Oğurlanmış zeytunlar
Əhvalat
Dostum Ziyanı heç bu qədər
pərişan görməmişdim. Dinib-danışmırdı,
deyib-gülmürdü.
Evdə-ailədə ciddi bir
problemin baş verdiyini zənn edərək narahatlıqla
sorduğum sualları könülsüz,
qırıq-qırıq cavablandırırdı. Kim xatirinə
dəymişdi, kimdən incimişdi, bilmirdim. Ziya
deyib-gülən, şən, zarafatsevən olsa da, ümumiyyətlə,
ciddi, həm də həssas insan idi, bir az
da dəymə-düşərliyi vardı. Bu səbəbdən
üstünə çox da getmirdim, "lazım bilsə,
özü anladar" - deyə düşünürdüm.
Amma məsələ başqa cür imiş...
Onu çoxdan, elə bu idarəyə
işə gələndən tanıyırdım. Məndən
xeyli əvvəl burada, məxfi şöbədə işləyirdi.
İxtisasca mühəndis olsa da, şöbənin
işini mükəmməl bilirdi. Dürüst,
həm də çox ehtiyatlı idi. Dəqiq
və güvənli olduğu üçün rəhbərlik
bu boyda idarənin möhürünü ona həvalə
etmişdi. Bəzi iş yoldaşları onu zarafatla
"çekist" çağırırdı. Başqaları ilə ünsiyyətə o qədər
meyl göstərməsə də, aramızda ilk günlərdən
xoş münasibət yaranmışdı. Ziya məndən dörd-beş
yaş böyük idi, amma söz-söhbətimiz tuturdu deyə,
tezliklə dostlaşmışdıq. Şöbələrimiz
qonşu olduğundan
demək olar ki, hər gün görüşüb
ordan-burdan söhbət edirdik, mövzu da əksərən
bağ-bağça, ağaclar haqqında olardı. Nə isə, gəlirəm mətləb
üstünə. Üç-dörd gün beləcə
davam etdi və nəhayət, bir gün nahardan sonra Ziya mənə
yaxınlaşıb:
- Bilirsən, nə olub? - dedi. Mən
də maraq və bir qədər təşvişlə:
- Yoox, sən bir şey söyləmədin
ki - dedim.
O isə sakitcə: -
Zeytunlarımı oğurlayıblar, - deyərək, mənim
necə reaksiya verəcəyimi gözləyirmiş kimi üzümə
baxdı.
- Nə zeytun?! Zeytun nədi?
- təəccüblə soruşdum.
- Zeytun də, bağımdakı
zeytunları deyirəm.
- Elə bu?! - deyə
az qaldı bağırım.
- Bu azdı bəyəm, gərək
evimi oğurlayardılar?
- Mən də deyirəm, görəsən,
ciddi nə baş verib ki, sən belə depressiyaya
düşmüsən. Zeytundur da,
oğurlanıb, canın sağ olsun. Gedək,
mənim bağımdan yığ, nə qədər istəyirsən.
- Yox ee, ona görə demirəm.
Özün bilirsən ki, bizim bağda neçə ildir ki,
zeytun əmələ gəlmir, şitilləri əkirəm, quruyurlar. Nəhayət,
bir ağacda bu il ilk bar əmələ gəlmişdi,
saymışdım, düz 99 dənə idi...
Ziya danışdıqca sifətindəki
ifadələrdən onun bu olaydan necə məyus olduğu
aydın görünürdü. Əl-qol hərəkətləri
və gözlərindəki ümidsizlik, illər uzunu çəkilən
zəhmətin hədər getdiyini acı təəssüflə
anlayan insanın keçirdiyi hissləri
xatırladırdı. Təbii ki, bu xəbər mənim
üçün də xoş olmadı, amma Ziya çox təsirlənməsin,
ona təsəlli olsun deyə, özümü bir az tox tutdum.
