"Mən elə maestroyam ki..."

 

 Esse

 

RƏSUL RZANIN "RƏNG"LƏR MELODİYASINDA SÖZLƏRİN RƏNGİ VƏ RƏNGLƏRİN MUSİQİSİ BARƏDƏ DÜŞÜNCƏLƏR

 

 (Əvvəli ötən sayımızda)

 

"AĞ RƏNGİN SEVİNC ÇALARLARI"

 

"Vətən torpağı.

Çiçəkli bahar budağı...

İnsan adına layiq

işlər, işlər, işlər".

 

... Dahi Üzeyir Hacıbəylinin sədaqətli şagirdi, onun başladığı işi böyük ehtiras və fədakarlıqla davam etdirən, ilham pərisi, hissiyyatı, zövqü, fikir və xəyalları zəngin xalq musiqisindən qanadlanan, sənətə tar ifaçısı kimi qədəm qoyan Fikrət Əmirov...

 

Xalq musiqisinin bütün komponentlərinə dərindən bələd olan, onu klassik və müasir sənətin ifadə vasitələri - ecazkar dili ilə orijinal surətdə əlaqələndirməyi bacaran ünlü, diqqətəlayiq  bəstəkar...

 

Müstəsna cazibədarlığa, zəngin daxili aləmə, saf mənəvi keyfiyyətlərə malik şəxsiyyət...

 

Milli musiqi mədəniyyəti xəzinəmizə bir romantik və filosof, nikbin ruhlu bir xəyalpərvər kimi öz bənzərsiz rənglərini gətirən parlaq istedad...

 

Simfonik musiqinin görkəmli, azman ustası...

 

Möhtəşəm, nikbin akkordların böyük sərrafı...

 

Yeni janrın - milli musiqi sənətinin klassik qanunauyğunluqlarını mürəkkəb simfonik formanın əsasları ilə vəhdət halında birləşdirən simfonik muğamın ilahi yaradıcısı...

 

Bəstəkarın Azərbaycan xalqının keçmişi və bu günü haqqında əzəmətli epik lövhələr olan dərin mündəricəli, mükəmməl formalı, dünya şöhrəti qazanmış məftunedici "Şur" və "Kürd ovşarı" ilk  simfonik muğamları...

 

Xalqın duyğu və istəklərinin ifadəçisi sayılan sənətkarın həyat haqqında dərin düşüncələrinin bəhrəsi olan "Gülüstan  Bayatı - Şiraz" simfonik muğamı...

 

Opera sənətinə Fikrət Əmirovun töhfəsi xüsusilə sanballıdır.

 

Onun baletləri gözəldir.

 

"Sevil" inqilabi-vətənpərvərlik operası, rəngarəng "Min bir gecə" baleti, "Nizami" baleti (bu əsər onun daha çox yaradıcılıq qüvvəsi və ilhamı sərf etdiyi son nəğməsi idi), "Nəsimi dastanı" vokal-xoreoqrafik poeması, "Ürəkçalanlar", "Gözün aydın" lirik-romantik musiqili komediyaları,  "Nizami" simfoniyası, "Azərbaycan" simfonik süitası, "Azərbaycan kapriççiosu", "Azərbaycan qravürləri" əsərləri onun ən yaxşı nalilyyətləridir.

 

Fikrət Əmirov incə melodiya ustasıdır. Melodiya onun yaradıcılığının məhəbbət dolu ürəyidir.

 

Ona görə də bu əsərlər tez yadda qalır, unudulmur.

 

Bəstəkar Azərbaycan musiqisinin inkişafına çox böyük təsir göstərərək öz yaradıcılıq üslubunu - "Əmirov üslubu"nu yaradıb.

 

Onun əsərləri dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.       

  

Bir sözlə, Fikrət Əmirovun yaradıcılığı coşqun, qarşısıalınmaz fantaziya və yüksək ustalıq, dərin psixologizm deməkdir...

