Əlimərdan bəy Topçubaşovun
İstanbul görüşləri: Erməni məkri ilə
üz-üzə
Vilayət QULİYEV
Diplomatik
fəaliyyətinin İstanbul dövründə (sentyabr, 1918 -
mart, 1919) Azərbaycan Xalq Cümhuriyyəti ilə həmsərhəd dövlətlərin - Rusiya, İran,
Osmanlı imperatorluğu və Gürcüstan nümayəndələri
ilə görüşüb gələcək münasibətlərə
dair prinsipial fikir mübadiləsi aparan Əlimərdan bəy
Topçubaşov Ermənistan təmsilçisi
ilə dialoq imkanından da istifadə etməyi
unutmamışdı.
Bu məqsədlə Bakıdan və Tiflisdən
yaxşı tanıdığı erməni ictimai-siyasi xadimi,
tanınmış yazıçı-publisist Avetis Aqaronyanla
(1866-1948) görüşmüşdü. A.Aqaronyan
Türkiyənin İqdır əyalətində
doğulmuşdu. 1918-ci il mayın
28-də Ermənistanın dövlət müstəqilliyini
elan edən erməni Milli Şurasının sədri idi. 1919-cu ilin avqustundan 1920-ci ilin dekabrına -
bolşevik işğalına qədər Ermənistan
Parlamentinin fəaliyyətinə rəhbərlik etmişdi.
Paris sülh konfransının
iştirakçısı olmuş, Ermənistan adından bədnam
Sevr müqaviləsini imzalamışdı. Fransada yaşadığı mühacirət illərində
fəal siyasi mübarizədən qismən çəkilmişdi.
Birinci Ermənistan Respublikasının və XX əsr
erməni milli hərəkatının tarixçisi
olmağı daha üstün tutmuşdu.
1919-cu ilin yanvarında, Paris sülh konfransına yola
düşmək üçün gəldiyi İstanbulda Avetis
Aqaronyan Osmanlı ermənilərinin sahib olduğu məşhur
Tokatlian otelində qalırdı. Lakin Əlimərdan bəyin onunla
görüşmək istədiyini, üstəlik də xəstə
olduğunu biləndən sonra özü azərbaycanlı həmkarının
yanına - “Pera Palas” otelinə gəlmişdi. Söhbətin gedişindən də
göründüyü kimi, aralarında normal münasibət
vardı. Ümumilikdə isə
Ə.Topçubaşov milli mənsubiyyətindən
asılı olmayaraq, Qafqaz siyasətçiləri arasında
böyük hörmət sahibi idi. Onun
biliyi, təcrübəsi, nüfuzu, ən başlıcası
isə obyektivliyi və ədalət hissi ilə
hesablaşırdılar.
Söhbət başdan-başa Qafqaz məsələlərinə,
yəni erməni-gürcü və erməni-azərbaycanlı
münasibətlərinə həsr olunmuşdu. Əlimərdan bəyin
simasında mədəni dinləyici tapmış Avetis
Aqaronyan gürcülərdən xeyli qeybət etmiş, onların
qonaqpərvər olmadıqları, ermənilərə
saymazyana münasibət bəslədikləri haqqında acı-acı
danışmış, ermənilərin tərk edib gedəcəkləri
təqdirdə Tiflisin tezliklə şəhər
simasını itirəcəyi, böyük bir gürcü kəndinə
çevriləcəyi, bəlkə də bütünlüklə
yer üzündən silinəcəyi
barəsində sərsəmcəsinə uzaqgörənlik etmişdi.
