Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
Bizim
muxtariyyətimiz və Bakı bolşevikləri
Bənim
Əmələ və Əskər Şurası İcraiyyə
Komitəsində söylədigim bir nitq Bakı bolşeviklərinin
vasiteyi-nəşri-əfkarı olan “B.Raboçi” qəzetəsinə
“Müsavat” firqəsi ilə Müsəlman Milli Komitəsinə
hücum üçün bir sərmayə təşkil
etmişdir.
Oxuyucuları əsl məsələ ilə aşina etmək
üçün bolşevik qəzetəsinin isnadatını
rədd etməkdən əvvəl mövzui-bəhs olan
yuxarıdakı nitqimin nə kibi bir halda və nə surətdə
söylənmiş olduğunu yazmaq məcburiyyətindəyəm.
Məsələ Bakı quberniyasının müxtəlif
yerlərində hadis olan oğurluqlara və quldur
hücumlarına aid idi. Teleqram gəlmişdi ki, Lənkəran
uyezdi talan olunuyor. Şəhər qorxu
içindədir. Petropavlovka ilə Hacıqabul
və sair nöqtələrdən də buna oxşar
teleqraflar alınmışdı. Bu qara və vəhşətli
xəbərlərlə bərabər müsəlman
diviziyasının naçalniki tərəfindən bir məsələdən
dolayı İcraiyyə Komitəsi ünvanına bir az başqaca təhrir olunan bir məktub dəxi
əlavə ediliyordu.
Burada sol eser Suxartsev söz alıb böyük bir qeyz və
hiddətlə müsəlman təşkilatları üzərinə
hücum elədi. Bu hücumu əsnasında “Müsavat”
firqəsinə dəxi yanaşdı. Suxartsevcə
bu uyezdlərdən gələn qara xəbərlərlə
müsəlman divizyonu naçalnikinin məktubu arasında
böyük bir münasibət vardır. Bu
hadisələr sadə iğtişaş degildir. Bunlar səngərlərdir ki, gündən-günə
Bakıya yaxınlaşıyor. Bu aşkarə
bir hərəkətdir. Siyasi hərəkətdir.
Şahsevənlər neçün qarətkarlıqlarında
ancaq Rusiya kəndlərinə hücum ediyorlar? Diyorlar ki, bu hücumlardan müsəlmanlar da mütəzərrər
oluyor, fəqət bu doğru degildir. Onlar
zərər görüyorlarsa da cüzi görüyorlar.
Ümumiyyətlə, tələf olanlar
ruslardır. Bu Şərqə doğru
vaqe olan bir hərəkətin səmərəsidir. Bən çayxanalarda əvamlar ağzından
eşidi-yorum diyorlar ki, “Bakı bizimdir”. İştə,
bu “bizimdir” sözü müəyyən bir siyasi məsləkin
göyərtmiş olduğu nəticədir. Əvam cəmaət bundan o mənanı
çıxarıyor ki, gərək nə ki xarici varsa buradan
çıxsın, kəsilsin, qovulsun. Aldığımız
teleqraflar iştə, bunu xəbər veriyorlar. Bundan artıq mədara lazım degildir, vəqtdir ki,
müsəlman təşkilatlarilə qəti bir dil ilə
danışaq. Ölmək lazımsa qoy
şərəflə ölək, qoy onlar bilsinlər ki,
müvəffəq olsalar da bu müvəf-fəqiyyətləri
daimi olamaz. Bir azdan Hacıtərxan yolu
açılar, o zaman intiqam almaq asandır.
İştə, son dərəcədə fitnəkaranə
bir surətdə vaqe olub da adətən qəhhar bir general
qubernator dili ilə danışan bir ictimaiyyun-amiyyunun
çıxışı, bütün müsəlman təşkilatlarını
rus cəmaətinə qarşı siyasi bir sui-qəsddə
töhmətləndirməsi bənim acığımı
tutduraraq mütəqabil çıxışıma bais oldu. Dəlil və
sübutlarla göstərdim ki, müsəlman
quberniyalarında vaqe olan iğtişaşlar ümumi
iğtişaşlardan başqa bir şey degildir; anlatdım
ki, şahsevənlərin eyni zamanda Lənkəran üzərinə
də hücumunu və hərəkətin yalnız ruslara
qarşı icra edilmədigini göstərir. Çünki Lənkəran rus şəhəri
degil, müsəlman şəhəridir. Təəssüf
etdim ki, yalnız xəbərsiz qara cəmaət degil,
İcraiyyə Komitəsində də öylələri var
ki, müsəlmanların niyəti həqqində bədgümanlara
düşüyorlar. Əlavə etdim ki, Suxartsevin ruhu, bədgümanlığı
və cəmaətimiz həqqindəki niyyəti yalnız kəndisinə
məxsus olmayıb başqalarında da var, hətta İcraiyyə
Komitəsinin qəzetəsi olan “İzvestiya” milli qoşun əleyhin-də yazarkən şayani-etina bir cümlə
işlətmişdi. “Hətta türklər,
onlar da milli qoşun fikrinə düşdülər”, nə qədər
ki, “bu hətta türklər” zehniyyəti İcra Komitəsində
hökmfərmadır - quberniyadakı
iğtişaşları yatırmaq üçün
alınacaq tədbirlərə lazım olan ümumi dil tapmaq
çətin olacaq. Əgər bizə imkan
hasil olmazsa ki, həzrəti şahsevənlərin ittihadi-islam
qoşunu degil, yersiz qaldıqlarından dolayı qanuni-ictimailə
quldurluğa süluk edən taifə olduqlarına
inandıraq, o zaman doğrudan da qorxarım ki, Suxartsevin elan
etdigi hərbi qəbula məcbur olalım. Yalnız onu sevindirə bilərəm ki, bu
toqquşmada müvəqqəti üstünlük onun tərəfində
qala bilər.
