Yusif üzlü kitablar
Vahid QAZİ
Biz tanış olanda 12 yaşımız vardı.
Sinfimizə 1980-ci ilin payız tətilindən
sonra gəlmişdi. İndi adama elə uzaq
görünür ki 1980-ci il. Elə bil 38
yox, 3800 il keçib. İnsanın xəyal
ölçülərində min il nədi
ki... Bu gün kimi xatırlayıram indi Yer
üzündən silinmiş o şəhəri,
uşaqları dünyaya səpələnmiş o sinfi, o məktəbi.
Xatirələrin ən duru yerində qalan 12
yaşlı Yusifi.
Dünən Yusif Rzayevin 50 yaşı tamam oldu. Bu uzaq eldə
təbrik üçün əlim nəyəsə
çatmadı. Şəhərimizin kitab
dünyasına onun gözüylə baxdığım bu
essedən savayı.
Yubileyin
mübarək, Yusif!
7 Noyabr
1980-ci il Böyük Oktyabr Sosialist İnqilabının
növbəti ildönümü kimi, həmin günün səhəri
Rzayev Yusif Məmməd oğlunun (indi “525-ci qəzet”in baş
redaktor müavinidi) Ağcabədinin Rəncbərlər kənd
orta məktəbindən sinfimizə gəlişi də əlamətdar
hadisə idi. İndinin gözüylə baxsaq,
Yusifin gəlişi Oktyabr inqilabının missiyası ilə
müqayisədə humanizm mücəssəməsiydi. Hər halda milyonlarla insanın taleyini alt-üst eləyən
inqilabdan fərqli olaraq bu gəliş mənim həyatıma
yeni rəng qatdı.
Sərt
sifət cizgiləri, uca və yoğun səsi,
oturuş-duruşu, xüsusilə qəribə ləhcəsi
1 nömrəli kimi “bərkgedən” şəhər məktəbi
üçün çox qaba görünsə də, tezliklə
mühitə öyrəşdi, uşaqlarla ayaqlaşdı,
çox ağzıgöyçəyin ağzından vurdu, əlaçılar
sırasına qoşuldu, istər sinifdə, istərsə də
məktəbdə xüsusi qabiliyətiylə seçildi. Hərəkət
və düşüncə sərbəstliyi, kəndli sadəliyi
və səmimiyyətinə yaşından xeyli böyük
şeirlər yazmaq istedadını da əlavə etsək,
necə bir adamla dostlaşdığımı ta özün təsəvvür
elə!
Məktəbin “bosman” ləqəbli direktor müavini
Ənvər müəllim (Allah rəhmət eləsin, həqiqətən
də məktəbin bosmanı idi) yaxşı oxuyan şagird
kimi mənimlə dostluq eləməyi ona məsləhət
görübmüş. Elə yolumuzun bir olması,
qonşuluğumuz da dostluq tellərinin tez bağlanmasında
vacib şərtlərdən oldu.
lll
Böyüklərimiz
“Lenin yolu” adlı rayon qəzetinin şöbə müdiri Həsən
Qəhrəmanovdan xahiş eləmişdilər ki, hərdən
çağırıb şeirlərimizi dinləsin, məsləhətlərini
versin. O da bizi məmnuniyyətlə qəbul edir, bəlağətli
danışığı ilə maraqlı mövzular
açır, şeirlərimizi dinləyir, fikirlərini
söyləyirdi. Yusif bu işdə bir boy
yuxarı idi. Həsən müəllim
bunu nə qədər büruzə verməməyə
çalışsa da, alınmırdı. Şeiri birinci Yusif deyirdi. Sonralar gəncliyin
müxtəlif məqamlarında, illah da sevdalı anlarda dəfələrlə
dadıma çatan, öz adıma çıxıb kimlərinsə
ruhunu oxşadığım şeiri bir gör necə əzbərləmişəm,
sən Allah:
Tamaşa
qurtarır,
sonunda pərdə.
Kitab
oxuyuram,
sonunda pərdə.
Pəncərənizin
önündən
keçirəm hərdən,
Yenə də pərdə.
Necə dözüm bu dərdə?
Pərdə...
Pərdə...
