Çoxmetodlu Azərbaycan
ədəbiyyatı. Müstəqillik dövrü
DÖVRLƏŞMƏ
KONSEPSİYASI VƏ İNKİŞAF
MƏRHƏLƏLƏRİ
İsa HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
milli ədəbiyyatımızın, ədəbi-ictimai
fikrimizin inkişafı yollarında mühüm tarixi hadisə
və xüsusi ədəbi mərhələdir.
Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında
müstəqil dövlətçilik ideyaları XX əsrin əvvəllərindən
etibarən formalaşmağa başlamışdır. Mollanəsrəddinçilər
və cümhuriyyətçi yazıçılar Azərbaycan
ədəbiyyatında dövlət müstəqilliyi
ideyalarının möhkəm təməllərini
formalaşdırmışlar. Ona görə də yeni
tarixi epoxada “Molla Nəsrəddin” ədəbi məktəbinin
açıq-aydın şəkildə meydana qoyduğu azərbaycançılıq ideyaları, ölkənin
coğrafi sərhədlərinin real olaraq təsəvvür
edilməsi və qorunub möhkəmləndirilməsi, ana dili,
milli oyanışı ilə bağlı böyük ideallar
müstəqil dövlətçiliyə nail olmağın və
bu dövrün özünəməxsus ədəbiyyatını
yaratmağın həlli zəruri olan problemlərə
çevirmişdir. Vaxtilə böyük demokrat
yazıçı, milli istiqlal ədəbiyyatının sərkərdəsi
Cəlil Məmmədquluzadənin azərbaycançılıq
ideyalarına və
istiqlal uğrunda mübarizəyə həsr
edilmiş əsərləri və mollanəsrəddinçilik
hərəkatının - azərbaycançı milli-mənəvi birliyi və
müstəqil dövlət ideyasını özündə
birləşdirən çağırışları yeni
şəkildə böyük ədəbiyyatı
düşündürməyə
başlamışdır. İlk növbədə sovet hakimiyyəti illərində
ədəbiyyatda canlandırılan vətənpərvərlik
ideyalarının dərin mahiyyətindəki müstəqillik
düşüncəsinə də yaradıcılıqla nəzər
salınmışdır. Xüsusən, XX əsrin
yetmişinci illərinin sonu və səksəninci illərinin
əvvəllərində ölkəmizə rəhbərlik
etmiş ulu öndər Heydər Əliyevin
apardığı məqsədyönlü siyasət nəticəsində
Azərbaycanda dövlət səviyyəsində dəstəklənən
və uğurla həyata keçirilən ümummilli
ideyaların, azərbaycançı mövqenin Azərbaycan ədəbiyyatı
və ictimai fikrindəki böyük əks-sədası,
xalqı gələcək dövlət müstəqilliyinə
hazırlamaqda mühüm əhəmiyyət kəsb etmiş
ədəbiyyatın enerjisi müasir ədəbi prosesi idarə
etmək üçün daha da
canlandırılmışdır. Dövlət
müstəqilliyi ərəfəsində, xüsusən
Dağlıq Qarabağ probleminin meydana
çıxdığı 1988-1990-cı illərdə Azərbaycan
ədəbiyyatının ölkənin ərazi
bütövlüyü və xalqın milli azadlığı
uğrunda apardığı mübarizə, bu ruhda
yaranmış bədii əsərlər dağılmaqda olan
sovet imperiyasına ağır zərbə vurmuş, dövlət
müstəqilliyinin qaçılmazlığını
meydana qoymuşdur.
Müstəqil
Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il
tarixdə imzaladığı “Azərbaycanın dövlət
müstəqilliyi haqqında” Konstitusiya Aktı - İstiqlal Bəyannaməsi
cəmiyyət həyatında və ədəbiyyatda
bütün cəbhə boyu milli, azad, demokratik
düşüncənin inkişafına start vermişdir. Bu, həm də milli-demokratik məfkurə əsasında
yaranan yeni tipli ədəbiyyatın və ictimai fikrinin də
bəyannaməsi demək idi. Ölkədə
müstəqil dövlətin yaranmasının həyəcanını
ifadə edən poetik örnəklərin və çevik
publisistikanın nikbin reaksiyası müstəqillik
dövrü ədəbiyyatının ilk şəfəqləridir.
Ədəbiyyatın hadisələrə və
insana münasibətdə yanaşmaların dəyişməsi,
bədii fikirdə müstəqil dövlətçiliyin
maraqları və məsuliyyətinin nəzərə
alınması tədricən hiss olunmağa
başlanmışdır. Lakin
keçmiş sovet rejiminin yıxılmasının və
yeni dövlət quruculuğunun başlanğıc
dövrünün xaosu, iqtisadi böhranı, qeyri-sabit həyat
tərzi, cəbhə xəttindəki uğursuzluqlar ədəbiyyatda
dövlət müstəqilliyi hadisəsindən bəhs edən
geniş həcmə malik, dərin və əhatəli əsərlərin
yaranmasını gecikdirmişdir.