Gürcülərlə müqayisədə azərbaycanlılar
haqqında guya daha pozitiv tonda danışması isə əslində,
gözdən pərdə asmaq məqsədi
daşıyırdı. Aqaronyanın söhbətində bir
nüans da diqqəti cəlb edir - bu da onun ilk baş nazirimiz Fətəli
xan Xoyski haqqında dedikləridir. Əslində, il
yarım sonra Tiflisdə Fətəli xana atılan erməni
gülləsinin trayektoriyasını həmin sözlərdən,
onlarda öz əksini tapmış ittihamdan cızmaq mümkündür. F.Xoyski Bakının erməni-bolşevik
işğalından azad olunması zamanı ermənilərlə
qəddar davranışda ittiham edilirdi - guya o, istəsəydi,
Azərbaycan türklərinin torpağını, sərvətini,
malını, keçmişini və gələcəyini ələ
keçirmək istəyən ermənilərə aman verilə
bilərdi. Əslində, humanist bir Azərbaycan vətənpərvəri
olan Fətəli xan hökumət başçısı kimi
erməni soyqırımının qarşısını
almaq üçün mümkün olan hər şeyi
etmişdi. Amma bu nəcibliyi və insanpərvərliyi
də ona erməni terrorçularının arxadan
atdıqları güllədən yayınmaq imkanı verməmişdi. Bu siyasi qətlin anonsunu isə hələ
1919-cu ilin yanvarında Erməni Milli Şurasının sədri
Avetis Aqaronyan açıqlamışdı...
İstanbuldakı söhbət zahirən pozitiv notlar
üzərində köklənsə də, birincilər
sırasında qatıldığı Paris sülh
konfransında (Azərbaycan nümayəndələri həmin
vaxt hələ fransız vizası almaq üçün
çalışırdılar) öz həqiqi simasını
göstərmişdi. Parisdə də Əlimərdan bəy erməni
həmkarı ilə dəfələrlə üz-üzə
gəlmiş, onun əsl türk düşmənçiliyinin
və “Böyük Ermənistan” xülyasının şahidi
olmuşdu. Bu siyasi fikir toqquşmaları
Parisdən Azərbaycan hökumətinə göndərilmiş
əhatəli məlumatlarda öz obyektiv və prinsipial əksini
tapmışdı. Uzun illər boyu Qafqaz
xalqlarını İsveçrə konfederasiyasi kimi bir
dövlətdə birləşdirmək arzusu ilə yaşayan Əlimərdan
bəy qarşısında bugünkü erməni
separatçılarının babası adlandırıla biləcək
bir bölücünün, separatçı və türk
düşməninin dayandığını bütün kəskinliyi
ilə Parisdə müşahidə və hiss etmişdi.
Aşağıda
Ə.Topçubaşovun aşağı-yuxarı 99 il əvvəl erməni siyasi elitasının
aparıcı simalarından biri olan A.Aqaronyanla söhbətinin
mətni verilir.
16 yanvar
1919-cu il
Saat
12.00-13.30
Pera Palas
oteli
Ayın 14-də səhər qəzetlərində Parisə
gedən A.Aqaronyanın bura gəldiyini oxudum. Nə vaxt
görüşə biləcəyimizi öyrənmək
üçün dərhal katibim Haşım bəyi Tokatlian
otelinə göndərdim. Cənab Aqaronyan
ertəsi gün saat 3-də gəlməyimi xahiş etdi.
Lakin bərk zökəm olduğumdan soyuğa
çıxsam, xəstəliyimin daha da şiddətlənəcəyindən
qorxub deyilən vaxtda görüşə getmədim. Məktub yazıb üzr istədim və xahiş elədim
ki, əgər imkanı olsa o, mənim yanıma gəlsin.
Cənab Aqaronyan lütfkarlıq göstərib
katibi (Tiflisdəndir, sifətdən tanıyıram, lakin
soyadını unutmuşam) ilə birlikdə
qaldığım otelə gəldi.
Aqaronyan:
Salam, Əlimərdan bəy! Sizə nə olub?
Görürəm,
öskürürsünüz. Bu heç də
xoşagələn hal deyil. Amma ümumən
oktyabrdakından qat-qat yaxşı
görünürsünüz. Gərək
özünüzü qoruyasınız, indi burada çoxlu
müxtəlif xəstəliklər yayılıb. Tezliklə sağalmağınızı arzu edirəm.