Məsələnin müzakirəsi uzağa çəkmişdi. Müzakirə
əsnasında bənə sual vermişlərdi ki, “ermənilərlə
gürcülər milli qoşun düzəltdikdə heç
olmazsa dəlilləri var ki, Qafqasiya cəbhəsini müdafiə
edəcəklərdir. Sizdən
ötrü ki, böylə bir bəhanə yoxdur”. Əcəba, müsəl-manlar neçün
qoşun düzəldiyorlar.
Buna cavabən
bən müsəlman quberniyalarının iğtişaş
içində olduğunu göstərib əgər imdi burada
səfərə mühəyya iki müsəlman rotası olseydi,
Lənkəran atəş içində qalmazdı, dedim. Əlavə etdim ki, müsəlman polklarının
təsisi müsəlman topraqlarındakı
iğtişaşın qabağını saxlamaq
üçün təşkil olunuyor. Əgər
siz təmin edə bilsəniz ki, əlinizdəki beynəlmiləl
qüvvətlərlə bu asayişi təmin edərsəniz,
o zaman varsın müsəlmanlar qüvvə tədarük etməsinlər.
İştə, bənim söylədigim nitqin müxtəsərən
tərcüməsi ki, “B.Raboçi” qəzetəsi bu nitqdən
adətən əksinqilabdan bəhs edən kibi bəhs ediyor.
Şahsevənlərin hərəkətini quldur hərəkəti
dedikdə və Bakı quberniyası ilə Gəncə
quberniyasındakı müxtəlif hadisələrə
iğtişaş adı verdikdə görünüyormuş
ki, bən burjualarla mülkədarlara məxsus əksinqilabçı
bir nəzəriyyə söylüyormuşam. Görünüyor
ki, Lənkəran uyezdindəki iğtişaşlar
iğtişaş degil, vətəndaş müharibəsi
imiş, görünüyor şahsevənləri dəf etmək
- iğtişaşı yatırmaq və asayişi bərpa
etmək degil, inqilabı təpələmək və istibdad
nizamını bərpa etmək imiş. Çünki
“B.Raboçi” qəzetəsinin fikrinə görə başda
Tağıyev ilə Nağıyev olan bir komitə bundan
başqa nizam qoymağa qadir degilmiş. Milli
Müsəlman Komitəsi bu günlərdə milli qoşunun
inqilab nizamını müdafiə üçün təşkil
olun-duğunu elan eləmişsə də, bolşeviklər
“uşaq degildirlər ki, Tağıyev ilə Nağıyevə
inansınlar”. İş böylə bir
yerdə olunca bitəbii isbat etmək belə lazım degildir
ki, Tağıyev ilə Nağıyevin Milli Komitə
başı ilə heç bir əlaqələri yoxdur.
Çünki bolşevik siyasiliginin “durbinligini” kim
aldada bilər?
Görünüyor
ki, bu durbin siyasiləri “Müsavat”ın inqilabdan yalnız
muxtariyyət degil, topraqların bilaəvəz kəndlilərə
keçməsi, səkkiz saətlik iş
günü və əmələlərin dövlət
hesabına sığorta olunması və ələlümum
bütün həyati-siyasiyyə və ictimaiyyənin
demokratik əsaslar üzərinə qurulmasını gözləməkdə
olduğuna da heç bir vəchlə inandırmaq olamaz.
Fəqət burada bir şey anlaşılmayıb
qalıyor. Bolşevizmcə biz müsəlmanların
şübhəsiz ki, muxtariyyətə həqqimiz var və
ozümüz öz müqəddəratımızı təyin
və təşxis edə biləriz. Fəqət
“B.Raboçi” diyor ki, bu o demək degildir ki, “Qafqasiya
qüruni-vüsta qaidələri bərpa edilsin”. Bizim muxtariyyətimizdən
yalnız qüruni-vüsta qaidəsi
çıxacağına isə “B.Raboçi”nin
əqidəsi kamildir. Bu da oradan görünüyor ki, diyor:
müsəlman dövlətliləri ilə bəylərinin
muxtariyyəti, daha Rusiya inqilabına təmas etməmiş
olan müsəlman cəmaətinin muxtariyyəti demək
degildir”.
