Xoşbəxt adamlardan biri - Esmira Fuad

 

İnsanlar inansa da, inanmasa da, onları bir çeşid bəxt təqib edir. İçimizdə hərdən abardıb, hərdən də umursamadığımız bəxt öz metafiziki varlığını doğrultmayınca, sahibinə müsbət, ya da mənfi təsir göstərə bilməz. Olduqca doğal və təbiidir ki, kimsə özü üçün mənfi bəxt aramaz. Fəqət müsbət bəxti əldə etmək o qədər də asan deyil.

 

Bəxtin iqtisadi, ictimai, mənəvi, lirik, epik, mistik və başqa qolları varsa, onun arama və yiyələnmə qollarının da var olması gərəkdir. İnsanların bəziləri bütün çeşidlərdən bir təkini əldə edərsə, razı düşə bilər. Amma bəziləri onların hamısını bir arada düşünər və onu gözlənilməz fırtınalara sürükləyər. Fırtına quşu sakin gölçələri özünə layiq bir məkan görmədiyi kimi, geniş boyutlu "bəxt" arayanlar da tək yönlü bəxtə razılıq verməzlər. Niyə ki, onların baş ağrıları vardır. Çəkəcək və görəcəkləri vardır...

 

Burası aydındır ki, bütün canlılar ya qazanar, ya da qazandırar. Ya sığınar, ya da sığındırar. Böyük insanlar qazancı qazandırmaqda görərlər, Nizami kimi! Güclü sərkərdələr fəxri sığıntıları barındırmaqda bilərlər, yenə də Nizami kimi! Məhsəti gənc bir Azərbaycan qızıdır. Bəxtini axtarıb sahiblənmə amacı ilə yola qoyulduğu için qara fikirlilər tərəfindən daşlanır, qovulur, kötümsənir və bitkin hala gəlir. O, sığnaq arayır və bulur. Nizaminin məhləsini ən doğru sığınacaq və ən düzgün istiqamət hesab edir. Həmin sığıntılıq onu kiçiltmək deyil, böyütmək amacı ilə baş verir həyatda. Böyüyür və on ikinci yüzil intibah ədəbiyatının başında duran Həkim Nizaminin yolunda yürüyür və ölkəsinin "Xəyyamı" olur.

 

Mey içənlərə "nədən içirsən?" sorusunu versən, "Başqa bir aləmi vardır" deyə cavab verərlər. Amma hər bir içən başqa bir aləmə varacaqmı? Tofiq Bayramın dediyi kimi, "Xəyyam mey içib tarixə düşdü, sən də mey içib ayıltma məntəqəsinə düşdün!" məsələsidir. Nə isə, söz bəxtdən və onun doğru ünvanın tanımaqdan gedirdi. Bir yanda bizim aradığımız bəxt vardır, bir yanda da bizi arayan və təqib edən bəxt. Xoşbəxt olmaq için "xoş" düşünmək lazımdır. Necə ki, bədbəxt olmanın səbəbi "bəd" düşünməkdir.

 

İctimai insanın qarşısında bəxt arama yolu ikidir. Bəxtini tabe olduğu toplum və icmanın bəxtinin bir hissəsi bilmək və bəxtini yaranış hesabı ilə özünə aid hesab etmək. Şəxsi qazanclar ilə xoşbəxt görünmək və toplumsal başarılar ilə sevinib özünü xoşbəxt hiss etmək.

 

Bəxtini özünə aid bilənlər yumurta qabığı içində məhsur qalan civ-civ kimi bir varlıqdırlar. Ya böyüməz "lax" yumurta olar, zibilliyə atarlar, ya da böyüyüb öz qabığını sındırar "lovğa" adı verərlər. Bəxtini bağlı olduğu xalqın bəxt və taleyi sırasında gəzənlər isə ölkəsinə Məhsəti, Nizamiyə sığıntı, Azərbaycana fəxr qaynağı və ədəbiyyata udumlu dirək olar.

