Bəkir Çobanzadə: parlaq zəkalı
alimin incə ruhlu şairliyi
Ömür kitabı yarımçıq qalan sənətkarlardan
biri də Bəkir Çobanzadə olmuşdur. O, müəllim, filosof,
dilçi alim, ədəbiyyatşünas, ən nəhayət,
incə ruhlu bir şair idi.
Onun lirik şeirləri bizə qısa bir ömür
yaşamış tatar xalqının nakam oğlu Qabdulla
Tukayın poeziyasını xatırladır. Bu poeziyanın mayasında
xalqa doğmalıq, soy-kökə bağlılıq, adət-ənənəyə
hörmət, tarixi keçmişlə fəxr etmək əsas
amillərdən biridir . “Mənəm
Çingiz, Teymur xanın nəvəsi, onlar gedən yolu mən
də gedirəm”, - deyən şair öz ulu keçmişinə
səyahət etməkdən qürur duyur. Bu
duyğu onu əzmkar etmiş, səsinin bütün ellərə
yayılmasını, “qoyun mən bağırım, sonra
kiriyim, Kırımda, həm Kaşqarda yurdum deyib
yürüyüm” deməklə, səsinin və
sözünün sərhədləri aşmasını,
türk torpaqlarının sərhədlərinin
sonsuzluğuna oxucunun diqqətini cəlb edir. Bu səs
uzun illər tatar xalqını milli azadlıq uğrunda
mübarizəyə səsləmiş, öz
azadlığı uğrunda qan tökməyə hazır olan
bir tatar balasının “iç dünyasının” naləsidir.
B.Çobanzadənin diqqəti çəkən
şeirlərindən biri də “Dana doğru” şeiridir. Şeirin
birinci misrasında şair “zülmət gecə, yer
görünmür, ulduz yox” deməklə, tatar xalqının
əsarət altında, yəni zülmətdə olduğunu,
insanların öz torpaqlarında hüquqsuzluğunu, bu
xalqı oyadacaq bir qəhrəmanın-ulduzun
olmadığını ürək ağrısı ilə
dilə gətirir. Şeirin sonrakı
misralarında şair “süzər atım, yaydan
çıxıb sanki ox” deməklə, mübarizəyə
hazır olduğunu, onun qarşısını heç nəyin
ala bilməyəcəyini, özünü “yaydan
çıxmış ox”la müqayisə etdiyini
görürük. Şair şeir boyunca dana
- gələcəyə, azadlığa, işıqlı
sabahın açılmasına doğru irəliləməkdədir,
o, şəhid məzarlarından keçərkən
ehtyatlı olmağı tövsiyə edir. Buradakı
şəhid ruhlarının nigarançılığı
onu qorxudur. Çünki bu şəhidlər
vətən uğrunda qan töküb, can vermişlər.
Şairin özü ilə qurduğu daxili
monoloq şeir boyunca diqqəti cəlb edir. “həmsöhbət bir səs, bir rəy, bir
ideal daşıyıcısıdırsa, auditoriya həmsöhbətlər
çoxluğudur. Monoloq-hekayədə əsas
qəhrəman hekayəçi kimi çıxış edir, əsas
hadisələr də bütövlükdə onun dilindən nəql
olunur”.
Dana - azadlığa doğru yürüyən qəhrəman
dağlarını, düzlərini azad görmək istəyir,
orada insanların xoşbəxt gələcəkləri
üçün çalışır. İllər
boyu əsir düşmüş xalqın “dovşanlar” gəzən
dağlarında aslanlar oylağının olmasını
arzulayır. Lirik qəhrəman
dana-azadlıq uğrunda vuraşmaq üçün and
içdiyini bildirir, bu davanın-vuruşun bir qan davası
olduğunu da bizə xatırladır. “Bitərmi
düşmənlə bu qan davası?” deyən qəhrəman
başından keçməyə razıdır, amma yurdunun
bir qarışından belə keçməyəcəyini
bildirir. “Bəzən hadisələr müəllifin
dilindən nəql edilir və qəhrəmanın səsi
müəllif səsindən sonra daxili monoloq başlayır.
Bəzən isə hadisələr müəllifin
dilindən nəql olunsa da, müəllif səsi qəhrəman
səsi ilə qovuşur, təhkiyənin xüsusi tipi - vasitəli
nitq yaranır və daxili monoloq vasitəli nitq formasında
olur”. Şeirin sonuncu bəndində lirik qəhrəman
arzusuna yetişib. O, azad olmuş xalqının simvolu
kimi xalqının qəhrəman, şair oğlu Colpanı
tapdığını bildirir. Onun simasında
azadlığı əldə edib, artıq qəhrəman
gözlərinin “haqq nurundan qamaşdığını”
deyir.
B.
