“Türk xalqlarının ortaq əlifba,
imla və ünsiyyət dili”
ELÇİN İBRAHİMOVUN KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR
Ümumi kökə və mədəniyyətə sahib
olan türk xalqlarının bir-biri ilə sürətli
inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə
bu xalqların ortaq əlifba və imlaya sahib olmaqlarının
müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi
dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın
mövcudluğu ilkin şərtlərdəndir.
Elmi-təcrübi
əsası M.F.Axundov tərəfindən hələ XIX əsrdə
qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində
bir daha aktuallaşdı və türk xalqları arasında
birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli
latın əlifbasına keçid
reallaşdı. Az sonra türkdilli
xalqların böyük əksəriyyəti bu əlifbanı
qəbul etdi. Lakin siyasi səbəblərdən,
daha dəqiq desək, türk xalqlarının bir-birinə
daha da yaxınlaşmasına qısqanclıq səbəbindən
bu layihəni tam həyata keçirmək mümkün olmadı.
Sovet liderlərinin repressiya siyasəti latın
qrafikalı ortaq türk əlifbasına münasibətdə
də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin
daxilində yaşayan türk xalqlarının əlifbası
məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası
ilə əvəz edildi. Sovet hakimiyyətinin
mövcud olduğu bütün dövr ərzində
ümumtürk əlifbası və imlası problemi öz
aktuallığını saxlamaqda davam etdiyindən imperiya
dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir
çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına
qayıdış baş tutdu. İftixarla
deyə bilərik ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən
yenə Azərbaycan dövləti və xalqı oldu.
Keçmiş Sovetlər Birliyi tərkibində olan
türkdilli respublikalar müstəqillik qazandıqdan sonra
türk dillərinin orfoqrafik və orfoepik problemlərinin,
fonetik, leksik-semantik və qrammatik qatlarının diaxron və
sinxron planda, müqayisəli-tipoloji müstəvidə
araşdırılmasına maraq artmış və bu sahədə
bir sıra araşdırmalar aparılmışdır. Türk
xalqları arasında ortaq əlifba və imla problemləri bu
gün türkologiya elmi üçün olduqca siyasi-ictimai əhəmiyyət
daşıyır. Qeyd edək ki, son dövrdə istər
Azərbaycanda, istərsə də türk dünyasında
türklər üçün ortaq ünsiyyət dili ilə
bağlı bir sıra araşdırmalar aparılsa da, ortaq
ünsiyyət dilinə gedən yolda əlifba və imla
problemləri hələ də sistemli və hərtərəfli
araşdırma obyekti olmamış və bu sahədə fikir
ayrılıqları bu gün də mövcuddur. Əlbəttə
ki, türk dünyasında latın əlifbasına
keçməklə bağlı ciddi addımlar
atılmışdır: Azərbaycan, Türkmənistan və
Özbəkistanda yeni latın əlifbaları qəbul
edilmişdir. Son dövrlərdə Qazaxıstan da latın əlifbasına keçmək
haqqında qərar verilmişdi. Ancaq yeni əlifbalarda
ciddi fərqliliklər var. Türkoloq alimlərin bu fərqliliklər
üzərində çox ciddi dayanması və elmi cəhətdən
izahların verilməsi olduqca zəruridi.
Ortaq imla və əlifba problemləri türk xalqları
arasında həllini tapmamış müzakirə obyekti kimi hər
zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən
biridir. XX əsrin əvvəllərindən başlayaraq
indiyə qədər bu problem bir zərurət kimi
türkdilli xalqların hər birinin maraq dairəsində
olmuşdur. Aydındır ki, türk
xalqları üçün ortaq əlifba məsələsi həll
olunmadan onlar arasında ortaq ünsiyyəti və ortaq
imlanı yaratmaq mümkün deyildir. Ona
görə də türkologiyada bu istiqamətdə
çeşidli mövzuların araşdırılması
böyük elmi əhəmiyyət kəsb edir.
Bu baxımdan gənc tədqiqatçı Elçin
İbrahimovun əsərinin əsas müddəaları
türkologiya elmi üçün uğurlu bir addım, gərəkli
bir araşdırma sayıla bilər. Müəllif
kitabın “Türk xalqlarının əlifba problemi tarixi
aspektdə” adlanan birinci fəslində qeyd edir ki, dil və əlifba
hər bir xalqın varlığını, mövcudluğunu
təsdiq edən başlıca amillərdəndir. Tarix boyunca müxtəlif xalqlarla
qarşılıqlı əlaqələr quran, fərqli dini
inanclara inanan türk xalqları bir-birindən fərqli
türk dil sisteminə uyğun olan və ya olmayan
çoxsaylı yazı sistemindən istifadə etmişlər.
Zərurət və zamanın tələblərinə
uyğun şəkildə, məcburiyyətdən qəbul
edilən bu yazı sistemlərinə göytürk (runik), mani, soqd, brahmi, uyğur, ərəb, kiril, latın
əlifbaları aiddir.