 

Fikrət Əmirovun yaradıcılığı dramatik gərginliyin ilhamlı lirikası ilə uzlaşması deməkdir...

 

Fikrət Əmirovun yaradıcılığı parlaq obrazlılıq, əlvanlıq, emosionallıq, təkraredilməz məzmun və musiqi dilinin zənginliyi deməkdir...

 

Ona görə ki, bəstəkarın bənzərsiz musiqisi həyatın nəbzinin heyrətamiz döyüntüsüdür. Bu döyüntü - "melodiya onun yaradıcılığının canıdır".

                        

"AĞ RƏNGİN MƏHƏBBƏT ÇALARLARI"

 

"Ömrün mənası.

Qəlbin aynası...

Anlayan, duyan

İnsan".

 

... Tamamilə yeni traktovkada, lətafətlə, füsunkar bir gözəlliklə, şirin və təsirli çalınan "Şur" muğamı tarzənin qəlbinin hərarəti, ürəkdən gələn yüksək ifaçılıq əzmi, mütəmadi zövqü və duyğusu ilə hissləri ehtizaza gətirir.

 

Onun xallarında və gəzişmələrində olan şairanə boyalar, yerli-yerində işlətdiyi lal barmaq, sürüşdürmə barmaq, rəngarəng trel və mordentlər dinləyicini məftun edir.

 

Tarzən hər bir musiqi parçasını və ifadəsini gözlənilməz, həm də olduqca uyğun və təbii səslərlə, motivlərlə zənginləşdirir.   

 

O, tutarlı və rəngarəng mizrablar işlətməklə tarın sanballı, dolğun, ehtiraslı, coşqun səslənməsinə nail olur. 

Oxuyanı coşdura biləcək qüvvə çalğıda olduqca çox güclüdür. Tarzən xanəndənin səsindəki səciyyəvi cəhətlərə - xırdalıqlara, zəngulələrə, nəfəslərə və s. uyğun xallar və barmaqlar işlədir.

 

Çalğıdakı istənilən qədər xanəndə nəfəsi və xırdalıqları tarın xüsusiyyətinə gözəl uyğunlaşdırılması və təbii, orijinal səslənməsi ilə insan qəlbinin tellərini titrədir.

 

Üzeyir Hacıbəyli demişkən: "Şur" ladı adamda sağlam, şən və lirik bir əhval-ruhiyyə oyadır". 

     

Təsadüfi deyil ki, əməkdar artist, mahir tarzən Əhsən Dadaşovun böyük sənətinin ən səciyyəvi xüsusiyyətləri olan poetiklik və emosionallıq, bitkinlik və ifadəlilik, aydınlıq və sadəlik bu muğamın ifası zamanı çox parlaq şəkildə özünü göstərir.

 

Və bir anlıq sənə elə gəlir ki, o mizrabı vurğunluqla qızıl tellər üzərində gəzdirdikcə tardan süzülən muğamların, musiqilərin şəhdi-şirəsini içirsən - ana südü kimi təmiz, halal...

 

Beləcə sarı simlərin lisanı, mizrabın möcüzəsi, qəlbdə alovlu iz buraxan bu ölməz təranələr heyrətə salır insanları, heyrətə salır...

 

Adama elə gəlir ki, bu dəqiqə tar od tutub alışasıdı, yanıb-yanıb közərəsidi. Ancaq dinlədikcə görürsən ki, yox, alışan tar deyil, cızdağı çıxıb, sızıldaya-sızıldaya danışan böyük, canlı ÜRƏKdir!

Əhsən Dadaşov "Şur" çalır...

 

Dinləyicilər isə "nigarançılıq çölündən təsəlli yuvasına qayıtmış xəyal kimi lal-dinməz dayanıb" sənətkar qəlbindən qopub gələn ilahi səslərin əsrarlı hikmətinə heyran olur...

 

"ŞİRMAYI"

 

"Afrikanın dərdi...

