Azərbaycan nəsri və tənqidi
çağdaş ədəbiyyatşünaslıq müstəvisində
Elman QULİYEV
Professor
Təranə Turan Rəhimli bədii və elmi
düşüncə özünəməxsusluğu,
yaradıcılıq sferasının genişliyi, çoxcəhətliliyi
ilə ədəbi prosesdə fərqlənən qələm
sahiblərindəndir.
Onun istər
bədii sahədə əldə etdiyi uğurlar, poeziya, nəsr,
publisistika və tərcüməçilik istiqamətlərində
nailiyyətləri, istərsə də ədəbi-nəzəri fikrimizi
zənginləşdirən ədəbiyyatşünaslıq tədqiqatları,
tənqidçi yazıları ədəbiyyatımızın
istedadlı yaradıcılarından və mahir bilicilərindən
olduğunu göstərir. Müəllifi olduğu yeni
araşdırma - "Azərbaycan nəsri və tənqid"
(Bakı, "Elm və təhsil", 2017) kitabı filologiya
üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin
elmi potensialının imkanlarını üzə
çıxaran, onun nəsr və tənqidimizin üzvi əlaqəsi
haqqında konseptual düşüncələrini əks etdirən
fundamental bir tədqiqat əsəri kimi diqqəti çəkir.
Kitaba daxil olan "Azərbaycan nəsri və tənqid
/1960-70-ci illər nəsri ədəbi tənqid kontekstində/"
adlı fundamental monoqrafiya, eləcə də "Anarın
"Gözmuncuğu" povesti əsrin nəsri kontekstində",
"Yeni Azərbaycan nəsri Kamal Talıbzadə tənqidində"
məqalələri yüksək erudisiyalı, ədəbi-nəzəri
fikir yetkinliyi ilə seçilən ədəbiyyatşünas-tənqidçi
təfəkkürünün məhsuludur.
Tədqiqat işi olduqca aktual və qlobal bir mövzuya həsr
olunub. Ədəbiyyatşünaslığımız
üçün çox əhəmiyyətli olan bu araşdırmada Azərbaycan
nəsri və tənqidinin mühüm yaradıcılıq
problemləri qoyulmuş və düzgün elmi həllini
tapmışdır. Araşdırmada haqqında
bəhs olunan ədəbi tənqid və bu tənqidin diqqət
mərkəzində olan 1960-70-ci illər nəsri haqqında ədəbi-nəzəri
fikrimizin müxtəlif vaxtlarda fərqli qənaətləri
olmuşdur. Zaman-zaman bu tənqidə və
nəsrə dair çoxsaylı tədqiqatlar işıq
üzü görmüşdür. Milli ədəbi
tənqidimiz həmin məqalələrə, monoqrafiyalara, eləcə
də nəsrin inkişafı ilə bağlı məsələlərə
həmişə həssas münasibəti ilə
seçilmişdir. Bu mənada, Təranə
Turan Rəhimlinin yeni monoqrafiyasının çox vaxtında
yazıldığı zənnindəyik. Çünki
indi 1960-1970-ci illər nəsrinə aid ədəbi tənqid
materialları öz xarakteri etibarilə əvvəlki onilliklərdə
olduğundan ciddi surətdə fərqlənir. Həm də XX əsrin 60-70-ci illərinin bir mərhələ
olaraq ədəbiyyatşünaslığımızda, ədəbi
tənqidimizdə ümumiləşdirilməsi indiki dövrə
təsadüf edir. Buna görə də
araşdırmaçı monoqrafiyada fərqli zamanların -
sovet dövrünün və müstəqillik illərinin ədəbi
tənqidinin nəzəri baxışlar sistemini,
aparıcı qənaətlərini bir araya gətirmək, fərqli
və oxşar xüsusiyyətləri aşkarlamaq imkanına
malikdir.