Dağlıq Qarabağ ətrafında ərazilərin
işğalı, qaçqın və köçkün
axınlarının yaratdığı böyük çətinliklər,
şəhidlərin qapıları döyməsindən
doğan fəryadlar, dövlət çevrilişi cəhdləri
cəmiyyətdə təbii olaraq birmənalı
qarşılanmamışdır. Baş verən hərbi-siyasi
və iqtisadi-mənəvi çətinliklərin bəzən
hətta ümidsizlik və çaşqınlıq
doğurması ədəbiyyatda müəyyən bir dövrdə
durğunluğa və məyusluğa şərait
yaratmışdır. Lakin
görkəmli dövlət xadimi Heydər Əliyevin 21
sentyabr 1993-cü ildə Azərbaycan ziyalıları ilə
Elmlər Akademiyasında görüşündə irəli
sürdüyü fikirlər, oyatdığı böyük
ümid, qarşıya qoyduğu məsul vəzifələr
müstəqilliyin inkişaf edib möhkəmləndiriləcəyinə
inamı qüvvətləndirmişdir: “İndi
respublikamız ağır vəziyyətdədir. Təsəvvür edin ki, dənizdə
qasırğanın dağıtdığı gəmini
dalğalar sahilə atmışdır. Həmin
gəmini yenidən tikmək, elə vəziyyətə salmaq
lazımdır ki, bir daha dənizə çıxa bilsin.
...Azərbaycan indi təxminən belə vəziyyətdədir.
...Ancaq əgər mən bu vəzifəni öz üzərimə
götürmüşəmsə, deməli, Azərbaycanı
bu vəziyyətdən çıxarmağın
yollarını (əlbəttə, xalqla, onun
ağıllı, düşünən adamları ilə
birliklə) arayıb-axtarmağı bacararam”.
Azərbaycan Respublikasının Prezidenti kimi Heydər
Əliyevin cəmiyyət həyatının digər sahələri
kimi, ədəbiyyat və incəsənətin, elmin və mədəniyyətin
inkişafına göstərdiyi böyük diqqət və
qayğı, həyata keçirdiyi məqsədyönlü
islahatlar keçid dövrü kimi məsuliyyətli bir mərhələnin
adlanmasına şərait yaratmışdır. Azərbaycan Elmlər
Akademiyasının, Yazıçılar İttifaqının
dağıdılmaqdan və onun mətbu ədəbi
orqanlarının bağlanmaqdan xilas edilməsi, dövlət
büdcəsi vasitəsilə maliyyələşdirilməsinin
təmin olunması, ağsaqqal nəsil yazıçılar
üçün Prezident təqaüdünün, istedadlı
gənc ədəbi nəsil üçün isə Prezident
mükafatının təsis edilməsi, yubileylərin
keçirilməsi ölkədə beyin axınının
qarşısını almış, yaradıcı insanlara
yenidən qol-qanad vermişdir. Ədəbiyyat
özünə gəlmiş, müstəqillik ab-havası ilə
nəfəs almağa başlamışdır. Bu zəmində XXI əsrin əvvəllərindən
etibarən ölkədə və dünyada gedən proseslərin
dərkindən doğan və irəliyə baxan ədəbiyyatın
cürətli addım səsləri artıq eşidilməyə
başlamışdır.
Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı
aşağıda qeyd olunan iki mərhələdə inkişaf
etmişdir:
1. Müstəqillik
axtarışları və yeni epoxanın ədəbiyyatının
formalaşması
2. Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının inkişaf
edib möhkəmlənməsi
Müstəqillik uğrunda mübarizənin real
gerçəklikləri Azərbaycan ədəbiyyatına
öz mövzularını gətirmişdir. Azərbaycan ədəbiyyatında
mövcud ənənəvi janrların intonasiyası dəyişmişdir.
Ədəbiyyatda milli ruh, vətəndaşlıq
mövqeyi, həyəcan, çağırış, birlik və
vətənpərvərlik duyğusu qüvvətlənmişdir.