 

Burada bir şeyi unutmamalıyıq ki, bəxtini xalqının bəxtinin bir hissəsi hesab edənlərin qəmi, kədəri, ağrısı, acısı, alın yazısı, qayğısı da öz elinin yaşadığı faciə, yaxud xoşbəxtlik genişlikdə olacaqdır. Təbii olaraq bunu hər oğul və qızın təfəkkür karvanı çəkməz. İşi yarı yolda bıraxıb qaçı verər həmən. İki üzlü insanlar belə dua edərlər: Allahım, mənə sərvət ver ki, mən də yoxsullara dağıdım!" Bu, o deməkdir ki, hər kəs mənə möhtac olsun. Bir üzlü və ortaq bəxtli insanlar da belə dua edərlər: "Allahım, hər kəsi zəngin et ki, başqasına möhtac olmasın!" Bu da bəxtini başqalarının bəxtinin bir hissəsi sayanları iqtisadi üzrə dünya görüşləridir.

 

Elmdə də belədir. Bir çox bilim adamları şöhrət, maddi gəlir, siyasi məqam, ad, ün, çevrə... əldə etmək için bir xalqın dil, ədəbiyat, tarix, kültür, deyim, duyum və bütün mənəvi varlığına əl qoyarlar ki, öz xoşbəxtliklərini təmin etsinlər. Fəqət bunlar qış günündə cam arxasından qara baxanlardır, nəinki buz içində ayağı qabar çalanlar. Bunlar parçalanmaq nədir təcrübə etməmişlər, ürək qanı yemək nə kimi acıdır dadmamışlar. Hər kəsin bildiyi kimi, bir çox toplum və ölkələrdə hər hansı bir devrim, yaxud çevriliş baş verdikdə bəziləri durmadan ölkəni tərk edib qaçırlar. Çünki bəxtlərini fərqli və ayrıca sanırlar. Başını alıb qaçan adam dağdan qopan qaya parçasına bənzəyər, dərəyə fırlayıb lil altında dəfn olub gedər. Tərsinə, dağa söykənib sinə gərməyi özünə xoşbəxtlik hesab edənlər də tarix boyunca yüksək durumda var olar.

 

Mən bütün bunları niyə və kimə deyirəm ki? Məni düşündürən, halıma, habelə huyuma ayqırı olan məqalə yazmağa məcbur bıraxan nədir ki? Yoxsa mən də özümə görə qələm şöhrəti, ədəbiyat jesti, dostluq cığırı kimi bir şeylər peşindəyəm? Yox, bunların heç birisi deyil! Bütün bunları mənə dedirtdirən, yazdıran və söylətdirən oxumaq xəstəliyidir. Gözüm görməyir oxuyuram, canım acıyır oxuyuram, on gündən bir göz həkiminə gedirəm, yetər! Oxuma, yazma, deyir yenə də oxuyuram. Niyə ki, məni oxumağa məcbur edənlər vardır, bəxtimi bəxt aynasında mənə göstərənlər vardır, taleyimə toxunub onun pıtlaşıq saçlarını darayıb hörənlər vardır, kimliyimə, mənliyimə ortaq düşüncə ilə yanaşanlar vardı bu düyün düşmüş dünyada!..

 

Mən oxumasam da, oxunacaq əsərlər gəlib məni tapır, yaxamı bıraxmır, gözümün suyunu ağlımın cığırlarında axıtmaq istəyir. İndi də deyəcəksiniz ki, bu imalı-işarəli sözlər nədir, bu oxunacaq əsərlər hankısıdır, yaxud  bunları yazarkən öz bəxtini xalqının bəxtinin bir hissəsi sayan adam kimdir?

 

Onu da deyərəm! Heç qorxmadan, çəkinmədən, üşünmədən, həm də riyasız olaraq, heç bir ün və şöhrət peşində olmadan deyərəm: Esmira Fuad!..