Təranə
Turan Rəhimli dünyanın müxtəlif məkanlarında - Türkiyə,
İtaliya, Belçika, Albaniya, İngiltərə, Hindistan,
İran, Rusiya, Ukrayna, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan və başqa ölkələrdə beynəlxalq
ədəbi-elmi tədbirlərdə, konfranslarda elmi məruzələri,
əhəmiyyətli çıxışları, kitabları
və dövrü mətbuatda yazıları ilə maraq
doğuran, yüksək nəzəri hazırlıqlı bir
araşdırmaçı kimi monoqrafiyada qoyulan problemin kifayət
qədər dərinliklərinə vara bilmişdir. Monoqrafiya olduqca vacib ədəbi-nəzəri problemlərə
ciddi tədqiqatçı münasibəti baxımından
diqqəti cəlb edir. Mövzu bir tərəfdən
1960-70-ci illərin zəngin, çoxsaylı bədii
yaradıcılıq materiallarını tam şəkildə
öyrənib mənimsəmək, ona nəzəri münasibət
formalaşdırmaq, digər tərəfdən isə əlli
ildən artıq bir dövrün - 1960-cı ildən
başlayıb 2000-ci illər də daxil olmaqla böyük bir
vaxt dönəminin ədəbi tənqid materiallarını
tam halda bilməyi tələb edir. "Azərbaycan nəsri
və tənqid" kitabı ilə tanışlıq
göstərir ki, Təranə Turan Rəhimli hər iki
işin öhdəsindən uğurla gəlib. Həm
bədii materialların öyrənilməsi, həm ədəbi
tənqidin əsas nailiyyətlərinin mənimsənilməsi
tədqiqatçının dərin nəzəri təhlillərində,
ümumiləşdirmələrində aydın
görünür.
Araşdırmanın məzmununu, strukturunu izlədikdə
son dərəcə dərin, geniş və mürəkkəb
bir mövzunun uğurlu elmi həlli ilə
qarşılaşırıq. 1960-70-ci illərdə
nəsrə gələn qüvvələrin,
"altmışıncıların" mövzu, ideya, bədii
qəhrəman, janr, üslub, süjet kompozisiya, dil
baxımından ədəbiyyata gətirdikləri
böyük rəngarənglik və tənqidin ona davamlı
diqqəti, nəsrin ayrı-ayrı yaradıcılıq
problemlərinə xüsusi həssaslığı
monoqrafiyada lazımınca dəyərləndirilib. Tədqiqat əsərinin girişində öz əksini
tapan qətiyyətli fikir və mülahizələr müəllifin
qarşıdakı fəsillərdə qoyub həll etdiyi
problemlərin nəzəri dərkinə zəmin
hazırlayır.
Monoqrafiyanın birinci fəslində nəsrin mərhələ
xüsusiyyətləri ədəbi-nəzəri baxış
müstəvisində araşdırılır. Burada milli ədəbiyyatşünaslığımız
üçün bir çox yeni mülahizə və qənaətlərlə
qarşılaşırıq. Bu fəsil
aydın surətdə göstərir ki, belə bir fundamental tədqiqatı
təkcə nəsrimizin və ədəbi tənqidimizin
1960-70-ci illər mərhələsini bilməklə yazmaq
mümkün deyil. Həm əvvəlki, həm
sonrakı dövrlərin ədəbi inkişaf xüsusiyyətlərini
dərindən öyrənən Təranə Turan Rəhimli ədəbi
tendensiyaları sərf-nəzər edib gözdən
keçirmiş, ədəbi-nəzəri fikirdə mövcud
fərq və eyniliklərə diqqəti çəkmişdir
ki, bu cəhət ciddi elmi maraq doğurur.
Bu
dövrdə üç böyük pleyadanın,
böyük ədəbi nəsillərin - bir tərəfdə
Mirzə İbrahimov, Mir Cəlal, Süleyman Rəhimov, Əli
Vəliyev, İlyas Əfəndiyev və başqaları,
sonrakı dövrdə Bayram Bayramov, İsa Hüseynov,
İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, daha
sonrakı dövrdə Anar, Elçin, Maqsud və Rüstəm
İbrahimbəyov qardaşları, İsi Məlikzadə,
Mövlud Süleymanlı, Yusif Səmədoğlu və
başqa nasirlərin yaradıcılığındakı fərq
və eyniliklər mövzu, ideya, problematika cəhətdən,
həm də ədəbi tənqidin münasibəti
baxımından monoqrafiyada ciddi təhlil edilir. Eyni
zamanda, fəslin tarixilik və müasirlik estetik
kateqoriyalarına ədəbi tənqidin münasibətini nəzərə
çatdıran bölməsi də xüsusi diqqəti
çəkir. Burada tarix məsələsinə
müxtəlif vaxtlarda tənqidin baxış
bucaqlarını əks etdirən qənaətlərin təhlili,
müasirliyin izahında millilik məsələsinin
unudulması və ya qismən yer alması ilə bağlı
fərqli nəzəri mövqelərin şərhinə dair
maraq doğuran mülahizələr vardır.
İkinci fəsildə tarixilik və müasirliyi bədii
nəsrin materialları əsasında izləyən tənqid
mövqelərinə münasibət bildirilir. Ədəbi tənqidin
bu məsələnin izahında istər tarixi, istərsə
də müasir mövzulu nəsrə dair qənaətləri
məsələyə fərqli zamanların nəzəri
baxış kontekstində nəzərdən keçirilir.
