Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
XII əsrin ortalarında
Yoruba prinsi Eveka, o, İfedə doğulmuşdu,
Benin şəhər-dövlətini yaratdı. Beninə gəlib çıxmış
bir holland səyyahı hökmdarın
sarayını təsvir
edəndə onun ölçülərini Niderlanddakı
bütöv Xarlem şəhəri ilə müqayisə etmişdi.
Böyük fransız yazıçısı
Onore de Balzak özünün “İnsan
komediyası” adlı toplusunda yaratdığı
üç min obrazla yanaşı, Balanda adlı fransız dustaqxanası nəzarətçisinin
başına gələn
əhvalatı
da qeyd edir. Balanda çox
qəddar adam
idi, yeri gəldi-gəlmədi, dustaqları
təhqir edir, döyür, ələ salırdı. O, məhbusların
ləyaqətini tapdalamaqdan
həzz alırdı və uzun müddət
belə davrandığından,
bir gün nəsə bir kəskin cavabla qarşılaşacağını nəzərə almırdı.
Dustaqların ondan qorxması,
çəkinməsi bu
mərhəmətsiz adamda
ən alçaq hissləri inkişaf etdirmişdi. O, nümayişkaranə
şəkildə məhbuslardan
qorxmadığını bildirirdi,
axı onların hamısı onun hüdudsuz hakimiyyəti altında idi.
Cana doyan dustaqlar
sözü bir yerə qoyub, bir dəfə onlar üçün horra bişirilən iri qazanın yanında dayanmışdılar. Yaxınlaşan Balanda onları söyərək, nəyə
görə burada dayandıqlarını hirslə
soruşduqda, dustaqlar onu əllərinə götürüb iri qaynar qazanın içinə atdılar.
Nəzarətçinin bədəni əriyib
horraya qarışdı
və dustaqlar heç nə olmamış kimi, bu duru xörəyi
iştahayla yeməyə
başladılar. Axı onun
iri inqrediyentlərindən
biri onların qatı düşməni idi. O vaxtdan etibarən dustaqlar üçün məhbəsdə
hazırlanan xörək
“balanda” adlanmağa başladı. Bu söz dünyanın başqa dustaqlarına çatdı
və indi də, azı iki əsr keçdikdən
sonra hər kəs dustaqxana xörəyini başqa adla deyil, məhz
qəddar fransız nəzarətçisinin “şərəfinə”
“balanda” kimi tələffüz edir. “Balanda” sözü
dustaqxana mühitinin beynəlxalq bir simvoluna çevrildi.
Hindistanda isə XIX əsrin ortalarınadək dəfn
tonqalında onun dul qalan arvadını
da yandırırdılar. Axı hindlilər
əsasən ölülərini
tonqalda yandırırlar.
İmkanı olanlar isə
ölü cəsədini
Varanasidə (Beranesdə)
tonqalda yandırıb,
meyitin qalıqlarını
Qanq çayına tökürlər. Bəzi böyük
adamların cəsədinin
külü Hindistan ərazisinə səpilir.
Dul arvadların yandırılması - “sati” ritualı
öz kökləri ilə allah
Şivanın arvadı
Sati haqqındakı qədim
hind mifinə gedib çıxır. Bu eybəcər ənənəni
ingilislər qadağan
etdilər. 1833-cü ildə Uilyam Henri Kavendiş - Bentinka general-qubernator təyin edildikdən sonnra Hindistandakı Britaniya siyasətinin yeni mərhələsi başlandı.
Qubernator Madrasda, Bombeydə və Benqaliyada qanunverici orqanı ələ keçirdi və geniş miqyaslı mərkəzləşmə siyasətinə
start verdi. O, İngiltərəyə düşmən
münasibəti bəsləyən
hind dini sektalarına qarşı sərt mübarizə apardı.
O, arzu olunmayan uşaqların öldürülməsi,
ərinin dəfn tonqalında onun dul qalan arvadının
yandırılması kimi
eybəcər köhnə
hind adətləri ilə
barışmırdı. Ona görə
də dul qadınların diri-diri dəfn tonqalında yandırılmasını qadağan
etdi.
Bentikanın dövründə Avropa təhsil proqramları ilə işləyən
ilk orta məktəblər
açıldı. Britaniyalılar müxtəlif yollarla hindlilərin kifayət dərəcədə güclü
Qərb meyilli təbəqəsini yaratmaq
məqsədini güdürdülər
və güman edirdilər ki, gələcəkdə onlar
“dərisinin rənginə
və damarlarında axan qana görə
hindli kimi qalacaqlar, ancaq öz təfəkkürlərinə,
hisslərinə və
zövqlərinə görə
ingilis olacaqlar”. Bu ideya əslində
hindliləri ingilislərə
çevirmək kimi ağılsız bir məqsədə əsaslanırdı.