- Ziya, qardaşım, daha kefini pozma,
olan oldu, keçən keçdi. O zeytunlar geri qayıdası
deyil, sən də daha üzülmə. Ciddi
sözümdür, bizim bağda kifayət qədər zeytun
var, ikimizə də çatar.
- Qardaşım, sən məni
düzgün başa düş. Mən o
zeytunlar üçün üzülmürəm, onların
maliyyəti nədir ki, onlar üçün
üzülüm. 99 ədəd zeytun bir
kilo olar, ya olmaz, bu da eləsin, uzağı, bir manat. Məni üzən insanların bir-birinə bu qədər
laqeyd, acımasız olmasıdır.
- Yaxşı, elə isə unut bu
olanları. Məsələnin mahiyyətinə
varsaq, çox dərinlərə gedib çıxarıq.
- Məmnuniyyətlə unudardım,
amma zəmanət verirsənmi ki, sabah bu sənin,
o birisinin başına gəlməyəcək?
- Elədir, sanki oğurluq, qaphaqap
yarışına çıxıblar. Vətən,
millət, insaf, vicdan keçib arxa plana. Din, iman da ki,
onsuz da yoxdur. Nəticədə hər yanda biganəlik,
acımasızlıq baş alıb gedir.
- Mən də elə onu deyirəm.
Oğurlayan anlamır ki, onun oğurladıqlarında
insanların alın təri, haqqı doğru-düzgün
ödənilməyən əməyi, ehtiyacının nə
vaxtsa bitəcəyinə ümidi var; başa düşmək
istəmir ki, bəlkə kimsə illərlə
maaşından qəpik-qəpik ayıraraq, oğlunun və
ya qızının xeyir işi üçün, bəlkə
də özünün və yaxınının müalicəsi,
yaxud dəfni üçün yığıbmış;
oğurlayanlar düşünmürlər ki, bəlkə, bu,
o adamın götürdüyü kreditin faizini ödəmək
və ya ailəsinə bayram bazarlığı etmək
üçün saxladığı sonuncu pullarıdır. Bəlkə...
Ziya yaman əsəbiləşmişdi,
getdikcə də qızışırdı.
- Ziya, dayan,
qardaşım, səni yaxşı başa düşürəm.
Bilirəm ki, bağda, özü də
Abşeron kimi yerdə ağac əkib onu böyütmək nə
deməkdir. Bar gətirən ağacın
hər meyvəsində ilboyu çəkilən ağır zəhmətin
zərrələri var. O zəhməti çəkməyən,
o əziyyətlərə qatlaşmayan bunu anlamaz, duymaz və
meyvələrinin də qədir-qiymətini bilməz, - deyərək
onu sakitləşdirmək istədim.
Ziyagilin bağı
Şüvəlanda, dənizə yaxın bir yerdə idi. İçində atadanqalma
iki otaq, bir aynabənddən ibarət köhnə ev vardı,
onun da
yarısı bacısıgilin idi. Bağın sahəsi
xeyli böyük olsa da, ağac adına ətrafları
cəngəlliyə dönmüş 4-5 qoca əncir
ağacı, 7-8 nar kolu və yerə sərilmiş 30-40 ədəd
meynə vardı. Bunların hamısını
vaxtılə atası əkmişdi. Özünün
evə yaxın ərazidə əkdiyi tut, gilənar,
gavalı, küknar və zeytun ağaları isə hələ
cavan idilər. Torpaq o qədər də
münbit deyil, demək olar ki, qumdan ibarətdir. O səbəbdən
Abşerona xas olmayan digər ağacların burada
böyüyüb bar verməsi müşkül məsələdir.
Əlbəttə, yaxşı baxan olsa, bu yerdə
də hər növ ağac yetişdirib bar götürmək
olar. Ancaq Ziyanın buna nə vaxtı
vardı, nə də bağban tutmağa imkanı. Bağda hər işi - ağacları sulamaq, budamaq,
alaqlardan təmizləmək... hamısını özü
görürdü. Bu zəhmətin
müqabilində məhsulun oğurlanması ona yaman yer eləmişdi.
