“Bitməyən söz”ün
sorağında
Ədəbi-bədii aləmdə, xüsusilə, ədəbi
tənqid dünyasında söz deyənin kimliyi böyük
önəm kəsb edir.
Ötəri qələm sahibləri ilə
imzasını ədəbi ictimaiyyətin və bir sıra
hallarda bütövlükdə cəmiyyətin
tanıdığı, qəbul etdiyi, obyektivliyinə
inandığı adamların sözünün çəkisi,
yazısının siqləti fərqli olur. İkincilər
- xüsusilə ədəbi tənqid nümayəndələri
rast gəldikləri heç bir maraqlı əsərdən
yan keçə bilmirlər. Xüsusən,
əsər ümummilli marağa söykənirsə,
janrından asılı olmayaraq sənətkarın,
yazıçının, jurnalistin, alimin estetik idealı millətin
taleyi ilə çuğlaşırsa, belə əsərlər
ikincilər üçün vazkeçilməz olur. Onlar
hər hansı bir ustad sənətkarın əsərindəki
estetik idealı ədəbi tənqid kontekstində təhlil
süzgəcindən keçirib bir daha oxucuya həmin əsərin
qiymətini xatırlatmaq missiyasını gerçəkləşdirirlər.
Bizi bu
fikirlər üzərində düşünməyə
çağıran və bütövlükdə gəldiyimiz
bu nəticəni özündə daşıyan bir kitab oldu:
“Bitməyən söz”. Çox poetik bir sərlövhəyə malik kitabın kontent-mahiyyəti
də elə əsərin üzərindədir: “Sona Vəliyeva
haqqında yazılanlar”. Sadə və aydın
iki informativ gediş. Kitabın ikicə sətirlik
annotasiyası var: “Kitab şairə, publisist, alim Sona Vəliyevanın
həyat və yaradıcılığından,
çoxşaxəli fəaliyyətindən bəhs edir. Nəşrdə dəyərli söz
adamlarının təhlil yazıları,
araşdırmaları, məqalələri, açıq məktubları
toplanmışdır”. Bu yığcam təqdimatda
bizim ən çox diqqətimizi çəkən
“çoxşaxəli fəaliyyət” sözləri oldu.
Sona xanım həqiqətən də
“çoxşaxəli fəaliyyət” adamıdır.
İlk növbədə, o, məzmun və mündəricəsi
Vətən sevgisi ilə dolu bir poeziyanın, klassik
ziyalılarımızı məhəbbətlə təqdim
edən epik nəsrin, Ulu öndər Heydər Əliyevin irəli
sürdüyü, Azərbaycan Prezidenti İlham Əliyevin
dövlət səviyyəsində elan etdiyi azərbaycançılıq
ideologiyasının tədqiqatçısı kimi hər kəsə
məlum yaradıcı ziyalıdır. Digər
tərəfdən, bu çoxşaxəliliyə aid neçə-neçə
fakt saymaq olar ki, onların da əksəriyyəti kitabda
müxtəlif imzalı qələm adamları tərəfindən
minnətdarlıqla dilə gətirilmişdir. Başqa sözlə, Sona xanımın polifonik ədəbi-bədii
və ictimai-maarifçi fəaliyyətinin bütün istiqamətləri
“Bitməyən söz”də öz ifadəsini
tapmışdır.