Demək ki, rus inqilabı daha müsəlman cəmaətinə
çatmamışdır. Buna görə də
onun hər növ muxtariyyət istəməsi
özünün degil, müsəlman burjuaziyası ilə
mülkdarlarının muxtariyyətindən ibarət olub
qalacaqdır. Buna isə “Rusiya
demokratiyası qətiyyən razı olamaz”.
Əcəba, nərədə qaldı bolşeviklərin
bütün dünya qarşısında elədikləri elan
ki, “dərəceyi-mədəniyyətlərinə baxmayaraq
bütün dünya millətlərinin muxtariyyət və
istiqlal həqləri vardır” - dediniz.
Rusiya millətlərinin həqqi-muxtariyyətləri o
demək degildir ki, Rusiya millətləri velikorus
dvoryanlarının keyfindən qurtarıb velikorus əmələlərinin
keyfinə tabe olsunlar.
Bolşevik inqilabı bütün Rusiya millətlərinə
Rusiyadan ayrılmağa varıncaya qədər muxtariyyət həqqi
elan eləmişdi. Qafqasiya millətləri bu vədələrin
nəticəsini gözlədilər, müsəlmanlar da
gözlədilər. Fəqət nəticədə
tamamilə başqa bir şey çıxıyor: Türkiyə
Ermənistanı muxtariyyət dekretinə (fərman) nail
oluyor. Ermənilər “Daşnaksütyun” firqəsi
tərəfindən təyid olunan böyük amallarına
yaxınlaşıyorlar. Qafqasiya türklərinə gəlincə,
Bakı bolşevikləri diyorlar ki: “siz inqilabçı bir
millət olmadığınız üçün heç
növlə muxtariyyət alamazsınız. Qoy
“Müsavat” firqəsi də bu xüsusda artıq
çalışmasın. Çünki Qafqasiya muxtariyyətinə
nə Rusiya demokratiyası, nə də Rusiya burjuaziyası
razı ola bilər”.
Türk ədəmi-mərkəziyyətçilərinin
siyasəti bizim bolşeviklərə görə Qafqasiyayı
xarabəzara döndərə bilər, necə ki,
daşnaksaqanların siyasəti Türkiyə ermənilərini
döndərdi.
Fəqət qəzetə yenə də ümidvar oluyor
ki, “bütün Qafqasiya demokratiyasının əlbirligilə
bu bədbəxtligi saxlamaq olar”.
Aşkardır
ki, bu “demokratiya əlbirligində” Rusiya inqilabına “daha
yanaşmamış olan” demokratiyanın hissəsi çox az təsəvvür olunuyor.
Bəlkə də müqəddərdir ki, biz muxtariyyətimizi
xarabəzarlar qiymətinə alalım. Müqəddərati-tarixiyyədən
əlbəttə ki, boyun qaçırmaq olmaz. Fəqət bununla bərabər biz həqliyiz
gözləyək başqa bir Lenini ki, o da Qafqasiya müsəlmanlarının
muxtariyyətinə aid bir “dekret” (fərman) çıxarsın.
M.Ə.Rəsulzadə
”Açıq
söz”, 29 yanvar 1918, ¹667
Mədar
- səbəb, əsas
Qəhhar
- qüdrətli, güclü
Qüruni-vüsta
- orta əsrlər
Əsirlər
günü
Möhtaclara
və əlamanda əsirlərə müavinətdə
bulunmaq üçün təsis edilmiş olan “Möhtaclara
kömək” cəmiyyətinin qərardadına görə bu
gün yanvarın 19-da Bakıda möhtaclar üçün
libas, yorğan-döşək və sairə kibi şeylər
cəm ediləcəkdir. Şəhər bir
neçə məhəlləyə təqsim və hər məhəlləyə
müəyyən adamlar təyin edilmişdir ki, bunlar bu
gün səhər tezdən məzkur heyətlə ianə və
əşya toplamağa şüru edəcəklərdir.
Bu şeylər kimlərə veriliyor?
Doğrudan
canlarını əsirgəmədikləri əziz vətənlərindən,
doğma yurdlarından, ailələrindən ayrı
düşmüş, qərib vilayətlərdə, uzaq
ölkələrdə aclıq və susuzluq,
çıplaqlıq və bunların nəticəsi olan xəstəliklərə
düçar olub da həkimsiz, təbibsiz, isti bucaq, rahət yer
tapmayıb da yorğansız, döşəksiz
çıplaq, quru bir yerdə otuzu, qırxı birdən
ölən əsirlər üçündür, onlara
veriliyor.
İnsanlara şəfqət və mərhəmət
hissi həm də əsirlərə qarşı müsəlmanlıq
və türklük vəzifəmiz bizdən tələb
ediyor, bu gün mərhəmət kisələri geniş
açılsın. Üzərimizə uzadılan əllər
boş qaytarılmasın. Hamı qüvvəsi
çatan, mümkün olan qədər borcunu əda etsin.