Mən:
Çox sağ olun. Narahatlıq
yaratdığıma görə üzr istəyirəm. Gəldiyiniz üçün minnətdaram. Mən burada demək olar, hər şeydən təcrid
olunmuşam. Heç nədən xəbərim
yoxdur. Ona görə də fürsətdən
istifadə edib Qafqazdakı yeniliklər barədə sizdən
eşitmək istəyirəm.
Aqaronyan:
Lütfən, heç bir üzrxahlıq lazım deyil. Onsuz da sizinlə görüşmədən buradan
getmək fikrində deyildim. Son vaxtlarda baş verən hadisələr haqda
qısaca danışaram. Amma haradan
başlamalı?
Mən: Məsələn,
indi gürcülərlə münasibətiniz necədir?
Aqaronyan:
Düzünü desəm, çox pisdir. Çünki
gürcülər bizə qarşı əməlli-başlı
savaş açmışdılar. Hərbi
əməliyyatlar son günlərə qədər davam edirdi.
Hamısı da Lari ilə Borçalının üstündə...
Bilirsiniz ki, bu ərazilər əsasən ermənilər,
qismən də müsəlmanlarla məskundur. Gürcülərin
sayı lap azdır. Hələ iki ay əvvəl
gürcü hökuməti Borçalı qəzasına hərbi
ekspedisiya göndərmişdi. Ekspedisiyanın tərkibində
almanlar vardı. Həmin vaxt üstəlik
5 müsəlman kəndi də
dağıdılmışdı. Bu da təbii ki,
gürcülərə qarşı müsəlmanlarla ermənilər
arasında
böyük narazılıq yaratmışdı.
Türklər
Axalkələk və Axalsıq əyalətlərindən
çəkiləndən sonra gürcülərlə münasibətlərimiz daha
da pisləşdi. Təxminən elə həmin ərəfədə
Lorinin erməni kəndlərinin hansındasa bir
gürcü zabiti öldürülmüş, yaxud
yaralanmışdı. Gürcülər
Sulukidzenin komandası altında həmin əraziyə
qoşun, artilleriya və zirehli maşınlar yeritdilər.
Aydın məsələdir ki, ermənilər də
qoşun gətirdilər. Arasında Andranikin dəstəsi də vardı. Biz gürcüləri darmadağın etdik, 1500 nəfər
əsir alındı, çoxlu top, silah və üç
zirehli maşın qənimət götürüldü.
Ermənilər o maşınların yolunu
dağdan yuvarladıqları iri qaya parçaları ilə kəsmişdilər.
Ardınca gürcülər Şulaveriyə
hücum etdilər, oranı tamam yandırdılar. Sonra Müttəfiq qüvvələr işə
qarışdı və hərbi əməliyyatlar
dayandırıldı.
Mən:
Bir sözlə, hər şey haqqımızda beynəlxalq aləmdə
yayılmış fikrə uyğundur: çox pis
başlamışıq, pis məktəb keçmişik.
Aqaronyan:
Doğrudan da məhz belədir. Tək
gürcüləri günahlandırmaq istəmirəm. Gərək bizimkilər də özlərini
saxlayaydılar. Bir sözlə, Papacanovla
birlikdə bura gələndə Qarakilsəyə
döndük. Döyüşlər
getdiyindən yolumuza davam edə bilmədik. Dilicana qayıtmağa məcbur olduq, oradan da Qazaxa
adladıq. Qazaxda benzinimiz qurtardı.
Amma müsəlmanlar
çox böyük yaxşılıq eləyib benzin verdilər.
Özümüzü Ağstafaya
çatdırdıq. Sonra da qatara əyləşib rahatca Tiflisə gəldik.
Tiflis isə od tutub yanırdı...
Mən:
(sözünü kəsərək) Necə? Haranısa
yandırmışdılar?