Burada tənqidin problemə münasibəti İsmayıl
Şıxlının "Dəli Kür", Fərman Kərimzadənin
"Qarlı aşırım", İsa Hüseynovun "Məhşər",
Mirzə İbrahimovun "Pərvanə", İlyas Əfəndiyevin
"Körpüsalanlar", İsa Hüseynovun
"Teleqram", "Kollu koxa", Bayram Bayramovun "Sərinlik",
Anarın "Ağ liman", Elçinin "Bir
görüşün tarixçəsi" və s. nəsr əsərləri
haqqında məqalələr, tədqiqatlar əsasında
müəyyənləşdirilir. Fəsildəki
nəzəri təhlil və mülahizələr tamamilə
yeni və orijinal görünür.
Monoqrafiyada nəsrin qəhrəman probleminə ədəbi
tənqidin münasibətini aydınlaşdıran
üçüncü fəsil nəsrin başlıca keyfiyyət
dəyişimini təmin edən fərqli qəhrəmanın
nəzəri şərhindən bəhs edir. Fəsildə Cahandar ağa,
Kərbəlayı İsmayıl, Dədə Bəhmən,
İsfəndiyar kişi kimi obrazların
milli tarixi varlığın təmsilçiləri olaraq ədəbi-nəzəri
fikirdə yer aldıqları vurğulanır. Qadın emansipasiyası problemi
fonunda ədəbi tənqidin diqqətini cəlb edən Təhminə,
Səriyyə obrazlarına elmi-nəzəri münasibət
burada araşdırmaçının xüsusilə diqqət
mərkəzindədir.
Dördüncü fəsildə sözügedən nəsrin
sənətkarlıq məsələlərinin tənqiddə
hansı səviyyədə öz əksini
tapdığını aydın görürük. Nəsrin janr
tipləri, süjet-kompozisiya özünəməxsusluqları,
nasirlərimizin üslub, dil fərdiliyi, forma
axtarışlarında yeni tapıntıları bu fəsildə
tənqidin diqqət mərkəzində duran və
düzgün elmi izahını tapan məsələlərdir.
Araşdırmaçı ədəbi tənqidin bu forma
özəlliklərinə dair fikir və mülahizələrini
bir kompleks halında öyrənib çağdaş ədəbiyyatşünaslıq
mövqeyindən dəyərləndirir. Burada
ayrı-ayrı janrların taleyinə müxtəlif
zamanların ədəbi-nəzəri münasibəti ilə
bağlı təhlillər xüsusi maraq doğurur.
Avropa ədəbiyyatşünaslığında
50-ci illərdə, rus ədəbiyyatşünaslığında
70-ci illərdə aktual olan roman məsələsinə dair qənaətləri,
Azərbaycan ədəbi elmində problemə fərqli
baxış bucaqlarını monoqrafiyasında bir araya gətirən
Təranə Turan Rəhimli
"roman lazımdırmı?" sualının
cavabını axtaran bütün tənqidi yazıları bir
küll halında araşdırmışdır. Həmçinin,
həmin illərin ədəbi-nəzəri fikrində "hekayə axını"
ilə bağlı narahatlıqları da nəzərdən
qaçırmamış, ədəbi janrların hər
birinin gərəkliliyi ilə bağlı tənqidin gəldiyi
nəticələri aşkarlamışdır.
Nəticədə dissertasiyanın yekun müddəalarını
əks etdirən müəllif bədii nəsri təhlil
prosesində ədəbi tənqidin özünün hansı
inkişaf xüsusiyyətləri ilə zənginləşdiyini
nəzərə çatdırır. "Azərbaycan nəsri və tənqid
/1960-70-ci illər nəsri ədəbi tənqid kontekstində/"
monoqrafiyası çağdaş ədəbi-nəzəri
elmimizdə maraq doğuran mülahizə və ümumiləşdirmələrlə,
əhəmiyyətli elmi yeniliklərlə səciyyələnir.
Bu cəhətdən tədqiqat işini
müasir ədəbiyyatşünaslığımıza yeni
bir töhfə kimi dəyərləndirmək olar.
