Aynelin türkoloji axtarışları
Nizami CƏFƏROV
Sovetlər
Birliyi dağıldıqdan sonra çoxəsrlik müstəqillik
ideallarını həyata keçirməyə başlayan
türk xalqları qarşısında xüsusilə öz
dillərinin, ədəbiyyatlarının və mədəniyyətlərinin
obyektiv elmi əsaslarla, daha dərindən öyrənmək
üçün hər cür şərait yarandı ki, bunun
ən diqqətəlayiq göstəricilərindən biri,
fikrimizcə, türkologiyaya yeni araşdırıcılar nəslinin
indiyə qədər görünməmiş bir sürət
və miqyasda axını oldu.
Gənc türkoloq, filologiya üzrə fəlsəfə
doktoru, dosent Aynel Məşədiyeva həmin nəslin ən
səviyyəli, intellektual və məhsuldar nümayəndələrindən
olub bu günə qədər üç monoqrafiya, yüzdən
çox elmi məqalə nəşr etdirmişdir.
Aynel Məşədiyevanın
ilk monoqrafiyası "Türk dillərində ahəng
qanununun formal təsviri" adlanır. Və bu əsər
onun 2004-cü ildə uğurla müdafiə etdiyi namizədlik
dissertasiyasıdır. Mütəxəssislərin yüksək
qiymətləndirdikləri həmin araşdırmadan sonra
Aynel fonetikadan morfologiyaya keçib türk dillərində
feilin təriflənməyən formalarına iki ciddi monoqrafiya
həsr etdi ki, onlardan birincisi
"Türk dillərində feilin feili bağlama formaları
sistemi" (Bakı, 2016), ikincisi isə "Türk dillərində
feili sifətlərin qrammatik statusu və
semantikası"dır (Bakı, 2017).
Hər
iki monoqrafiyanın elmi redaktoru görkəmli türkoloq,
akademik Tofiq Hacıyevdir.
Əlbəttə,
belə düşünülə bilər ki, türk dillərində
feilin təsriflənməyən formaları barədə xeyli
tədqiqat işləri mövcuddursa, bu monoqrafiyaların elmi yeniliyi nədən
ibarətdir?
Fikrimizcə,
Aynel Məşədiyevanın, ümumiyyətlə,
türkoloji axtarışları ən azı üç
mühüm cəhətinə görə əvvəlki tədqiqatlardan
bu və ya digər dərəcədə fərqlənir:
a)
müxtəlif türk dillərinə, onların bir sıra
dialektlərinə aid müvafiq materialın bütün zənginliyi,
uyğun və fərqli cəhətləri ilə üzvi bir
şəkildə əhatə edilməsi, yəni elə bir əhatəlilik
ki,
araşdırıcını "məcbur" edir ki, əvvəlcədən
müəyyənləşmiş populyar (və bir sıra
hallarda populist) prinsiplərə və ya təxminlərə
deyil, zahirən pərakəndə görünən, mahiyyət
etibarilə isə mükəmməl sistem təşkil edən
çoxlu sayda dil faktı üzərində peşəkar
müşahidələrdən irəli gələn obyektiv qənaətlərə
əsaslansın;
b)
dilçilik elminin tədqiqat metodlarına kifayət qədər
dərindən bələdlik və xüsusilə tarixi-
müqayisəli metodun müasir
yaradıcı düşüncə səviyyəsində tətbiqi
texnologiyalarından effektli
istifadə məharəti;
c)
mövzu ilə bağlı, demək olar ki, bütün əsas
ədəbiyyatın (nəzərə alaq ki, bu ədəbiyyatı
nəinki dərindən öyrənmək, hətta onunla sadəcə
tanış olmaq üçün bir sıra dilləri bilmək
lazım gəlir) tədqiqata cəlb
olunması və başlıcası, həmin ədəbiyyatdakı
müxtəlif mülahizələrə
analitik yanaşılması.
Bu cəhətlər
Aynelin təkcə monoqrafiyalarını, müxtəlif dillərdə
(və ölkələrdə) yayınlanmış
çoxsaylı məqalələrini deyil, ümumən tədqiqatçı
təfəkkürünü xarakterizə etdiyinə görə,
əlbəttə,
bütövlükdə əlamətdar hadisə olub gənc
tədqiqatçının axtarışları
timsalında milli türkoloji
düşüncənin perspektivlərini təsəvvür
etmək baxımından da az maraq doğurmur.
"Türk
dillərində feili sifətlərin qrammatik statusu və
semantikası" monoqrafiyası
biri digərilə metodoloji baxımdan sıx
bağlı olan üç mövzu-problemi əhatə edir
ki, onlardan birincisi feili sifətlərin qrammatik statusunun müəyyənləşdirilməsi,
ikincisi həmin dil hadisəsinin struktur-semantik xüsusiyyətlərinin
aşkarlanması, üçüncüsü isə
qeyri-standart feili sifət formalarının çeşidlənməsidir...
