Kədərin müxtəlif biçimdə
təsviri
Əbülfət Mədətoğlunun "Cəzayam
sevdiyim qıza"
("Heroqlif", 2017) adlı
şeirlər kitabını
oxuduqca, hər biçimdə olan dərd-nisgil dil açıb danışır.
Sanki bu kədərli
anları həyat özü müəllifə
bir ağrı kimi, əzab kimi yaşadıb və taleyin diktəsi kimi də kitabın səhifələrinə köçürülüb.
Səs qırılır, söz tapdanır,
Söndürülən köz tapdanır.
Yol gözləyən göz tapdanır
Ümid
öləndə
Ümidin ölməsi müqabilində
insanı müşayiət
edən kədərəngiz
həyat lövhələri
çox təbiiliklə
və bədii şəkildə təsvir
olunub. "Gözün
tapdanması" ifadəsi
isə orijinal deyim olmaqla"ümidini üzdün-öldün" kəlamının
mahiyyətini ehtiva edir. Yəni insanın ki,
həyatda ümidi üzüldü-məhv oldu,
onda o özü də o ümidlə birlikdə ölür.
Beləcə, ümidi ölən
insan həyatla vidalaşıb torpağa gömülür və müəyyən zaman fasiləsi ötüb-keçdikdən
sonrası unudulub, tapdaq altına çevrilir. Yəni cismani
olaraq gözün tapdanması bu anlama gəlir. Amma burada "gözün tapdanması" hər şeydən əvvəl,
insanın dirigözlü
ola-ola, bu dünyada yaşaya-yaşaya
gözünün tapdanmasına
işarədir. Çünki tapdanan göz yol gözləyən gözdür - baxışlarını
ümidlə hansısa
bir uzaq məsafəyə zilləyib
dikən gözdür.
Deməli, insanın ümidi
məhv olanda onun gözünün arzu-murazı tapdanıb puç olur. İnsanın sözünün tapdanması da onun arzusunu-diləyini ifadə edəcək səsinin-sözünün yerə
düşməsi-eşidilməməsi deməkdir. Çünki insanın sözü
keçməyəndə o, urvatdan düşmüş
sayılır, o, bir insan olaraq ümid
bəslədiyi şeylərdən
məhrum olunmaqla mənən ölümə
düçar edilmiş
olur. Axı insanı arzulara-xəyallara
qovuşdura biləcək
onun ümidləridir,
insan ümid edir ki, nə
vaxtsa qəlbində bəslədiyi arzu-diləklərinə
qovuşacaq, qurduğu
xəyal dünyasına
gedib çatacaq:
"Nağıl duzsuz
kökə olur-ümid
öləndə". Bəli, insan
ümidsizləşəndə şirin nağıl da duzsuz kökə
timsalını xatırladır.
Bilirsən ki, nağıl
nağıldır, hətta
yalandır, amma adi nağılı da şirin bir
həqiqət eşidirmiş
kimi, duzlu bir qoğal yeyirmiş kimi dinləyirsən. Amma ümid
öləndə nağıl
da insanın nəzərində duzsuz kökə kimi mənasızlaşır, heç
adi nağılla da başını qatıb könlünü
ovundura bilmirsən.
Şair Əbülfət Mədətoğlu
həyatda ümidin ölməsi amilinə bu cür ədəbi-poetik
prizmadan yanaşır.
Və sanki aşağıdakı bənddə
də bu məntiqin davamını bir real yaşam forması olaraq ifadə edir:
Yoruldum arzuları
Özümlə daşımaqdan...
Puç
olan xəyal yüklü
Həyatı yaşamaqdan!
Bəli, insan "puç olan xəyal yüklü həyatı yaşamaqdan yorulur" ona görə ki, artıq ümidlərinin puç olduğunun fərqinə varır, anlayır ki, ümidləri məhvə məhkumdur. Ona görə
də harada ümid qurtarırsa, orada həyat da (həyatın ləzzəti də) qurtarmış olur.
Bəlkə də aşağıdakı
misralar da bu məntiqin başqa bir formada-digər bir məqamda deyilişidir:
Eh... Daha nəsə istəmək
Gəlmir
ağlıma
Allahdan,
nə də səndən...
Dayan, tələsmə,
yanlış anlama
mən doydum, yoruldum
və anladım ki,
Allahdakı səbirlə
Səndəki soyuqluq
Çıxdı axırıma!..
İnsan
ümidin öldüyünü
nəyinsə yolunu uzun müddət gözləyib-gözləyib bezib-yorulanda,
bu yorğunluqdan cana gəlib-doyanda
anlayıb-başa düşür;
bu səbəbdən də şair "Allahdan da, səndən
də daha nəsə istəmək gəlmir ağlıma",
- deyir və buna izahat verib
bildirir ki, axır ki, "anladım ki, Allahın səbri ilə sənin soyuqluğun axırıma
çıxdı" - yəni
ümidim üzüldü
və öldüm. Bu, nə deməkdir?
El arasında "Allahın səbri gendi" düşüncəsi
hakimdir. İnsan da
bu minvalla hərəkət edib nəyəsə ümid edib, yol gözləyəsi
olur. Lakin bir var Allah-yəni Allahın əydiyi işlər, bir də var
ki, bəndənin laqeydliyi-soyuqluğu ucbatından
işlərin əngəllənməsi-düyünə
düşməsi. Birini mücərrəd
halda düşünməklə,
səbrə bel bağlayırsan ki, Allah bu müşkülü çözər-yoluna qoyar,
digərini də Allah
bəndəsinin insafına
güvənib, ümid
edirsən ki, işlər düzələr.