Pərdə...
“Əla!
Sən şairsən! Sən, əsl şairsən!”
Həsən müəllimin fərəh dolu
qışqırtısını qonşu otaqlarda da
eşidirdilər yəqin. Ayağa qalxanda qəddi-qaməti
otaqdakı kitab şkafını belə örtən bu əzəmətli
kişinin sevinci uşaq çöhrəliydi...
Növbə
mənə çatırdı:
Yandırın
Nitsşenin fəlsəfəsini,
Külünü
də tökün Hitlerin qəbrinə...
Arxasını
unutduğum belə şeirlərə onun reaksiyası bir qayda
olaraq bu cür olurdu: “Əla! Çox yaxşı! Sən şair olassan”. Həmin anlarda nələr
eləməzdim ki, mənə də “Sən şairsən!”
desin. Amma Həsən müəllim tərbiyə
sahibi olmaqla bərabər həm də vicdanlı
adamıydı.
Məni şeir yazmağa Yusif həvəsləndirirdi. Bəhsə
düşüb əlləşirdim. Palan
içi tökmək fikrim yoxdu, bir onu deyim ki, heca saymaqdan
ovcumda dərin dırnaq izləri qalmışdı. Yusifin ovucu isə təmiz idi, izsiz-zadsız.
Nəysə, Həsən müəllimin məsləhətiylə
Şamil Namazın Mədəniyyət Evindəki ədəbiyyat
dərnəyinə yazıldıq. Dərnəyin ən
cavan üzvləri biz idik. Yusif tezliklə
dərnəkdə üstünlüyü ələ aldı.
Hərənin şeirində bir qənbərqulu
tapır və əsaslandıra bilirdi, odur ki, hamı onunla
hesablaşır, müzakirələrdə onun fikirlərinə
ciddi önəm verirdilər. Rayon qəzetində
çıxan ilk şeiri məktəbdə onu məşhurlaşdırdığı
kimi, bu hadisəyə həsr elədiyi bu şeir də dərnəyin
stajlı üzvləri arasında onun nüfuzunu kəllə-çarxa
çıxardı:
“Ürəyimi
sıxsaydılar, söz tökülərdi,
Sanırdım
ki, yazdıqlarım
tər
çiçəkdilər.
İlk
şeirim çıxan günü elə bilirdim,
Daha məni
bütün
qızlar
sevəcəkdilər”.
Tezliklə dərnəyin cavan şair və
yazıçılarının sayı çoxaldı. İlk vaxtlar utancaq olan
Gülablı balası Qulu Ağsəs tezliklə
istedadını ortaya qoydu, beləliklə, gənclik
yaşlı nəslə bab gəlməyə
başladı. Qulunun şeirləri özünə
oxşayırdı; sakit, həzin, çəkib uzaqlara aparan,
düşünməyə məcbur eləyən. Onun pıçıltılı şeirləri əslində,
bir orkestrin səsi boydaydı, canım üçün.
Onun şairliyi bizim kimi bir baharlıq olmadı.
O, hələ də şairdi.
lll
Kitablarla ilk tanışlığım
atamınkılardan başlamışdı. Amma hələ
məni “xəstələndirməmişdilər”. Viktor Hüqonun sovet ensiklopediyasına oxşayan
üçcildlik “Səfillər”i atamın ən sevimli
kitabı olmasına baxmayaraq, həcmiylə gözümü
qorxutmuşdu. Atamın çoxsaylı təkidinə
rəğmən bu kitabı oxumadım. (İlk
təəssürat yalançı olsa belə, öz işini
görmüşdü, indiyədək oxumamışdım.
Bu yazı həvəsləndirdi, indi girişmişəm, həm
də atamın ruhu şad olsun deyə...)
Kitablara baxışım Yusiflə dəyişdi. Onun gəlişi
mənim musiqi dolu uşaqlıq dünyama kitablar da qatdı.
Və beləcə şəhərin
bütün kitabxanalarının, kitab mağazalarının
qəniminə çevrildik.