20 yanvar, şəhidlik və milli istiqlal mövzusu,
azərbaycançılıq duyğusu Azərbaycan ədəbiyyatının
tarixi salnaməsinə yeni motivlər, fərqli obrazlar, təsirli
səhifələr əlavə etmişdir. Bəxtiyar Vahabzadənin “Şəhidlər”
poeması elegiya yox, milli istiqlal marşının nidaları
kimi səslənmişdir. Xəlil Rza
Ulutürkün “Davam edir 37” şeirində hələ ayaqda
olan sovet imperiyasına qarşı milli istiqlala köklənmiş
xalqımızın dönməz hərbə-zorbası əks-səda
tapmışdır. Məmməd Arazın, Sabir Rüstəmxanlının,
Hidayətin, Zəlimxan Yaqubun, Rüstəm Behrudinin və
başqalarının şeirlərindəki imperiya mifini
dağıdan düşüncələr, kəsərli fikirlər
Azərbaycan ədəbiyyatında müstəqil dövlətçilik
qayəsinin dərinləşməsinə və möhkəmlənməsinə
xidmət etmişdir. Məmməd Aslanın
“Ağla, qərənfil, ağla” şeiri 20 yanvar faciəsinin
ümummilli elegiyası kimi yaranmışdır. Hidayətin hazırlayıb nəşr etdirdiyi “Qara
yanvar”, “Didərginlər” kitablarında toplanmış əsərlər
bütünlüklə müharibə və
qaçqınlıq mövzusuna həsr olunmuşdur. Qarabağ - müharibə mövzusu olmaqdan çox,
milli istiqlal mövzusuna çevrilmişdir. Xocalı faciəsi ilə Azərbaycanda ölkənin
ərazi bütövlüyü uğrunda aparılan
mübarizənin faciəli səhnələri ədəbiyyata
gəlmişdir. Nürəngiz
Günün “Xocalı simfoniyası” əsəri anaların fəryadı
üstündə köklənmişdir. Azərbaycan
ədəbiyyatında çağırış, səfərbərlik
poeziyası qüvvətlənmiş, publisistikanın vətəndaşlıq
kəsəri artmışdır.
Azərbaycan ədəbiyyatında dövlət müstəqilliyinin
başlanğıc illərinin bədii nəsrinin ilk
addımları atılmışdır. Anarın “Otel
otağı” romanında Qarabağ müharibəsinin fonunda
ölkəni tərk edib getmiş ziyalının faciəli
aqibəti təqdim olunmuşdur. Sabir Əhmədlinin
“Qara yanvar hekayələri”, İsi Məlikzadənin “Məndən
nigaran qalmayın”,
Əlabbasın “Halal qan”, Xalidə Hasilovanın “Yollara
yağan qanlı qərənfillər”, “Kəşfiyyatçı”
və sair hekayələrində artıq müharibə
mövzusunun ayrı-ayrı təsirli məqamları təsvir
edilmişdir. Yeni tarixi mərhələdə
qaçqınlıq da öz ədəbiyyatını
yaratmışdır. Elçin Hüseynbəylinin
“Qumru quşu”, “Kəndə gün çıxanda
qayıdacığıq”, Əli Səmədlinin “Gəlin gəlir”,
Kamran Nəzirlinin “Qoca uşaq” hekayələrində
qaçqın həyatının məşəqqətli
tabloları canlandırılır. Sabir
Əhmədlinin “Kütlə” romanı müstəqillik
uğrunda mübarizənin bütün mahiyyəti ilə,
real şəkildə dərk olunmasına xidmət edir.
Yeni mərhələnin dramaturgiyası əsas diqqəti
yaxın keçmişdən miras qalan baxışlarla yeni həyat
tərzinin, müasir yanaşmaların toqquşmasından
doğan proseslərə yönəltmişdir. Bu isə nəticə
etibarilə dramaturgiyanın cəmiyyətdə irəliyə
doğru hərəkata təkan vermək funksiyasını həyata
keçirmişdir. Xalq
yazıçısı Elçinin dram əsərlərinin səhnəyə
çıxarılması ilə Azərbaycanda yeni tipli absurd
teatr yaranmışdır. Bu, Azərbaycan
cəmiyyətindəki xaos mərhələsinin absurd
tragikomediyaları gerçəkliyin obyektiv dərk
olunmasına və irəliyə doğru baxışların
formalaşmasına işıq salan orijinal bədii əsərlərdir.
Bu dövrdə görkəmli
yazıçı-ədəbiyyatşünas Kamal Abdulla Azərbaycan
səhnəsinə posmodernist dramın yaddaqalan və bənzərsiz
nümunələrini çıxarmışdır. Azərbaycan səhnəsinin mövzuları da,
obrazları da, səs tembri də dəyişmişdir. Beləliklə, müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı bütün istiqamətlərdə ciddi
formalaşma prosesi keçirmişdir.
XXI əsr - həm də müstəqillik dövrü Azərbaycan
ədəbiyyatının özünütəsdiq mərhələsidir. Bu dövrdə artıq
müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğunun
inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin
dərinləşməsi və sabitləşməsi ədəbiyyatın
da həyatı və insanı daha dərindən, əsaslı
şəkildə dərk etməsi, milli meyarlara və dövlətçilik
maraqlarına həmahəng surətdə inkişafını
təmin etmişdir. Azərbaycan ədəbiyyatşünaslıq
elminin haqlı qənaətinə görə, “son on, on
beş ildə Azərbaycan ədəbiyyatı inkişaf edərək
yeni bir keyfiyyət göstərmişdir. Bu,
dünya xalqları içərisində öz səsi, öz
yeri olan bir xalqın, millətin ədəbiyyatıdır.
Post-sovet respublikaları üzrə ən
sürətlə inkişaf edən, göstəricilərinə
görə heyrət doğuran bir ölkənin ədəbiyyatıdır.