Qaraların taleyi".                                                                                     

                      

...Müstəmləkə xalqlarının milli istiqlaliyyət yolunda və azadlıq uğrunda apardığı mübarizənin qüdrətli bədii həqiqətini özündə əks etdirən Qara Qarayevin "İldırımlı yollarla" baleti...

 

Cənubi Afrikanın irqi dözümsüzlük bürüküsündə yaşayan zənci oğlu Lenninin və irqdən olan Sarinin musiqi dilinə çevrilən faciəsi.

 

Böyük bəstəkarın şah əsərində duyulan yeni rənglər, yeni çalarlar.

 

Zamanın ictimai-siyasi uyğunsuzluqlarını xoreoqrafiyanın ecazkar, parlaq lövhələrində əks etdirməyin klassik, həm də istibdad və zülm əleyhinə yönələn qüdrətli sənətin bariz nümunəsi.

 

Şübhəsiz ki, baletdəki məğrurluğun, döyüşkənliyin və üsyankarlığın əsasını hər şeydən öncə bəstəkarın subyektiv aləmi ilə bərabər, eyni zamanda, sənətkara xas olan böyük xalq məhəbbəti təşkil edir.

 

Musiqi müasir hadisələrin, ideya və xarakter toqquşmalarının dramatizmini, dövrün məzmununu, lirik və faciənə ruhunu parlaq əks etdirir.

 

Muasirlik burada bədii dəyərə, vətəndaşlıq pafosu və ehtirasına çevrilib.

 

Qurluşçu rejissor, rəssam və dirijor baletdə qaralar Afrikasının tufanlı, iztirablı günlərini, gərgin təzadlarını, maddi sıxıntılarını, müstəmləkəçilərin qeyri-insani duyğularını, azadlıq hərəkatının əqidə, məslək, hiss və baxışlara gətirdiyi yeniliyi daha qabarıq, daha inandırıcı tərzdə səciyyələndirməyə nail olublar.

 

Baletdə fikrin  dərinliyi, mənanın dolğunluğu etibarı ilə, həm də ehtirasların gücü və bədii təsir qüvvəsi ilə son dərəcə parlaq və qüdrətli xoreoqrafiya lövhələri yaradılıb.        

 

Tamaşanın hər bir iştirakçısının əvvəldən axıradək musiqi ilə yaşaması, onun iradəsinə tamamilə tabe olması, "musiqili" oyunu, hərəkəti, mimikası baletmeysterlərin yüksək nailiyyətidir.

 

Onların oyunundakı sərtlik, barışmazlıq, azadlığa, qarşılıqlı məhəbbət və pərəstiş duyğularına yönəldilmiş zərbələr dünyanın dərdli həqiqətləri ilə çox aydın səslənir.

 

Baletdə zənci oğlu Lenni və irqdən olan Sari dövrün, şəxsiyyətin hərtərəfli və çox mükəmməl estetik ifadəsidir.

 

Nazim Hikmət bəstəkarın dərin psixoloji kamilliyini sübut edən bu baletinin Leninqradın (Sankt-Peteburqun) Akademik Opera və Balet Teatrındakı ilk tamaşasına baxdıqdan sonra dərin vəcdlə və həyəcanla deyib:

-Mən istərdim ki, Sabir, o böyük şair, qəbirdən qalxsın və görsün ki, onun eloğlusu Azərbaycanın adını nə qədər böyük bir yüksəkliyə qaldırıb.    

 

"SARI"

 

"Simlərin fəryadı.

Yol çəkən gözlər".

 

...Zildə, qəbul olunmuş pərdədən və registrdən başlanmış "Xaric segah" muğamı tarın simlərini alışdıra-alışdıra, hər xalı qovura-qovura yandım deyib nalə çəkir.

 

Muğamın insan ruhunu sarsıdan ahəngi, tarın odlu nəfəsi ürəkləri qarsır.

