"Mən elə maestroyam
ki..." – Esse
RƏSUL RZANIN
"RƏNG"LƏR MELODİYASINDA SÖZLƏRİN
RƏNGİ VƏ RƏNGLƏRİN MUSİQİSİ
BARƏDƏ DÜŞÜNCƏLƏR
(Əvvəli ötən sayımızda)
"ÇƏHRAYI"
"...Xoş ətirli yarpaqlar -
qızılgül tufanı".
...İtalyan bəstəkarı
Vittorio Montinin "Çardaş", alman bəstəkarı Feliks Mendelsonun "Skripka və simfonik orkestr üçün konsert"i, ispan skripkaçısı və
bəstəkarı Pablo de Sarasatenin
"Əndəlüs serenadası",
skripka və simfonik orkestr üçün "Qaraçı
təranələri".
Bu əsərləri bütün
romantik vüsəti və coşqunluğu, ritmik özünəməxsusluğu,
virtuoz mükəmməlliyi
və böyük konsert füsunkarlığı
ilə çalmaq şərəfi hər ifaçıya nəsib olmur.
Əməkdar artist, tarzən Həmid
Vəkilovun çalğısında
onun yaradıcılıq
simasının ən
ümdə şərtlərini - musiqi fakturasında psixoloji xarakteri dolğun əks etdirməsini, emosional xüsusiyyətləri
konkret və düzgün formalarda verməsini, parlaq ifadəliliyi, virtuoz ifanın müstəsna zənginliyini, harmonik dilin koloritini, tarın bütün pərdələrinin ifadə
imkanlarını nümayiş
etdirmək cəhdini görürük.
O, "yaradıcı sənətkar
kimi təkcə muğam ifaçılığnda
deyil, ifa etdiyi bəstəkar əsərlərinə yaradıcılıqla
yanaşaraq onları necə deyərlər
"tarlaşdırıb" təfsir edir". Bu baxımdan tarzənin ifasında
"Qaraçı təranələri"nin
interpretasiyasına diqqət
yetirin. Burada siz tarzən
tərəfindən həmin
əsərin bədii
və texniki imkanlarının tar alətində
necə zövqlə,
dolğun səslənməsinin
şahidi olacaqsınız.
Əsərdə Həmid Vəkilov
sağ və sol əlin sinxronlu səslənməsi ilə
bərabər xırda
ölçülü ritmik
passajları skripkada olduğu kimi eyni həcmli diapazonda - bütöv şəkildə (tarda bir oktava aşağıdan
başlamaq şərti
ilə) maraqlı pozisiya və rəngarəng ştrix ardıcıllığı ilə
təfsir edir.
Tarzənin ifası bu əsərə
qulaq asan hər kəsi onu maraqla dinləməyə
sövq edir.
Çünki tarzən əsərin
formasını, lirik-emosional,
virtuoz xüsusiyyətlərini
tar alətinin simasında
maksimum dərəcədə
təfsir etməyə
müvəffəq olur.
Əsərdə maraqlı cəhətlərdən
biri də odur ki, Həmid
mizrablı alətlər
ustası kimi burada da tarın
texniki və bədii imkanlarının
yeni səciyyəvi formada səslənməsini
nümayiş etdirib. Tarzən
yeri gəldikdə tarda flojelet üsulundan (üsulun bariz nümunəsinə V.Montinin "Çardaş"
əsərində də
rast gələ bilərsiniz) rəvan və səlist şəkildə istifadəyə
nail olur.
Şüura, idraka, məntiqə əsaslanan ifanın özülünü dərin
ifadəlilik təşkil
etdiyi üçün
çoxelementli struktura
malik tutumlu və əhatəli çalğıda məntiqi
təfəkkür, daxili
ahəng, səs rəngarəngliyinin müxtəlifliyi,
zənginliyi, əsl dramatizm və parlaq obrazlı qarşılaşdırmalar dinləyicini
valeh edir.
Tarzən
sanki rəssamsayağı
əsrarəngiz mizrab
palitrasının əlvan
çalarları sayəsində
musiqidə işlətdiyi
cizgilərlə, yaratdığı
bitkin, melodik ifadələrlə - lad-intonasiya
boyalarıyla obrazın:
klassik əsərin məna və mətləb zənginliyinin
ahəngdarlığını, harmoniyasını yaradır.
Bu zaman fikrinin pəncərəsi olan göz bəbəklərində
nələri canlandırmır?
