Kinomuzun Tofiq Quliyevi

 

Pərvinin təqdimatında

 

AZƏRBAYCAN KİNOSU - 120

 

 

Yaddaşlarda dərin iz buraxmaq, xalq dilindən düşməmək hər sənətkara nəsib olan səadət deyil. Bəlkə əslində bütöv Azərbaycan mədəniyyəti tarixinə nəzər salsaq, bu məqamda Tofiq Quliyevlə rəqabətə girə biləcək adam tapılmaz. Sanki millətin bütün ruhu, canı, düşüncəsi, adət-ənənələri, hər halı, hər ovqatı Tofiq Quliyev musiqisinə həkk olunub. Və bu musiqinin əhatə etdiyi mövzuları, rəngarəngliyini elə ötəri nəzərdə keçirəndə heyrət etməyə bilmirsən.

 

Bütün bunları bir adam yaradıb; ürəyimizi sızladan ən qəmli nəğmələri də, toylarda əl-qol açıb yorulanacan oynadığımız, sümüyümüzə düşən mahnıları da yazan bir adamdı... Tofiq Quliyev.

 

Tofiq Quliyevin bəstəkar kimi, musiqiçi kimi böyüklüyü, bənzərsiz istedadı, milli musiqimizdə yeni bir yolun əsasını qoyması, mahnı janrını tamam ayrı bir mərtəbəyə yüksəltməsi az qala elə yüz ildir ki, təsdiq olunmuş həqiqətdir. Ötən ilin noyabr ayında bəstəkarın 100 illik yubileyi ölkə miqyasında qeyd olundu və yaradıcılığı ətrafında, əsrarəngiz sənəti haqqında məqalələr yazıldı. Şübhəsiz ki, bu mövzular musiqişünasların araşdırmalı, təhlil etməli olduğu məsələlərdir.

 

Bu da faktdır ki, Azərbaycan kinosunun böyük bir hissəsi məhz Tofiq Quliyevin adıyla bağlıdı, həm də onun musiqilərinə görə sevilib. Ona görə, musiqişünas olmasam da, dahi bəstəkarın kino sənətimizin inkişafındakı xidmətlərindən söz açmaq istərdim.

 

Tofiq Quliyevin bəstəkarı olduğu filmlərin sayı-hesabı bilinmir, bir yazıda onların hamısından bəhs etmək mümkünsüzdür. Amma elə sadəcə bu filmlərin siyahısına nəzər salmaq yetər ki, təəccüblənəsən. Əlbəttə, hələ 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə Mirzə Ələkbər Sabirin “Uşaq və buz” şeirinə “Dərsə gedən bir uşaq” mahnısını bəstələyən adamın bu janrda zirvə olması yenilik deyil. Amma kino kimi spesifik sahəni bu cür bilməsi, sözü, məqamı, qəhrəmanın xarakterini, psixoloji ovqatını hiss etməsi doğrudan da heyrətamizdir. Azərbaycanda üç bəstəkar - Tofiq Quliyev, Emin Sabitoğlu və Polad Bülbüloğlu kinonu bu cür hiss etdiklərinə, bildiklərinə görə rejissorlar əsasən onlarla işləməyə üstünlük veriblər. Hətta buna görə qısqananlar da az olmayıb. Amma məsələ istedadda, yaxud yaxşı mahnı bəstələməkdə deyil, məsələ kinonu, mövzunu, ideyanı duymaqda və onu musiqi vasitəsilə düzgün ifadə etməkdədir. Tofiq Quliyevin isə söz duyğusu, kinonu necə dərindən hiss etməsi ayrıca mövzudur. Onun sözlə “təmasının” tarixi lap gənclik illərinə gedib çıxır.