Heç kəs ianəsinin azlığına,
çoxluğuna baxmasın, hər kəs bir sap versə,
yetimə bir köynək çıxar. Bilməlidir ki,
yığılan nə qədər az olsa
da yenə bu adamları ölümdən xilas edəcəkdir.
Uzaq yerlərdən fəna şərait altında bizə
binlərcə qardaşımız qonaq gəlmişdir. Mehmannəvazlıqla
məşhur olan qafqasiyalılar ehsanları ilə
tanınmış olan Bakı cəmaəti bu vəqtədək
həmişə və hər dəfə böylə ianələr
toplandıqda həmiyyətini göstərmiş olan
qardaş-larımız bu gün mənəvi borclarını
əlbəttə, əda etməlidirlər və edəcəklər.
Əziz qardaşlarımız və qərib
qonaqlarımızı razı buraxacaqlar.
“Açıq
söz”, 19 yanvar 1918, ¹659
P.S. Qəzetin
həmin nömrəsində “Türkiyə Ermənistanı həqqində
əmrnamə”ni də M.Ə.Rəsulzadə
ruscadan tərcümə edərək dərc etmişdir. V.İ.Leninin başçılıq etdiyi Xalq
Komissarları Şurasının bu bədnam “tarixi” sənədini
də oxuculara təqdim edirəm. Ş.H.
Türkiyə
Ermənistanı həqqində əmrnamə
Petroqrad - Xəlq Komissarları Şurası erməni xəlqinə
elan ediyor ki, fəhlə və kəndlilər hökuməti
Rusiyanın Türkiyə ərazisini ilhaq hüququnu davam
etdiriyor və elani-istiqlala qədər erməni xəlqinin
özünüidarəyə həqqini təsdiq ediyor. Xəlq
Komissarları Şurası bu hüququn mövqei-icraya
qoyulması üçün erməni xəlqinin fikrini sərbəst
bilməkdən ötrü son dərəcə lazım olan
bir çox hökumət təminatı gərəkdir.
Bu kibi təminatdan Xəlq Komissarları Şurası zildəkiləri
ədd ediyor:
1) Əskərlərin
Türkiyə Ermənistanından çıxarılması və
orada bilatəxir erməni ordusunun təşkili.
2)
Qaçqınların və həmçinin müxtəlif məmləkətlərə
dağılmış erməni mühacirlərin bilaməmaniət
Türkiyə Ermənistanı daxilinə qayıtmaqları.
3)
Müharibə vəqti Türkiyə məmurları tərəfindən
cəbrən məmləkət içərilərinə nəql
edilmiş Türkiyə ermənilərinin bilaməmaniət
öz yerlərinə qaytarılması, bunun üçün
Xəlq Komissarları Şurası Türkiyə nümayəndələri
ilə vaqe bulunacaq müxabiratda təkiddə bulunacaqlar.
4) Türkiyə Ermənistanında demokratik əsaslar
üzərinə intixab olunmuş erməni xəlq
şurası tərzində müvəqqəti milli bir idarə
təşkili.
Qafqasiya
işlərinin fövqəladə müvəqqəti
komissarı Stepan Şaumyana təklif olunuyor ki, ikinci və
üçüncü maddələrin mövqei-icraya
qoyulması üçün Türkiyə Ermənistanı əhalisinə
hər növ müavinətdə bulunsun və həmçinin
əskərləri Türkiyə Ermənistanından
çıxarmaq vəqtini və qaidəsini müəyyən
etmək üçün qarışıq bir komissiya təşkilinə
şüru etsin.
Qeyd - Türkiyə Ermənistanının
hüdudi-coğrafiyası erməni xəlqinin demokratik
nümayəndələri tərəfindən qomşu məhal
və nüqat demokratik nümayəndələrinə birlikdə
Qafqasiya işləri fövqəladə müvəqqəti
komissarının iştirakı ilə müəyyən edilməlidir.
“Açıq
söz”, 19 yanvar 1918, ¹659
Nüqat
- nöqtələr
AZƏRBAYCANIN
HƏYAT VƏ MƏTBUATINDAN
Bolşevik firqəsinin konqresindən sonra - VI Azərbaycan
Sovetlər konqresi.
Məktəblilər
Sovet rejiminə nasıl baxıyorlar?..
Gərək Azərbaycan bolşevik firqəsinin son mart
konqrasından əvvəl, gərəksə konqradan sonra, Azərbaycan
Komunist firqəsinin “sağ, sol, milliyyətçi, ufaq burjua”
kibi ünsürlərdən təmizləmək məsələsi
aktual şəklini mühafizə eyləməkdədir. Bakı
bolşevik mətbuatı (“Komunist”, 2.IV.1929, ¹ 75) “Firqə
aparatını nə cür (nasıl) təmizləməli?”
başlığı altında Moskvada 30 martda qəbul
edilmiş bir izahlı təlimatı dərc etməkdədir.