Aqaronyan: Yox, ehtirasların alovlanması mənasında deyirəm. Sən demə, orada kütləvi erməni ovu gedirmiş. Əllərinə düşən ermənilərin hamısını həbs edir, məhbəsə atırdılar. Minlərlə erməni tutmuşdular. Gürcü Qırmızı qvardiyası əməlli-başlı meydan sulayırdı. Düşmən saydıqları erməniləri yaxalayır, çox vaxt pullarını alıb sonra sərbəst buraxırdılar. Həm də az pul almırdılar. Məsələn, Kələntərovdan 30 min, başqa birisindən 15 min və s. götürmüşdülər. Tutulanların çoxunu sonra Kutaisiyə, hansısa işlərdə işlətməyə aparırdılar. Axırda da məsələn, əllərinə belə bir arayış verirdilər: filan erməni bir daha həbs edilə bilməz. Bir sözlə, indi münasibətlər son həddə qədər gərginləşib.
Mən Jordaniyanın yanında oldum, ondan bütün bu özbaşınalıqları, ilk növbədə isə hərbi əməliyyatları durdurmağı tələb etdim. İngilis və fransızların iştirakı ilə iclas keçirdilər, onlar da silahlı münaqişənin dərhal dayandırılması təklifində israr etdilər. Razılıq əldə olundu. Nəticədə qarışıq komissiya (ingilislər, fransızlar, müsəlmanlar, ermənilər) yaradıldı. Sülh konqresində Lori məsələsinin həllinə qədər neytral zonanın idarəçiliyi komissiyanın əlində olacaq.
Ümumiyyətlə, bütün bunlar heç ürək açan işlər deyil. Gürcülərin bizə - 12 nəfərdən ibarət erməni nümayəndə heyətinə münasibətində də xoşa gələn bir şey yox idi. Heyətimizə ikinci dərəcəli, çirkli bir vaqonda kupe ayırmışdılar. Həmin vaqondan əvvəllər deyəsən ərzaq daşımaq üçün istifadə etmişdilər. 18 nəfərlik gürcü heyətinin bütün üzvləri (Çxeidze, Sereteli, Nakaşidze, Nikoladze, Qambaşidze və b.) isə birinci dərəcəli vaqonla gedirdilər. Başqa fakt: təxminən noyabrın 20-də, hələ İrəvanda olanda gürcü hökumətindən Tiflisdə Azərbaycan və Şimali Qafqazla birlikdə keçirilən konfransa dəvət aldım. Dəvətnamədə konfransın tarixi və müzakirəyə çıxarılan məsələlər də artıq göstərilmişdi. Belə münasibət, yəni başımızın üstündən bu cür iş görülməsi xoşuma gəlmədi. Ona görə də dəvəti qəbul etmədik, konfransda iştirakdan boyun qaçırdıq.
Mən: Bütün bunlar nə qədər də xoşagəlməzdir! Bəs bizimlə necə, hələ də müharibə edirsiniz? Azərbaycanla münasibət necədir?
Aqaronyan: Sizinlə münasibətlərimiz daha yaxşıdır. Düzgün istiqamətdə qurulur. İlk növbədə onu deyim ki, indiyə qədər qarşılıqlı təmsilçilik məsələsi həllini tapmayıb. Nə bizdə, İrəvanda, nə də sizdə, Bakıda hələ diplomatik nümayəndəlik yoxdur. Buna isə çox ehtiyac var. Səbəb Azərbaycan hökumətinin göndərmək istədiyimiz diplomatik nümayəndə Bekzadyanın namizədliyini qəbul etməkdən boyun qaçırmasıdır. Hökumət hələ Yelizavetpolda olanda onun təyinatına razılıq verilmişdi. Amma Bakıya köçəndən sonra hansı səbəbdənsə münasib bilinmədi. Bundan əlavə, ermənilər, ələlxüsus tanınmış şəxslər hələ də Bakıda görünməyə, xüsusən Zaqafqaziya dəmir yolunun sizə məxsus hissəsində səfərə çıxmağa qorxurlar. Çünki burada bəzən ermənilərlə müsəlmanlar arasında toqquşma hallarına təsadüf olunmuşdur.