 

30-cu illərdə Dram teatrında kiçik bir musiqi kollektivi yaradılır. Təxminən elə o illərdə Konservatoriya tələbələrini Dram teatrının musiqi kollektivinə dəvət edirlər. Tofiq Quliyev də bu kollektivə qoşulur, bir neçə əsərin dirijorluğunu edir. Onun təşəbbüsü ilə bu orkestr genişləndirilir, hətta royal alınır teatr üçün. Tofiq Quliyev özü tamaşalar vaxtı royalda ifa edir. Elə o zamandan xeyli tamaşaçı məhz Tofiq Quliyevə görə gəlir teatra, onu dinləmək üçün. Tofiq Quliyevin teatrla əməkdaşlığı da elə o vaxtdan başlayır və o, bir çox tamaşalara musiqilər bəstələyir.

 

Teatrşünas, professor İlham Rəhimli xatırlayır: “1968-ci ildə Mehdi Məmmədov Lev Tolstoyun “Canlı meyit” pyesinə quruluş verdi. O pyesin məşqlərində iştirak etmişəm və Tofiq Quliyevlə Mehdi Məmmədovun birgə necə çalışdığını görmüşəm. Orda bir məqam vardı, Mehdi Məmmədov deyirdi ki, qaraçıların rəqsi qısaldılsın bir az. Amma Tofiq Quliyev razılaşmırdı. “Bir psixoloji ovqatdan başqasına keçmək üçün musiqi sözün arasında mərhələ, keçid olmalıdı” - deyirdi”.

 

İlham Rəhimlinin bu xatirəsindən Tofiq Quliyevin əsas sirri, yanaşması aydın olur. Həm də elə bu tezislə onun kinodakı fəaliyyətini, müxtəlif psixoloji ovqatlar arasındakı “körpülərini” - musiqilərini təhlil edə bilərik. Yəni əsas olan, diqqəti çəkən  Tofiq Quliyevin hadisəni ustalıqla musiqiyə çevirməsidir. Bununla bağlı mərhum bəstəkar Cövdət Hacıyevin də bir xatirəsi maraqlıdır: “Hələ lap gənc idik, tələbəydik. Tofiqlə məni Gürcüstana Tbilisi yaxınlığındakı Qudauri istirahət düşərgəsinə göndərmişdilər. Orda bir mədəniyyət evi də vardı. Rəhbərliyi bizim musiqiçi olduğumuzu biləndə qəribə bir xahiş etdi. Dedilər ki, bəs bizdə səssiz kinolar var, hər axşam camaata göstəririk. Siz o səssiz kinolara baxın, süjetə, mövzuya uyğun olaraq film boyu musiqilər ifa edin tamaşaçılar üçün. O vaxt çox cavan idik. Təbii ki, razılaşdıq və çox yaxşı alındı. Görünür, bəstəkar kimi yetişməyimizə də həmin hadisə təsir elədi. Yəni hadisəni görüb ona uyğun musiqi tapmaq baxımından”.

 

Beləliklə, elə Cövdət Hacıyevin   bu gənclik xatirəsindən Tofiq Quliyevin kino ilə bağlanmasının təməli, həmçinin, hadisəni duyması, musiqiylə dəqiq ifadə etməsi aydın olur.

 

Azərbaycan kinosunda isə bu cür musiqiyə çevrilməli hadisələr, mahnı ilə açılmalı, dilləndirilməli xarakterlər yetərincəydi. Elə sadəcə siyahıya ötəri nəzər salaq.

 

“Səbuhi” (1941), “Bəxtiyar” (1955), “Görüş” (1955), “Qızmar günəş altında”  (1957), “Bakı və bakılılar” (1957), “Ögey ana” (1958), “Onu bağışlamaq olarmı?” (1959), “Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Sən niyə susursan?” (1966), “O qızı tapın” (1970), “Nəsimi” (1973), “Dərviş Parisi partladır” (1976),   “Qayınana” (1978) və s.  Bu adlarını sadaladıqlarım Azərbaycan tamaşaçısının dönə-dönə baxdığı, qəhrəmanlarını öz dostu, qohumu kimi yaxşı tanıdığı, mahnılarını əzbər bildiyi filmlərdir. Əlbəttə, bunlar Tofiq Quliyevin bəstəkarı olduğu filmlərin bir hissəsidir. Ən məşhurlarını və yaddaqalanlarını misal gətirməkdə, həmçinin, onların çəkilmə tarixini göstərməkdə məqsədim var. Siyahıdan bəstəkarın necə ardıcıl çalışması, həm də bəzən eyni ildə tamam fərqli mövzularda filmlərin musiqisini yazması aydın görünür. Eyni zamanda, bu filmlərin hamısının Sovet dövründə çəkilməsi, bir hissəsinin rejimin təbliğ etdiyi mövzulara həsr olunması da mühüm məqamdır. Əslində, bəzi filmlər məhz elə Tofiq Quliyevin musiqisinə görə bu gün də sevilir və aktuallığını itirmir.

