"Mən elə maestroyam ki..."
Rəsul Rzanın
"Rəng"lər melodiyasında sözlərin gəngi
və rənglərin musiqsi barədə düşüncələr
ÖN SÖZDƏN
BİR NEÇƏ YARPAQ...
“Sənə əl çatmaz,
ün yetməz, şəkərim!
Keçdiyin dünyadan
həsrətin getməz,
getməz, şəkərim”.
Nazim Hikmət.
... Gözlərimin "görüm
günyası rənglərə, melodiyalara"
bükülüb.
Özüm də sözlərə,
duyumlara bükülmüşəm.
Bu sözlər, bu duyumlar
"bükünüsü"nü açmaq
üçün mən "həyəcanımın
alovunda gilə-gilə əriyib"
"ilhamı bir dost kimi imdadıma çağıraraq"
"bahar kimi vəcdə gəlmişəm".
Qarşımda bütün məsuliyyəti
ilə çox ağır bir vəzifə - qüvvəm
daxilində rənglərin obrazını yaratmaq vəzifəsi
dayanıb.
"Fikirlər kəlmə-kəlmə
qaranquş kimi qonur" vərəqlərə...
..."Bir gün ömrü mənim
bir ilimə bərabər" sayılan, "Azərbaycan
poetik dilinin inqilabi yeniləşdiricisi" olan şair
haqqında söz demək, onun "Rənglər" -
tufanlar "cövlangahı"ndakı "lapar-lapar" rənglərlə
mənəvi dünya arasında assosiativ əlaqələr
düzümü yaratmaq, vəzni ağır, dəyəri
böyük sətirlərin "insanlığın hisslər
aləminə" işıq
tutan çırağını yandırmaq istəyirəm.
Həm də ülviyyəti,
gücü Günəş şəfəqləri altına
düşmüş almaz kimi parlayan həssas, təmiz, hərarətli,
tutumlu şair qəlbinin çırağını.
Bu qəlbin aləminə vaqif olanlar
görərlər ki, şairin poeziyası yeni,
çoxçalarlı, "musiqi dili ilə desək, polifonik
poeziyadır".
Bu poeziyada nə qədər parlaq
emosionallıq, şeirin ecazkar musiqisi, lirik hisslərin həzinliyi
və sonsuz məhəbbət
var.
Və mən də "Rənglər"
silsiləsində fikirlərin fəlsəfi dərinliyini, ifadələrin
dəqiqliyini, ritmin oynaqlığını
könlümün gözü ilə görüb vaqif oldum və
şairi həyatımızın "bugünlüyü"
ilə "yanaşılaşdır"mağa cəhd
göstərdim...
"UVERTÜRA"
"Rənglərin də musiqi kimi
ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə
açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin".
...Azərbaycanın çox "bəyənim"li
oğlu, Sosialist Əməyi Qəhrəmanı, Dövlət
mükafatı laureatı, Xalq şairi Rəsul Rzanın
adı gələndə qəlbimə onun siqlətli qələmindən
xəbər verən poetik nümunələr
sıralamında deyimin tutumundan, təravətindən,
sözün, fikirin yeniliyindən, formanın, məzmunun
orijinallığından yaranan,
düşündürücü, həyəcanlandırıcı
şeirlərin uzun, gödək sətirlərinə dönən
misralarından ürək tellərini titrədən valehedici
musiqinin və rənglər melodiyasının müxtəlif
- "qaynar, soyuq, coşqun, həzin, parlaq, sönük və
sairə və sairə çalarları, çeşidləri,
major və minor notları axır".
Bu axınışda
duyğularımda baş qaldıran "özümlü"
"arzuların, ümidlərin, sevincin, kövrəlmənin,
sərtliyin, riqqətin, nifrətin, məhəbbətin,
ülfətin" təsiri altında söz sərrafının
könül gülüstanına düşür, qiymətli
incilərdən cilalanan və şeirin sehrkar dili ilə ifadə
edilən yaşantıların əsiri oluram.