... Azərbaycan
ədəbiyyatı bütövlükdə Azərbaycançılıq
ideologiyası zəminində inkişaf edir (bax: Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı. B.,
2017, səh.15).
Artıq
müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
sadəcə mövzuları, obrazları və
janrlarının deyil, bütövlükdə xarakterinin dəyişməsi
və əsas inkişaf xüsusiyyətləri haqqında
ciddi elmi qənaətlər irəli
sürülmüşdür: “...Müasir Azərbaycan ədəbiyyatı
çoxvektorlu, çoxsəsli ədəbiyyatdır. ...Bu
gün Azərbaycan ədəbiyyatı müxtəlif bədii-estetik
təmayüllərin təmsil olunduğu rəngarəng bir mənzərə
yaradır. Milli ədəbiyyatın dünya ədəbi
prosesinə inteqrasiyası güclənir”. (Yenə orada, səh.16).
Bütövlükdə, həqiqətən də
müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı
yeni Azərbaycanı və onun qurucuları olan müasir
insanın bədii obrazını bütün yönləri ilə
təqdim edir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
təşəkkülü və inkişafında
altmışıncılar və yetmişincilər ədəbi
nəsilləri ilə yanaşı, yeni tarixi epoxanın
meydana çıxardığı müasir
yazıçılar nəsli də yaxından və fəal
iştirak edir.
Daha doğrusu, müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı öz yaradıcılarını da yetirib
formalaşdırmışdır. Afaq Məsud, Vaqif
Bayatlı Odər, Ramiz Rövşən, Aqil Abbas, Rəşad
Məcid, Rüstəm Behrudi, Əjdər Ol, Elxan Zal, Sona Vəliyeva,
Seyran Səxavət, İlqar Fəhmi, Səyyad Aran, Nəriman
Əbdülrəhmanlı, Sara Oğuz, Adil Cəmil, Rafiq
Yusifoğlu, Yunis Oğuz, Vaqif Məmmədov, Xanəli Kərimli,
Muxtar Qasımzadə, Elçin Hüseynbəyli, Əliabbas,
Asim Yadigar, İbrahim Yusifoğlu və başqaları müstəqillik
dövrü ədəbiyyatının əsas aparıcı
arsenalını təmsil edirlər. Eyni zamanda, bilavasitə
müstəqilliyin yetirməsi olub, bu dövr ədəbiyyatını
yaradanların sıralarında özlərini təsdiq edən
Salam Sarvan, Qulu Ağsəs, Səlim Babullaoğlu,
Qanturalı, Şəmil Sadiq, Əkbər Qoşalı, Şərif
Ağayar, Aqşin Yenisey, Seymur Baycan, Müşfiq Xan, Elxan
Qaraqan, Murad Köhnəqala, Nərgis, Rasim Qaraca, Elxan
Yurdoğlu, Qismət, Fərid Hüseyn və başqaları
artıq böyük ədəbiyyat yollarında həvəslə
və inadla çalışmaqda davam edirlər.
Dövlət
müstəqilliyinin 27 ili ərzində Azərbaycanda
müxtəlif ədəbi baxışları və fərqli
üslubları əhatə edən çoxmetodlu ədəbiyyat
formalaşmışdır. Başlanğıc
mərhələdə əvvəlcə ədəbi qruplar və
yaradıcılıq birlikləri meydana gəlmiş və ədəbiyyatın
hər hansı bir yeni istiqamətdə inkişafında
maraqlı olduqlarını bəyan etmişlər. Bu zəmində
XX əsrin doxsanıncı illərində yaranmış
“Baca” (Rasim Qaraca), “Ağ yol” (Fəxri Uğurlu və b.), “2+”
(Xanəmir, Dəyanət Osmanlı), “AYO” (Murad Köhnəqala),
“Avanqard” (Dəyanət Osmanlı), “Dəniz” (İbrahim
İlyaslı), “Ay işığı” (Ramiz
Qusarçaylı), “Yeni Yazarlar və Sənətçilər
Qurumu” (Aydın Xan), “Dünya Gənc Türk Yazarlar Birliyi”
(Əkbər Qoşalı), “Ədəbi klub” (Əjdər
Ol), “Sözün davamı” (Elçin Mirzəbəyli), “Şəms”
(Simuzər Baxışlı), “Xatun” (F.Hacıyeva), “Pərvanə
ədəbi məclisi” (Qəşəm Nəcəfzadə),
“Nöqtələr” (Bilal Alarlı), “Eqo Yaradıcılıq
ordeni” (Elçin Hüseynbəyli) və sair müxtəlif məqsədlərlə
fəaliyyət göstərən ədəbi qruplar, birliklər
və məclislər geniş mənada yeni tarixi şəraitdə
ölkədə demokratik ədəbi gedişatınvə fərqli
ədəbi mühitin formalaşdırılmasına şərait
yaratmış, çoxsəsli Azərbaycan ədəbiyyatının
yaranmasının hərəkətverici qüvvəsinə
çevrilmişdir. Bir çox hallarda bu ədəbi qruplar
arasında gedən yaradıcılıq mübahisələri,
hətta onlardan bəzilərinin Azərbaycan
Yazıçılar Birliyi ilə haqlı-haqsız
üz-üzə gəlmələri nəticə etibarilə ədəbiyyatda
fikir müxtəlifliyinin, demokratik ab-havanın, yaradıcılıq
metodları və bədii üslubların mübarizəsinə
meydan açmışdır. Ədəbi tənqidin obyektiv
olaraq qeyd edildiyi kimi, “ötən əsrin təcrübəsi
də bir məramı təsdiqləyir: qruplar, dərnəklər,
birliklər, manifestlər gərəkli hava, mühit, zəmin
yaradır, istedadlara ədəbiyyata gəlmək,
özünü ədəbiyyatda tapmaq üçün
yalnız vəsilə olur. Bu günün ədəbiyyatını
yaradanların sırasında 1990-cı illərin mürəkkəb
ictimai-tarixi və ədəbi-mədəni mühitini dəf
edib imza qazananlar, imzasını təsdiqləyənlər
çoxdur” (Tehran Əlişanoğlu).