Bu direktivə görə Komunist firqəsindən
kimlər atılacaq? Direktivin Lenindən
aldığı əsası oxuyacaq olursaq və Komiunist firqəsində
kimlərin ali (uca, yüksək)
qoyulacağına diqqət edilirsə, o zaman kimlərin
atılacağı bəlli olur. Direktivə görə Lenin
1922-ci ildə demişdir ki:
“Firqənin əsasını əmələ-proletar təşkil
etməlidir. Heç şübhə yoxdur ki, bizdə çox
zaman sənaye-fabrika həyatı görməmiş şəxslər
işçi hesab edilir. Çox zaman
işçilər sırasına xalis ufaq burjua ünsürləri
daxil olaraq işçi sifətinə girərlər. Münəvvər və yarım münəvvər
ünsürlər üçün işçi əlbisəsinə
bürünmək, bizim şərait içərisində,
heç şübhə yoxdur ki, çətin bir məsələ
degildir. Ona görə işçi
sözünü anlatmaq və müəyyən etmək
lazımdır. İşçi dedikdə,
kəndi yaşayış şərtlərinə görə,
doğrudan doğruya proletar psixolojisini bənimsəmiş
şəxsləri nəzərə almalıdır. Proletar psixolojisini bənimsəmək
üçün də, iqtisadi və ictimai yaşayış
məqsədilə, uzun illər fabrikada çalışmaq
lazımdır”. (“Komunist”, ¹ 75)
Leninin 1922-də vəz etdigi bu əsas üzrə hərəkət
ediləcək və Komunist firqəsində olan “münəvvər,
yarım münəvvər, ufaq burjua ünsürlər,
köy və şəhər ufaq burjuasına
yaklaşmış və məzkur siniflərin ideoloji və
psixoloji təsirlərinə düşmüş olanlar,
köyün milliyyətçi orta hallı ünsürləri,
ticarət ərbabı, qolçomaqlar v.s.” Komunist firqəsindən
dışarı atılacaqdır. Bu məqsədlə
hər il yapılan təmizlik nəticəsində 1922-dən
1928 sənəsinin avqustuna qədər Sovetlər daxilində
260 min 144 əza Komunist firqəsindən dışarı
atılmışdır. Bununla bərabər
1925-də Komunist firqəsinin yalnız 44 faizi proletar olub
56-sı qeyri proletar ünsürlər olmuşdur. 1928 sənəsi avqustunda isə Komunist firqəsinin
62 faizi proletar olub, yalnız 38 faizi qeyri proletar olmuşdur.
Fəqət 38 faizin münəvvər olması və Komunist
firqəsinin bilxassə türk-azəri olan milliyyətçi
köylü komunistlərlə, gənc nəslə
arxalanması və 62 faizinin isə, keçən məqalələrimizdə
qeyd etdigimiz kibi, həp avam və cahil ünsürlərdən
ibarət oluşu Komunist firqəsinin vəziyyətini çətinləşdirmişdir.
Onun üçündür ki, son konqredən
sonra yenidən təmizligə və 38 faizi sıfıra endirməgə
ehtiyac hiss olunmaqdadır.
Bu təmizligin Azərbaycan şəraiti içərisində
ifadə etdigi məna, Azərbaycan Komunist firqəsinin tamamilə
ruslaşması demək olacağını dəxi
unutmamalıdır. Bu ilki konqrada seçilən yeni heyəti mərkəziyyənin
yarısı türk-azəri, yarısı rus və erməni
olması, kontrol heyətinin tamamilə ruslar əlinə
keçdigi Azərbaycan Komunist firqəsi heyətinin bu son təmizlikdən
sonra bütün-bütünə ruslaşacağını
göstərən bir hərəkətdir...
lll
Nisanın 1-də Azərbaycan Sovetlərinin VI Konqresi
açılmışdır. Nisanın 9-da xitam
bulan konqredə 234 əza və 98 namizəddən ibarət
yeni bir mərkəzi icra komitəsi intixab edilmişdir. Bundan başqa Mavərayi-Qafqasiya Sovetlər konqresinə
276 mürəxxəs, ümumi Rusya Sovetlər konqresinə 29 əza
intixab edilmişdir. Yeni icra heyətinin, qəzetələrdə
oxuduğumuz listəyə görə (“Komunist”, ¹ 81)
yarısı rus, erməni və yəhudidir.
Qurultayda Azərbaycan Komisarlar Heyəti rəisi Musabəyov
Azərbaycan Sovet hökumətinin fəaliyyəti haqqında
müfəssəl bir rapor vermişdir. Musabəyovun raporuna görə
(“Zarya Vostoka”, ¹ 74) Azərbaycanın sənaye və ticarət
istehsalı 1925-1926 sənələrində 451 milyon manat ikən,
1928-1929 sənələrində 862 milyon manat qiymətində
olmuşdur. 2 sənə zərfində mənzil
inşasına 1,5 milyon manat sərf
edilmiş, bu sənə isə 12 milyon manat təxsis
edilmişdir.