Fantastik xarakterli bu ideya
həyata keçmədi.
Hindli öz həyat tərzini müəyyən
dərəcədə dəyişsə
də, düşüncə
tərzində millətinə
xas olan xüsusiyyətləri əsasən
qoruyub saxladı.
Epiloq
Tarix dənizinin sularına baş vurduqda, onun dərinliklərində yuva tapan, gizlənən hadisələri və adamları müşahidə edirik. Bu dənizin suyunun alt qatlarının müşahidəsi təbiətə məxsus olan nəhəng cənub su hövzələrində rəngbərəng balıqlar, digər canlılar dünyasının seyrinə dalmağa bənzəyir. Tarix ümmanlarında da heyranlıq obyektinə rast gəlmək mümkündür. Burada ağıla, könülə təsir edən hadisələr, öz istedadı və dühası ilə təkcə müasirlərindən deyil, hətta sonrakı əsrlərdə, minilliklərdə də yaşayanlardan ciddi surətdə fərqlənən şəxsiyyətlər diqqəti cəlb etməmiş qalmır.
Elmi tədqiqatlar müəyyən etmişdir ki, dünyada ən uca dağ zirvəsi dənizin sularının altında gizlənir, həmin dağ hətta Comolunqmadan da hündürdür. Əgər Sakit okean Havay adaları yaxınlığında belə möcüzəli geoloji süxura məkan rolunu oynayırsa, Tarix okeanı daha müəmmalı, sirli, sehrli mənzərələrlə doludur. Onların məzmun və mahiyyət ölçüsü bəzən uca zirvələrin hündürlüyünü də kölgədə qoya bilir. Bu okeanda mərcan təpələri isə təbiətin sərəncamında olan böyük sulardakından heç də az deyildir.
Tarix panoramasında biz göylərə baş vuran qartalları da, qorxaq pinqvinləri də, torpaqda sürünənləri də seyr edə bilirik. Müqayisəsiz istedada və igidliyə malik olanların mövcud olması ilə yanaşı, məkrliliyi və hiyləgərliliyi ilə bütün canlıları arxada qoya bilənlər istənilən dövrün sosial taxçasında tarakanlar kimi özlərinə yuva tapa bilirlər. Tarixin qəhrəmanının parıltısı altında belə varlıqlar da diqqətdən kənarda qalmamalıdır. Ümumiyyətlə, tarixçi bütöv şahmat taxtasının üzərindəkiləri nəzərdən qaçırmamalıdır. Tarixçi kiməsə və nəyəsə qulluq göstərməkdən bütövlükdə azad olmalıdır, bu sərbəstlik ona istənilən hava şəraitində göyə baş vuran quşlar kimi öz qüvvəsinə inam yaradacaq, ağıl gözlərinin qüvvədən düşməsinə imkan verməyəcəkdir. Tarixi saxtalaşdırmağa girişənlər isə hansı məqsədi güdmələrindən asılı olmayaraq, elmə, həqiqətə xəyanət etmiş olurlar, onların sərəncamında olan böyük imkandan düzgün istifadə etmək kimi halal fəaliyyətdən yayınırlar.
Qədim Çində yarımqiymətli daş olan nefritdən hazırlanan əşyalar dəbə düşdükdə, saraya ayaq açdı. Sonralar nefritdən hazırlanan hər şeyə müqəddəslik simvolu kimi baxırdılar. Konfutsinin müsbət rəyi də nefritin müqəddəslik haləsini böyütdü. Tarixi şəxsiyyətləri də saxta, boğazdan yuxarı tərif hesabına əlçatmazlara çevirmək, onlara iri pyedestallar düzəltmək tarixi təhrif etməkdən başqa bir şey deyildir. Ona görə də tarixi bu və ya digər dərəcədə bəzəyənlərə münasibət vurğunluq, heyranlıq səviyyəsinə keçməməli, zaman və məkan fövqündə onlara real, obyektiv qiymət verilməsinə cəhd edilməlidir. Bu prinsip əsasında tarixi öyrənmək, keçmişin salnaməsinə maraq göstərmək bizim dünyagörüşümüzü genişləndirməklə yanaşı, həm də bizi xəbərdar etməklə səhvlərdən çəkindirir. Seyr etdiyimiz adi bir mənzərəni qövsü-qüzehə çevirməməliyik, Xeyirə və Şərə düzgün qiymət verməklə ictimai həyatda naşılıq girdabına düşməkdən, onun girovuna çevrilməkdən qaçmalıyıq.
SON
525-ci qəzet.-2018.-13 yanvar.-S.22.