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı belə çətin, ağrılı, mürəkkəb, lakin zəruri prosesləri keçərək çoxsəsli, çoxmetodlu ədəbiyyat kimi formalaşmışdır. Fikrimizcə, müstəqillik epoxasında yeni ədəbi cərəyanların yaranmasında adıçəkilən ədəbi qrup və birlikləri mühüm rolu olmuşdur. Daha doğrusu, yeni epoxanın ədəbi cərəyanları ədəbi qrupların və birliklərin yaratdığı demokratik yaradıcılıq mühitinin əsasında formalaşmışdır. Hətta bu yaradıcılıq qruplarından bəziləri yeni ədəbi cərəyan formalaşdırmaq üçün yola çıxmışdır. Murad Köhnəqalanın mətbuata açıqlamasında ifadə olunduğu kimi, təsisçiləri Azərbaycan Yazıçılar Ocağını əvvəlcədən ədəbi cərəyan olaraq nəzərdə tutmuş, lakin davamlı olmadığı və əhatə dairəsi genişlənə bilmədiyi üçün bu iş alınmamışdır. Bununla belə, bütövlükdə əvvəlcə ayrı-ayrı ədəbi qruplarda və birliklərdə təmsil olunan yeni və orta nəsil yazıçı və şairlər bir az sonra XXI əsrdə bu zəmində meydana çıxmış ədəbi cərəyanlarda özlərini tapmışlar. Keçmiş təkmetodlu sosialist realizmi ədəbiyyatı əvəzinə müstəqillik illərində çoxmetodlu Azərbaycan ədəbiyyatı yaranıb inkişaf etmişdir.
XX əsrin doxsanıncı illərində eksperimentlər şəkilndə meydana çıxan yaradıcılıq axtarışları Zamanın süzgəcindən keçərək Mirzə Ələkbər Sabirin sözləri ilə desək, nehrə kimi çalxalanaraq “yağı yağ üstə çıxır, ayranı - ayranlıq olur” məntiqi ilə inkişaf edib yeniləşmişdir. Artıq müstəqillik dövrünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar: tənqidi realizm, postmodernizm, dekadentizm, magik realizm ədəbiyyat meydanındadır. XX əsrin altmış-yetmişinci illərində yaradıcılıq metodu kimi yenidən yaranmağa başlamış tənqidi realizm müstəqillik dövründə inkişaf edərək ədəbi cərəyan səviyyəsinə qalxmışdır. Ədəbiyyatda modernizm dalğası genişlənmiş və qüvvətlənmişdir. Bədii metodların yeni təzahürlərinin meydanının genişlənməsi və ya fərqli ədəbi cərəyanların yaranıb inkişaf etməsi geniş mənada modernizm hərəkatını hazırlamışdır. Ədəbi prosesdəki sürətli yeniləşmə və dəyişikliklər, fərqli bədii metodların və üslubların mübarizə meydanında olması modernləşmənin ədəbiyyatın bütün cəbhəsi boyu inkişafını təmin etmişdir. Beləliklə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında modernizm adında xüsusi bir ədəbi cərəyan yaranmasa da, ayrı-ayrı modernist cərəyanların meydana çıxması ədəbi prosesdə yeniləşmə hərəkatının müxtəlif qütblərinin təzahürünə təkan verən hərəkətverici qüvvəyə çevrilmişdir. Artıq yeni ədəbi təmayülün başında dayanan Kamal Abdullanın ətrafında mərkəzləşən postmodernizm ədəbi cərəyanı tərəfdarlarının artmaqda davam etməsi və müxtəlif janrlarda yeni əsərləri meydana gətirməsi ilə bu ədəbi axın inkişaf etməkdədir. Postmodernizmin çoxgedişli imkanları ilə müasir cəmiyyətdəki fərqli inkişaf və baxış istiqamətləri bu ədəbi cərəyanın hələ də real perspektivlərə malik olduğunu göstərir. Davamlı proses olan Azərbaycan postmodernizmi nəinki tərəfdarlarını, hətta yeni-yeni yaradıcılarını, fərqli janrlarını yaratmaqla ədəbi cərəyan şəklində görünməyə başlamışdır. Kamal Abdulla, İlqar Fəhmi, Firuz Mustafa, Həmid Herisçi, Murad Köhnəqala, Seymur Baycan, Nərmin Kamal, Aqşin Yenisey, Qanturalı, Kəramət Böyükçöl, Fərid Hüseyn və başqaları postmodernizm ədəbiyyatını təmsil etməkdə davam edirlər.
