Cümhuriyyət qurucuları - Azərbaycan
Cümhuriyyəti – 100
QARABAĞIN
GENERAL-QUBERNATORU XOSROV BƏY SULTANOV
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
(Əvvəli 9 yanvar sayımızda)
Xosrov bəy Sultanov Təbrizdə və Xoy şəhərlərində
olmuş, burada məskunlaşmış azərbaycanlı
mühacirlərlə görüşmüşdü.
Bu mühacirlərin əksəriyyəti
İran administrasiyasında,
yaxud orduda xidmətə başlamışdılar. Xoy şəhərində
Təbrizdə olandan da çox-üç yüzə qədər mühacir ailəsi yaşayırdı. Bu insanların çoxu Müsavat tərəfdarları
idi və İstanbuldan aldıqları
"Yeni Qafqasya" jurnalını Azərbaycana
çatdırırdılar.
1924-cü
ilin 21 noyabrında X.Sultanov Təbrizə gəlir və burada İ.Sultanovla, B.Qarabağlı ilə görüşür, yığıncaqlar
keçirir və belə məlumat verir: "Dağılmış
Müsavatdan yeni partiya yaradır: "Azərbaycan Milli Demokratik Respublika Partiyası".
X.Sultanov toplantıda bu partiyanın gürcü milli-demokratları və dağlılarla Qafqaz Konfederasiyası əsasında
razılaşdıqlarını, bu Konfederasiyanı isə İngiltərə
və Polşanın müdafiə etdiklərini
söyləmişdi. O, inamla
bildirmişdi ki, SSRİ-də tezliklə dəyişiklik olacaq, yaxud ora hücum
ediləcək və situasiyada azərbaycanlılar
hazır olmalıdırlar.
X.Sultanov müsavatçılarla
fikir ayrılığının
səbəbini belə
izah etmişdir: müsavatçılar yalnız
Türkiyə istiqamətinin,
o isə Avropa xəttinin tərəfdarıdır.
X.Sultanov belə izahat da vermişdi ki, türklər (Türkiyə) öz daxili işləri ilə çox məşğuldurlar və
Sovet Azərbaycanından
ötrü SSRİ ilə
mübarizə aparmaq istəmirlər. İngiltərənin isə Qafqazda
öz maraqları var.
Polşa SSRİ ilə
gələcəkdə baş
verəcək müharibədə
Qafqaz Konfederasiyasını
müttəfiq kimi görmək istəyir.
X.Sultanov
1924-cü ilin 6 dekabrında Tehrana gedir, İran hökumətinə Şimal-Qərbi
diviziyanın tərkibində
Qafqaz mühacirlərindən
ibarət dəstə
formalaşdırmaq, Sovet
dövlətində daxili
vəziyyət kəskinləşərsə,
ondan istifadə etmək təklifini irəli sürmək istəyir. Bu danışıqların
uğurlu olacağı
təqdirdə Polşadan
silah alıb İran Azərbaycanına
gətirmək mümkün
olacaqdı.
Lakin X.Sultanovun
bu layihələri reallaşmadı və Sovet hökuməti İrana müvafiq təzyiqlər göstərməyə
başladı.
Qeyd edək
ki, X.Sultanovla M.Ə.Rəsulzadə arasında
şəxsi münasibətlərdə
müəyyən problemlər
yaşanırdı. Bu da mühacirət həyatının ağır
şərtlərindən irəli
gəlirdi və bu ziddiyyətlərdən
isə OQPU kəşfiyyatçıları
faydalanmağa çalışırdılar.
Təsadüfi deyildi ki, Qafqaz Konfederatorları Birliyi Komitəsində Azərbaycanı M.Ə.Rəsulzadə
və X.Sultanov təmsil edirdi.
X.Sultanov sonradan Polşada hökumət rəsmiləri
ilə danışıqlar
aparmışdı.
1930-cu ilin aprelin
13-də Sovet Xarici İşlər Nazirliyi İran nümayəndəliyinə
azərbaycanlı üsyançı
dəstələrin İran
Azərbaycanı ərazisində
və Sovet-İran sərhəddində baza yaratmağından narahatlığını
bildirdi və Tehranı Azərbaycan partizanlarının fəaliyyətinin
qarşısını almamaqda
günahlandırdı. Həmin ilin
mayın 24-də Moskvadakı
İran səfirliyinə
yeni bir nota verildi və burada müsavatçıların
Təbrizdə, Ərdəbildə,
Astaradakı fəallığından
narahatlıq bildirildi.
