə hesabdandır. O, ətrafı
rentgen kimi görür. Və yaxşı ki, belə
görür. Yoxsa belə məharətlə
işlənmiş tablo dünyasında alınmazdı. Ümumiyyətlə, mənə elə gəlir
Əjdər Ol nə yazırsa-yazsın, sonunda bir portret
yazı alınacaq.
Qrossmanın qəhrəmanı kimi Əjdər Olun qəhrəmanı
da qərarsızdır. Bəzən hara gedəcəyini, taleyin yolunun harda
olduğunu bilmir, idrak yolu ilə olmasa da, insan instinqinin təlqin
etdiyi şəkildə özünü xilas etməyə
çalışır, amma buna necə nail olur, bu, başqa məsələdir...
Dostoyevski
insanın daxili sarsıntılarını o qədər məharətlə
sərgiləyir ki, adama elə gəlir ki, bəlkə də
yazıçı ətrafdakı adamların obrazını
yaşayır və xilas olmaq, özünü tapmaq
üçün bir dayaq nöqtəsi, yapışmaq
üçün bir əl gəzir və özlüyündə
deyəsən, bu əli tapır: onunçün ən
şirnikdirici, ən rahat əl qumarxanalardakı
"ruletka" oyunudur. Şöhrətli
yazıçı qumara üz tutur və bu hal ötəri də
olsa, yazıçının həyatında
sarsıdıcı izlər buraxır.
Namiq
Abdullayev də öz tənhalığından, durmadan onu çək-çevirə
salan, "vasvasılıq" edən "mən"indən
qurtulmaq üçün içkiyə qurşanır. Xilas yolunu orda axtarır. Məhz
bu içki onu daha da ətalətə sürükləyir.
Qrossman öz qəhrəmanının həyatına
müdaxilə edir. Siyasi mübarizəsinə görə edam
hökmüylə Semyonov meydanına gətirilən, Sibir
katorqasında minbir əziyyət çəkən
yazıçının düşüncəsində sonradan
yaranmış təzadlar, “ictimai-siyasi hadisələrdən
kənara çəkilərək irticanı dəstəkləməsi"
Qrossmanı təəssüfləndirir. O, kədərlə
yazıçının taleyi haqqında öz şəxsi
hökmünü verir: "Bu, onun iztirablı həyatının
bəlkə də ən böyük faciəsi idi".
Əjdər Ol da öz qəhrəmanını, daha
doğrusu, qəhrəmanının tənhalığını
gözdən qoymur. Müəllif öz yazar dostunun bu tənhalığın
əlində qalmasına təəssüflənir:
Yaşamağa yeri olmayan, yardıcılıq evində gecələyən
Namiq Abdullayevə birotaqlı ev verirlər.
Sən demə, ona yaşamaq üçün ev
deyil, tənhalıqdan qurtarmaq üçün ən
azından uzaqdan da olsa, tamaşa edə biləcəyi adam
izdihamı lazımmış. Müəllif yana-yana qeyd edir
ki, elə gözdən-könüldən uzaq olan bu ev yazıçı Namiq Abdullayevin
axırına çıxdı.
Qrossmanın qəhrəmanının həyatında çoxlu qadınlar olub. Dostoyevski sevgiyə həmişə açıq olub, ehtiraslı duyğu seli onun həyatını təlatümlü edib. Ağrılı-acılı sevgi məcəralarının içərisində itib batan böyük yazıçı onu xilas edəcək qadını axtarır və sonda tapır. Anna Qriqoryevna adlı bir stenoqrafçı qadın xəstə və yoxsul Dostoyevskini xilas edir. Bu qadın onu göylərdən həyata endirir, ömrünü uzadır.
Namiq Abdullayev də qadınlara qarşı biganə olmayıb, sevdiyi, həsrətini çəkdiyi qadınlar olub. Az-çox ünsiyyət qurduğu qadınlar da yox deyil. Lakin sonda onu yerin dibindən çıxarıb xilas edəcək qadın tapılmayıb. Yoxsa, bəlkə də, hər şey başqa cür olardı, yazıçının həyatı başqa səmtə yönələrdi. Təbii ki, bütün hallarda Namiq Abdullayev Dostoyevski deyil, heç Dostoyevskinin özü də Namiq Abdullayev deyildi...
Və hər iki hekayənin sonu gün kimi aydındır: başqa cür yekunlaşa bilməz. Çünki necə olmasından asılı olmayaraq, günün sonunda günəş mütləq qürub edir...
525-ci qəzet.-2018.-12 yanvar.-S.6.