Azərbaycan hökuməti ermənilərə 3 nazir vəzifəsi, Parlamentdə isə deyəsən, 30-dan çox deputat yeri verib. Lakin onlar təkliflərdən boyun qaçırıblar. Bəlkə də parlamentdə ermənilər var. Lakin kimdirlər və neçə nəfərdirlər? Doğrusu, xəbərim yoxdur. Nazir vəzifəsindən isə birmənalı imtina ediblər.
Mən: Bəs özlərinin bu addımlarını nə ilə əsaslandırırlar?
Aqaronyan: Bilirsiniz, hökumət başçısı vəzifəsində Fətəli xan Xoyskinin qaldığı müddət ərzində ermənilərin Azərbaycan hakimiyyətinə münasibəti formal xarakter daşıyacaq. Çünki onlar Xoyskini sentyabrda Bakının alınması zamanı çoxsaylı ermənilərin öldürülməsinin və güc tətbiq olunmasının əsas günahkarı sayırlar. Bizimkilər fikirləşirlər ki, buna yol verməyə də bilərdi.
Mən: Lütfən, axı deyəsən, şəhərə girən qoşunlar Bakını iki aydan çox mühasirədə saxlamışdılar. Mənim dəqiq məlumatım yoxdur.
Aqaronyan: (sözümü kəsərək) Hadisələr məhz sizin burada olduğunuz vaxt baş vermişdi. Çox pis şeylər danışırlar... Amma istənilən halda, heç nəyə baxmayaraq, aramızdakı münasibətlər düzəlməlidir.
Mən: Lakin bunu orada, yerində etmək lazımdır.
Aqaronyan: Çox təəssüf ki, alınmadı. İndi bütün ümid getməyimizin mütləq, zəruri olduğu sülh konqresinə qalıb. Sizin də nümayəndə heyəti seçilib. Bildiyim qədər tərkibi çox böyükdür. Deyəsən, 30 nəfərdir. Heyətin sədri kim olacaq - bax bunu unutmuşam.
Katib: Əlimərdan bəyin özü. Erməni qəzetləri həmin nümayəndələrin siyahısını çap ediblər. Məndə qəzet var.
Mən: Kimlərin gedəcəyindən tam xəbərsizəm. Özümün sədr olduğumu isə indi təsadüfən sizdən öyrəndim. Bizim nümayəndələrin adlarını desəniz, çox məmnun olaram. Amma nəyə görə bu qədər çoxdurlar?
Aqaronyan: Mən də hesab edirəm ki, çoxdurlar. Məsələn, gürcülər 18 nəfərlə getmək istəyirdilər. Lakin Batumda ingilislər onlara təklif etdilər ki, həmin sayı 12-yə endirsinlər.
Mən: Bəs qəzetlərdə bizim heyətin yola düşmə vaxtı göstərilib?
Aqaronyan: Mən Tiflisdə olanda deyirdilər ki, deputatlarınızın gəlişi gözlənilir. Onlardan ötrü hətta ayrıca vaqon da hazırlamışdılar. Sonra Batumda, yola düşməmişdən əvvəl yenə sizinkilərin tezliklə ora gələcəklərini eşitdim. Gürcülər də Batumda onların gəlişini gözləyirdi. Yəqin, bu günlərdə, bəlkə də daha tez gəlib çıxarlar.
Mən: Siz hələlik deyəsən, burada təksiniz? Papacanovu gözləyəcəksiniz? Bəs o haradadır?
Aqaronyan: Siz tərəflərə, Bakıya gedib. Çünki ailəsi oradadır. Tezliklə gəlməlidir. General Korqanov da bizə qoşulmalıdır. Amma yəqin ki, mən onları gözləməyəcəyəm. Gəmidə yer alan kimi yola düşəcəyəm. Parisə tələsmək lazımdır. Konqresə hələ çox qalsa da, siz də tezliklə ora gəlməlisiniz.