Əvvəlcə
sözügedən kitaba dair kiçik bir statistika: Təxminən
600 səhifəlik kitabda 9 bölmədə 108 məqalə
toplanıb. Hər bir bölmə Sona xanımın son 10 ildə
Azərbaycan, türk, fars, rus, ərəb və tatar dillərində
işıq üzü görmüş 20-yə yaxın
poeziya, nəsr, elmi və publisistik kitabından 9-nun
adını daşıyır (“Azərbaycançılıq
milli ideologiya və ədəbi-estetik təlim kimi”, “Milli
dövlətçilik hərəkatının yüksəlişi
və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq
ideyası”, “Çəhrayı rəngli dünyam”,
“Arazbarı”, “Zaman xəbərsiz ötdü...”,
“Türkün gəlişi”, “İşığa gedən
yol”, “Bu dünya görüş yerimiz”, “Dünya Tanrı
biçimdədir”) və həmin kitablar haqqında məqalə,
təhlil, ön söz, esse, açıq məktub,
araşdırma və resenziyaları, eləcə də Sona Vəliyevanın
fəaliyyəti və yaradıcılığı
haqqında ümumi məzmunlu yazıları bir araya gətirir...
Biz kitabın məzmununu təhlildən əvvəl bir
daha imza məsələsinə qayıtmaq istərdik. Çünki
imza hər şeydir. Şəxsiyyətinə,
nüfuzuna, qələminə hörmət edən hər kəs,
ilk növbədə, imzasını kənar təsirlərdən,
qeyri-obyektivlikdən, bəsitlikdən... qorumağın
qayğısına qalır. Biz bu nəşrdə
Sona Vəliyevanın elmi, ədəbi-bədii, publisistik
kitabları haqqında yazıların imzalarına diqqətlə
baxırıq və bir daha qəti qərara gəlirik ki, həmin
imzaların hər biri cəmiyyətdə qəbul olunmuş
ciddi elmi və yaradıcı insanlara məxsusdur. Bu
imzalar içərisində akademik Nizami Cəfərov, akademik
Muxtar Kazımoğlu, AMEA-nın müxbir üzvü Kamran
Əliyev, professor İzzət Rüstəmov, şairlər -
Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Rüstəm
Behrudi, jurnalistlər - Elmira Axundova, Əflatun Amaşov, Azər
Turan, Flora Xəlilzadə, Natiq Məmmədli, Qərənfil
Dünyaminqızı, ədəbi-tənqid nümayəndələrindən
- Vaqif Yusifli, Abid Tahirli, Əsəd Cahangir və digər
neçə-neçə söz-sənət və elm
adamının adı keçir. Maraqlı cəhətlərdən
biri budur ki, yazılar çox zaman imza sahibinin öz elm və
yaradıcılıq sahəsinə, tədqiqat obyektinə
birbaşa uyğun olur. Yəni məsələn, Sona
xanım Vəliyevanı bir tədqiqatçı, bir elm
adamı kimi akademik Nizami Cəfərov təhlil edirsə, onun
poeziyasını Fikrət Sadıq, Sabir Rüstəmxanlı,
Rüstəm Behrudi kimi şairlər araşdırırsa, nəsrini
- konkret desək, H.Zərdabiyə həsr olunmuş
“İşığa gedən yol” romanını klassik
maarifçi hərəkatına dərindən bələd
olan alimlər - professor İzzət Rüstəmov, professor
Kamran Əliyev, professor Vaqif
Yusifli, filologiya elmləri doktoru Abid Tahirli, görkəmli
publisistlər - Elmira Axundova, Əflatun Amaşov və
başqaları təhlilə cəlb etmişlər. Sona
xanımın fəaliyyəti və bir çox istiqamətdən
yaradıcılığı haqqında Türkiyə şair
və nasiri Əhməd Urfalı, Misir publisisti və ədəbiyyatşünası
Əhməd Sami Elaydi, tanınmış türkşünas
Allahşükür Qurbanov, görkəmli jurnalistlərimiz
Flora Xəlilzadə, Qərənfil Dünyaminqızı, Nəzakət,
Zümrüd Bayramova maraqlı yazı və təhlillərlə
çıxış etmişlər.
Azərbaycan
elmi mühitinə və bütövlükdə geniş
ictimaiyyətə yaxşı məlumdur ki, Sona Vəliyevanın
tədqiqatları birbaşa azərbaycançılıq ideologiyasının elmi-nəzəri
planda araşdırılması ilə bağlıdır.