Ziraət məhsulatı 2 sənə içərisində
yalnız 13 milyon manatlıq artmışdır (203 milyondan 216
milyon manata). Köy ziraətinin ticarət balansı da 52 milyondan
65 milyon manata qədər yüksəlmiş. Büdcə daima açıq olmuş. Bu sənə
olduğu kibi, 1927-1928 sənəsi büdcəsinin gəlir
qismi çıxarından çox az olmuş (gəlir 18,8 milyon, çıxar 27,3 milyon manat). Hökumətin qarşısında duran məsələlərin
ən mühümmü olmaq üzrə, Musabəyov Azərbaycanın
müdafiəsini qüvvətləndirməyi göstərmişdir.
Maarif
haqqında məruzədə bulunan Mustafa Quliyev “müəllimlər
köylərə mədəniyyət saçan bir qüvvətdir”
şüarı ilə bəhs etdigi qismində müəllimlərin
75 faizinin azsavadlı (məlumatsız, avam)dır.
(“Komunist”, ¹ 81) İlk məktəblərdə
170 min tələbə vardır. Ümum tələbənin
yalnız 18 faizi qızdır. Ali məktəblərdə
bütün professorlar (2 kişidən başqa) rusdur. Müəllimlərin isə yalnız 21 faizi
türkdür.
Quluyev
maarif sahəsindəki qayələrini izah edərək
demişdir ki:
“Məqsədimiz Avropa mədəniyyətinə
yetişmək və onları geridə buraxmaqdır”. (“Komunist”, ¹ 71)
Fəqət “bolşeviklərin bu müvəffəqiyyətlərini
və işğal etdikləri maarif və mədəniyyət
cəbhə və qalalarını” müsavatçılar
işğal ediyorlar”. Müsavatçılar Sovetlərin maarif
sahəsindəki müvəffəqiyyətlərilə mədəniyyət
cəbhəsindəki inqilablarını kəndi əsərləri
və malları kibi tarixə qeyd etmək istiyor və
bolşevikləri bilxassə bu cəbhələrdə
vuruyormuşlar.
Sözünün
sonunda Quliyev diyor ki:
“Müsavatçılar öylə güman etməsinlər
ki, Azərbaycan Əfqanıstandır. Müsavatçılar
nəhayət bizə qalib gələcəklərini ümid
etməsinlər. Biz Azərbaycanı
bütün Şərq ölkələri üçün
nümunə olacaq bir Cümhuriyyət halına
salacağıq. Türkiyə də daxil
olmaq üzərə, bütün Şərq bizi təqlid
ediyor. Biz müsavatçılara qarşı kitab ilə
çıxacağız...” (“Komunist”, ¹ 81)
Quliyevin
“Müsavat” qorxusu, “Müsavat” fəaliyyəti, “Müsavat” təhdidi
ilə dolu olan “maarif” raporunda, nədənsə,
iddialarını təkmil edəcək heç bir maddi vəsiqə
göstərməmişdir. Fəqət Quliyev məzurdur.
Nədən bəhs etsə o mütləqa
“Müsavat”ı əsas olaraq alacaqdır. “Müsavatoloji”
mütəxəssisi olan Quliyev uyuyarkən röyasında belə
“Müsavat” görməkdədir.
lll
Azərbaycan Komunist firqəsi məktəblilər
arasında bir anket tərtib etmişdir. Anketdən məqsəd
tələbənin siyasi səviyyəsini və Sovet rejiminə
olan əlaqəsini təyin etmək olmuşdur. N.Markel,
A.Eyvazov və V.Stgriqunovdan ibarət bir heyət tərəfindən
tədqiq olunan bu anketin
tələbədən sorduğu “Sovet hökumətinə
və Sovet rejiminə nə surətlə (nasıl)
baxıyorsunuz?” sualı olmuşdur. Heyət tələbəyə
ismini yazmamasını və bu surətlə sərbəst
olaraq fikrini izhar etməsini təmin etmiş olduğundan, məktəblilərin
bu cavablarına inanmaq lazım gəlir. Fəqət
cavabları tədqiq edən heyətin bitərəf adamlardan
ibarət olmaması və içlərində azərbaycanlı
bir türkün bulunmaması tədqiqat nəticələrini
çox şübhəli göstərməkdədir. Bununla bərabər gəncligin anketə verdigi
cavablar çox şayani-diqqətdir.
Heyətin
“Komunist” qəzetələrində nəşr etdigi raporuna
görə (“Komunist”, ¹ 64):
“Tələbənin
15,2 faizi Sovet hökumətinə pis (mənfi
- fəna) baxır. Bunlar tərəddüdlüdürlər,
proletar diktatorluğunun nə olduğunu bilmiyorlar”. Bu
15,2 faizin cavabları “laqeyd” “bu məsələ üzərində
şimdiyə qədər düşünmədim”,
“şöylə-böylə”, “şimdilik bir tələbə
kibi”, “şimdilik bu sorğuya cavab verəməm” şəklində
olmuşdur.
Tələbənin
10,2 faizi Sovet hökumətinə pis nəzərlə
baxdığını açıq yazıyor. Bu
cavablar içində rapor sahiblərinin təbirilə
“açıq əks inqilabçı” cavablar vardır.
