Anarın 80
yaşına...
PƏRVİN
Akif Rəfiyev ədliyyə generalıdır. Uzun illər
öz sahəsində ən müxtəlif vəzifələri
tutub. Hələ sovet dövründə
Zaqatala, Sumqayıt, Mingəçevir kimi şəhərlərin
prokuroru olub. Daxili işlər nazirinin
müavini vəzifəsinə kimi yüksəlib.
Daha sonralar isə ədliyyə nazirinin müavini vəzifəsində
çalışıb. Respublikanın Əməkdar
hüquqşünasıdır. Böyük
Rəfibəylilər nəslinin nümayəndəsidir.
Yəqin elə ona görə də Akif müəllimi
həm də söz adamı kimi qəbul edirik. Rəfibəylilər
haqqında verilişlərdə də, öz sahəsinə
aid müsahibələrində də Akif müəllim sadəcə,
hüquqşünas kimi yox, həm də sözü, ədəbiyyatı
dərindən duyan, hiss edən ədəbiyyatçı kimi
danışır. Şübhəsiz, bu, onun aid
olduğu nəsildən, genlərindən gəlir. Amma özü bunu həm də yazıçı
Anarla bağlayır. “Anarla sadəcə,
qohumluğum yox, həm də dostluğum mənim
dünyagörüşümə çox təsir edib” -
deyir. Anar müəllim Akif Rəfiyevin yubileyinə
yazdığı “Ağsaqqal nüfuzu” adlı məqaləsində
onu nəslin ağsaqqalı, təəssübkeşi
adlandırır, həm də nə qədər vətənpərvər
adam olduğunu vurğulayır. Doğrudan da, elə internetdə kiçik bir
araşdırma Akif müəllimin Rəfibəylilər nəsli
ilə bağlı böyük işlərini göstərir.
Çəkilən filmlərdə
çıxışları, müsahibələri göz
önündədir. Amma çoxlarının bilmədiyi,
xəbərsiz olduğu daha ciddi işlər var. Anar müəllim
“Ağsaqqal nüfuzu” adlı məqaləsində yazır:
“Çox mühüm vətəndaş mövqeyiylə bir
sırada Akif nəslin
ağsaqqalı zirvəsinə də yorulmaz və nəcib
işləriylə yüksəlib. Başıbəlalı nəslimizin
sürgünlər, məhbəslər, edamlar və
mühacirət əzablarıyla dolu tarixini arxiv sənədləri,
yaşlılarla söhbətləri, şəxsi xatirələriylə
əsaslandıran Akif topladığı faktlar, məlumatlar,
şəhadətliklərlə
Rəfibəylilər haqqında dəyərli kitab
yazmış akademik Rafael Hüseynovu da həvəsləndirdi və müəllif
əsər üzərində işlədiyi müddətdə
daima ona mənəvi dəstək
verdi”. Əslində, bəlkə də, ən
böyük vətənpərvərlik ailədən, nəsildən
başlayır. Təəssüf ki, dəyərlərin
sürətlə adiləşdiyi, itdiyi çağdaş
zamanda belə insanların da sayı azalır. Ona görə Akif Rəfiyev qəzetimizə
Anarın yubileyi ərəfəsində onun haqqında
söhbət etmək istədiyini bildirəndə fürsəti
əldən vermədim. İllərdir ki,
araşdırdığım yazıçı haqqında nə
deyəcəkləri mənim üçün çox
maraqlı idi. Uzun və maraqlı söhbətimizdə
isə vacib olan o idi ki, Akif müəllim Anarın qohumu kimi
yox, həmdərdi kimi, silahdaşı kimi, bəlkə əslində,
daha çox sadiq oxucusu kimi danışırdı...
Universitet
illəri
Mənim ulu babam Qəhrəman bəy Anarın ulu
babası Ələkbər bəyin doğma
qardaşıdır. Əslində, ulu babalardan danışanda qohumluq bir az uzaq görünür. Amma
qohumluqdan başqa bizi daha sıx tellər bağlayır.
1955-ci ildə indiki Bakı Dövlət Universitetinə daxil
olmuşuq. Mən Hüquq, Anar Filologiya fakültəsinə.
O zamana kimi Nigar xanım, Rəsul müəllim Gəncədə
bizim evdə olmuşdular. Yadımdadır ki, bir
dəfə Ənvər Məmmədxanlı da onlarla idi,
Kislovodska gedirdilər maşınla, yolüstü bir gecə
bizdə qaldılar. Amma Anarı universitetə
girənə kimi qiyabi tanıyırdım. Heç vaxt, heç yerdə demədiyim, amma mənim
üçün unudulmaz bir məqam var. Deməli, o illərdə
birinci kursda oxuyan tələbələr üçün
yataqxana tapmaq çətin idi. Mən də
gəldim Nigar xanımın yanına, xahiş etdim ki, Rəsul
Rza yataqxanada yer ayrılması üçün
tapşırsın məni. Amma Rəsul müəllim
demişdi ki, mən onu tapşırmayacam, hələ şəhərə
alışana kimi yataqxanada qalmasın, gəlsin aylıq kirayənin
pulunu bizdən aparsın, ev tutsun
özünə. Rəsul Rzanın cavanlara
qayğısını, köməyini hamı yaxşı
bilir, nə qədər yazılıb bu haqda. Mən də böyük şairin bu hərəkətini,
köməyini heç vaxt unutmuram. Elə
o vaxt bildim ki, Anar da universitetə qəbul olub, o illərdən
dostlaşdıq. Amma daha da
yaxınlaşmağımız 1959-cu ilin yayında oldu.