 

Tofiq Quliyevin kino yaradıcılığından danışanda hər şeydən əvvəl “Bəxtiyar” filmi yada düşür. Film Tofiq Quliyevlə  Rəşid Behbudovun birgə yaradıcılığı baxımından unudulmazdır. Bəstəkar özü də bunu xüsusi qiymətləndirirdi və böyük sənətkarlarla işləməsindən qürur duyduğunu gizlətmirdi: “Mən çox xoşbəxtəm. Bir fikir verin necə səslənir? Musiqisi Tofiq Quliyevin, oxuyur Bülbül. Musiqisi Tofiq Quliyevin, oxuyur Rəşid Behbudov. Musiqisi Tofiq Quliyevin, oxuyur Şövkət Ələkbərova... Bundan böyük xoşbəxtlik ola bilməz”. Şübhəsiz ki, bu sənətkarlar üçün də Tofiq Quliyev kimi bəstəkarın mahnılarını oxumaq böyük hadisə idi və onların xalq tərəfindən bu cür sevilməsində bəstəkarın xidməti də danılmazdır. Bu mənada “Bəxtiyar” filmi Rəşid Behbudovun da, Tofiq Quliyevin də yaradıcılığında xüsusi yer tutur.

 

Boris Laskin və Nikolay Rojkovun ssenarisi əsasında rejissor Lətif Səfərovun ekranlaşdırdığı bu filmdə mövzu   ideya baxımından Sovet sisteminin, kommunist düşüncə tərzinin təsiri duyulur. Ömrünü atasının peşəsinə - neftçiliyə həsr etmək istəyən Bəxtiyar (Rəşid Behbudov) fırıldaqçı Ağabalanın (Ağasadıq Gəraybəyli) əlinə düşür. Özfəaliyyət dərnəyində mahnılar oxuyur, əsl sənət yolundan sapır. Sonradan “haqq” yoluna qayıdan Bəxtiyar müğənniliyin böyük sənət olmasını dərk edir və bu işə ciddi yanaşır. Mövzu və ideya sovet düşüncə tərzindən gəlsə də, müəlliflər müxtəlif koloritli qəhrəmanların - klub müdirinin, Hüseynova bacıları - Gülzarın, Zəhranın, yaxud bir-biri ilə mübahisə edən Rza ilə Mir Həmidin və digər bu cür xalqdan gələn obqazların vasitəsilə filmin pafosunu azaltmağa müvəffəq olublar. Həmçinin Ağasadıq Gəraybəyli, İsmayıl Əfəndiyev, Müxlis Cənizadə, Münəvvər Kələntərli kimi korifey sənətkarların canlı, koloritli oyunu da filmi tamaşaçılara sevdirib. Lakin onu da etiraf etmək lazımdır ki, Rəşid Behbudovun təkrarsız səsi və Tofiq Quliyevin şedevr mahnıları “Bəxtiyar” filminin əsas uğurudur. Bu filmdən musiqi xəzinəmizə bir neçə mahnı daxil olub. Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş “Ağacda leylək”, “Sevgi valsı”, “Bakı nəğməsi”, Rəsul Rzanın sözlərinə yazılmış “Qızıl üzük” mahnıları Qızıl Fonda daxil edilib. Və bu mahnıların bir üstünlüyü, qeyri-adiliyi də xalq mahnılarına çevrilməsidir. Deməli, sadəcə kinoların süjetlərinə, mövzularına uyğun yazılmış mahnılar təkcə filmləri şöhrətləndirməyib, həmçinin, özü ayrıca bir sənət nümunəsi kimi sevilib, xalqın malına çevrilib, ölməzlik qazanıb. Təsadüfi deyil ki, uzun illər Sovet qadağaları ucbatından Azərbaycan musiqisi dinləməkdən məhrum olan (qarşılıqlı olaraq!) türk qardaşlarımız 90-cı illərdə, sərhədlər açılanda musiqimizi, sənətimizi daha çox Tofiq Quliyevin mahnılarıyla, əsərləriylə sevdilər. O zamanlar əsasən Tofiq Quliyevin bəstəkarı olduğu filmlər türk sinemalarına çıxdı və əsas reklam elementi kimi də məhz bu mahnılar qabardıldı. Türklər Azərbaycan kinolarına tamaşaçı cəlb etmək üçün “Azəri türküləri ilə süslü Azərbaycan filmi” - reklamını afişlərin üzərində yazırdılar. O zamanlar bəstəkarlarımız Türkiyədə çox tanınmırdılar və Tofiq Quliyevin mahnılarının türkü kimi - xalq mahnısı kimi qəbul olunması təəccüb doğurmur. Elə Türkiyədə də xalq bu mahnılara, təkrarsız musiqiyə qulaq asmağa gəlirdi, əsasən.  O vaxt “Mutlu aşıklar” adı ilə kinoteatrlara buraxılmış “Əhməd hardadır?” filmimiz məhz qeyd etdiyim reklamın hesabına anşlaqlar toplayırdı.