 

Of bə, dincəldim. Söz toxumaqdan yaxam qurtardı! Gerçəyi dilə gətirmək bu qədər zormuydu?  Söhrab Tahir də bir zamanlar bölünməkdən qorxub "bir çöpü də ikiyə bölə bilmirəm!" demişdi. Azərbaycan qadınları antologiyası da yazılmışdır. Bəzi idarələrə fəxri üzvlər də seçilmişdir. Bir çayın iki böyrünə bir cüt həsrət yükü də çatılmışdır. Bunların hamısını bilir, siyasi-politik güdümləri və toplumsal məqam axtarmaları da düşünürük.

 

Gönlünü min parça edib hər bir parçasını xalqının, ölkəsinin və varlığını ayrı-ayrı bölmələri, yaxud hissələri ilə birləşdirənlər "xoşbəxt", yaxud da "ortaq bəxt" adamlardır, məncə. Onları sevən xalq onları yaşadacaq, onlara sığınan qələm mövzuları onların təfəkkür qaynağından süzülüb bir xalqın ədəbiyat tarixinə yol tapacaqdır.

 

a) "Sözdən asılan arzular" - ən son oxuduğum dörd əsərdən biri.

 

Güney güneydir. Günəşə doğrudur. Fəqət onun güneylik yanğıları vardır. Atəşə meydan oxuyan qələm qılıncı və "əfsanə bir çay"a təpən sevgi atı da vardır. Tıpqı "Cəlaləddin"in "Ceyhun"a atlayan atı kimi! Burada dərdlər uzun olduğu və tarixin böyük bir məsafəsini qət etdiyi için "poema"ya çevrilmişdir bəlkə də. Demişlər ya, "dərdli deyingən olar", o məsələ yəni.

 

Esmira xanım Fuad həmin quyruqlu dərdi bütün görünümü ilə ələ almasa da, onun nəbzini tutmağı başarmışdır. O, gözlərinin bəbəyində tam bir güney günəşi doğurmuş, onun sıcaqlığına sığınmış və eyni Məhsəti kimi sığınmaqla böyümüş və Güney "dərd poeması"nı özünə ədəbi intibah köprüsü seçmişdir. Mən bu toprağa baş qoymuşam, o üzdən də bütün baş qoyanlara diqqət edib baş əyərək, Esmira Fuadın yaratdığı köprüdən güneyimə geçməyi dənəyib "xoşbəxt" oldum. Ailə problemləri, toplumsal sıxıntılar, paxıl baxışlar, ayaq bağı olan alimlərlə mücadilə verərək öz kimliyinə pasport yazanlardır "xoşbəxt" adamlar.

 

Mövzu qıtlığından, ictimai şöhrət yanğılığından və siyasi buyruqlar üzündən Güney axtaranlardan fərqli olaraq Esmira Fuad öz qadınsı mərhəmətini xalqın ortaq bəxtinə həsr edərək, o dediyim dərd poemasını ilk öncə öz içinə ağlamış, daha sonra da ədəbiyat tarixinə töhfə sunmuşdur.

 

Bir güneyli olduğum için Qüzeyi anlamadığım kimi, bir qüzeylinin Güneyi anlamadığı, ya da anlamaq istəmədiyi üzücü olardı. Amma nə yaxşı ki, ikisinin müsbət örnəkləri vardır bilim dünyamızda. Vardır da fəqət ağı qaradan seçənlərin bəxtləri xalqın bəxtinə işıq tutur. Buğday dənələrini toyuğun qabağına calasan, onun üzərinə çıxıb da buğda içindən buğda axtarmağa başlayar, onu eşələyər yəni. Halbuki, həmin buğdanı göyərçinin qarşısına səpərsən, bir başdan dənləməyə, onu birər-birər seçməyə başlar. İkisi də quşdur, amma birində qədir bilmə, habelə seçim qabiliyəti vardır, o birində isə nankorluq və sayğısızlıq potansiyalı.

 

Demək ki, materialın bolluğu, dərdin böyüklüyü və xalqın ortaq bəxti hər bir tədqiqatçını düşündürə bilməz. Bəlkə bilincli davranış və özverili dünya görüşü lazımdır. Xalqının bəxtini öz bəxtinə tərcih edənlərin alınlarında altın günəş doğmasa da, qəlblərində gümüş ay çıxar - Esmira Fuad kimi!