Çobanzadə tatar xalqının düşünən
beyni kimi, qan yaddaşında babalarının ruhunu
daşıyırdı. Tatar xalqının
müstəqilliyi onun bədii
yaradıcılığının leytmotivini təşkil
edirdi. Sənətkar hansı mövzuda
yazmasından asılı olmayaraq, son anda tatar xalqı ilə
baş-başa qalır. Milli azadlıq
problemi sənətkarın təltəlşüurunda kök
salan və onu narahat edən başqa problem idi. Ramiz
Əskər yazır: “Tatar xalqının əsarət
altında inləməsi, milli zülm və istismar onu son dərəcə
üzür. Onu, “ yox imzaları imzalar
içində” deyən Azərbaycanın nakam şairi M.Hadi
ilə müqayisə edirik .
Millətlər
yarışı başlandı çoxdan,
Hər xalqın var orda ayğırı, atı.
Zavallı
tatarın duyulmur səsi,
Zavallı tatarın yox orda adı.
B.Çobanzadə ulu keçmişi, Çingiz xan,
Batı xan, Teymuru kimi qəhrəmanı olan bir xalqın
oğludur. Bütün bədii yaradıcılığı
boyu bu qürur hissi onun şeirlərində duyulmaqdadır.
Keçmişi yada salmaq, müasir oxucusuna kimliyini xatırlatmaq
B.Çobanzadə yaradıcılığından
qırmızı bir lent kimi keçir. Şairi
sıxan künci-möhnətdə qalıb zar-zar ağlayan vətənin
yaralarıdır.
Ədəbiyyatda
sətiraltı ifadələr, eyhamla danışmaq, orta əsr
şeirində isə “təlmih” adı ilə tanınan
istifadə üsulları var ki, sənətkar dövrün,
zamanın təhlükəsindən qorunmaq üçün
bu kimi priomlardan istifadə etmək ehtiyacında olur. B.Çobanzadə də “Bir saray quracağam”
adlı şeirində bu üsuldan istifadə edib. Şair bu şeiri 1920-ci ildə yazıb. Şeirdə şairin xalqını azad görmək
istəyi öz əksini tapıb. İlk
misrada “bir saray quracağam, xan olmasın içində” deməklə,
xalqına ağalıq, hökmran olacaq birisini istəmir, tatar
xalqını azad, müstəqil, heç bir dövlətdən
asılı təsəvvür etmək belə xəyalına
gətirmir. Sonra isə fikirlərini davam
etdirən şair “qul, kasıb, aclıq, zülm, qan,
ölüm, olmasın içində” deyir. Deməli, şair kölə, xalqının müti
olmasını istəmir. Xəyalən
qurduğu sarayda əmin-amanlıq, sədaqətin, xoşbəxtliyin
olmasını arzulayır.
Daşını
yad eldən gətirməyin heç,
Yetər öz yurdumda kəsilən kərpic.
Qoy
hündür olmasın dağ zirvəsi tək,
Təməlli, bərk olsun nur guşəsi tək.
Deməli,
şair öz ölkəsinə işıqlı bir sabah arzusundadır. Xoş
baharın carçısı kimi əsən küləklərin
hər qapını döyməsini istəyir.
Bədii ədəbiyyatda daxili monoloq - daxili nitq, söhbət
və düşüncə formasında təzahür edib,
birinci şəxsə aid təhkiyəyə çevrilir.
Türk
xalqlarının poeziyasında aparıcı mövzulardan biri
də dağlara xitabən yazılan şeirlərdir. İnsan-dağ əlaqəsinin insan
düşüncə tərzində, onu etnik yaddaşındakı
yeri bizdə bəzi mifoloji və dini təsəvvürlərin
formalaşmasına gətirib çıxarıb. İlkin əcdadlarımızın şüur və
düşüncəsində dağ kultunu müxtəlif təzahür
formaları mövcud olmuşdur. M.Seyidova
görə, “müqəddəs başlanğıc sayılan
dağ, eləcə torpaq və xüsusi ilə onlarla
bağlı Günəş bütün varlığın -
heyvanatın, insanların, nemətlərin
yaradıcısı, anası-atası kimi qəbul olunur.
Torpaq başlıca olaraq na
başlanğıcı sayılmışdır. Dağlara zaman-zaman insanlar müqəddəs
varlıq kimi sitayiş etmiş, qız-gəlinlər onlardan
yaşınmış, bəzən də insanlar onları
özlərinə sitəmgah saymışlar. Müəyyən dövrlərdə dağlar mərdlik,
vüqar simvolu kimi ədəbiyyatda yer almış, onların
mərdlikləri ilə öyünmüşlər. Fəlakət və müharibələr zamanı
insanlar öz yurd-yuvalarını tərk etdikləri anda,
dağlar vüqarla yerlərində dayanıb sinələrini
düşmənə sipər etmişlər. Ədəbiyyatımızda dağlara xitabən
yazılan şeirlər də tamamən başqa-başqa
anlamlar kəsb etməkdədir. Bu
baxımdan Çobanzadənin bədii
yaradıcılığında “Uzaq dağlar” şeiri
şairin həsrətinin sorağından xəbər verən
bir mətləbi bizə xatırladır. Şeirin
ilk üç misrasını bədii sual əsasında quran
şair, dağlardan onu xatırlamasını, yadına
saldığını xəbər alır.
Siz də
məni anırmısız,
Tez-taz
yada salırmısız,
Mənim
üçün yanırmısız,
Başı göyə yetən dağlar?!