Kitaba
daxil edilən məqalələr də Təranə Turan Rəhimlinin
ədəbiyyatşünas-tənqidçi istedadının
göstəricisi kimi diqqəti çəkir, təhlil edilən
məsələlərə münasibət özünəməxsusluğu
ilə seçilir. Anarın son illərdə qələmə
aldığı, ədəbi mühitdə böyük əks-səda
doğuran, müstəqillik illəri ədəbiyyatının
ciddi nailiyyəti hesab edilən "Gözmuncuğu"
povestinə ilk ədəbi-nəzəri qiymət verən ədəbiyyatşünas-tənqidçilərdən
biri Təranə Turan Rəhimli olmuşdur. Onun "Anarın "Gözmuncuğu" povesti əsrin
nəsri kontekstində" məqaləsində əsərin ən
yeni ədəbiyyatımızda yeri, bədii nəsrimizə gətirdiyi
əhəmiyyətli yeniliklər
müəyyənləşdirilir, əsərin bədii-fəlsəfi
fikrimizi zənginləşdirən özəllikləri
aşkarlanır.
"Azərbaycan nəsri və tənqid" kitabı
Azərbaycan ədəbi mühitində, ədəbiyyatşünaslıq
aləmində kifayət qədər tanınan bir müəllifin
əsəridir. Təranə Turan Rəhimli ədəbiyyatımızda
və elmimizdə bir çox uğurlara imza atıb. O,
şair, publisist, ədəbiyyatşünas, tənqidçi
və tərcüməçi kimi çoxsahəli fəaliyyəti
ilə diqqət mərkəzindədir. Azərbaycan
Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər
Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Dünya Gənc
Türk Yazarlar Birliyinin (Məsləhət
Şurasının), Türkiyədə
Kıbrıs-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları
Qurumunun, Filippində "Pentasi B Şairlər Dostluğu Cəmiyyəti"nin
üzvüdür. Azərbaycan Dövlət Pedaqoji
Universitetinin dosenti Təranə Turan Rəhimli Türkiyədə
Türk Araşdırmaları Vəqfinin "Akademik tarix və
düşüncə" elmi dərgisinin eksperti, "Mana
ustası" ədəbi jurnalının redaksiya heyətinin
üzvü, Ural Təhsil və Mədəniyyət Strateji
Araşdırmaları Dərnəyi saytının köşə
yazarı kimi də səmərəli fəaliyyət göstərir.
Onun "Böyük nəslin layiqli yadigarı"
(2002), "Ədəbiyyat və tənqidin
yaradıcılıq problemləri" (2009), "Dərdin
pıçıltısı" (2007), "Sevgimden
tanıyacaklar" (Türkiyə/İzmir, 2013), "Sana yazmadığım
şiir" (Türkiyə/Ankara, 2013) adlı kitabları
geniş oxucu kütləsinin rəğbətini
qazanmışdır. Şeirləri və elmi məqalələri
dünyanın bir çox ölkələrində - Türkiyə,
İran, İtaliya, Belçika, Latın Amerikası
(Çili, Meksika), İspaniya, Albaniya, İngiltərə, Yunanıstan,
Hindistan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan və başqa ölkələrdə
nəşr edilmişdir.
Təranə Turan Rəhimli Azərbaycanda
"İlin elmi kitabı" IX Bakı Kulturoloji
Mükafatı, "Türk Dünyasına Xidmət
Ödülü", Beynəlxalq "Rəsul Rza
mükafatı", "Mikayıl Müşfiq
mükafatı", Beynəlxalq "Akif Səməd
ödülü", prezident təqaüdü (2015),
Türkiyədə Türk Sənət Platformunun "Onur
medalı", Kərkük Mədəniyyət
Mərkəzinin "Şərəf Xidmət
Ödülü", KİBATEK, ASKED, Gediz Universiteti, Okan
Universiteti, Yaşar Universiteti, Ege Universiteti və Celal
Bayır Universitetinin fəxri fərman və rəsmi təşəkkürləri,
İtaliyada Bari Aldo Moro Universitetinin "Millətlərarası
Qızıl Körpü" ədəbi
mükafatı, Taranto Pablo Neruda Mədəniyyət Mərkəzinin
"KİBATEK - 39 Beynəlxaq Festivalı
Ödülü"nü və Latın Amerikasında
İsla Neqra Dünya Şairləri Səfirliyinin "Min
şair, min şeir" diplomunu almışdır. Bütün bu uğurları onu milli ədəbi-elmi,
mədəni inkişafımızda daha əhəmiyyətli fəaliyyətə
ruhlandırır, yeni əsərlər ərsəyə gətirməyə
səsləyir. Ədəbiyyatşünas alim həmkarımızın
təzə nəşr edilən əsərini - "Azərbaycan
nəsri və tənqid" adlı kitabını da bu
qəbildən olan növbəti nailiyyət kimi yüksək
dəyərləndiririk.
525-ci qəzet 2018.- 17 yanvar.- S.7.