Verlibrin - sərbəst şeirin
çox orijinal formasında yazılan, bitkin, monumental rəng
duyumu və rəng görümünün poetik zirvəsi olan
və adı məzmunu ilə əlaqələndirilən
"Rənglər" silsiləsini və bu şeirlər
haqqında Nazim Hikmətin dediklərini xatırlayıram:
"Rəsul Rza nə isə təzə
bir şey yaradıb. Bu poeziyada tamamilə özünəməxsus
yeni bir yoldur. "Rənglər"də Rəsul Rza
özü özünü ötüb keçib".
Təkcə "Rənglər"də
yox, şairin bütün yaradıcılığında, onun
"özü özünü ötüb keçən"
bütün misralarındakı poetik ifadə vasitələrində,
dil boyalarında, şeirlərinin ritmik naxışlarında
oxucunun idrak dairəsini genişləndirən, mənəvi aləmini
işıqlandırıb zənginləşdirən,
yaşamağa, yaratmağa, duymağa, sevməyə qüvvət
verən "baxım yönləri" var.
Həmin "baxım yönləri"ndə
poetik düzümlərin ifadə etdiyi hisslərin,
duyğuların və
"çırpınışlar"ın insanın
iç dünyasında doğurduğu müxtəlif ehtisasat
elə bir ilham təravətidir ki, bu təravət Rəsul
Rza şeirlərinin əlvan və ətirli çiçəklərindən
gələn rayihələrdən yaranıb. Bu şeirlərin
musiqisi məhz Rəsul Rza şeirlərinin füsunkar
çeşməsinin səsidir.
Mənim təsəvvürümdə
Rəsul Rzanın ecazkar qəlbinin möcüzəli qüdrəti ilə yaranmış əzəmətli
poeziyası insanı heyran edən əsrarəngiz göy
qurşağının palitrasına bənzəyir. Elə
bir qövsi-qüzeh yaraşıqlı palitraya ki, onun tükənməz,
bənzərsiz rənglərində, bu rənglərin də ən
zərif və mehriban çalarlarında haqq, ədalət, həqiqət,
yüksək humanizm şəfəqləri bərq vurur.
İnsana həyatın munis hərarətini,
gözəl sadəliyini, dərin səmimiyyətini
aşılayan həmin palitrada görə və eşidə
biləcəyimiz nəhayətsiz zənginliyin, ahəngin, səsin,
ünün, pıçıltının və
duyğuların ləngər təlatümü, mübarizə
fırtınası, "insanı təsir qüvvəsinin məngənəsinə
alıb uzun müddət əsir edən" xoş, cazibədar rayihə, məstedici qoxu var.
Xəyallarım isti qəlbi arzularla,
açıq ala gözləri Günəşlə, sinəsi
bu günün və sabahın sözüylə dolu, "kimsənin
çala bilmədiyi telləri dindirən maestro"nun "Rənglər"
kahkəşanına daxil olan, "rəsmdən fəlsəfəyə
doğru hərəkətdə birləşən" poetik və
dialektik bir cığır kimi səciyyələnən
şeirlərinin rəng çalarlarına bənzəyir:
ağ, şirmayı, boz, gümüşü, püstəyi,
mavi, xurmayı, tünd qəhvəyi, narıncı, kürən,
qızılı, sarı, bənövşəyi,
badımcanı, sürməyi, çəhrayı, firuzəyi,
innabı, sumağı, qara, al qırmızı...
Elə bil işıqların şərqisidir
bu rənglər!
Həqiqətən də Rəsul Rza
"gözəl kosmik fenomenimizin - Yer kürəsinin əlvan
boyalarının bütöv bir şairanə rənglər
palitrasının nəğməkarı"dır.