 

Bir vaxt çevirmən Məhəmməd Qazi Almanyada boğaz xərçəngi üzündən əməliyyat yatağına yatmışdı. Doktor əməliyyat öncəsi xəstəyə moral vermək için ona yaxınlaşıb deyir: "Əməliyat başarılı olacaqdır, fəqət təəssüflə deməliyəm ki, siz bundan sonra danışma qabiliyətinizi itirəcəksiniz, çox üzgünəm!" Doktorun üzüntü gözlədiyi bir halda ünlü tərcüməçi Məhəmməd Qazi qəhqəhəylə gülüb deyir: "Nə üzüntüsü doktor bəy, bir xeylək sevindim. Çünki mənim yaşadığım ölkədə danışmaq yasaqdır!.."

 

Bir gün rəhmətlik Sabir Əhmədlinin ziyarətinə getmişdim. Son zamanlar yazmağı bir kənara bıraxmışdı və mən bunun fərqindəydim. Ona sordum: - Sabir müəllim, nədən yazmırsınız? Sabir Əhmədli siqarasını kül- qabına döyəcləyib dedi: "Sevgili Əli Daşqın, bir zamanlar bu ölkədə dinləyən vardı, ama söz demək yasaqdı, indi də söz demək sərbəstdir, fəqət dinləyən yoxdur, mən kimə yazım ki?”

 

Bu qarmaşada, evində qolunu-qıçını uzadıb oturmağı bir yana bıraxıb, universitetdə öyrəncilərə qurd nağılı deyib gününü geçirməyi atıb da Güneydə "Qarabağ poeması" axtaran, Şəhryarın həsrət boxçası sayılan "Heydər baba"sının və Ali Daşkının "Əsir topraq" ağıtının Esmira Fuada nə kimi faydaları toxuna bilər ki? "Nəsimi"ni ölüm ayağına gedərkən o "Sarı telli" qızın: "Şair, mənə bir tərif de!" istəyi nə qədər ilgiləndirdiysə, Esmira xanımı da Bakıda oturub Təbrizdə çağdaş poema axtarışı bir o qədər ilgiləndirmişdir.

 

b) "Güney Azərbaycanda çağdaş ədəbi proses" - ən son oxuduğum dörd əsərdən ikincisi.

 

Bir zamanlar Sabir Rüstəmxanlı qoynunda doğulub boya-başa çatmadığı Təbrizi küçə-küçə dolaşmışdı şeirində və bizim kimi şeir uşaqlarına anlatmışdı bu möhtəşəm şəhəri. Bu arada bir çoxları da burada ədəbiyyatın olduğuna heç inanmamış, onun çağdaşlığını asla göz önünə almamışlar. Bunlar Təbrizli "Əxi Qəssabın" Şirvanşah Xəlilullahın qanını satın alıb ölümdən qurtardığını da bilmir və özən göstərmirlər. İnsanların süzgün gözü və dolğun ürəklərini görməyə can atan Esmira Fuad, bir az öncə söz etdiyim göyərçin kimi, burada keçən ədəbi axını həm izləmiş, həm də onun çağdaş varlığını gönül duyğuları ilə tərənnüm etmişdir. Dünyada hər kəs baxır, ama hər kəs görmür. Baxanların hamısı görə bilsəydi, korluq deyə bir anlayışın adı da qalmazdı dünyada.

 

Mən də seçmə qabiliyətinə sahib olanlardan biriyəm və bunu iddia edirəm. Bir gün Elmlər Akademisində, sayın İslam Ağayevin otağında onu ziyarət etmək için oturmuşdum. Böyükləri ziyarət etmək mənim için zövqvericidir çünki. Elmi dərəcəsinin mürəkkəbi qurumamış gənc professorlardan biri... üzünü divara tutub dedi: "Əşi, bunlar da bizim öz mövzularımızı yazıb bizə gətirirlər..." Gənc alimin gözlərinin içinə baxıb cavab verdim: - Sevgili qardaşım, deyirəm keşkə siz də bizim düşündüyümüz və yazdığımız mövzuları oxuyub, anlayıb, araşdırıb və bizə gətirsəydiniz!...