İnamla demək olar ki, müəllif hər cür
mövzu-problemi nəinki bütün detalları ilə
araşdırmağı bacarmış, həm də gəldiyi nəticələri
sistemli bir şəkildə ümumiləşdirə
bilmişdir.
Gənc
türkoloqun tədqiqatçı-metodoloq ustalığı
özünü "Türk dillərində feilin feili
bağlama forma-sistemi"ndə də göstərir. Burada əvvəl
türkologiyada feili bağlamaların öyrənilməsi
problemi araşdırılmış, sonra müasir türk
dillərindəki qrammatik təzahür xüsusiyyətləri
tədqiq edilmiş, daha sonra isə feili bağlama da daxil
olmaqla ümumən feilin təsriflənməyən
formalarının bir sıra spesifik şəkilçilərinin
müfəssəl tarixi-müqayisəli təhlili aparılmışdır.
Hər
iki monoqrafiyada Aynel Məşədiyevanın əsaslandığı
araşdırma metod-texnologiyasını təxminən
aşağıdakı şəkildə təsəvvür
etmək olar:
- ilk
növbədə, türkologiyada feilin təsriflənməyən
formaları barədəki təsəvvürlərin komplektləşdirilməsi;
- ikincisi,
həmin dil hadisələrinin ayrı-ayrı müasir
türk dillərindəki qrammatik-semantik statusunun müəyyənləşdirilməsi;
-
üçüncüsü, türk dili (və dilləri)
tarix
inin
verdiyi material əsasında fonomorfoloji müqayisələrin
aparılması.
Və bu
təhlil üsulu müəllifə imkan verir ki, türk dillərində
feilin təsriflənməyən formalarının həm məzmun, həm də forma
planında kifayət qədər mükəmməl funksional
sxemini və ya tarixi-müqayisəli
"xəritə"sini tərtib etsin. Belə bir sxem və
ya "xəritə", görünür, praformaların
daha dəqiq bərpasına da yardım edərdi.
"Türk
dillərində feili sifətlərin qrammatik statusu və
semantikası" monoqrafiyasına
yazdığı ön sözdə professor Sevil Mehdiyeva
göstərir ki, "tədqiqatın predmetinə gözəl
bələd olan A.Ə.Məşədiyeva özündən əvvəlki
türkoloqların baxışlarına tənqidi yanaşaraq,
müasir türk dillərində
feili sifət formalarının mənşəyinə dair
öz hipotezlərini təqdim edir".
Və belə
bir qənaətə gəlir ki, monoqrafiya "türk dillərində
feili sifətin müqayisəli-tarixi aspektdə hərtərəfli
tədqiqi sahəsində birinci əsərdir".
Ümumiyyətlə,
Aynelin türkoloji axtarışları ilə
tanışlıq deməyə əsas verir ki, onun
monoqrafiyalarının
adlarında "sistem", "status" və
"semantika" söz-terminləri təsadüfən
işlənməmişdir. Müəllif ənənəvi tədqiqat
üsulları ilə gəlinmiş nəticələrə
yenidən nəzər yetirməklə yanaşı, həm təsviri,
həm də tarixi-müqayisəli metod daxilində feilin təsriflənməyən
formalarının qrammatik semantikasını modelləşdirməyə,
dil sistemi tərkibində dəyər statusunu dəqiq sxemləşdirməyə çalışmış,
başlıcası isə, diaxroniyada sinxronluğu, sinxroniyada
isə diaxronluğu aydın konturları ilə
aşkarlamağa nail olmuşdur.
Professor Məsud
Mahmudov "Türk dillərində feilin feili bağlama
formaları sistemi" monoqrafiyasına ön sözdə
yazır: "A.Ə.Məşədiyevanın
monoqrafiyasının aktuallığı ondan ibarətdir ki,
feili bağlama şəkilçilərinin sinxron- diaxron təsviri
onların inkişaf tarixinə işıq salır. Türk
dilləri feili bağlamalarının sinxron-diaxron planda
öyrənilməsi müasir türk dillərində feilin
şəxssiz formalarının müqayisəli və tarixi
aspektlərdə sistemli tədqiqini stimullaşdırır".
M.Mahmudov
onu da əlavə edir ki, araşdırmanın nəticələri
"müqayisəli-tarixi tədqiqatın ümumi nəzəriyyəsinin
hazırlanmasında istifadə oluna bilər".
Doğrudur,
bu, gənc türkoloqun əsərlərinə verilən həddindən
artıq yüksək qiymət təsiri bağışlaya bilər,
ancaq Aynelin axtarışları
məzmun-mündərəcə etibarilə həm indidən
belə bir qiymətə layiqdir, həm də onun miqyaslı
(və monoqrafik) yaradıcılıq debütləri deməyə
imkan verir ki, gənc tədqiqatçı Azərbaycan
türkologiya elmini bundan sonra daha dəyərli əsərlərlə
zənginləşdirəcəkdir.
525-ci qəzet 2018.- 18 yanvar.- S.7.