Bunlar “Sovet hökumətinə nasıl baxırsan?”
sorğusuna “pis”, “mənfi”, “düşməncəsinə”,
“ümumiyyətlə hər hökumətə mənfi
baxdığım üçün Sovet hökumətinə də
pis baxıram” şəklində qəti cavablar vermişlərdir.
Tələbənin 5 faizi isə qətiyyən
cavab verməmişdir.
Yerdə
qalan 69,6 faiz içərisində 3 qism
baxış vardır: “yaxşı”, “sevirəm”, “bir
komsomolçu kibi”...
“Yaxşı”
baxanlar 69,6 faizinin əksəriyyətini təşkil
edirlər. Və “əkmək, qumaş, şəkər
v.s. almaq üçün Sovet hökumətindən vəsiqələri
olduğundan “yaxşı” baxıyormuşlar.
“Sevənlər”in cavabı “bir vətəndaşın kəndi
vətəninə nasıl baxmalı olduğu kibi” tərzindədir.
Ufaq bir əqəliyyətin baxışı
komsomolcasına olmuşdur. Onlar “bir komsomolçu
kibi” baxıyorlar və “bütün ölkələrin bizdəki
kibi sosyalist olmasını” istəməkdədirlər.
Rapordan bu tədqiqin ikinci olduğu
anlaşılmaqdadır. Birinci tədqiqi yapanda eyni heyət
olmuş və nəticədə məktəblilərin milliyyətçi
olduğu anlaşılmışdır.
Heyət tədqiqat yaparkən məktəblərdə təsadüf
etdigi “bəzi faktlar”ı da raportunda qeyd etməkdədir. Raporun bu qismini eynən
alıyoruz:
“Bir məktəbdə divarlara “Rədd olsun komsomol!”
şüarı yapışdırılmışdır. Digər bir məktəbdə
tələbələr imzasız məktub yazaraq gizli təşkilatlarını
açmaq təşəbbüsündə bulunacaq hər kəsi
ölümlə təhdid eyləmişlərdir. Bir çox məktəblərdə gizli məcmuələr
və əlyazıları bulunmuşdur”. (“Komunist”, ¹ 64)
Heyət digər bir anketdən dəxi bəhs etməkdədir. Bu da ərzaq
qıtlığı, əkmək bahalığı və bu
münasibətlə “sıra” və “vəsiqə” tətbiqi
haqqında olmuşdur. Orta məktəb, texnikum və əmələ
dairələrindəki məktəb tələbəsindən
sormuşlar:
- “Taxıl (ərzaq) azlığı nədən
oluyor?” Tələbə
bu sorğu qarşısında müştərik
olmamışdır, bir qismi demişlər ki:
- “Sovet
hökuməti hərb üçün çoxlu taxıl (ərzaq)
tədarük etməkdə olduğundan bazarda ərzaq
qıtlığı var...” Digər bir qismi isə
demiş ki, - “Sovet hökuməti əcnəbi məmləkətlərə
çoxlu taxıl (ərzaq) ixrac etmək istədigindən məmləkətimizdə
ərzaq böhranı vardır”. (“Komunist”, ¹ 64)
Heyət
bu cavabların hər ikisini “əks inqilabanə” və “milliyyət
pərvəranə” bir cavab buluyor, tələbənin
“yabançı təsirlərdə bulunduğu” qənaətinə
gəliyor. Heyət ən çox qızlara
qızmaqdadır. Çünki
qızların həpsi Sovet rejiminə mənfi
baxdıqlarını yazmışlarmış.
M.B. (Mirzə
Bala Məmmədzadə)
“Odlu-Yurd”,
Temmuz (iyul) 1929, ¹ 5
Məzur
- üzürlü
Müştərik
- şərik, ortaq
AZƏRBAYCANDAN
MƏKTUB
I
Vətənin qəlbinə ilan kibi sımsıxı
sarılan əcnəbi vəhşilərilə kəndi
heysiyyətlərini ləkədar və hissiyyati-milliyyə və
vətəniyyələrini qeyb edən naxələf
övladların hərəkətləri Azərbaycan daxilində
yaşamağa heç bir növ ilə müsaid degildir. Vətənimizin
heç bir tərəfində insanı şad edici bir şey
görünməməkdədir. Yerli əhali
daima təzyiq altına alınıb türlü-türlü
bəhanələr ilə hizmətlərdən kənar edilməkdədir.
Münəvvər siniflərin keçirdigi həyat
olduqca ağır və təhlükəlidir. Hər yerdə bir şey və yaxud sui-istemal vaqe
olursa türlü-türlü hiylələr icadilə münəvvər
hizmətçiləri məsuliyyətə cəlb edib həbsxanə
köşələrində yatırırlar. Təqibat olduqca qüvvətlidir. Nəzərdə
bulunanların arxasında “Çeka”nın
casusları dolaşıb təqib edərlər.
Məktəblərin yuxarı siniflərində təhsildə
bulunan gənc tələbələrimiz
türlü-türlü bəhanələr ilə oxumaqdan məhrum
ediliyorlar.