Akademik Nizami Cəfərov tədqiqatçının bu
istiqamətdəki yaradıcılığı ətrafında
zaman-zaman bir sıra maraqlı təhlillər aparmışdır. Akademikin bu kitaba daxil edilmiş “Azərbaycançılıq
ideologiyasının tədqiqatçısı və təbliğatçısı”
məqaləsi Sona Vəliyevanın bu sahədə
gördüyü işlərin xülasəsi kimi ayrıca
maraq doğurur. Oxucuların yaxşı yadındadır
ki, N.Cəfərov hələ neçə il
əvvəl Sona xanımın “Azərbaycançılıq
milli ideologiya və ədəbi-estetik təlim kimi” kitabına
ön söz yazmışdı. Bu da təsadüfi
deyildi. Çünki akademik N.Cəfərovun
öz elmi yaradıcılığında da azərbaycançılığın
tədqiqi xeyli yer tutur. N.Cəfərov bu məqaləsində
azərbaycançılığın dərin köklərini
xatırladır, milli düşüncəmizə onun rəsmi
bir ideologiya kimi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
gətirildiyini vurğulayır və belə bir dəqiq tezis
irəli sürür ki “...azərbaycançılığın
milli ideologiyaya çevrilməsi - bizim bir millət olaraq mövcudluğumuzun
ideoloji əsaslarını təşkil etməsi
olduqca mürəkkəb, çoxşaxəli, çoxmərhələli
bir prosesdir. Həmin prosesi öyrənmək,
onun qaynar, ehtiraslı gedişini elmin (Azərbaycanşünaslığın)
soyuq mühakimələri ilə təhlil etmək artıq
dövrümüzün mədəni-intellektual tələbədir”.
Və məqalə müəllifi Sona Vəliyevanın həmin
tədqiqatının “azərbaycançılığın
ideologiyaya çevrilməsinin” (Heydər Əliyevin dövründə dövlət
quruculuğu praktikası səviyyəsinə yüksəlməsinə
qədər) tarixi mənzərəsini
təqdim edir. N.Cəfərovun Sona xanım
haqqındakı “Azərbaycançılıq
ideologiyasının tədqiqatçısı və təbliğatçısı”
qənaəti dəqiq və sərrastdır. Belə ki, azərbaycançılığın
milli ideologiya və ədəbi-estetik təlim kimi təşəkkül
tapması və inkişaf yollarının
araşdırılması, bu mürəkkəb ictimai-siyasi, mənəvi-psixoloji,
tarixi-fəlsəfi prosesin elmi-nəzəri təhlili son dərəcə
çətin və məsulliyətli bir işdir.
Çünki uzun illər ərzində müxtəlif
qadağalar, siyasi-ideoloji maneələr Azərbaycan
xalqının gerçək soykökünü, milli-mənəvi
dəyərlər sistemini öyrənməyə, qədim
tarixə və zəngin mədəniyyətə malik və
dünya bəşər sivilizasiyasının ayrılmaz hissəsi
olan bu etnosun öz halalca
adını daşımasına imkan verməmiş, milləti
milli ideya və ideologiyadan məhrum buraxmışdır. Bir çox dəyərli alimimiz kimi, S.Vəliyeva da
sadaladığımız əngəllər nə qədər
güclü olsa da, bu maneələri aşıb, gerçəkliyi
Azərbaycan ictimaiyyətinə çatdıran elm xadimlərimizdən,
yaradıcı ziyalılarımızdan biri olmuşdur. Cəsarətlə
deyə bilərik ki, dövlətimizin və dövlətçiliyimizin
milli-mənəvi və ictimai-siyasi atributu olan azərbaycançılıq
ideologiyasının ədəbi-estetik fikirdə tədqiqi və
öyrənilməsi, azərbaycanşünaslığın
bir elm sahəsinə
çevrilməsi işində Sona xanımın xidmətləri
danılmazdır. Çox müxtəlif tədqiqatlarda
(müəllifin bu sahədə iki sanballı monoqrafiyası və
elmi məqalələri nəşr edilmişdir)
özünü göstərən bu xidmətin son nəticəsi
fundamental bir elmi əsərin meydana çıxmasına təkan
vermiş, S. Vəliyeva “Ədəbi-estetik fikirdə milli ideya
təlimi-azərbaycançılıq: təşəkkülü
və inkişaf yolu” mövzusunda öz yeniliyi ilə seçilən
fəlsəfə doktorluğu dissertasiyasını elmi
ictimaiyyətə təqdim etmişdir.