Bəlkə də bu virtuoz ifaçılıq
məziyyətləri, müxtəlif
səs bəzəkləri,
məna və fərq incəlikləri yaratmaq ustalığı klassik əsərlərin məntiqinə son dərəcə
uyğun olduğu üçün Həmid Vəkilovu "ştrix (mizrab) müğənnisi"
də adlandırmaq olar.
Coşqun şövqlə çalınan
bu not əsərlərinin
bədii sadəliyi, ifa tərzinin aydınlığı, ürəklə
texnikanın, hisslə
ustalığın harmonik
vəhdəti, musiqi cümlələrinin dolğunluğu,
xüsusilə barmaqların
işlətdiyi mizrabların
dinamizmi "musiqini gözlə eşitməyə"
şərait yaradır.
Bəlkə də bu ondan
irəli gəlir ki, ifaçının sağ və sol əl texnikası, çalğı üslubu
saysız-hesabsız, zəngin,
gözəl və valehedici xallar toplusu ilə son dərəcə yüksək
bədii səviyyədə
bir-birini tamamlayır.
Tarzənin gəzişmələrinə, özümlü xallarına,
ən münasib, ən müvafiq vasitə və ifadə yollarını seçib işlətmək
məharətinə, pərdələrin
məlahətli tembrinə
heyran qalmamaq mümkün deyil: melodiyanın sintezi, qırılmaz məntiqi əlaqəsi, ifada yaranan vahid ansambl
duyğusu...
"MAVİ"
"Gözlərin dincliyi.
İnsan düşüncələri".
...Mərdlik, cəsurluq xarakteri daşıyan
"Rast" simfonik muğamı.
Maestro Niyazinin monumental əsəri.
Xalq musiqisinin
klassik muğam janrının görkəmli
bəstəkarın yaradıcılıq
süzgəcindən keçirilib
sanballı simfonik inkişaf mərhələsinə
yönəldilməsinin parlaq
nümunəsi.
Asta müqəddimə
ilə başlayan və güclü emosional təsir qüvvəsi ilə səslənən "Rast"ın
zəngin melodiyası,
məftunedici mahnı
(təsnif) və zərif rəqs (rəng) epizodları bahar sularının həzin nəğməsi
kimi ürəklərə
axır.
Sonrakı inkişaf mərhələlərində
təsirli düşüncələrlə
qəhrəmanlıq, incə
lirika ilə sonsuz sevinc, dərin qüssə ilə coşqun şadlıq motivləri bir-birini əvəz edir.
Gözəl tembr "nəqşləri"
ilə zinətləndirilən
səslər içərisində
tez-tez solo çalan fleytanın, qaboyun və klarnetin səsləri seçilir.
Simfonik muğamın
giriş hissəsi xalq musiqisi ənənələri
üzərində qurulan
kadensiyalarla tamamlanır.
Əsərin ana şöbəsi olan "Maye" şöbəsi. Sonra ritmik baxımdan
"Rəng" funksiyasını
yerinə yetirən dəqiq səs düzümü.
Musiqinin inkişafı kulminasiyaya doğru gedir və impovizasiya sərbəstliyi "Vilayəti"
guşəsində yeni
bir qüvvə ilə təcəssüm edir.
Emosional
gərginlik çox maraqlı imitasiya (təqlid) üsulu ilə, fleytaların, simli alətlərin, arfanın və fortepianonun tez-tez ara verən
passajları vasitəsilə
yaradılır. Tarın səciyyəvi
iti səslənməsi
ustalıqla verilir.
Muğamın "Təsnif"inin lirik-təsirli melodiyası
incə harmoniya "hörgüsü" və
orkestr "qiyafəsi"
ilə dərin təsir bağışlayır.
"Şikəsteyi-fars" şöbəsində isə
tamam başqa emosional atmosfer yaranır.
Bu şöbənin ardınca
"Yar bizə qonaq gələcək"
adlı məlahətli
xalq mahnısı üstündə tərtib
olunmuş koloritli
"Rəng" gəlir. Bu zaman mahnının mövzusu formaca dəyişdirilir və aydın ifadə olunan rəqs xarakteri kəsb
edir.
Simfonik muğamın
kulminasiya hissəsi
"Əraq" şöbəsində
bərqərar olur.