 

İslam Ağayev qapıdan girər-girməz məsələni anladı və sözü dəyişdirib, bizim Təbrizdə nə var, nə yox? - dedi.

 

Görünür ki, Güneydə davam edən dil, ədəbiyat, tarix və şeirin əski, yaxud da çağdaş prosesi hər kəsi ilgiləndirmir. Bu baxımdan, xoşbəxt olmağı xalqının xoşbəxtliyində gəzən Esmira xanım, gələcəyin  Azərbaycan ədəbiyatı tarixində özünə "Yaşıl pasport" almağı da təmin etmişdir. Dönələrcə demişəm, rəhmətlik Şəhryar ömrünün böyük bir qismini Azərbaycandan uzaqda keçirib fars dilində şeirlər deyib divanlar bağlasa da, tək bir beyti ilə doğma xalqına pasport vermiş və onunla da öz xalqının xoşbəxt şairinə çevrilmişdir: "Türkün dili tək sevgili, istəkli dil olmaz, Özgə dilə qatsan bu dili, dil əsil olmaz!"

 

Sevgili Esmira xanım Fuad, tam məsuliyətimlə deyirəm, atdığınız köprü "Xüdafərin köprüsü"nün mədəni və çağdaş növüdür, bu qədər yəni!

 

c) "XX əsr Güney Azərbaycan epik şeiri" - ən son oxuduğum üçüncü əsər.

 

Əslində, epik şeir biçimi Güney Azərbaycanın boyuna biçilmişdir. Həmin üslub özünü fərqli istiqamətlərdə, həm də XX əsrdə daha qabarıq, daha təsirli olaraq meydana çıxmışdı. Politik olaraq baxış açımız bir az geniş olursa, onun səbəblərini asanlıqca anlaya bilərik. Ötən yetmiş ilin içərisində Azərbaycanın Qüzey bölümü özünə açıq (nisbətən), dışarıya qapalı olduğu halda, Güney bölümü özünə qapalı, dışarıya açıq tutulmuşdur. Həmin dəngələri sağlam tutmaq için bir xalqı iki növ göstərib düşündürməyə çalışanlar ötəri də olsa, uğur əldə etmişlər.

 

Həmin yoldan çıxış edənlərin hamısı söz qonusu olan dəngələrin pozulmasının ardınca hərəkətə keçib milli varlıq, tarixi kimlik, onursal mənlik peşinə düşdülər və tacirlər də özlərinə bazar aramağa başladırlar. Bu arada Esmira xanım Fuad üç iş yeri, ya da üç ofisdə çalışmağa başladı. Birincisi, Elmlər Akademisinin "Cənubi Azərbaycan şöbəsi". İkincisi, "Respublika" qəzetinin jurnalistlik brosu. Üçüncüsü isə "Bir Türk qızının könül dəftəri". Bu sonuncusu "Çağdaş epika - Epik şeir ofisi" idi...

 

Güneyin kölgəsi, Təbrizin səsi, soydaşlarının düşüncə boyası öylə bir büyüləmişdir ki, hər görüşümüzdə "süt uşağının ana ətəyini bıraxmadığı kimi", əlimi tutub, bir köşəyə çəkib, öz sevimli jurnalistik yolları ilə dilimdən söz, gözümdən vətən arzusu, biliyimdən savaş qoxusu almağa çalışırdı. Onun yaxın keçmişdə işıq üzü görən bu üç əsəri də geçən iyirmi ilin "Epik" düşüncə tərzinin məhsuludur. Onun qəlbində yanan Güney mumu, ağlında fırlanan xalq kəpənəyinə ən gözəl şahiddir. O, Güneyin epikasını götür-qoy edib dəyərli bir əsər yaratmaqla, bir tək öz ədəbi namusunu deyil, güneyli yazar və şairlərin özəl olaraq da xanım şair və yazarların qara ciyərinə saplanmış ağ tikanı çəkib çıxarmışdır.

