Azərbaycan cümhuriyyətin 100 illiyinə ciddi hazırlaşır

 

ELÇİN ƏHMƏDOV: “PREZİDENT İLHAM ƏLİYEV DÖVLƏTÇİLİK TARİXİ VƏ ƏNƏNƏLƏRİNƏ BÖYÜK DƏYƏR VERİR”

 

2018-ci il Azərbaycan dövləti və xalqı üçün müsəlman şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhruiyyətinin 100 yaşının tamam olması ilə əlamətdardır.

 

1918-ci il mayın 28-də Azərbaycanın tərəqqipərvər siyasi elitası, müdrik şəxsiyyətlərinin əsasını qoyduğu cümhuriyyət cəmi 23 ay mövcudluğunu qoruya bilsə də, 70 il sonra xalqımızın yenidən müstəqillik hərəkatına atılaraq öz müstəqilliyini təmin etməsinə hüquqi əsas yaradıb. Nəticədə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi kimi müasir Azərbaycan Respublikası Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini bərpa edib. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Cümhuriyyətin baniləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəylinin misilsiz xidmətlərini daim yüksək qiymətləndirən, bu şanlı tarixi qürurla yaşadan Azərbaycan xalqı və dövləti müstəqilliyimizin 100 illiyinə böyük coşğu ilə hazırlaşır. Bu əlamətdar, böyük tarixi əhəmiyyət daşıyan hadisə ərəfəsində prezident İlham Əliyevin xüsusi sərəncam imzalaması, daha sonra isə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ölkə ictimaiyyətinin böyük rəğbətiylə qarşılanıb. Bu, həm də cümhuriyyət tarixinin daha da dərindən öyrənilməsi, eyni zamanda, dünyaya tanıdılması baxımından olduqca önəmli hadisədir.

 

Yanvarın 10-da prezident Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev qeyd edib ki, yüz il əvvəl müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yaradılıb: “Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan, öz praktiki fəaliyyətində təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır”.

 

Heç şübhəsiz, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə ölkəmizin sosial-iqtisadi nailiyyətlərini artırması, ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlarla münasibətlərini genişləndirməsi, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrini inkişaf etdirməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Əgər cari ildə dövlətimizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunarsa, bu cümhuriyyətin 100 illiyində baş vermiş ən sevindirici hadisə kimi yadda qalacaq, Azərbaycan xalqının ikiqat bayramına çevriləcək. Əlbəttə ki, buna nail olmaq üçün dövlətimiz daim güclü olmalı, iqtisadi cəhətdən qüdrətini artırmalı, geosiyasi mühitdə öz maraqlarının təmin olunması istiqamətində fəallığını yüksəltməli, dünya güclərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağını artırmalıdır.

 

Prezident İlham Əliyevin müvafiq qərarı ilə bağlı “525”ə fikirlərini bildirən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı prezident sərəncamından sonra 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin dövlətimiz və xalqımız üçün böyük məna, əhəmiyyət kəsb edən hadisə olduğunu deyib: “1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində yeni bir səhifə idi: “Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu”.

 

E.Əhmədov bildirib ki, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildiriblər: “Bu baxımdan, ümummilli liderin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin, həmçinin, cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə hər zaman böyük hörmətlə yanaşıb. Prezidentin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. “Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmasını, dünya miqyasında birinci müsəlman demokratik respublikasının nə qədər çətin şəraitdə yaradıldığını bildirən dövlət başçısı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

 

Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2017-ci ildə imzaladığı sərəncamda göstərilir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verib. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstəririb. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alıb. Nəticədə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti təcridçilikdən çıxıb geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl ordunun Azərbaycanı işğal etməsi ilə Xalq Cümhuriyyətinin süqutu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırmışdı”.

 

Siyasi elmlər doktorunun sözlərinə görə, 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda bərpası xalqımızın milli azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir: “1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoyub: “SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan edib. Lakin əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə qarşılaşıb. Heç şübhəsiz ki, bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi. Yalnız 1993-cü ilin ikinci yarısından ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaradıb. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edilib. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır”.

 

E.Əhmədov hesab edir ki, prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar onun Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan ilk parlamentli respublikanın əhəmiyyətini hər zaman uca tutduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verdiyinin bariz nümunəsidir.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.-2018.-13 yanvar.-S.7.