Orta məktəbləri bitirən və orta sinifə:
(babası vaxtilə baqqal manifaqturaçı, ev
sahibi, mədən sahibi) mənsub olan çocuqlar texnikuma və
ali məktəblərə girmək haqqından məhrum
edilmişlərdir. 2 min rublə sərmayəyə
malik olan bir baqqalı 6000-5500 rublə vergi verməyə məcbur
etmişlərdir. Milman ismində bir yəhudiyə 150
min, Musaxanovlara 25 min, Babayevlərə 42 min rublə vergi gəlmişdir.
Məzkur vergiləri dükanında mövcud
mallar ödəyə bilmədiyi üçün evlərini
vergi hesabına yazıb satacaqlardır. Vergi
hər bir dövlətdə maliyyə şöbələrinə
aid bir məsələ olduğu halda, bolşevik üsulu-idarəsində
bu vəzifə “Çeka”ya verilmişdir. “Çeka”nın bu şöbəsinin müdürü
keçən sənə “Salovka” adasına sürgün edilən
Maroz ismində bir yəhudi idi. Bu yəhudi
telefonoqramla maliyyə şöbəsinə bir listə verir və
listedə filan adama bu qədər və filankəsə də
şu qədər vergi bildirişi (ixbarnamə) göndəriniz,
bildiriş verginin vaxtını da təyin edir. Təbiidir ki, qüvvətlərindən qat-qat
artıq olan bu vergiləri müəyyən vaxtda heç
birisi verəmiyor. Və buna görə “Çeka”
zavallıları yaxalayıb qürunu-vüsta (orta əsrlər)daki inqizisyon zindanlarından pək
müdhiş olan qaranlıq bodrumlara sövq edir.
Yeyəcək məsələsinə gəldikdə hər şey hökumət kooperativlərində satılmaqdadır. Əkməyin funtu (girvənkəsi) 6 qəpik, şəkərin - 28, yağın - 1 rublə, çayın - 3 rublə 60 qəpik və başqa şeylər də bunun kibi. Burada yazdığım şeylər əhaliyə degil, ancaq məmurlara verilir. Əhali məzkur şeyləri almaq haqqından mərhumdur. Onlar əkməgi səyyar satıcılardan funtu 30 qəpiyə, şəkəri 1 rubləyə, yağı 1 rubl 60 qəpiyə, çayın funtunu da 8 rubla alırlar. Hökumətin çıxardığı əkmək adam başına bir funt miqdarında verilən siyah əkməkdən ibarətdir.
Əmələlər kəndiləri üçün aldıqları şəkəri qənaətlə işlədib bir miqdarını gizli olaraq başqalarına satır və ondan hasil olan parayı başqa ehtiyaclarına verirlər.
Azərbaycanda hər şey “norma” ilədir və hər kəs də “növbə” ilə şey almalıdır. Gündə bazardan yemək alıb gətirmək üçün bir adam lazımdır ki, səhər saat 5-də gedib 11-də ancaq evə övdət edə.
Gündən günə işsizlərin sayları artmaqdadır və bunların da böyük hissəsini yerli əhali təşkil edir. Yerli bir məmurun babası keçmişdə tacir olmuşsa, yaxud kiçik bir evi varsa onu məmurluqdan xaric edirlər. Şəhərin evlərinə gəldikdə, bunlardan çoxu hökumət tərəfindən alınmışdır. Bəzi evlərin sahibi kiraçilər olmuşdur. Yerdə qalan kiçicik evlər sahiblərində qalmışdır. Bu evlərdə oturan məmurlar ev kirəsini hökumətin qoyduğu “norma” ilə veriyor ki, ayda 5-6 yaxud 8, 10 rubldan fəzlə etmiyor. Biçarə ev sahibi kəndisi həyəti süpürür və qapıçılıq edir. Sovet hökuməti “norma”sı ilə bir ayda 80 rublə varidatı olursa mütləqa bir qapıçı tutmalıdır və qapıçıya maaş olaraq ayda 50 rublə vermək məcburiyyətindədir.
Bakının ətrafındakı köylərdən Bülbülə, Əmirhacıyan, Sabunçu, Suraxanı, Balaxanı, Ramana, Əhmədli, Keşlə və sairə kibi köyləri dağıdıb, bu dairəyi ruslarla məskun etmək fikrindədirlər. Bakının Bülbülə ilə Əmirhacıyan köyünün bütün ziraət yerlərini qəsb edib böyük köylər salmışlardır. Bunlar əmələlərə aiddir.
Əhmədli və Keşlə köylərinin yanlarında böyük əmələ köyləri salınmışdır ki, içindəkilər həp rus və ermənilərdir. Maştağa köyünü yerindən köçürmək üçün Baksovetdə müzakirə edilmişdir. Məştağa köyünün 1918 sənəsində cəbhə təşkil etməsi məsələsi bunları qorxutmuşdur; binaənileyh bu köyü ruslar dağıtmaq istiyorlar.
Vey Əlif
“Odlu-Yurd”, dekabr 1929, ¹ 10
(Ardı var)
525-ci qəzet.-2018.-13 yanvar.-S.20.