Mustafa Çəmənli yeni
kitabını imzalayıb
Bugünlərdə "XAN" nəşriyyatının "Xatirə
ədəbiyyatı" seriyasından
növbəti kitab çıxıb.
Yazıçı, publisist
və naşir Mustafa Çəmənlinin xatirələrindən
ibarət "Ürəyimdən
kimlər keçdi"
"XAN xatirə ədəbiyyatı"
silsiləsinin sayca
37-ci kitabıdır.
Kitabın təqdimatı və imza günü yanvarın 13-də "Kitabevim.az" mağazasında keçirilib. Tədbirdə tanınmış mədəniyyət
və ədəbiyyat
xadimləri, yazarlar, oxucular və media nümayəndələri iştirak
ediblər.
Kitabın naşiri yazıçı
Müşfiq Xan çıxış edərək
Mustafa Çəmənlinin həyat və yaradıcılığından söz açıb, onun müasir Azərbaycan ədəbiyyatında
öz dəsti-xətti
ilə seçilən
yazıçılardan olduğunu
vurğulayıb. Bildirib ki, indiyədək 30-dan çox kitabın müəllifi olan Mustafa Çəmənlinin bu kitabında "Nəşriyyatlarda
keçən ömrüm"
və "Ürəyimdən
kimlər keçdi"
adlı sərlövhələr
altında yazıçının
nəşriyyatda işlədiyi
vaxtlarda müxtəlif
sənət adamları
ilə görüşləri
təsvir olunub, onlar haqda maraqlı
xatirələri toplanıb.
Naşir
qeyd edib ki, oxucular üçün
son dərəcə maraqlı
xatirələrin yer aldığı bu kitab həm də onların müəllifin şəxsiyyəti
və aid olduğu ədəbi mühit haqqında geniş təsəvvürlər qazanmaqlarına
yardımçı olacaq.
Şair Ramiz Məmmədzadə yazıçı ilə tanışlığından söz
açıb, onun zəngin yaradıcılığının
hər zaman layiq olduğu dəyəri gördüyünü
qeyd edib. Şair Mustafa Çəmənlinin əsərlərində
adi həyat motivlərini, gündəlik
qarşılaşdığımız hadisələri fərqli və maraqlı üslubda qələmə
aldığını, bu
adiliklər içərisində
oxucunu təəccübləndirməyi
bacardığını deyib.
O qeyd edib ki, buna yazıçının
yüksək müşahidə
qabiliyyəti, zəngin
dünyagörüşü, qələm təcrübəsi,
həyatı dərk etmək bacarığı,
cilalanmış istedadı,
müdrikliyi imkan verib.
Yazıçı və dramaturq Əli Əmirli, tərcüməçi İlqar
Əlfi və başqaları çıxış
edərək müəllifin
yeni işıq üzü görmüş
kitabı haqqında düşüncələrini bölüşüb,
ədəbi mühitdəki
fəaliyyətindən, zəhmətsevərliyindən
danışıblar.
Sonda çıxış edən
müəllif kitabın
çapında əməyi
olan hər kəsə, çıxışçılara
və tədbir iştirakçılarına öz
təşəkkürün bildirib, qonaqlar üçün kitablarını
imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2017.- 16 yanvar.- S.8.