Bu zaman orkestrdəki bütün səslərin
rəngarəngliyini və
gözəlliyini özündə
birləşdirən və
Niyazi musiqisinin möcüzəsindən yaranan
şaqraq, nikbin melodiyalar birləşib əzəmətli, gur səsli simfoniyaya çevrilir:
Məftunedici "Rast" simfonik
muğamına...
"TÜND
QƏHVƏYİ"
"Yanmış ürək...
Dəryalarla göz yaşı...
Gülən, ağlayan
insan, insan, insan".
..."Dügah" (bir
adı da "Zəmin-xarə"dir). Son dərəcə yanıqlı
və təsirli könül nəğməsi.
Bəlkə də bu keyfiyyətlər
şöbənin adının
mənası ilə bir tamlıq təşkil edir. "Zəmin-xarə" qayalıq
yer, tikanlı torpaq deməkdir.
Onun melodiyasının
qəmgin, yanıqlı
olmasının nəticəsidir
ki, adətən çox zaman mərsiyə, minacat və başqa dini musiqi nümunələri
"Zəmin-xarə" üstündə
oxunur.
Və
"səsi insan səsinə yaxın olan" Qərb musiqi aləti qaboyun Azərbaycan dilində danışan ecazkar və məftunedici ləfzi...
Yüksək duyumlu, könüloxşayan,
qəlbə sirayətedici
melodiyalarda pörşələnən,
alışıb yanan
sənətkar ürəyi.
Xalq artisti Kamil Cəlilovun özünün çalan,
nalə çəkib
fəryad edən ürəyi və onun yaratdığı ən böyük musiqi möcüzəsi.
Bu çalğıdakı ahəng
əlvanlığı insanı
qanadlandırır, dəqiqələrcə
özündən ayırır
və onu çəkib əsrarəngiz
bir aləmə aparır.
Sinəsi
od tutub
alışan bu çalğı bizi təkcə yandırmır,
həm də dərin düşüncələrə
qərq edir. Özü də necə düşüncələrə?
İnsanı artlayıb təmizləyən,
saflaşdıran, xəyallarını
yüksəldən, könülləri
böyüklüyə, xeyirxahlığa
səsləyən, onu
həyata böyük
bir məhəbbətlə
bağlayan mehriban,
həzin düşüncələrə!
Siz deyin, bu, ilahidən
gələn "sənət
qüdrəti, sənət
ehtişamı" deyilsə,
onda bəs nədir?
Elə bil Ulu Tanrı qaboyu Kamilə ona görə göndərib ki, xalq artisti Şövkət xanım Ələkbərovanın sözünün qüvvəti: "bu zalım... ürəyinin yanğısı ilə bu xalqı qırıb-çatsın. Bu xalqa heç yazığı da gəlməsin".
"Kamil qardaş, mən öləndə tabutum önündə bir "Segah" çalsan, məni cənnətə göndərmiş olarsan!" Bu sözlər də xalq artisti Rübabə Muradovaya məxsusdu.
Rübabə xanım dünyasını dəyişən günü onun tabutu önündə təkcə "Segah" muğamı çalınmadı. Həm də qəmgin, dalğın, pərişan "Bayatı kürd" muğamı və nisgilli, həzin "Qaragilə" mahnısı çalındı.
Rübabə xanımın ölümü həmin gün qaboyu ağlatdı, qaboy da mərhumla vidalaşmağa gələnləri. Və... qaboy Rübabə xanımı elə Aktyor Evinin binasından birbaşa cənnətə yola saldı...
...Səsliklər Kamilin barmaqlarında bir-bir örtülüb açıldıqca, bu barmaqların qəlbin gözlərinin gördüyü titrəyişlərlə, çırpıntılarla yaratdığı "ayrılı xallar" bir yönümdə və düzümdə canlandıqca Rəsul Rzanın qaboy nəğməkarı ilə bağlı yazdığı sözləri xatırlayıram:
"İnsan, sən nə qədər böyük, necə qüdrətlisən! Bu ölümsüz əsəri yaradan insan, onu qəlbində, zehnində qoruyub saxlayan insan! Eşq olsun sənə!
Bu nadir sənət əsərini nəfəsi ilə, barmaqlarının hərəkəti, qəlbinin hərarəti ilə canlandıran insan nə bəxtiyardır!"
Qaboyçu Kamil Cəlilov məhz belə bəxtiyar sənətkardır!
Bu, ilahidən gələn bir səsdir!
(Ardı var)
Rafiq HACIYEV
525-ci qəzet 2018.- 18 yanvar.- S.6.