Bundan başqa, məlum olduğu kimi, ədəbiyyatşünaslıq elmində haqqında söz açılmasa da, XIX-XX əsrlərdə Azərbaycan ədəbiyyatının tarixində magik realizm əlamətləri mövcud olmuşdur. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestində, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” dramında, Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanında magik realizmə məxsus hadisələr, təsəvvürlər, münasibətlər canlandırılmışdır. Lakin XX əsrin səksəninci illərindən etibarən xalq yazıçısı İsa Hüseynovun yaradıcılığındakı ciddi dönüş bu istiqamətdə yaranan ədəbiyyatın dini təmayülçülüyə meyl edən mistik realizmdən tədricən uzaqlaşaraq özündə inanclarla yanaşı, mifoloji baxışı, folklor motivlərini, cəmiyyət hadisələrində ideal axtarmaq meyllərini də birləşdirərək magik realizmə çevrilməsi nəticəsində yeni nəfəs qazanmasını təmin edə bilmişdir. İsa Muğannadan başqa, Yusif Səmədoğlu, Mövlud Süleymanlı, Afaq Məsud, Şəmil Sadıq da magik realizmin ədəbiyyatda fərqli çalarlarını, milli təzahürlərini əks etdirən yaddaqalan əsərlər yaratmışlar. XXI əsrin əvvəllərində magik realizmin şəbəkəsinin genişlənməsi onu ədəbi cərəyan müstəvisinə çıxarmışdır. Lakin ədəbi cərəyan üçün zəruri şərtlərdən olan lider, yaxud ideal şəxsiyyət mənasında bu axının əsaslarını yaratmış xalq yazıçısı İsa Hüseynovun dünyasını dəyişməsi ilə Azərbaycan magik realizmində davamlılıq prosesi zəifləmişdir.
XX əsrin doxsanıncı illərində cəmiyyətdə yaranmış ümidsizlik, çaşqınlıq, çöküş, böhran əhval-ruhiyyəsi üstündə köklənmiş dekadentizm Vaqif Səmədoğlu, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Bayatlı Odər, Rüstəm Behrudi, Qulu Ağsəs, Akif Səməd, Sabir Sarvan və başqaları kimi müxtəlif ədəbi nəsilləri təmsil edən yazıçıların timsalında ədəbi cərəyan səviyyəsinə qalxmışdır. Lakin Azərbaycan cəmiyyətində çöküş dövrü, böhran halları artıq arxada qaldığı, ölkədə böyük inkişaf prosesləri getdiyi üçün ədəbiyyatda dekadentizmin meydanı daralmışdır. Dekadans şairlərin indi mənəviyyatdakı çöküş proseslərindən bəhs edən əsərlər yazmaları da uzun müddətli perspektiv vəd etmir. Tədricən hiss olunur ki, dekadentizm ədəbi cərəyanı simvolizmi və ya yeni romantizmi doğurmaq istiqamətində inkişaf edir. Hər halda dekadentizmdən romantizmə keçid prosesi müşahidə olunsa da, hələlik yeni romantizmin ədəbi cərəyana çevrilmək iddiasında olduğu görünmür. Bu ədəbi cərəyanın taleyini dekadans şair və yazıçıların romantizmə və ya simvolizmə doğru inkişafındakı ağırlıq nöqtəsi müəyyən edəcəkdir.
Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında ən davamlı ədəbi cərəyan kimi tənqidi realizm çıxış edir. XX əsrin altmışıncı illərindən etibarən yeni ədəbi nəsil keçən yüzilliyin əvvəllərində meydana çıxıb, böyük ədəbiyyat şedevrləri yaratmış tənqidi realizm ədəbi cərəyanının və həm də bu axının böyük yaradıcısı Cəlil Məmmədquluzadənin adı ilə bağlı olan ənənələri müasir şəraitə uyğun olaraq yenidən yaradıcılıqla “bərpa” etmişdir. Bununla da “tənqidi realizm istər fəlsəfədə, istərsə də bədii yaradıcılıqda formalaşdırdığı modellərlə təkcə XX əsrin başlanğıcının yox, onun davmının da aktual yanaşması” (Tahirə Məmməd) olduğunu bir daha sübuta çatdırmışdır. XX əsrin əvvəllərinin “kiçik adam”ının yeni zamandakı davamçıları olan Məmmədnəsirlər və Balaqədeşlər “altmışıncıların” ədəbiyyatında zühur etmişdir. İnsan ideoloji statusu ilə yox, gerçək adi həyatı və dərin mənəviyyatı ilə ədəbiyyatda canlandırılmışdır. Bir qədər sonra, yetmişinci-səksəninci illərdə artıq cəmiyyətin vəsfi, tərənnümü deyil, real təzahürləri və tənqidi dərki hətta siyasi sistemin dəyişmə, yeniləşmə zərurəti ədəbiyyatda öz əksini tapmışdır. Əslində, bu xüsusiyyətlərin heç biri “məzmunca sosialist ədəbiyyatı” olan, sosialist realizmi ilə tam səsləşmirdi. Bunları həqiqətən tənqidi realizm ədəbiyyatı nümunələri, tənqidi realizm ədəbiyyatı adlandırmaq sovet ədəbiyyatının vahid yaradıcılıq metodu olan sosialist-realizmi mühitində odla oynamaq demək olardı. Ona görə də Azərbaycan ədəbiyyatının yeni dövr tənqidi realizmini ilk olaraq təmsil edən “altmışıncılar” və onların ardınca yetmişincilər sosialist realizmini inkar etmədən, yaxud yeni bir ədəbi cərəyan yaratdıqlarını bəyan etməyərək, tutduqları gerçəkçi ədəbiyyat yolunu davam etdirmişlər. Bu proses 70-90-cı illərdə Azərbaycanda Heydər Əliyev epoxası dövründə ölkədə yaranmış münbit şəraitlə əlaqədar olaraq daha da dərinləşmiş və yeni bir keyfiyyət halına gəlmişdir. Müstəqillik dövründə də yaradıcılıqlarını uğurla davam etdirən “altmışıncılar” və “yetmişincilər”, habelə artıq onlarla birlikdə addımlayan yeni ədəbi nəsillər Azərbaycan tənqidi realizminin cəbhəsini genişləndirmişlər. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında klassik “altmışıncılar” ədəbi nəslinin görkəmli nümayəndələri olan xalq yazıçıları Anar və Elçin, xalq şairi Fikrət Qoca, Məmməd Aslan ilə, yetmişincilər ədəbi nəslini təmsil edən xalq şairi Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Fərman Kərimzadə, Hidayət, Firuzə Məmmədli, Natiq Rəsulzadə, Xeyrəddin Qoca, Rafiq Yusifoğlu, Mustafa Çəmənli, Çingiz Əlioğlu, Aqil Abbas, Hamlet İsaxanlı, Məmməd Oruc, müstəqilliyin yetirmələri olan Rəşad Məcid, Əjdər Ol, Yunus Oğuz, Əlabbas, Sara Oğuz, Səyyad Aran, Əhməd Qəşəmoğlu, Elçin Hüseynbəyli, Aslan Quliyev, Şərif Ağayar, Adil Cəmil, Ənvər Əhməd, Xanəli Kərimli, Azad Qaradərəli, Barat Vüsal, Məmməd Alim və başqaları ilə birlikdə yeni dövr Azərbaycan tənqidi realizmini inkişaf etdirir, həmin istiqamətdə yazdıqları ciddi bədii əsərlərlə bu ədəbi cərəyanı forma və məzmunca daha da zənginləşdirirlər.
Konkret tarixi şəraitdə eyni bədii metod mövqeyindən çıxış edən ədəbi cəbhənin genişlənməsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni tipli tənqidi realizm cərəyanını formalaşdırmışdır. Klassik tənqidi realizmdən fərqli olaraq, müasir dövrün tənqidi realizm ədəbi cərəyanı ifşa yolu ilə getməyərək müasirlik mövqeyindən cəmiyyətin dərin və əsaslı bədii dərkini meydana qoyur, yeni insanın gerçək obrazlarını yaradır, müasir cəmiyyətə və insan mənəviyyatına zərər gətirən, milli-mənəvi dəyərlərə zərbə vuran hallara qarşı çıxış edir, müasir inkişafa təkan verirlər. Bu mənada yeni mərhələ üçün “tənqidi realizm” anlayışındakı “tənqid” sözü real olaraq tənqidi realizmin klassik təyinatındakı eyni ifadənin daşıdığı mənanı tam əks etdirmir. Ona görə də müstəqillik dövrünün tənqidi realizminin xarakterinin müəyyən edilməsi ədəbiyyatşünaslıq elminin qarşısında duran mühüm vəzifələrdəndir. Əlbəttə, bu təyinatın müəyyən olunması müstəqillik dövrü Azərbaycan ədəbiyyatının bu qolunun xüsusi olaraq əsaslı şəkildə tədqiq edilərək süzgəcdən keçirilməsi ilə dəqiqləşdirilə bilər. Bununla belə, düşünürük ki, yeni tarixi epoxanın tənqidi realizmin kəskin tənqid və ifşa üsullarına istinad etmədiyi üçün “gerçəkçi realizm” adlandırılmasi mümkündür. Doğrudur, realizm anlayışının özü də lüğəti mənada gerçəklik deməkdir. Lakin buradakı realist yox, realizm ifadəsi artıq sadəcə gerçəkliyin obyektiv təsvir edilməsini deyil, mövcud reallıqların mahiyyətini əks etdirən ədəbi cərəyan mənasını ifadə edə bilər. Bu baxımdan gerçəkçi realizm - ədəbiyyatada həyatı, insanı, cəmiyyəti obyektiv meyarlarla əks etdirən, dərindən qavramağa kömək edən, irəliyə doğru hərəkata təkan verən ədəbi cərəyan kimi başa düşülməlidir. Bu isə öz növbəsində ölkədə müstəqil dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilib möhkəmləndirilməsində, yeni insanın formalaşdırılmasında müasir tipli tənqidi realist ədəbiyyatın yaxından iştirak etdiyini nümayiş etdirir.