1931-ci ildə Sovet qoşun hissələri azərbaycanlı
üsyançı dəstələri
məhv etmək məqsədi ilə Araz çayını keçib İrana daxil oldu və
çoxlu mühacirləri
həbs edib və öldürüb sıradan çıxardı.
Beləliklə, İranda olan mühacirlərin vəziyyəti
olduqca pisləşdi. Azərbaycandan gələn azərbaycanlıların
maddi durumu isə çox ağır idi. 1930-cu ilin 10 sentyabrında
Azərbaycan diplomatik nümayəndəliyi Parisdə
Millətlər Liqası
Assambleyasından həmin
ağır vəziyyətdə
yaşayan qaçqınlara
maddi yardım göstərilməsini xahiş
etmişdi.
1931-ci ilin dekabrında X.Sultanov bununla əlaqədar Ə.M.Topçubaşova
yazırdı: "Vətəndə
və İranda hansı dəhşətlərin
törədilməsi, həmvətənlərimizin
hansı sıxıntılara
məruz qalması təsvirə belə gəlməz. İran həbsxanaları azərbaycanlı
mühacirlərlə doludur..."
X.Sultanovun ömrünün sonlarındakı
siyasi fəaliyyəti
ilə bağlı faktlara 1940-cı illərin
əvvəllərində rast
gəlmək mümkündür. Belə ki,
1940-cı ilin əvvəllərində
polyaklar Türkiyə
ərazisində Qafqaz
Konfederasiya Şurasını
yaratmağa çalışırdı.
Bu dövrdə Atatürk dövründən
fərqli olaraq Türkiyə ingilis-fransız
bloku xəttinə meyllənirdi. Yəni Sovet
dövlətinin mühacirlərlə
bağlı müəyyən
təzyiqləri arxa plana keçmişdi və artıq İkinci Dünya müharibəsinin başlanması
ilə yeni situasiya yaranırdı.
1940-cı
ilin 23 yanvarında Parisdəki Azərbaycan nümayəndəliyinin katibi
A.Atamalıbəyov polyaklara
Qafqaz Konfederasiya Şurasının İstanbul
filialı üçün
iki namizədin adını çəkmişdi:
Mustafa bəy Vəkilli
və Xosrov bəy. Xosrov bəy haqqında bu sözlər yazılmışdı: "Onun
əsli İranla sərhəd olan Cənubi Qarabağdandır.
Bu ailə çoxsaylıdır
və ölkəyə
güclü təsiri
var. Xosrov bəy öz qohumlarının gücünə ölkə
daxilində hərəkət
edə bilər.
O, parlaq, fəal patriotdur".
X.Sultanov 1938-ci ildə Atatürkün dəfn mərasimində Azərbaycan adından Ş.Rüstəmbəyli ilə
birgə rəsmi nümayəndə olaraq iştirak edib.
X.Sultanovun fəaliyyətinin əsas
bir dövrünü də onun Birinci
Dünya savaşı
illərində Rusiya işğalına uğrayan
Türkiyə torpaqlarında
Anadolu türklərinə
göstərilən yardımdakı
fəaliyyətidir.
Məlum olduğu kimi, Rusiya ilə Türkiyə arasında müharibənin başlanması
ilə sərhəddə
yerləşən Batum
və Qars bölgələrinin müsəlman
əhalisi çox ağır vəziyyətə
düşmüşdü. Müharibə başlayanda Qarsda yaşayan erməni əhalisi təcavüzkarlıq
edərək çoxlu
sayda müsəlmanları
qətlə yetirmişdi.
Sərhəd bölgəsində olan Oltu, Tavus,
Qars, Ərdəhan, Gil,
Caldır, Artvin və Ardanuc bölgələrində silahlı
erməni könüllü
dəstələri dinc
əhaliyə qarşı
vəhşiliklər törətmişdilər.
Rusiya hökumətinin oradakı
nümayəndəsi isə
bu qətliama laqeyd yanaşmışdı.