Elmi ədəbiyyatda çox vaxt yanlış olaraq run və
ya runik yazı adlandırılan göytürk, yaxud
Orxon-Yenisey yazısının nə vaxt və harada
yaranması haqqında indiyədək yalnız fərziyyələr
irəli sürülmüşdür. Türkcənin
türklər tərəfindən yazıldığı ilk əlifba
göytürk yazısıdır. Göytürklərdən
sonra dövlət idarəçiliyini ələ keçirən
uyğurların hakimiyyəti dövründə istifadə
olunan türk yazıları türk tarixinin fərq
baxımından ən rəngli əlifbalarıdır.
Bu dövrdə uyğur, soğd, mani,
brahmi, tibet, süryani kimi yazı sistemləri ilə bir
çox uyğur türkcəsi mətnləri qeyd
edilmişdir.
E.İbrahimov
kitabın birinci fəslinin “Azərbaycanda latın əlifbasına
keçid mücadiləsi”, “Türkiyədə latın əlifbasına
keçid mücadiləsi”, “Qazaxıstanda latın əlifbasına
keçid mücadiləsi”, “Türkmənistanda latın əlifbasına
keçid mücadiləsi”, “Qırğızıstanda
latın əlifbasına keçid mücadiləsi”, “Özbəkistanda
latın əlifbasına keçid mücadiləsi” adlanan hissələrində
adıçəkilən ölkələrdə əlifba
mücadilələrindən və bugünkü əlifba vəziyyəti
haqqında ətraflı məlumat vermişdir.
Əsərin türk dillərində imla problemləri
adlanan ikinci fəslində imla və orfoqrafiya məsələlərindən
bəhs olunur.
İmla termini həm geniş, həm də dar mənada
işlədilir. Geniş mənada bu termin
yazını nizama salan və tənzim edən bütün
qaydaların məcmusunu əhatə edir. İmla
qaydaları terminini bəzən orfoqrafik qaydalar da
adlandırırlar. Bu mənada imla termini
ilə orfoqrafiya termini arasında əsaslı fərq yoxdur.
Dilin sistemli və vahid qaydalar əsasında
qrafemlər və digər işarələrlə ifadəsi
olan imla dilçilik termini kimi geniş mənada orfoqrafiya
termini ilə sinonimlik təşkil edir.
Ədəbi dilləri inkişaf etmiş bütün
xalqların orfoqrafiya qaydaları və orfoqrafiya lüğətləri
vardır. Müəyyən, sabit, normalaşmış
qrammatik-leksik forma və vahidlərə malik ədəbi dil
özünün fəaliyyəti və inkişafı prosesində
danışıq dili və dialektlərlə, başqa dillərlə
daim qarşılıqlı əlaqədə olur. Bu prosesdə həmin normaların sabitliyini təmin
etmək üçün müəyyən qanunların tərtibi
vacibdir. Bu qanunların məcmusu olan
orfoqrafiya yazıda sözlərin və onların bütün
qrammatik formalarının düzgün
yazılışını müəyyənləşdirir və
təsbit edir.
Türk ədəbidilləri bir-birindən elə də
ciddi şəkildə fərqlənmir. Həm genetik,
tipoloji, həm də qrammatik quruluşları, əsas
lüğət tərkiblərinin ümumilikləri
onların bir dil ailəsində - türk dilləri ailəsində
birləşməsinə səbəb olmuşdur. Məhz bu dil qrupunun, demək olar ki, hamısı
bir-birini elə bu ümumiliyə görə rahat şəkildə
başa düşə bilirlər.
Başqa sözlə desək, türk ədəbi dillərinin
fonetik, leksik və qrammatik quruluşu haqqında
danışılarkən VI əsrdən sonrakı
yazılı abidələrə əsaslanılır,
onların qədim quruluşu haqqında fərziyyə yolu ilə
fikir söylənilir. Bundan əlavə, türk dillərinin
quruluşunun sabitliyindən çıxış edərək
müasir türk ədəbi dillərinin materiallarını
ümumiləşdirmə yolu ilə də fikir söyləmək
elmi cəhətdən özünü doğruldur.
Türk ədəbi dillərinin qrammatik quruluşu
çox uzun və zəngin bir inkişaf yolu keçmiş,
zaman keçdikcə təkmilləşmiş,
cilalanmış, həm qohum və həm də qeyri-qohum dillərin
qarşılıqlı əlaqə və təsiri altında
formalaşmışdır. Müasir türk dillərinin
fonetik sistemində ümumi cəhətlərlə
yanaşı, çoxlu fərdi xüsusiyyətlərin
varlığı məhz bu tarixi inkişafın
qanunauyğunluqlarının məhsuludur. Azərbaycan,
Türkiyə türkcəsi, türkmən, qazax,
qırğız və özbək ədəbi dillərində
bu proses nəticəsində yaranmış spesifik imla
qaydaları “Türk dillərinin oğuz, qıpçaq, qarluq
qrupu dillərinin ümumi imla qanunauyğunluqları” adlı
yarımfəsillərində geniş şəkildə təhlil
edilmişdir.