Mən: Təbii
ki, getmək olar. Amma nə ilə - bax, əsas
məsələ budur. Yadınızdadırsa,
hələ sentyabrda, sizin gəlişinizdən əvvəl
burada bizim xalqlarıın İsveçrə İttifaqı
tipli federasiyada birləşməsi ilə bağlı fəaliyyət
başlamışdım. O zaman Qafqazın, xüsusən
də bizim Zaqafqaziyanın nicat yolunu yalnız bunda
görürdüm. Əlbəttə, gürcülər, ermənilər,
azərbaycanlılar
daxili muxtariyyətlərini qoruyub saxlayacaqlar. Lakin İsveçrədəki kimi ümumi ittifaq təşkilatlarına
malik olacaqlar. Müttəfiqlərə və
neytral ölkələrə təqdim edilən memorandumda da
fikirlərimi təxminən bu istiqamətdə inkişaf
etdirmişəm.
Oktyabrda biz də, buradakı erməni və gürcü nümayəndələri də ümumi şəkildə federasiya ideyası ilə razılaşırdıq. Amma indi həmin məsələyə necə yanaşdığınızı bilmirəm. Bəlkə şərait dəyişilib?
Aqaronyan: Bilirsiniz, bu, çox mürəkkəb məsələdir. Yadımdadır, mən Çxenkeliyə yazmışdım, o isə belə cavab vermişdi ki, hələlik bizim ayrı-ayrı respublikalar möhkəmlənməyənə qədər federasiya haqqında düşünmək tezdir.
Mən: Qismən doğru yanaşmadır. Lakin fikrimcə, Zaqafqaziya xalqlarının nümayəndələri sülh konqresində federasiya ilə bağlı bir səslə danışmalıdır. Bunun böyük əhəmiyyəti olacaq. Və doğrusu, güman edirdim ki, siz, eləcə də Zaqafqaziya nümayəndələri bura gəlməmişdən və Parisə yola düşməmişdən əvvəl bu vacib məsələni yerlərdə müzakirə edəcəksiniz.
Aqaronyan: Çox çətin olardı. Gürcülərlə isə ümumiyyətlə mümkün deyil. Özünüz görürsünüz onlarla münasibətlərimiz necədir. Həm də bütün bunlar hamısı Tiflisə görədir. Guya biz, ermənilər ona iddiaçıyıq. Amma öz aramızda deməliyəm ki, Tiflisə heç bir iddiamız yoxdur. Onu gürcülər üçün qoyub gedirik; amma təki Tiflis Gürcüstan üçün Konstantinopolun Türkiyədən ötrü oynadığı kədərli rolu oynamasın.
Bunu Tiflisdə də demişdim: Tiflisi tamam tərk etmək qərarına gəlmişik. Bütün ermənilər oradan çıxıb gedəcəklər. Və o zaman Tiflis adi bir gürcü kəndinə çevrilib məhv olacaq... İnanın mənə, belə də olacaq.
Mən: Xalqlarımızın müstəqil həyata belə qeyri-normal şəraitdə başlaması necə də kədərləndirici haldır! Amma mən münasibətlərin yaxşılaşmasına və son hədəfimiz olan federasiyaya nail olmaq ümidimi heç zaman itirmirəm.
Aqaronyan: Gözəl ideyadır. Görək konqres nə deyəcək. Tez gəlin. Hələlik. Görüşənə qədər!
Mən: Çox güman ki, hələ burada da görüşəcəyik. Səhhətim imkan verən kimi sizə baş çəkməyə çalışaram. Gəldiyiniz üçün çox sağ olun (Koridora qədər yola salıram).
Rus dilindən tərcümə Vilayət Quliyev
525-ci qəzet 2018.- 13 yanvar.-
S.19;23.