 

Esmira xanım Güneydə cərəyan edən epik şeirin ayrı-ayrı meyillərini olduqca gözəl incələməyi başarmışdır. Əsərlərdə heç bir qüsur və çatışmazlığın olmadığı mövqeyində deyiləm, fəqət düşüncə tərzi, sevimli yanaşma, fədakarlıq təlaşı o qədər dərindir ki, xırda para qüsurlar onun yanında bir heç sayılır. Başqa sözlə desəm:

 

Daş yağdırıb zalim Qacar olunca,

Yaş ələyib "Pənah" görünmək yeydir.

At çapdırıb İskəndər olmaqdansa,

Yerdə qalıb xalqla sürünmək yeydir...

 

d) Urmu - türkün  ilk  beşiyi,  sevgi  ocağı... Şeir antologiyası - ən son oxuduğum dördüncü əsər.

 

Bir xalqı ortadan qaldırıb yoxluğa sürükləmək için onun musiqi, sənət, ədəbiyat özəlliklə də şeirini yox etmək yetərlidir. Bunu ünlü Konfusi də demişdir bir zamanlar. Kəlam o qədər gözəl, o qədər yüksək və o qədər dəyərli və qutsaldır ki, ona bir də qələmə and içilir. Kəlam və qələmə sahib çıxıb onun bütün ağırlığı və sorumluluğu ilə daşıyanlar isə həmin qutsallığın carçısı və hər zaman anılan yolcularıdırlar. Bütün ölkələr və xalqlarda olduğu kimi, Azərbaycan xalqında da şeir və ədəbiyat dini, əxlaqi, fəlsəfi, etnik, ictimai və siyasi baxımdan önəmli yer tutur və həmin yöndən yanaşanlar-yazar və şairlər bütün bunları göz önünə alaraq bunca əzab və əziyəti üstlənirlər.

 

Ölkənin bütöv ədəbi varlığı ilə yanaşı, onun bəzi bölgə və şəhərləri daha böyük əhəmiyyət və ehtiyata möhtac olduqları halda, sahib olduqları stratejik durumdan asılı olaraq da özünəməxsus yaradıcılar tələb edir. Örnəyin, Bakı və Sumqayıt şeirinin tutumu, habelə havası Laçın və Şuşa sənəti ilə nə qədər ayrıcalıq təşkil edirsə, Təbriz və Urmu-Zəncan şeir yaradıcılığı da bir o qədər düşündürücüdür. Ona görə də belə şəhərlərin şair və yazarlarını götür-qoy edib əsərləri ilə uğraşmaq özünəməxsus yöntəm, yerinə uyğun bilik və axarına düşkün dünya görüşü istər.

 

Bundan öncə "Sözdən asılan arzular" kitabını oxuyarkən, doğub böyüdüyüm möhtəşəm Təbriz şəhərini yenidən tanıdığım kimi, bu gün də gözəlim Urmunun şairlərini bir araya gətirən kitabını oxumağım məni bir daha o bölgənin nə qədər önəmli və nə qədər dəyərli olduğu dünyaya götürdü. İyirmi il bundan öncə o şəhərə gedib orada ilk dönə olaraq "Türk dili və ədəbiyatı" məktəbi təsis edib tələbə qəbul etdiyim günlərin dəyərini bir daha da xatırlatdı mənə həmin əsər. Belə bir dərin və bilimsəl mövzunu görmək, yaxud görüb düşünmək də hər bir bilim adamı və qələm sahibinin payına düşməz. Sevimli dostum, dəyərli qələmdaşım, qeyrətli vətəndaşım və hətta yaşdaşım olan doktor Esmira xanım Fuad, məsələyə hər kəsdən daha ciddi və daha sorumlucasına baxdığı için bu dediklərimlə ilgilənmişdir.