Azərbaycan şeir
qalaktikasının iri, parlaq ulduzlarından biri olan şairin
sözləri düşüncələrimə işıq
tutur:
"Söz o zaman poetik məna,
qüvvət, təsir gücü qazanır ki, bir qəlbin,
bir könülün kədər və sevincini, ümid və
inamını, həvəs və göynəyini min-min insan qəlbinə
yetirə bilsin, insanı düşündürsün, onun həyata
bağlılığını artırsın, insanda daha
artıq insanlıq oyatsın".
İnsanı fikirləndirən, hərarətləndirən
və bilgi məcmusunu zənginləndirən bu şeir-rənglərin
"musiqi kimi ahəngi, uvertürası" melodiyaların
"özümlü" səsi ilə şüurumda "əlvan
səhifələr açıb" canlandırır desəm,
düz olar.
Virtuoz ifalar nəinki bu şeir-rəngləri
mənalandırır, rövnəqləndirir, həm də
misralardakı gizli və qeyri-adi cizgiləri - "arzuları,
həsrəti, dərdləri" üzə
çıxarır, psixoloji məqamları, dərin hissləri
qabardır.
Düşünürəm ki, melodiyaların
da rəssam fırçasına bənzəri var: birində
müxtəlif musiqi çalarları, digərində isə rənglərin
çeşid əlvanlığı. Hər ikisi insan əlləri
ilə nəfəs alır, insan əlləri ilə
danışır, sənətin xariqüladə qüvvəsini
insan əlləri ilə göstərir. Rənglərdə - musiqi, melodiyalarda - rəng.
Yazılarımın birində - təkrar
da olsa - belə bir fikir vurğulamışam ki, yəqin rəssamlıq
sənəti haqqında gedən söhbətlərdə,
mübahisələrdə, habelə sərgi salonlarında
tez-tez işlənən bu cür ifadələr eşitmisiniz:
"oxuyan rənglər", "sakit rənglər",
"qışqıran rənglər", "isti rənglər".
Bu deyilənlər hər şeydən əvvəl, təsviri
sənətlə musiqi sənətinin bir-birinə nə qədər
yaxın və doğma olduğunu göstərmirmi?
Sakit və isti rənglər
tamaşaçının gözlərini oxşamaqla
yanaşı, qulaqlarında da həzin və ahəngdar
melodiyalar kimi səslənir. Belə rənglər kövrək
musiqi parçası kimi əsəbləri sakitləşdirir,
insanları harasa uzaqlara, doğma və əziz xatirələrin
qoynuna aparır. Musiqinin səsi də, çalğısı
da belədir. Onun melodiya fırçası rəngləri
bütün çalarları, bütün ahəngdarlığı
ilə "səsləndirir".
"Rənglər"dəki
şerlərin fikir naxışlarında, ahəngdar
misralarında, mövzu diapazonunun genişliyində, poetik
dünyagörüşünün zərgər incəliyində,
deyimində duyumönü xəyalımla
könül-könül gəzirəm "insanda daha artıq
bir insan" oyadan neçə-neçə gözəl musiqi
aləmini, oktava içində nəfəs alıb rayihələnən
nəğmələr, melodiyalar
gülxanəsini...
Rəsul Rzanın sözü
olmasın, mən peşəkar musiqi nəzəriyyəsi
mütəxəssisi deyiləm. Söylədiklərimdə
yalnız zövq, "bəyənim" mühüm rol oynaya
bilər. Duyumlarım "özümlü"dür, fərdidir.
Bunlar mənim hisslərimdir. Bir başqası bəlkə də
eyni sözü, eyni ifanı, eyni çalğını
başqa mətləblərə yoza bilər. Çox
mümkündür ki, bu "dinləyiş"dən sizdə
də eyni təsir oyanmasın, olar bilər. Musiqinin
ehtiraslı vurğunçusu kimi mən ancaq öz təəssüratımı
deyirəm.
Mən sözlərin rənglərini,
rənglərin isə qəlbimdə yaratdığı yeni
assosiativ əlaqələr düzümünün,
insanlığın hisslər aləminin melodiyalar vasitəsilə
iç dünyamda oyatdığı duyumları, qəlbimdə
hərəkətə gətirdiyi həyəcanları ifadə
edirəm.