S.Vəliyevanın “Azərbaycançılıq milli
ideologiya və ədəbi-estetik təlim kimi” monoqrafiyası
müəllifin Azərbaycan sevgisindən doğan bir
faktdır. Sona xanımın bütün əsərlərində
- elmi tədqiqatlarından tutmuş poeziyası və nəsrinədək
hər məqamda bu sevgi xüsusi vurğu ilə üzə
çıxır. Məsələn, oxuculara yaxşı məlumdur ki, Sona
xanım ilk kitablarından olan “Çəhrayı rəngli
dünyam”dan başlamış “Arazbarı”, “Dünya Tanrı
biçimdədir” poeziya kitablarına və
“İşığa gedən yol” fundamental romanadək hər yerdə
özünün Vətən sevgisini, vətəndaşlıq
qayəsini, Qarabağ yanğısını ön plana
çəkir. Yəqin ki, bu keyfiyyət həm də Sona
xanımın Azərbaycana və xalqımıza dərin sevgi
və təmənnasız şəfqət duyğuları ilə
yaşamış klassik maarifçilərimizə dərindən
bələdliyi və onlardan gələn Vətən məhəbbəti,
eləcə də özünün maarifpərvər
ziyalı və söz-sənət adamı (o, “Kaspi” qəzeti
və Təhsil Mərkəzinin təsisçisi və rəhbəridir)
olması ilə bağlıdır. Təsadüfi
deyildir ki, çoxşaxəli yaradıcılığa malik
bir ziyalının əsərlərini təhlilə çəkən
bütün müəlliflər onun
yaradıcılıqdakı Vətən və millət
sevgisini, el-obaya, doğma torpağa məhəbbətini
mütləq dilə gətirir. Sona xanımın
“Çəhrayı rəngli dünyam” kitabı barədə
kövrək bir resenziyanın müəllifi Fikrət
Sadıq öz yazısının bir yerində deyir:
“Buradakı şeirlər əsl qadın şeirləridir - Vətənlə
öz doğma övladı ilə
danışırmış kimi danışan şair
üçün bu
parça-parça olmuş, didilmiş, incidilmiş Vətən,
bu dağlar, dərələr, çaylar, dənizlər,
çiçəklər, ağaclar onun balalarıdır”. Şairənin “Ata
evim” şeirindən bəhs edən Rüstəm Behrudi bu əsəri
müəllifin kənddə qoyub gəldiyi ata evinin xiffətini
yaşamının ən gözəl ifadəsi kimi qiymətləndirir.
Bu kontekstdə də ata evi Vətən,
doğma torpaq mahiyyəti kəsb edir.
Tanınmış
tədqiqatçı-ədəbiyyatşünas, publisist və
istedadlı naşir Azər Turan özünün tələbə
yoldaşı Sona xanımın kövrək poziyasına dair
“Adam ağac dilində...” sərlövhəli məqaləsində
(bu, “Çəhrayı rəngli dünyam” kitabına
yazılmış ön sözdür) şairənin poetik
duyğularından bəhs edərək yazır: “Sonanın
duyğularında ikiyə bölünmüş Azərbaycanın
taleyi və aqibəti özünə möhkəm yer edib.