Dinləyici elə ilk mizrabdanca ifaçının "mən"indəki orijinal oxşarsızlıqların çox

  bacarıqla, səliqə ilə, zövqlə nümayişinin şahidi olur.

 

Qabil çalğısındakı yeni, cəsarətli boyaları və ifadə edilməz bir hiss zərifliyi ilə xalq artisti Ramiz Quliyev muğamın psixoloji məzmununu açır.

 

Duyulur ki, onun ifası başlıca olaraq obrazın dərinliyinə yönəldilib və ehtirasların zahiri ifadəsi ona yabançıdır.

 

Barmaqlar mizrab palıtrası ilə ürəklərdə əlvan duyğular mənzərəsi yaratsa da, tarzən dinləyiciyə musiqi ifadəliyi formaları və piriyomları ilə diktə edir ki, hiss, emosiya onda nə qədər güclü olursa olsun, daima ağıla, idraka, məna və məzmuna tabedir.    

 

Bu hal zil "Xaric segah"da diqqəti daha çox özünə cəlb edir.

 

Seçilmiş ştrixlərin dəqiqliyinin, həmin ştrixlərin çox müvəffəqiyyətlə qarşılaşdırılmasının və əlaqələndirilməsinin nəticəsi olaraq tarzən muğamın bu hissəsində  gözəl tematik inkişaf üslubu nümayiş etdirir.

 

O mahir çalğısı ilə tarın yüksək registirdə  qədər tükənməz imkanlara malik olduğunu bir daha aşkara çıxarır.

 

Ramiz Quliyev registr təzadlarından, yəni eyni kiçik melodik parçanı gah aşağı, gah da yuxarı registdə səsləndirməklə, muğam materialını yığcam gəzişmələrdə inkişaf etdirərkən cingənə simlərdən fon kimi istifadə etmək sayəsində çox orijinal, effektli ahəng yaradır. 

 

"Xaric segah" muğamı çox sərrast və dəqiq ifaçılıq üslubuna malik olan tarzən Ramiz Quliyevin bənzərsiz ifası ilə könlümüzü kövrəldir...

 

Tarzənin ifa etdiyi əsərlərə yeni-yeni bəzəklər, naxışlar vurması, melodiyanın məğzini yeni səpgidə dinləyiciyə təqdim edə bilməsi, böyük interpretasiya qabiliyyəti, özünəməxsus ifaçılıq manerası onun çalğısının əsas məziyyətlərini təşkil edən komponentlərdir. 

 

Onun çalğısı bütün tarzənlərin çalğısından "öz lirizmi, yumşaqlığı, fəlsəfi dəyəri, mənası, yeniliyi, bir də şirinliyi ilə" seçilir.

 

Xalq artisti, bəstəkar Ramiz Mirişlinin sözünə qüvvət: " ...O, tar çalanda özünü görməsən də, hiss edirsən ki, bu "şirin" barmaqlar Ramizindir".

 

Mən bu "şirin" barmaqların "məlhəm"ində şəfa tapdıqca görkəmli tarzənə ifaçılıq fəaliyyətinə görə 2014-cü ildə Dövlət Mükafatı təqdim olunarkən onun dediyi sözləri xatırlayıram:

 

- Bu mükafat mənim timsalımda Azərbaycan tarına, Azərbaycan tar ifaçılığına və uzun illər, əsrlər boyu inkişaf edə-edə gəlib bu gün öz halal yerini, yüksək zirvəsini tutan tar sənətinə verilən mükafat hesab edirəm.   

  

Düşünürəm: dövlətin bu ali dəyəri Mirzə Sadıq Əsəd oğlundan - Sadıqcandan üzü bəri bu günə qədər fəaliyyət göstərən tarzənlərin sənətinə və yaradıcılığına verilən çox yüksək qiymətdir! 

 

(Ardı var)

 

Rafiq HACIYEV

 

525-ci qəzet 2018.- 17 yanvar.- S.6.