 

Daha öncə vurğuladığım məqama yenidən qayıdıb təkrar edə bilərəm ki, elə Azərbaycanda da illər sonra bu filmlərin sevilməsinin əsas səbəbkarı Tofiq Quliyevdir. Görünür, bəstəkar özü də bunun fərqindəymiş. Ona görə də “Nizami” filminin çəkilişi oğluna, rejissor Eldar Quliyevə həvalə olunanda bu filmə musiqi bəstələməkdən imtina edib, “Gələcəkdə haçansa birgə işləyərik” - deyib. Bir növ övladına tələbkarlıq göstərib, öz adıyla, musiqisilə dəstək olmaq istəməyib.

 

Rejissor Tofiq Tağızadənin “Görüş” filmi bu gün də sevərək baxdığımız kinolardandır. Amma mövzusuna, ideyasına görə Sovetlərin “xalqlar dostluğu” çərçivəsindədir. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğu, əmək qəhrəmanı olan özbək qızına sevgisinə görə dəyişən, saflaşan, kənd təsərrüfatı qabaqcılına çevrilən Azərbaycan oğlu. Əlbəttə, yenə də müəlliflər Münəvvər (Münəvvər Kələntərli), Əbülfəz (Ağahüseyn Cavadov), Musa (Həsənağa Salayev), Şıxəli (Əlağa Ağayev) və digər koloritli personajların, onların gülməli, məzəli sözlərinin, başlarına gələn olayların vasitəsiylə kinonu Sovet ideyalarından “uzaqlaşdırmağa” çalışıblar. İndi də dillər əzbəri olan “qonaq üçün süfrə açarlar”, “bu nə plovdu, yağ gətir” kimi ifadələr də “Görüş” filmindən gəlir və zərbi-məsələ çevrilib. Ancaq yenə də filmin məziyyətləri sırasında Tofiq Quliyev musiqisi öndədir. Milli musiqi xəzinəmizə daxil olan, Zeynal Cabbarzadənin sözlərinə bəstələnmiş  “Arzular”, “Axşam mahnısı”, “Onu bircə dəfə görə biləydim” kimi unudulmaz mahnılar “Görüş” filminin ən təsirli kadrlarını mənalandırıb. Öz aləmində qürbətə düşmüş, burda ürəyinə ilk sevgi qığılcımları düşmüş gənc özbək qızının pambıq çölündə “Arzular, arzular” deyə həzin-həzin oxuması (Şövkət Ələkbərova ifa edir), yaxud romantik bir axşamda, səmaya, aya, ulduzlara baxıb “Axşam mahnısı” ifa etməsi nə qədər yerinə düşür...

