Böyük alim, nurlu ziyalı

 

Bugünlərdə Azərbaycan etnoqrafiya elminin banilərindən biri, tarix və arxeologiya elmlərinin inkişafında xüsusi xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, böyük alim və ictimai xadim, nümunəvi ziyalı Teymur Əmiraslan oğlu Bünyadovun 90 yaşı tamam olur.

Akademikin mənalı ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə nəzər saldıqda bu böyük insanla fəxr etməmək mümkün olmur.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində dünyaya gəib, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra Moskvada SSRİ Elmlər Akademiyasının Maddi  Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub, dünya şöhrətli Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi altında "Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq" namizədlik dissertasiyası müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

1955-ci ilin may ayında Teymur Bünyadov Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olub.

Alim 1968-ci ildə "Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə professor elmi adına layiq görülüb. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

Teymur Bünyadovun 1960-cı ildə çap olunan "Azərbaycan arxeologiyası oçerkləri"  adlı ümumiləşdirilmiş kitabında Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğunu sübuta yetirib. Əsərdə Azərbaycanın qədim dövrdən XV əsrə qədərki tarixi işıqlandırılır.

Alimin "Əsrlərdən gələn səslər" əsərində isə Azərbaycanın musiqi tarixi, muğamlarımız, xalq mahnılarımız, simli, nəfəsli və zərb musiqi alətlərimizin təşəkkülü və inkişaf mərhələləri xronoloji ardıcıllıqla təsvir və təhlil edilir. Bu əsərdə ilk dəfə olaraq xalqımızın musiqi mədəniyyəti tarixi-etnoqrafik baxımdan peşəkarlıqla araşdırılıb.

Teymur Bünyadov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yüksək tirajla nəşr edilmiş "Azərbaycan etnoqrafiyası" üçcildliyinin baş redaktoru, həmin cildlərin demək olar ki, ikisinin müəllifidir. Bu əsər Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək elmi hadisə kimi qiymətləndirilib. Onun rəhbərliyi və həmmüəllifliyi ilə "Qəbələ tarixi", "Qəbələ folkloru" və "Qəbələ etnoqrafiyası" adlı üçcildliyi rus və ingilis dillərinə tərcümə edilərək yüksək tirajla çap olunub.

Teymur Bünyadov Moskvada çapa məsləhət görülən "Azərbaycanlılar" adlı iri həcmli əsərin müəlliflərindən biridir.

Akademik Teymur Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən, 1960-cı ildə Moskvada şərqşünasların XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə, 1971-ci ildə Tiflisdə arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda birinci Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə "Azərbaycanın xalça sənəti" adlı benəlxalq konfransdakı elmi çıxışları maraqla qarşılanıb.

Akademik Teymur Bünyadovun fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlıdır. Yorulmaz tədqiqatçı 35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən, xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifidir.

Tarixi etnoqrafiya məktəbinin banisi Teymur Bünyadovun elmi kadrların yetişməsində də xidmətləri böyükdür. Onun rəhbərliyi ilə 10 (on) elmlər doktoru, 35-dən çox tarix üzrə fəlsəfə doktoru alimlik zirvəsinə yüksəlmiş və alimin yolunu bu gün layiqincə davam etdirirlər.

Elm aləmində nüfuz sahibi olan alimin yaradıcılıq fəaliyyətinin digər bir istiqamətini də bədii yaradıcılıq təşkil edir. Keçən əsrin 70-ci illərinin sonlarından başlayaraq bir-birinin ardınca yazdığı "Ana Kürüm", "Qızıl qaya", "Mərd qalalar, sərt qayalar", "Zirvəqala", "Dedim ki, yadigar qalsın" və başqa əsərləri onun elmi yaradıcılığının bir növ davamı hesab oluna bilər. Bu əsərlərdə müəllifin vətəndaşlıq mövqeyi, doğma vətəninə, onun qurub-yaratmaq eşqi ilə yaşayan zəhmətkeş insanlarına məhəbbəti əks olunur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Teymur Bünyadovun "Göz yaşları" romanı 1991-ci ildə yüksək tirajla geniş oxucu auditoriyasına təqdim edilib. Müəllifin çoxsaylı hekayələri, povestləri, "Xan çinar kölgəsində", "Anam birdi, vətən tək", "Başı çalmalı dağlar", "Ana laylası beşik nəğməsidir..." adlı dördcildlik bayatılar kitabı oxucuların böyük rəğbətini qazanıb. Bu kitablarda xalqımızın zorla cəlb olunduğu ədalətsiz müharibənin dəhşətləri, onun qırılmaz iradəsi, mübarizə əzmi, qəhrəmanlığı, vətənpərvərliyi, eləcə də zəngin adət-ənənələri tərənnüm olunur. Onu da deyim ki, Teymur müəllimin həm elmi, həm də bədii əsərlərinin dili bir örnəkdir.