Yazarın milliyyətçi əhvalı Dərbənddən
Şuşayacan... onun yaradıcılığında təsirli
yer buraxıb:
Qəm çiçəklik, mən dəryayam,
Bütövlüyə tamarzıyam...
Sona xanımın poeziyasındakı Qarabağ yanğısı elə bir yüksək mərtəbədədir ki, Qarabağ həsrətini içində daşıyan hər qarabağlı da bəzən ağrının bu mərtəbəsinə qalxa bilmir. Vətən və millət dərdinin ümumtürk kontekstində duyumu məsələsində həssaslığı ilə seçilən Azər Turan şeirlərinin birində “Haqq nuruyam, haqdan gəldim, dönüb Tanrıya yüksəldim” deyən şairənin Qarabağ müsibətinin ifadəsi olan onlarca şeirindən dörd misra gətirir:
Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə qardaş düşübdü.
Şeirdən gələn dəqiq bir nəticədər ki, bu son sətirdən sonra adam “Şuşaya bayraq asan bir qardaşa” çevrilmək arzusunu və qeyrət qisasını yaşayır.
Sona xanımın bədii yaradıcılığında diqqəti çəkən məqamlardan bir də onun poetik sözə qarşı həssaslığı və ədəbiyyata bəslədiyi ciddi münasibətidir. Tanınmış ədəbiyyatşünas və folklorşünas-alim, ədəbi və poetik sözün siqlətini dərindən duyan akademik Muxtar Kazımoğlunun kitabda yer alan “Tənhalıq qıfılbəndi” adlı məqaləsində məhz bu məqam önə çəkilir. S.Vəliyevanın zəngin xalq yaradıcılığı və folklor xəzinəsindən qidalanan poeziyasının digər müsbət məziyyətləri ilə yanaşı, şairənin bədii sözə qarşı tələbkarlığı vurğulanır.
Kitabda toplanan yazıların tarixlərindən hiss olunur ki, Sona xanımın hər yeni kitabı bir ədəbi hadisə təsirilə poeziya duyğusu olan hər kəsin söz demək istəyinə çevrilir. Bu yazılar müxtəlif tipoloji xarakterə malik çox müxtəlif qəzet və jurnallarda işıq üzü görüb. Sona xanımın poetik yaradıcılığının mövzu palitrası rəngarəng olmaqla yanaşı, sağlam bünövrə üzərində inşa edilib. Ortaya elə bir möhtəşəm abidə çıxıb ki, onun bütün komponentləri biri-birilə həmahəngdir və kitabdakı məqalələr bir küll halında Sona xanımın poetik dünyası haqqında bütöv rəy yaratmağa imkan verir. Bu poeziyada Vətən sevgisi milli vətəndaşlıq mövqeyi ilə bir bütünlük təşkil edir. Torpaq itkisi, Qarabağ dərdi kişi qeyrəti, qadın isməti ilə tamamlanır. Həzin lirik duyğular elimizin adət-ənənələri ilə qoşa addımlayır. Miras alınan ana şəfqəti, ana əllərinin hərarəti varislərə ötürülən övlad və nəvə qayğısı ilə bütünləşir. Doğma kənd və ata ocağı həsrəti bütövlükdə kosmopolit şəhər mühitindən qaçıb, əsrarəngiz təbiət gözəlliklərinin çevrələdiyi yurda sığınmaq istəyi ilə birgə dilə gətirilir. Yaradıcı insanın, həssas şairənin hiss-həyəcanları, lirik duyğuları gündəlik mətbəx-məişət qayğılarının təzadları ilə qarşılaşdırılır. Nəhayət, dünyəvi məhəbbət və bəşəri eşq Uca Tanrı sevgisi ilə, ürfani sevgi ilə vəhdət təşkil edir.