O dövrdə Qars qubernatoru Podqorskinin rəsmi dəvətindən
sonra Bakıdan Ağa Balaquliyev, doktor Vəkilov, Gəncədən Aslan bəy Səfikürdski hadisə yerlərinə getmiş, Sarıqamışda
olmuş, Xorasan bölgəsini gəzib qayıtdıqdan sonra, müsəlmanların çox
acı durumda olması ilə bağlı hökumətə
məruzə təqdim
etmişdilər.
1915-ci ilin noyabrında
qərar verildi ki, "Bakı Cəmiyyəti Xeyriyyələri"ndən
və hökumətin
digər xeyriyyə cəmiyyətlərindən ibarət
bir komitə yaradılsın. Komitəyə Mirzə Əsədullayevin
sədrliyi ilə aşağıdakı heyət
yaradıldı: "Mühəndis
Fətulla bəy Rüstəmbəyov, Həbib
bəy Mahmudbəyov, Behbud bəy Cavanşir və Babayev. Müsəlmanlara yardım etmək
üçün bir heyət göndərilməsi
də qərara alındı. Heyətin təşkili
Bakıda Xosrov bəy Sultanova, Gəncədə isə Aslan bəy Səfikürdskiyə tapşırıldı.
1916-cı ilin martın
16-da 10 nəfər köməkçidən
(Bakıdan Hüseynov,
İlyasov, Mahmudov, Məhəmmədov, Mirzəcamalov,
Vəkilov və Gəncədən Axundzadə,
Şahsuvarov, Nəzərəliyev)
ibarət olan bir heyət X.Sultanov və A.Səfikürdski ilə birgə Qarsa gedir. Onlar buradakı müsəlmanların
vəziyyətinin həqiqətən
ağır durumunun şahidi olurlar. Hökumətin (Rusiya hökumətinin)
buradakı komitəsi
ancaq ermənilərə
yardım edir, müsəlmanları özlərinə
xain hesab edirdi.
Komitənin bu laqeydliyi və qeyri-insani mövqeyindən narazı qalan X.Sultanov iclasda müsəlmanlara yardım göstərilməsinin vacibliyini söyləyir. Onun bu mövqeyindən acıqlanan qubernator: "Nə deyirsiniz, xainlərə yardım etmək istəyirsiniz?" X.Sultanov ona belə cavab verir ki, onların xəyanəti yalnız məhkəmə ilə sübut oluna bilər. Sübut edilməyibsə, deməli, xain deyillər. Belə olduqda, qubernator bölgə rəisinin bu fikri söylədiyini qeyd edir. Qubernatorun bu əsassız cavabından sonra komitənin qərarı ilə X.Sultanov köməkçiləri ilə Ərdəhan müsəlmanlarına yardımı öz üzərinə götürür.
X.Sultanov 1917-ci ildə nəşr edilən "Qardaş köməyi" jurnalında çap olunan "Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi" Hərbzədələrə Yardım Şöbəsinin fəaliyyəti məqaləsində yazırdı: "Onların ümidgah və pənahı ancaq bir Allah idi. Bizim adamlarımız ürəkdə məhəbbət, gözlərində həmdərdlik sirişki və üzlərində qardaşlıq hissi ilə gəldikdə ilk vaxtlar məhəlli əhali çəkmiş olduqları müsibət, görmüş olduqları həqarət və təcavüz edilmiş namuslarına baxaraq, eyni zamanda, qardaş köməyi uzadan əllərin varlığına şad olaraq deməyə söz tapmır, ancaq "Sizi Allah göndərmişdir" deyirdilər. Köməkçilər öz vəzifələrini qorxusuz, böyük fədakarlıq ilə, eyni zamanda da öz hüquq və şərəflərini bilərək yaxşı taktika ilə ifa edirdilər. Allahsız yunanların, ermənilərin və xırda hökumət məmurlarının insafsız əməllərini mənə bildirirdilər. Mən də Qafqaz Hökuməti aliyyəsi ilə Duma Vəkili Cəfərova xəbər verirdim. Müsəlmanlar bir az asudə nəfəs almağa başladılar".
Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat edib, həmin şəhərdəki "Fəriköy" məzarıstanında dəfn olunub.
525-ci qəzet 2017.- 18 yanvar.- S.4.