Mən də bağımda ağaclara
özüm qulluq edirəm deyə, onu yaxşı
anlayırdım.
Son günlər o, zeytunlardan
həvəslə danışırdı. Adəti
üzrə həftədə bir dəfə, bazar günləri
bağa gedir və həyətə girən kimi əvvəl
zeytun ağacına baş çəkir, zeytunları fərəhlə
süzür və yetişməyini səbirsizliklə gözləyirdi.
Fikrində, bir azdan ilk barı dərib
yığacağını, duzlayıb asacağını və
bir-iki aya acı suyu çıxandan sonra, onları ləzzətlə
yeyəcəyini xəyal edirdi.
- Ziya, daha fikir eləmə,
inşallah, gələn il bir az tədbirli
tərpənərsən, başqalarına imkan verməyib məhsulu
bəri başdan özün yığarsan, - deyib mövzuya
yekun vurmaq istədim ki, bəlkə sakitləşib əhvalatı
unuda.
- Qardaşım, sən özün
bilirsən ki,
Bakı-Abşeron ərazisində qara zeytun tapmaq
çətin məsələdir, camaat artıq oktyabr
ayından yaşıl zeytunları yığmağa
başlayır, heç yetişməyə qoymurlar. Mən də qara
zeytunu çox xoşlayıram, istəyirdim ki, dekabra qədər
gözləyim, yaxşı qaralsınlar, yağlansınlar,
sonra yığım. İmkan vermədilər vələduznalar
- deyib köksünü ötürdü.
Onun bu ümidsizliyini görəndə
bayaqdan ağlımda dolaşan bir fikri təskinlik olar deyə,
ona bildirmək istədim. Əvvəlcə: - Yaxşı,
deyirsən zeytunları saymışdın, 99 ədəd idi,
eləmi?
- Hə, bir-bir saymışdım,
düz 99 dənə, - dedi.
- 99... Maraqlı rəqəmdir.
- Necə yəni, nə mənada? - deyə o, təəccüblə soruşdu.
Ziya rus dilində təhsil
almışdı, amma Azərbaycan dilini bu dildə təhsil
almışların çoxundan yaxşı bilirdi və
harada bir başa düşmədiyi söz oxusaydı və ya
eşitsəydi, tez onun mənasını öyrənib
ayrıca dəftərçəsinə qeyd edərdi. Materialist
dünyagörüşü vardı, ateist idi, amma inanclı
olmasa da, dini fikirlərə bəziləri kimi
çılğınlıqla etiraz etmirdi. Bir anlığa ona 99 rəqəminin mənasını
necə anlada biləcəyimi düşündüm.
- Ziya, sən bilirsən ki, mən
Qurani-Kərimi və dinə aid bir neşə kitabı
oxumuşam və dindar olmasam da, din haqqında azacıq məlumatlıyam.
- Hə, bilirəm - dedi - nə olsun
ki? Bunun söhbətimizə nə dəxli var?
- Bax, 99 rəqəmi islam
dinində müqəddəs rəqəm sayılır. Qurani-Kərimdə Uca Allahın adının
bir-birindən fərqli 99 gözəl xüsusiyyəti qeyd
olunur. Məsələn, rəhimli, səxavətli,
bağışlayan, qüdrətli... Allah! Üstəlik,
Qurani-Kərimdə zeytun haqqında bir neçə ayə də
var və orada zeytuna and da içilir.
- Yaxşı, başa
düşdüm, amma bu adların mənim 99 zeytunumla nə əlaqəsi
var?
- Onu mən deyə bilmərəm,
birbaşa əlaqəsi var, ya yox, hər halda, zahiri əlaqə
göz qabağındadır. Amma Allah hər
şeyi görən, bilən olduğu üçün
ümidvaram ki, sənin zeytun ağacı üçün
çəkdiyin zəhməti və onu oğurlayanın
yaramaz işini vaxtı çatanda layiqincə "qiymətləndirəcək".