Şair Əbülfət Mədətoğlu Sona xanımın “Yeddi il bundan öncə çap olunmuş “Çəhrayı rəngli dünyam” kitabı barəsində bu günün sözü”nü deyir. Əsl şeir, əsl sənət əsəri yeddi il bundan sonra da, yetmiş yeddi, yeddi yüz yetmiş yeddi il sonra da ağrıdacaqsa ağrıdacaq, sevdirəcəksə sevdirəcək. Amma Azərbaycanın itirilmiş torpaq dərdi, odlara qalanmış kəndlərin dərdi hələlik yandırıb yaxmaqdadır. Və Ə.Mədətoğlunun təhlilə çəkdiyi “Kimsə yoxdur ağı desin bu kəndə” şeiri bir qaçqın ürəyinin, bir köçkün qəlbinin yarasının ifadəsi kimi ümumilli dərdə çevrilir:
Ana köçüb, bacı köçüb bu kənddən,
Şərbət köçüb, acı köçüb bu kənddən.
Oğulların tacı köçüb bu kənddən,
Kimsə yoxdu ağı desin bu kəndə...
Sona xanımın polifonik yaradıcılıq dünyasına baxışlar çoxçeşidlidir, lakin həm də onun yaradıcılığında elə mövzular və hadisələrə elə yanaşmalar var ki, bu istiqamətə münasibətdə yazı müəliflərinin əksəriyyəti öz fikirlərində eyni nəticəyə gəlir. Bunlar Vətən sevgisi, Qarabağ dərdi, milli-ənənəvi dəyərlər, maarifçilik missiyası, klassiklərə münasibət və s. kimi fundamental istiqamətlərdir. Bu istiqamətlər, bu mövzular isə Sona xanımın elmi tədqiqatlarından tutmuş, poeziya və publisistikasının, nəsrinin, bir sözlə, bütün yaradıcılığının əsas göstəriciləridir.
Bəzən Sona xanımın yaradıcılığına xas olan mövzular bu müəlliflərin yazılarındakı sərlövhədə özünü birbaşa göstərir. Tahirə Xəlilovanın “Çəhrayı rəngli dünyam”ın vətənpərvərlik motivləri”, Əkbər Qoşalının “Arazbarı - bu bir vətənpərvərlik aktıdır”, Zakirə Quliyevanın “Qarabağ bağrımın qara səbridir”, Cəmaləddin Həsənoğlunun “Vətəndaş mövqeli poeziya”, Zümrüd Bayramovanın “Milli köklərə bağlı ziyalı”, Elxan Zal Qaraxanlının “Kaspi” ənənələrinin davamçısı”, Əflatun Amaşovun “İşığa gedən yolun sönməz məşəli”, Rəhilə Qurbanlının “İşığa gedən yol”da Azərbaycan maarifçiliyinin tarixini oxudum”, Sabir Rüstəmxanlının “Qadın və vətəndaş ruhu” və s. məqalələrində Sona xanım elə sərlövhənin özündəcə vətəndaş-ziyalı, Vətən sevgisi yaşayan və yaşadan söz ustası kimi təqdim olunur.
Belə bir cəhəti də qeyd etməliyik ki, Sona xanımın kitabları ətrafında ədəbi tənqidin düşüncələri, təbii olaraq, mövzunun sanbalına çox bağlıdır. Bu mənada böyük maarifçi və böyük azərbaycançı, milli mətbuatımızın banisi H. Zərdabinin ömür yoluna həsr olunmuş “İşığa gedən yol” romanına dair yazılar öz siqləti və elmi təhlilləri ilə mövzuya layiq şəkildə qələmə alınıb.