Ağlayan, zikr edən dağlar.
B.Çobanzadə klassikləri oxuyub onlardan bəhrələnməklə
yanaşı, onu maraqlandıran məsələlərə də
münasibətlərini bildirmiş, yeri gəldikcə
dünya korifeyləri ilə bu dühalar arasında müqayisələr
də aparmaqdan çəkinməmişlər. Belə ki, B.Çobanzadə
yaradıcılığında Avropa alimlərinin
türkologiya elminə, şərq alimlərinin - Mahmud
Kaşqarlı divanının dilinə, Mövlana Füzulinin
yaradıcılığına, M.F.Axundzadənin
komediyalarının dilinə, Turk dilinin
qanunauyğunluqlarına münasibət bildirmələri,
onların Türk xalqına olan münasibətləri
böyük mütəfəkkiri hər zaman
maraqlandırmışdır. B. Çobanzadəni
düşündürən ən ümdə məsələlərdən
biri də türk dili, şərq mədəniyyət və ədəbiyyatını
dünya alimlərinin necə qiymətləndirməsi idi.
Onun yaradıcılığında dil problemi, başqa
dillərə münasibət, ana dilinin yasaq olması kimi
mühüm məsələlər əsas yerlərdən
birini tuturdu. B.Çobanzadənin elmi
yaradıcılığının əsasını
dilçiliyə həsr etdiyi elmi yeniliklər təşkil
edir. O, bu fəaliyyətində təkcə türk dili
problemlərinin deyil, həm də xarici alimlərin türk
dilinə olan münasibətləri, bu dilə verdikləri dəyərlər,
bu dilin geniş imkanlarından söz açmasıdır. Bütün bunlardan başqa, sənətkar ana dili
ilə bağlı fikir və duyğularının poetik
sözə çevirərək bu yolla da onu oxuculara
çatdırmağı özünə borc bilir.
Hər şeydən öncə B.Çobanzadə öz
dilini sevən, o dil ilə fəxr edən dilçi bir alim
olmuşdur. Biz B.Çobanzadənin bədii
yaradıcılığında ana dilinə münasibət məsələlərini
o zamanın, dövrün təzyiqlərindən qorunmaq
üçün həm açıq, həm də
yarızarafat, yarıciddi şəkildə söylədiyini də
görürük. Bu mövzu ilə
bağlı şairin satirik ruhlu şeirlərinə də
rast gəlirik. Onun “Student” şeiri satirik
üslubda yazılıb. Yarısatirik
üslubda yazılan bu şeirdə əslində tatar xalqının
faciəsi əks olunur. Şeirdə “Qoy,
rusca öyrənsin bizim uşaqlar” deməklə, şair
çox dil bilməyi peyğəmbərin də dil öyrənməyə
böyük önəm verməsini şeirdə oxucuların
diqqətinə çatdırır. Dil
öyrənməyin başqa yönlərini oxucuya anladır.
“Bir daha yalvarma həftələr boyu İvana,
Mişaya, tanış-bilişə” deməklə, öz vətənində
dilində qanunların işləmədiyini, öz dilində
tədrisin, təlimin olmadığını, dilinin yasaq
olduğunu, bu dildə heç bir sənədin
hazırlanmadığını ürək yanğısı
ilə dilə gətirir.
Şairin dil haqqında yazdığı şeirlərdən
biri də “Ana dili” şeiridir. Bu şeiri
B.Çobanzadə 1928-ci ildə Budapeştdə qələmə
alıb. Şeirdə lirik qəhrəmanın
daxili iztirabları, vətən, xalq, doğma dil həsrəti
öz əksini tapıb. Lirik qəhrəman
öz xalqı, bu dildə danışan insanlar
üçün darıxdığını,
sıxıntılar keçirdiyini, yad dildə danışan
insanların danışığı onu
sıxdığını poetik şəkildə oxucuya
çatdırır. Doğma dili
üçün darıxan qəhrəman “öz dilini
quşlara, qurdlara öyrədəm səni” deməklə,
başqa varlıqların belə onun dilində ötməsini,
danışmasını istəyir.
Bilmirəm
türkmidir, tatarmı adın,
Şirinsən, dadlısan tanrıdan dadın.
Həm
türkdə, tatarda sənin sözlərin,
İkisi
birlikdə məhsun gözlərin...
İstərəm
mən səni hər yanda görəm,
İnci sözlərindən dastanlar hörəm.
B. Çobanzadənin incə ruhlu şeirləri ilə tanış olduqca bu böyük sənətkarın öz xalqı yolunda göstərdiyi fədakarlığın bir daha şahidi olduq. Türk ədəbiyyat və mədəniyyətinin köklərinin çox-çox dərinlərə gediyini, bu dilin və ədəbiyyatın xalqın həyatında oynadığı rolu bir daha B.Çobanzadənin bədii yaradıcılığında poetik sözün qüdrəti ilə necə məna kəsb etdiyinin şahidi olduq.
Xuraman
HÜMMƏTOVA
Filologiya üzrə
fəlsəfə doktoru
hummətovax@mail.ru
525-ci qəzet.-2018.-13 yanvar.-S.18.