Kitabın türk xalqları arasında ortaq ünsiyyət
dili problemi adlanan üçüncü fəslində türk
xalqları üçün ortaq ünsiyyət dilinin zəruriliyi
və ortaq ünsiyyət dilinin yaradılmasında mövcud
problemlər və onların aradan qaldırılması
yollarından geniş şəkildə
danışılır. XX əsrin əvvəllərində istər
Azərbaycanda, istərsə də digər türkdilli
bölgələrdə milli dirçəliş, milli
oyanış dövrü olduğuna görə türk
xalqlarının birliyi ideyası da həmin dövrdə
aktuallaşdı. Türk xalqlarının
birliyi ideyasında əhəmiyyətli məsələlərdən
biri də ortaq ünsiyyət dili məsələsi idi.
XX əsrin əvvəllərində ortaq türk dili və
ortaq türk əlifbası ideyalarının təbliğ olunması
ilk növbədə bu dövrdə türkçülük
hərəkatının böyük vüsət alması ilə
bağlı idi. Həm Türkiyədə, həm də digər
türk xalqları arasında milliyyətçi qüvvələr
türkçülüyü böyük bir hərəkata
çevirdilər. XX əsrin 90-cı illərində
türkdilli xalqların ictimai-siyasi həyatında baş verən
çox böyük tarixi dəyişikliklər,
bütövlükdə türk dünyasının daha da
yaxınlaşması və milli təməllər uğrunda
birləşməsi yeni-yeni problemlərin meydana
çıxmasına səbəb olmuşdur. 70 illik fasilədən sonra müstəqillik
dövründə ortaq türkçülük
ideyalarının davamçıları bu hərəkatı
daha da genişləndirərək əməli fəaliyyətə
başladılar.
Hazırda türkoloji dilçiliyi ayrı-ayrı
türk dillərinə dair məsələlərlə
yanaşı, bütün türkdilli xalqların vahid
ünsiyyəti üçün ümumi olan problemlər daha
çox maraqlandırır. Bunlardan biri də
türklər arasında ortaq ünsiyyət dilinin
yaradılmasıdır.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində
Qafqaz bölgəsində əslən Krım tatarı olan
İsmayıl bəy Qaspıralı və onun nəşr
etdirdiyi “Tərcüman” qəzeti ortaq türk ədəbi dili
ideyasının yayılmasında müstəsna tarixi rol
oynamışdır. Ümumiyyətlə, ortaq ədəbi dil
hər zaman bir mübahisə mövzusu olmuşdur. Bu ideyaya qarşı çıxanlarla yanaşı,
onu dəstəkləyənlər də olmuşdur. Sözügedən məsələ keçən əsrdə
repressiyanın başladığı 30-cu illərə qədər
davam etdirilmişdir.
Qohum xalqlar üçün ortaq ünsiyyət dili
yaratmaq onların siyasi-ictimai həyatında xüsusi əhəmiyyət
kəsb edir. Ortaq ədəbi dil elmi, mədəni, iqtisadi və
siyasi əlaqələrin yaranıb genişlənməsində
əvəzsiz vasitədir. Başqa xalqlar
kimi, türk dünyasını təmsil edən hər bir
xalqın da tarixən öz doğma, zəngin ədəbi
dili yaranıb formalaşmışdır. Bu
çoxsaylı türk ədəbi dilləri, təbii olaraq,
bir-birindən az-çox dərəcədə fərqlənir.
Həmin fərqlər dillərin bütün
komponentlərində xüsusilə də lüğət tərkibini
təşkil edən dil vahidlərində özünü daha
qabarıq şəkildə göstərir. Yaşadığımız dövrdə türk
xalqları üçün ortaq türk ədəbi dilinin
yaradılmasına böyük ehtiyac duyulur. Ortaq dil yaratmaq artıq zamanın tələbidir, və
bu sahədə ciddi addımların atılmasının
vaxtı artıq yetişmişdir.
Bütün bunları nəzərə alaraq hesab edirik
ki, Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba,
imla və ünsiyyət dili” adlı tədqiqat əsəri
türkologiya elminin aktual problemlərinin araşdırlması
və öyrənilməsi baxımından çox əhəmiyyətli
və faydalı bir qaynaqdır. Biz inanırıq ki bu
qaynaq bundan sonrakı araşdırmalara da təkan verəcəkdir.
Bütövlükdə “Türk
xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili”
kitabını türkologiya elmi üçün dəyərli
töhfə hesab edirik.
Ahmet Bican ERCİLASUN
Türkiyə Qazi Universiteti, professor
Buludxan
XƏLİLOV
Azərbaycan
Dövlət Pedoqoji Universiteti, professor
525-ci qəzet 2018.- 13 yanvar.- S.12.