Və mənə belə gəlir ki, sənin ateistliyinə
baxmayaraq, Allahın düz bəndəsi olduğuna görə,
o, səni tezliklə bu pərişanlıqdan qurtaracaq və zəhmət
və sıxıntıların əvəzində gələn
il sənə beş qat artıq məhsul götürməyə
imkan verəcək.
O da gülə-gülə:
- Sən də deyəsən
keçdin mollalığa - deyərək, dönüb getdi
otağına.
Aradan 2-3 aya yaxın bir
müddət keçdi və biz bir daha həmin mövzuya
qayıtmadıq. Doğrusu, o özü bu haqda
danışmırdı, mən də heç nə
soruşmurdum.
Yeni ilin istirahət günləri
qurtarmış, hamı yenidən işə
qayıtmışdı. Ziya səhər məni dəhlizdə görüb: - Gəl,
keçək içəri, sənə bir sözüm var -
deyərək, mənim otağa keçməyimi xahiş etdi.
Otağa girə-girə ürəyimdə: "Görəsən,
indi nə olub?" - dedim. O, sanki kimsənin eşidəcəyindən
ehtiyat edirmiş kimi asta səslə:
- Qardaşım, eşit, gör nə
baş verib - deyərək söhbətə başladı.
-Bayramın sonuncu günü getdim bağa baş çəkməyə.
Doğrusu, o hadisədən sonra zeytun
ağacı tərəfə heç baxmırdım da, sanki
ondan küsmüşdüm. Amma bu səfər hansı
hiss məni o tərəfə yönəltdi, bilmirəm. Sövq-təbii ağaca yaxınlaşdım. Gördüm, nə?! Ağacın dibində
bir üç kiloluq şüşə balon, içi də
dolu turşuya qoyulmuş zeytun...
Ona qəribə gəlsə də, mən
Ziyanın bu dediklərini sakit qarşıladım, sanki
cavabım hazır idi:
- Bax, görürsən, sənə
dedim, axı, Allah əvəzini artıqlaması ilə verəcək
- deyə onun sözünü kəsərək tələsik
dilləndim.
- Sən gerisinə qulaq as, elə bil
nağıldı. Balonu götürdüm və
baxdım ki, altına bir kağız qoyublar.
Açıb oxudum... Nə yazılsa
yaxşıdır?
- Nə yazılmışdı? - artıq məni də maraq, təəccüb
bürüyürdü.
- Əyri-üyrü xətlə
yazıblar ki, dayı, bizi bağışla, zeytun
turşularımızı bu il heç
sata bilmədik.
- Ay, səni, işə bir bax! - deyə əllərimi bir-birinə vuraraq, heyrət
qarışıq sevinclə səsləndim, sonra da ötən
söhbətimizi Ziyaya xatırlatmaq üçün:
- İndi gördünmü, - dedim, -
Allahın qüdrətini, ilahi ədalətini?! Ziya bir
anlıq dinmədi, fikrə getdi, yəqin ki, nə cavab verəcəyini
beynində götür-qoy edəndən sonra dilləndi:
- Nə deyim, ola
bilər... Amma bu, bir yana, onsuz da mən o
yazıqları bağışlamışdım. Əsas odur
ki, başqaları, daha böyük oğurluqlar edənlər
xətalarını başa düşüb, bu yoldan
dönsünlər, görək özlərini
bağışlada biləcəklərmi...
Dostum bunu deyib, dalğın
halda otaqdan çıxdı. Mən isə onun bu məntiqi
qarşısında nə deyəcəyimi bilmədən, bir
müddət düşüncələr, gümanlar əlində
qaldım.
Rəşid FƏTƏLİYEV
525-ci qəzet.-
2017.- 16 yanvar.- S.8.