Ağdamın kifayət qədər kitabsevəri
vardı. Bir
qrup ziyalılıq atributu hesab elədiyindən kitab
alırdısa, böyük bir qisim bu kitabları oxuyurdu da (Az, ya çoxluğun dəxli yoxdu, mən
Ağdamda kitabsız bir ev belə xatırlamıram). Qohum-əqrəba, qonum-qonşu arasında,
çayxana və parklarda tez-tez müxtəlif kitabların
söhbətinə düşərdin. Maraqlı
kitab xəbəri “quş qripi” kimi tez yayılırdı.
Orxan Kamalın “Yad qızı” bədii tozanaq
qoparmışdı. Əlbəttə,
bütün maraqlı kitabların ilk sahiblərindən biri də
biz olurduq. Pulumuz olanda alır, olmayanda sadəcə,
əl atıb “götürürdük”. Nə
qədər qəribə olsa da, bunu ayıb saymırdıq.
Ən çox ziyarət etdiyimiz yer məktəb
yolunun üstündə, Lenin bağının girişindəki
Tağı dayının kitab mağazasıydı. Rəhmətlik
bir dəfə də olsun soruşmadı ki, bu qədər
kitabı oxuyursunuzmu barı.
Çayxanaya ayaq açmağımız dünya
çaplı yazıçılarla
tanışlığımıza səbəb oldu. “Lenin yolu” qəzetinin
müxbiri Salman Babayev (indi “Respublika” qəzetinin Qarabağ
zonası üzrə müxbiridi) nətəhər
ağızdolusu “Qabriel Qarsia Markes” deyirdisə, belə bir
adamı tanımadığımıza görə xəcalət
çəkirdik. Uşağı qabağına qoyub
danlayan müəllim pozası alsa da, Salman bizi
danlamırdı, əksinə, min kilometr bizdən aralı
ölkələrdə yaşayan, yaxud yüz il qabaq kitablar
yazmış neçə-neçə yazıçıdan
elə həvəslə danışırdı ki, eşitsəydi,
işi-peşəsi çay daşımaq olan Zaqqı (deyəsən,
adı Zahid idi) da kitab oxumaq həvəsinə düşərdi
(Yaxşı ki, Zaqqı, Salmana qulaq asmırdı, yoxsa əlinə
kitab alıb oturacaqdı “Çay evi”nin üçüncü
mərtəbəsində, camaata ya dəmi qaynamış, ya
da soyumuş çay verəcəkdi. Külqabları
da aşıb-daşacaqdı). Bəlkə
də Salman heç özü də Markesi
oxumamışdı o vaxt, eləcə adını
eşitmişdi, amma bunun məsələyə dəxli
yoxuydu. Əsas odu ki, biz ondan çox ad
eşitdik və bu adların yazdıqlarını tapıb
oxumağa çalışdıq.
lll
Bax belə!
Bunlar mənim kitablı Ağdam xatirələrimin
kiçik bir hissəsidir. Böyük hissəsi
isə ruha çevrilib Ağdamı tin-tin, küçə-küçə
gəzir. Daha tini, küçəsi olmayan şəhəri...
Evimizdəki yüzlərlə kitab səhifələrində
oxuyub can verməyə vaxt eləmədiyim neçə-neçə
qəhrəmanım boylana qaldı. Ermənilərin
odladığı evdən yanan ruh kimi çıxdılar
sonra. İndi onlar da xatirələrimin ruhuna qoşulub
gecələr mənim ruhlar şəhərimin sakinlərinə
şeir oxuyurlar...
Dünən axşam Vaqif Cəbrayılzadənin (Vaqif Bayatlı) şeirini deyirdilər, Yusifin sevimli şeirini:
“Qeybdən gələn səs kimi,
ölümqabağı gələn nəfəs kimi
gəldin ömrümə, zalım qızı,
çıx gecəyə oynayaq bu havaya,
sən şəhərin o başında,
mən şəhərin bu başında.
Gözəl gözdən gələn yaş kimi,
uğruna baş qoyulası savaş kimi
endin ömrümə, zalım qızı,
çıx gecəyə oynayaq bu havaya,
sən günlərin o başında,
mən günlərin bu başında,
illərcə səninlə oynayaq belə”...
525-ci qəzet.-2018.-13 yanvar.-S.11.