Ədəbiyyatşünaslıq elmimizin görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü Kamran Əliyev tarixi roman janrı üzərində dayanaraq bu ədəbi formatın elmi mahiyyəti ətrafında yeni və maraqlı fikirlər irəli sürür, Azərbaycan yazıçılarının tarixi romanları içərisində “İşığa gedən yol”un yerini müəyyən edərək yazır: “...belə bir elmi həqiqət də var: tarixi romanda tarix romanı deyil, roman tarixi üstələməlidir. İstər dünya ədəbiyyatında, istərsə də milli bədii fikirdə uzunömürlü olan, oxucuların yaddaşına hopan, səhifələrindən tez-tez nümunələr gətirilən romanlar məhz bunlardır. Sona Vəliyevanın “İşığa gedən yol” əsəri romanın tarix üzərində qələbəsinin yeni və orijinal nümunəsidir”.
Tənqidçi Əsəd Cahangirin fikrincə, “romanın əsas, fundamental müəllif ideyası isə azərbaycançılıqdır və bu, təsadüfi olmayıb, S.Vəliyevanın indiyə qədərki bütün yaradıcılıq yolunun məntiqi-zəruri davamı, qanuni nəticəsi kimi meydana çıxır. Çünki onun istər elmi, istər publisistik, istərsə də poetik, yaradıcılığının alt qatında duran bir ana ideya var - azərbaycançılıq. Bu ideya S.Vəliyeva yaradıcılığının məhək daşı, təməl prinsipidir”. Mətbuat tariximizin, xüsusən mühacirət mətbuatımızın istedadlı tədqiqatçısı, filologiya elmləri doktoru Abid Tahirlinin fikrincə “...fədakar fəaliyyəti ilə həmişəyaşarlıq haqqını qazanmış Həsən bəy Zərdabinin ieyalarının müasirliyi, aktuallığı müstəqil Azərbaycanın bugünkü tələbləri ilə səsləşir və əsər, onun qəhrəmanı milli-mənəvi dəyərlərin daşıyıcısı, ötürücüsü təsiri bağışlayır. Başqa sözlə desək, romanda XIX əsrdə yaşamış qəhrəmanın həm də XX, XXI və daha sonrakı əsrlərdə yaşayacaq ədəbi siması canlandırılmışdır”.
Yeri gəlmişkən, Sona xanımın “Bitməyən söz” kitabının nəşrindən sonra da onun yaradıcılığı, o cümlədən, “İşığa gedən yol” romanı haqqında məqalələr yazılmaqda davam edir və bu da “sözün bitmədiyinə” bir daha şahidlik edir. Müasir Azərbaycan nəsrinin ustalarından olan Əlabbasın “Üç qalan roman” (buradakı “qalan” sözü “qalıcı”, “əbədiyaşar” mənasında işlədilib) adlı məqaləsində Sona Vəliyevanın romanı “...həm də son illər Azərbaycan sənədli-bədii nəsrinin ən mükəmməl nümunəsi kimi” dəyərləndirilir: “Müəllif əsasən XIX əsrin ikinci yarısı, qismən isə XX əsrin əvvəllərində Azərbaycanın mədəni, ictimai və siyasi həyatında baş verən təbəddülatları usta bir qələmlə təsvir edib. Bu, tək yurd sevgisi, vətən eşqi, övladlıq borcundan doğan bir nəsnə yox, daha geniş anlamda azərbaycançılıq məfkurəsindən yaranan bir ideya... sözügedən məfkurənin həm də ədəbi-estetik təlimi və örnəyidir”. Əlabbasın “Hənifə xanım obrazında Sona xanımın öz xarakter və xeyirxah əməllərinə uyğun oxşar məqamlar” tapması da, fikrimizcə, dəqiq qənaətdir.