Teymur Bünyadov elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də səmərəli fəaliyyət göstərib. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində "Azərbaycan tarixi", "Qədim dünya tarixi" və "Arxeologiya" fənlərindən dərs deyib.

Alimin Azərbaycan etnoqrafiya elminin və mənəvi dəyərlərimizin təbliğində, geniş yayılmasında radio və televiziyada təşkil etdiyi verilişlər xüsusilə təqdirəlayiqdir. O, iki ildən artıq bir müddət ərzində Azərbaycan Dövlət Televiziyasında böyük maraqla izlənən "Əsrlərdən gələn səslər" adlı verilişin ssenari müəllifi və aparıcısı olub. "Kölgələr sürünür" bədii filminin ekran həyatı qazanmasında elmi məsləhətçi kimi akademik Teymur Bünyadovun xidməti böyükdür.

Dağlıq Qarabağda baş verən hadisələr dövründə görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən "Qız var oğuldan qeyrətli", "Cavanşir", "Atropat", "Babək", "Şəmsəddin Eldəniz" və s. kimi elmi-populyar kitabçalar nəşr etdirib, məqalələr yazıb, radio və televiziyada çıxışlar edib. O, Azərbaycanın bir sıra bölgələrində əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə görüşüb, əhali arasında təbliğat və ideoloji informasiya işini davam etdirib. Alim müxtəlif illərdə Goranboy, Ağstafa, Qazax, Bərdə, Ağdam rayonlarında düşmənlə üzbəüz mövqelərdə olub.

Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, həmin müddətdə Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olub, eyni zamanda, Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi fəaliyyət göstərib.

Akademik Teymur Bünyadov ümumilli liderimiz Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin prezident seçkilərində vəkili olub, Qarabağ, Gəncəbasar, Qazax-Ağstafa, Lənkəran və Şirvan bölgələrində geniş təbliğat işi aparıb. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Teymur Bünyadov uzun illər AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının üzvü, respublika Ziyalılar cəmiyyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisi yanında Topinimika komissiyasının sədr müavini olub.

Akademik Teymur Bünyadov  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Elmi-Dini Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi Şurasının sədri və respublika elmi tədqiqatların əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, "AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)", "Tarix və onun problemləri", "İpək yolu", "Təkamül", "Müasir mədəniyyətşünaslıq", "Qarapapaqlar" və başqa jurnalların redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

Akademikin səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub, 2008-ci ildə Əməkdar elm xadimi, AMEA-nın tarix üzrə Bakıxanov adına mükafatın ilk laureatı olub.

Akademik Teymur Bünyadov həyatının 65 ildən çoxunun mənasını xalqa xidmətdə görən, millətin mənafeyini, Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. Olduqca təmənnasız, ədalətli insandır, onda ağsaqqallıq, müdriklik, yüksək ziyalılıq keyfiyyəti qabarıqdır. Azərbaycan etnoqrafiya elminin banilərindən biri Teymur Bünyadov tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşlü, nümunəvi ağsaqqallığı ilə ad-san qazanmış, insanlara örnək olan milli sərvətimiz, nurlu şəxsiyyətimizdir.

Bu nəcib insanın yeri ziyalılar, alimlər arasında elə ucadır ki, hansı tərəfdən baxsan, onun nəcabəti, elminin nuru diqqətini çəkəcək.

Teymur müəllim təmtəraqsız və iddiasız yaşamağı bacaran, könlü-gözü tox, fikri-zikri yaradıcılıqda olan, yazıb-yaratmaq ehtirası ilə yaşayan nümunəvi ziyalıdır.

Akademik Teymur Bünyadov bu gün ömrünün kamillik zirvəsindədir. Dünya uzunömürlüləri sırasında vüqarla addımlayır. Bu böyük alim və müdrik ağsaqqalı 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, bundan sonra da ömür payını gümrah və mənalı yaşamasını arzulayıram.

 

Qəzənfər PAŞAYEV

Professor

 

525-ci qəzet.- 2018.- 16 yanvar.- S.4.