Son illərin ədəbiyyatşünaslıq elmində müasir dövrün tənqidi realizminin “yeni realizm” adlandırılması faktları da nəzərə çarpır. Klassik neorealizmdən fərqli olaraq, müasir dövrün “yeni realizmi” ultra modernist xarakteri ilə yox, ictimai-siyasi mühitin yeniləşdirilməsinə müdaxiləsi ilə səciyyələnən realizm tipi kimi çıxış edir. Lakin nəzəri fikir bu məqamda realizmin yox, tarixi prosesin dəyişməsindən doğan yeniliyin daha öndə olduğunu qəbul etməklə əslində, “yeni realizm” anlayışını çıxdaş edir. Son dövr nəzəriyyəçilərinin fikrincə, bu halda “yeni realizm” həyata münasibət etibarilə “məişət realizmi” formatı alır. Belə qənaətlərdən birində çıxış yolu kimi obrazlı şəkildə “yeni realizm özü üçün geniş yol aça bilmədi, ancaq yaratdığı döngələrdən bir neçə yollar meydana çıxdı. Bir qədər şərti də olsa həmin yolları (istiqamətləri) məsələn, liberalizm, vətəndaşlıq və ya naturalizm adlandırmaq olar” (Andrey Timofeyev). Deməli, yeni epoxanı təsvir etdiyinə görə meydana çıxan “yeni realizm” hələlik özünün fərqli sənət konsepsiyasını formalaşdıra bilməmişdir.
Müstəqillik dövrünün tənqidi realzimi əslində, klassik tənqidi realizmin XX əsrin altmış-yetmişinci illərində müasirləşdirilməsi əsasında yenidən formalaşdrılmış realizm tipinin bədii irdakdakı inkardan çox təsdiq ruhu ilə səciyyələnən yeniləşmiş modelidir. Ona görə də müasir dövrün tənqidi-realist ədəbiyyatı yeni tənqidi realizm kimi çıxış edir. Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında hələ ki, ədəbi cərəyan səviyyəsinə qalxmasa da, sürrealizm, postromantizm, sentimentalizm meylləri də müşahidə olunur. Bu inkişaf meyllərindən hansının müstəqil ədəbi cərəyana çevriləcəyini Zaman və ədəbi prosesin gedişatı həll edəcəkdir.
Göründüyü kimi, müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatı azərbaycançı mövqeyi, forma və məzmun yeniliyi, cəmiyyətə, insana gerçək münasibəti ifadə etməsi və fərqli ədəbi cərəyanların, bədii metodların və üslubların meydanının genişlənməsi ilə çoxəsrlik milli ədəbi fikrin tarixində yeni mərhələdir.
Ədəbi prosesin sürəkli təbii axarı cərəyanlardan və üslublardan hansıların ölkə ədəbiyyatında yaşamaq, sabitləşmək haqqına malik olduğunu üzə çıxarır. Bir-birini tamamlayan və yanaşı addımlayan ədəbi cərəyanların və üslubların təkamülü ədəbi mühitin və yaradıcılıq proseslərinin inkişafının demokratik xarakterini nümayiş etdirir. Bu, müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatının gerçək simasıdır. Qeyd edilən ədəbi cərəyanları təmsil edən yazıçılar bədii forma və üslub müxtəlifliyi cəhətdən bir-birlərindən fərqlənsələr də, onları ölkə maraqları və milli mənafelər, insanı dərk və kəşf etmək qayəsi birləşdirir. Beləliklə, artıq ölkəmizdə müstəqilliyin doğurduğu böyük idealları təsvir və tərənnüm edən çoxsəsli Azərbaycan ədəbiyyatı yaranıb inkişaf edir.
Müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatı milli ədəbiyyatın böyük örnəklərini meydana qoyur, dünya təcrübəsinə və ölkə reallıqlarına əsaslanmaqla çoxəsrlik Azərbaycan ədəbiyyatını yeni mövzular, cəlbedici bədii formalar, fərqli obrazlarla daha da zənginləşdirməyə uğurla xidmət edir.
SON