Bunu xüsusi olaraq qeyd etmək istərdik ki, Sona xanımın elmi və bədii yaradıcılığı, maarifçilik və naşirlik fəaliyyəti yalnız paytaxt ədəbi ictimaiyyətinin marağı ilə məhdudlaşmır. Kitabda onun şeir və nəsr əsərlərinin təhlilinə Sona xanımın doğulduğu, orta məktəb təhsili aldığı və bir müddət müəllim işlədiyi Şərur və Naxçıvan torpaqlarında yaşayıb yaradan Xanəli Kərimli, İbrahim Yusifoğlu, Həsənəli Eyvazlı kimi tanınmış şair, ədəbiyyatşünas-alim və pedaqoqların da maraqlı təhlilləri yer alıb. Xanəli Kərimlinin “Bir nağıllı dünya” adlı məqaləsində “şeirin, sözün aliliyi, insan qəlbinin intəhasızlığı, fikir və düşüncənin sonsuzluğu” məqamından hərəkətlə Sona xanımın “Arazbarı” kitabında toplanmış şeirləri təhlil edilir. Kitab “yolu həmişə açıq olan xeyirin, öz gücü, qüdrəti ilə bağlı qapıları açan, sərhədləri yarıb keçən işığın daşıyıcısı” olaraq rəmzləşdirilir. X.Kərimli Sona Vəliyevanı zəngin ənənəsi olan Azərbaycan qadın şairləri içərisində seçilən, zərif və kövrək, məqamında bir o qədər də sərt və döyüşkən qələm adamı kimi səciyyələndirir. İ.Yusifoğlunun açıq məktubunda “Sona xanımın ədəbiyyata, poeziyaya, publisistikaya bu gün gəlmədiyi, bugünkü tanınmış şairənin, maarifçinin, publisistin, alimin arxasında uzun illərin gərgin zəhmətinin, oxuyub-öyrənmək inadkarlığının, doğma ocağına və xalqına güvənc və inam yeri ola bilmək əzmkarlığının dayandığı” qeyd edilir. H.Eyvazlının “Lal həsrətin qoynunda doğulan poeziya” adlı məqaləsində Sona xanımın doğma kənd istəyinin, el-oba sevgisinin, ata ocağı həsrətinin, anasız dünya nisgilinin Bakının səsli-küylü, haylı-haraylı aləmi içərisində itib-batmamasından doğan məsum təəccüb dilə gətirilir.
Məqaləni türkoloq-alim və publisist Allahşükür Qurbanovun kitabda yer alan S.Vəliyevanın elmi və bədii yaradıcılığına orijinal münasibətilə seçilən “Zamanla zəmanə haqqında dialoq” adlı məqaləsindən bir iqtibasla yekunlaşdırmaq istərdik: “...Sona Vəliyevanın yaradıcılıq fəaliyyətindən görünür ki, o, zamanla daima iç-içədir, zamanla qoşa addımlayır... Zaman onu qabaqlamaq istəyəndə Sona xanımın ictimai “mən”i zamana “dur” deyir... Bu məqamda şairə, yazıçı, publisist, alim Sona Vəliyevanın həm şəxsiyyət, həm də yaradıcı kimi keyfiyyətləri özünü göstərir. Zamanla mükalimədə onun vətən-millət yanğısı, dövlətçilik düşüncəsi, Qarabağ həsrəti, bölünmüşlük nisgili, insan-təbiət sevgisi... milli-mənəvi dəyərlərə sədaqət duyğuları ön planda görünür”.
Bütün bunlar belə bir nəticəyə də gəlməyə imkan verir ki, müasir günlərimizdə ədəbiyyata, bədii sözə etinasızlıqla bağlı ədəbi mühitdə yaranmış narahat bir fikri indi ədəbi mühitin özü təkzib etməkdədir. Zəif, qrafoman əsərlərə münasibətdən doğan bu narahatlığı əsl sənət əsərlərinə göstərilən böyük maraq mütləq aradan qaldıracaq. Sona xanım Vəliyevanın polifonik yaradıcılıq dünyasına mətbu münasibət faktlarını özündə birləşdirən “Bitməyən söz” kitabı bu fikri indidən sübut etməkdədir.
Cahangir
MƏMMƏDLİ
Əsgər
RƏSULOV
525-ci qəzet 2018.- 13 yanvar.- S.16-17.