Allah işi o dərəcədə
səbrlə görür
ki, bu müddətdə
insan bir ömürlük vaxtı
badi-fənaya verir, qocalıb əldən düşür və ölüm vədəsi gəlib başının
üstünü alır,
işinin düşdüyü
bəndə də təkəbbürlülük göstərir,
sənin ondan asılı olduğunu görüb bir az da ayağını
yuxarı qoyur, başqa sözlə, laqeydlik-soyuq münasibət
göstərir, işini
ləngidir-axsadır. Beləcə, göydə Allahın səbri, yerdə də sənin (bəndənin) soyuqluğun-soyuq
rəftarın insanın
ümidini əlindən
alıb axırına
çıxır. Əbülfət
Mədətoğlu bax
həyatdakı bu cür psixoloji ovqatı bir yaşam elementi olaraq şeirə gətirməklə əslində
üzünü tutduğu
sənə-Allah bəndəsinə
giley-güzar hissini boşaldır, demək istəyir ki, insanın soyuqluğu-istəyə-arzuya
qarşı biganəliyi
ümidin ölməsinə
gətirib çıxardır
və Allahın insana bəxş etdiyi bir ömürlük
qismət payı da ümidsizlikdən puç olub gedir. Yəni Allahın səbr kəraməti insanın insana sevgisinə hesablanmış ölçüdür,
insan humanizmə sığınsa, Allah da insana səbr etməklə yetişəcək
mükafat payını
vaxtında göndərər,
daha ömür müddəti bitib qurtarandan sonrakı o biri dünyaya saxlamaz...
Elə buna görə də insanı dərdə-bəlaya salan
bütün xəstəliklərinin
də səbəbini və həm də ilacını bu mənəvi amillə əlaqələndirən
şair Qaradəniz Texniki Universitetinin Fərabi adına
xəstəxanası önündə
düşüncələri fonunda aşağıdakı
şəkildə izhar
edir:
Həkim
ürəyimizi müayinə
edəcək,
Yəqin
ki, resept yazıb hansı dərmanı
necə qəbul etməyi deyəcək!..
Amma ürəyimizi unudanları
-
Onu hardan, necə gəldi vuranları
Seçib görə bilməyəcək!..
Ürəyimizin dilindən xəbərsiz
həkim
Ürəyimizdəkilərin yanından
sakitcə ötüb
gedəcək!..
Şair ürək həkiminə
demək istədiklərini
əslində hamıya
ünvanlayır, hamını
ürək həkimi olmağa çağırır. Bu ürək
həkimi hərfi mənada yox, mənəvi qavramda başa düşülməlidir.Yəni
ürəyə xəstəliyi
salan da insandır, əgər insan qarşısındakının
"ürəyini unutmasa"-başa düşsə ki, edəcəyi nadan hərəkət, ya laqeydlik həmcinsinin
ürəyinə toxuna
bilər, ürəyini
xəstə sala bilər, onu sözlə-əməllə xəncərləyib
- vurmasa, insan ürəyi də xəstə düşməz.
Başqa sözlə,
bu, həm də o deməkdir ki, ürək həkimi olmaq üçün elə sadəcə ürək adamı olmaq lazımdır,başqa ali təhsil, həkimlik diplomu-filan yox. Bunun üçünsə heç kəsin ürəyinə toxunmamaq,
hər kəsin könül dünyasına
məhrəm hisslər
nümayiş etdirmək
kifayətdir.
Amma buradakı
hərfi mənadakı
ürək həkiminə
ünvanlanan tövsiyə
isə ondan ibarətdir ki, həkim xəstə ürəyin sancısını
uzaqbaşı fiziki cəhətdən sakitləşdirə
bilər, ağrısını
cismən azalda bilər, əsas odur ki, ürəyi
xəstə salan səbəbi aşkarlayıb
tapasan və o səbəbə mənəvi
müalicə metodu ilə yanaşasan. Bax bu amil isə hər
bir kəsə tuşlanan mesajdır.
O mesaj ki, insanı dərdə-bəlaya,
kədərə-nisgilə sala biləcək məqamlardan da qoruya bilər.
Bax beləcə, Əbülfət Mədətoğlunun düşüncələrində dərdin-qəmin müxtəlif biçimlərdəki təsviri ilə qarşılaşırıq. Nə bilim, bəlkə də bu kədər notları elə insan ömrünün məğzini təşkil edir və insan da bu aləmə bu nisgilli notları dinləmək üçün gəlib. Hər kəsin musiqi dinləmək zövqü müxtəlif olduğu kimi, bu kədər notlarını dinləmək-öz üstündə gəzdirə bilmək gücü də ayrı-ayrı səviyyələrdə özünü göstərir. Əbülfət müəllimin poeziyasında kədərin melodiyası, ritmi, ahəngi, rəngi bütün əlvanlığı ilə üzə çıxır və ictimai kədəri doğuran səbəblərə vaxtında reaksiya verməklə bu kədər yükünü üstümüzdən götürüb yüngülləşməyimiz tövsiyə olunur.
Şakir ALBALIYEV,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet 2018.- 18 yanvar.- S.8.