 

Ümumiyyətlə, Tofiq Quliyevin kinolara yazdığı musiqilərdə ən mühüm məqam qəhrəmanın ovqatını, halını musiqiyə dəqiq çevirməsidir. Əlbəttə, çalışdığı şairlərin böyük istedadı, seçdiyi sözlərin son dərəcə dəqiqliyi də xüsusi vurğulanmalıdır. Lakin bütün hallarda musiqinin obrazı, hadisəni bu qədər tamamlaması bəstəkarın böyük xidmətlərindən biridir. Məsələn, elə rejissor Həbib İsmayılovun “Ögey ana” filmində ailə qurduğu kişinin övladıyla dil tapa bilməyən ananın - Nəcibə Məlikovanın duyğuları elə bircə “Laylay” mahnısında nə qədər təsirlidir?! İsmayılın (Ceyhun Mirzəyevin) şən, qayğısız ovqatda “Kəndimiz” deyib oxuması nə qədər təbiidirsə, pərişan qadının “Mənlə danış, gül, oğlum” deyib kövrələrək ifası o qədər təbiidir, obrazın xarakteriylə üzvülük, vəhdət təşkil edir.

 

Tofiq Quliyevin filmoqrafiyasında ən heyrətamiz məqamlardan biri “Nəsimi” filmidir. Məsələ burasındadır ki, hər zaman lirik, romantik, şən, şux melodiyalar yazan bəstəkarın Nəsimi kimi qəliz şairin “intonasiyasını”, sufi ideyalarını hiss etməsi və musiqiyə “çevirməsi” təəccüblüdür. Əslində, bəstəkarın çoxşaxəli, dərin istedadı hər mövzuda yazmağa, işləməyə imkan verib. Amma yenə də bu mövzuda o cür uğurlu musiqilərin bəstələnməsi Tofiq Quliyev böyüklüyünün, istedadının daha bir təsdiqidir. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş “Nəsimi” filmi VII Ümumittifaq kinofestivalında mükafatlandırılıb və filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülüb.

 

Bu filmdən bir məqama diqqət çəkmək istərdim: Nəsimini öz məclislərinə dəvət edən dərvişlərin “Gəl, ey könül, yar istəmə” deyib çalıb oxuması, həm də bu səhnə ilə bütün dərviş ovqatını çatdırması bəstəkarın misilsiz xidmətidir. Ümumiyyətlə, filmə yazılan musiqilərin hamısında bir sufi, dərviş, tərki-dünyalıq “intonasiyası” var. Amma elə bu məqamda “Dərviş Parisi partladır” (rejissorlar K.Rüstəmbəyov, Ş.Mahmudbəyov) filmi yada düşür. Mirzə Babayevin canlandırdığı fırıldaqçı dərvişin “Mən bir köhnə dərvişəm, cəhənnəmdən gəlmişəm” deyib oxuması... Bu isə dərvişə parodiyadı, yalançı, fırıldaqçı adamın obrazıdır. Və “Nəsimi” filmindəki dərvişlərin musiqi nə qədər sufiyanədirsə, “Dərviş Parisi partladır”dakı dərvişin mahnısı bir o qədər yüngül, istehzalıdır. Və bunların hamısını hiss edən, duyan, tamaşaçıya çatdıran, anladan bir adamdı - Tofiq Quliyev.

 

Tofiq Quliyevin kinodakı bütün işlərindən danışmaq, hamısını açmaq, izah etmək, əlbəttə, mümkünsüzdür. Çünki dediyim kimi, bu, daha çox musiqişünasların işidir. Bununla belə, Tofiq Quliyevin kino aləminə, dünyasına kiçik bir səyahət də göstərir ki, ölməz bəstəkarın 120 yaşlı kinomuza töhfələri hələ neçə-neçə illər öz dəyərini qoruyub saxlayacaq.

 

525-ci qəzet.-2018.-13 yanvar.-S.14.