 

İki yaxın şəhərin iki ayrıca ədəbi çevrəsini göz çənbərinə alıb da güllərini göz çeşməsi ilə sulamağa can atan dostum, bölgə və yerəl şairlərin ayrı-ayrı il və yerlərdə söylədiyi etnolojik-toplumsal düşüncələrini bir araya gətirib oxucu kütləsinə təqdim etməsi həm ədəbi, həm bədii, həm də ulusal baxımdan təqdirəlayiq bir davranışdır. Urmu ədəbi çevrəsi özəl olaraq da keçən qırx il boyunca elə bir dəyişim və uçuşa malik olmuşdur ki, onu bir neçə yüz il ilə qarşılaşdırıb incələmək mümkün deyildir. Bu şəhərdə rəhmətlik Şaminin xalq dili, el ağzı, peşəkar əməkçi sənəti o qədər yayğın və gönül oxşayandır ki, həmin şəhərdə bir az da qərib yaşayan Kərim Güləndamın elmi, fəlsəfi, siyasi, ictimai və ədəbi dilinin xalqa təqdim etdiyi düzgün və çağdaş Azərbaycan türkcəsini bütövləşdirir.

 

Urmu şəhərinin indiki durumu, Urmu gölünün son illərdə quruyub boz qır və duzlu çölə dönməsi bir tək Urmu şairlərini deyil, bütün Azərbaycan şairlərini düşündürmüşdür. Buna görə də ölkənin hər bölgəsindən şair səsləri bu xalqın ortaq səs, birgə görüş və iç-içə sancısını göstərmişdir. Sayın Esmira xanım həmin dağınıq, amma ortaq ruhlu əsərləri toplayıb sonra da onların çızdığı yolda yürüməklə, həm Azərbaycan, həm də Türk dilinə böyük qulluq etmişdir. Esmira xanım Fuadın Güney sevdası onun dəyərli zamanını alsa da, onun boynuna asılacaq şərəf madalyasını da özü ilə birgə gətirmişdir. Fəqət bu madalyanı ona bu bölgə, ya da o bölgədə hökm sürən dövlətlər deyil, elmi-ədəbi xadimlərini içdən tanıyıb sayğı duyan ellər verəcəkdir.

 

İranda şah sistemi hakim olduğu zamanlar Urmu xalqını "Siz farscanı daha gözəl danışırsınız..." deyə şişirib abardanlar, bu xalqın mənəviyətinə göz dikən naməhrəmlərdi və belə aldatmalarla şəhərin həqiqi kimlik və tarixi mənliyini yox etməyə çalışırlardı. Geçən qırx ilin içərisində mən özüm də daxil, bir çox şair və yazarlar həmin sayğısızlığı ortadan qaldırıb şəhərin özünə aid olan kültür və ədəbi dilini geri qaytarmaq uğrunda çox, ama çox böyük mücadilə və unudulmaz əmək vermişlərdi.

 

Esmira xanımın Urmu görüşü, vətən dərdi, elmi baxışı və vətəndaşlıq haqqı, habelə görəvi də bunu icab edər, belə bir yolu seçməyi gərəkdirirdi. Əsərdə elə şairlər ön plana çəkilib oxucuya təqdim olunmuşdur ki, Urmunun özündə belə onların çoxusu tanınmış və bilinmiş deyil. Yalnız belə bir təqdimatın sonucu həmin gənc şairlərin bir tür umud qaynağı olmuş və gələcək günlərinə işıq tutmaq için ömür günəşinə çevrilmişdir ki, bunun da tək səbəbkarı Esmira xanım Fuaddır.

 

Könül istər ki, Azərbaycan elm və kültür mərkəzləri dəyərli alim Esmira xanımın elmi-ədəbi çalışmalarını göz önünə alaraq, onun bu böyük işini yüksək qiymətləndirsinlər və gərəkən dəyəri verməklə sayın elm xadimini daha başarılı addımlar atmağa təşviq etməklə yanaşı, olduğundan artıq elmi-milli məhsullar ortaya çıxarmasına yol açsınlar.

 

Sayğı və sevgilərimlə!

 

Ali DAŞKIN

Professor

Təbriz şəhəri, 2017.

 

525-ci qəzet  2018.- 17 yanvar.- S.8.