Ona görə ki, muğamatın, bir
musiqi poeması kimi inkişafında əsas melodik xəttin -
"enişi, qalxışı, haçalanması, birləşməsi,
rəngləri, diringiləri olduğu kimi", Rəsul Rza
şerinin də müxtəlif çalarları, həzinliyi,
major və minor notları var...
"AĞ RƏNG"
"İnsan səadətinə səbəb
olan
hər şey...
Bir də
insan ülfəti".
..."Rast" ailəsinə mənsub
olub öz üsyankarlığı ilə fərqlənən,
olduqca gümrah, coşqun və təntənəli səciyyə daşıyan "Orta Mahur" dəstgahı...
Tarın orta registrində ifa
olunduğuna görə xalq musiqiçiləri ona "Orta
Mahur" adı veriblər.
Bu muğam ifaçıdan uzun nəfəs,
uğultulu, gurlayıcı zəngulə, boğazda qaynatmalar
və yüksək vokal texnika tələb etdiyinə görə
hər xanəndə onu oxumağa girişmir.
Muğam tariximizə "Orta
Mahur"un ən məharətli ifaçısı kimi xanəndə
Cabbar Qaryağdıoğlunun adı düşüb.
Çalğı musiqimizin tarixində
isə bu muğamın ən mahir ifaçısı Xalq
artisti, tarzən Hacı Məmmədov olub.
Muğamdakı çətin və
mürəkkəb gəzişmələr, melodik ifadələrin
müxtəlif variantları Hacının
çalğısında çox səlis, aydın və təntənə
ilə səslənir.
Tarzənin zəngin istedadı və
özünəməxsus ifaçılıq manerası,
ehtiraslı improvizasiya qabiliyyəti, tarın bütün
açıq simlərindən istifadə etməklə
muğamı dolğun, əzəmətli, coşqun və mənalı
səsləndirməsi musiqisevərləri zaman-zaman heyran
qoyub.
Təsadüfi deyil ki, ana musiqimizin
peyğəmbəri Üzeyir Hacıbəyli Hacı Məmmədovun
çalğısındakı texniki ustalıqla bədii
ifaçılıq elementlərinin çox yüksək vəhdətini
və cazibədarlığını görüb ümumittifaq
baxış müsabiqəsində "Orta Mahur"
çalmağı məhz ona həvalə edib.
Mahir
tarzən muğamdakı hissləri bütün qəlbi ilə
yaşayıb, dəstgahın daxili, gizli, dəruni fikir
axarına həssaslıqla yol tapıb.
Onun güclü bilənglə,
sanballı mizrablarla çalğıda işlətdiyi
üsullar, ştrixlər bədii və təsirli boyalarla
muğama qüdrət və qüvvət verib.
"Orta Mahur"un "Şikəsteyi-fars"
şöbəsində Hacı Məmmədov daha dolğun və
tərs mizrablarla vurduğu son dərəcə emosional və
misilsiz barmaqlarla tarzənlik sənətini ən yüksək
zirvəyə qaldırıb.
Və tarzənlər arasında
"Orta Mahur"u onun kimi çalan olmayıb!
Bu nadir, təkrarolunmaz tarzənin bir
sənətkar kimi böyüklüyü onda olub ki, o
barmaqlarını hər dəfə tarın pərdələrində
gəzişdirdikcə adamların ürəyini nikbin,
coşqun hisslərlə döyündürüb,
arzularını coşdurub.
Unudulmaz maestro Niyazi Hacı Məmmədovu xatırlayarkən həmişə deyib ki, "mən onun çalğısından doymuram. O, Azərbaycan muğamının iftixarı, şöhrəti və zinətidir".
Sözsüz ki, bu, belədir!
(Ardı var)
Rafiq Hacıyev
525-ci qəzet.-
2018.- 16 yanvar.- S.6.