O vaxt bir ay Astarada hərbi xidməti bərabər çəkdik.
Bakıya geri qayıdanda əsgərlər
üçün yeri ümumi vaqonda ayırmışdılar.
Anar məni çağırıb dedi ki, “Akif, məndə
pul var, gəl bilet alaq, rahat gedək Bakıya”. Bunu deyib cibindəki
pulların hamısını mənə verdi,
təkcə özümüzə yox, yoldaşlarımıza
da bilet aldıq və qatarla gecə səhərəcən
danışa-danışa, gülə-gülə Bakıya gəlib
çıxdıq. Anarın bu cür yüzlərlə
jestini, ağayana hərəkətlərini yada sala bilərəm.
Mənim həyatımda, taleyimdə mühüm, əhəmiyyətli
anlarda həmişə yanımda olub, yardımını əsirgəməyib...
Amma daha dərin məqam odur ki, Anar sadəcə,
qohumuna, əzizinə, dostuna qarşı yox, ona pənah gətirən
hər kəsə qarşı belədir.
Xalqa
yaxın...
Ən müxtəlif vəziyyətlərdə Anarın
hətta tanımadığı adamlara belə necə həssaslıq
göstərməsini, yardım etməyə
çalışmasını görmüşəm. Bu, məni hər
zaman təsirləndirib. Bu gün dövran
dəyişib, məmur, ziyalı nağıllardakı kimi
qırx qapı arxasında qıfıllanır, heç kəsi
də özünə yaxın buraxmır. Amma fikir verin,
kimsə Anarın iş otağının qapısını
bağlı görübmü? Onun qapısı
heç vaxt bağlı olmur və hər kəsin
üzünə açıqdır. Əslində,
bunun özü də, hamını başa düşmək
xarakteri də böyük yazıçılığın
göstəricisidir. Kiçik bir xatirəm
yadıma düşdü. Bir dəfə
Fikrət Qoca, Anar və mən rayona gedəcəkdik. Vədələşdik ki, səhər tezdən
Yazıçılar Birliyinin qabağında görüşək.
Özü də şənbə günü idi, Fikrət Qoca
ilə mən bir az tez gəlmişdik. Yazıçılar Birliyinin qarşısında
gözləyirdik. Bir də baxdıq ki, bir
nəfər qapını dartır, döyür. Fikrət Qoca çağırıb soruşdu ki, nə
istəyirsən bala, bu gün işləmirik axı.
Oğlan yanaşıb dedi ki, rayondan gəlmişəm, üz
tutmadığım qapı qalmayıb, heç kəs
sözümü eşitmir, soruşmuşam hamıdan, deyirlər
ki, sənə ancaq Anar kömək ola bilər.
Bu, əlbəttə, Anarın həyatında
olan, gündəlik rastlaşdığı minlərlə
situasiyadan biridir. Bilirsiz,
yazıçı, ziyalı milləti üçün öz
sahəsində, əsərlərində faydalı işlər
görə bilər, amma millətə bu qədər yaxın
olmaq, insanlar üçün ümid, inam yeri olmaq sadə məsələ
deyil. Bunu da Anar bacarır. Onun fədakarlığı, özünü yox,
başqalarını düşünməsi heç kəs
üçün sirr deyil. Biz yanında
olan, onunla gündəlik təmas quran adamlar bunu daha çox
müşahidə edirik. Onda çox
sevdiyim bir cəhət də odur ki, heç zaman elə-belə
vəd vermir, əgər hansısa işi həll etmək onun
səlahiyyətindədirsə, mütləq kömək edir
və sözünü birbaşa deyir.
Cəsarətli
ziyalı
Siz gənclər xalqımızın başına gələnləri,
son yüz ildə yaşadığımız olayları əsasən
kitablardan oxuyursuz, televiziya ekranlarında görürsüz. Bizlər isə
bütün bunlarla yaşamışıq, hadisələrin
içərisində olmuşuq. Ona görə
çoxlarının görmədiyi, bilmədiyi, yaxud
unutdurmağa çalışdığı məsələləri
gözümüzlə görmüşük və heç
zaman yaddan çıxarmırıq. Ən
dəhşətli günlərdə, 20 yanvar, Xocalı,
Qarabağ olaylarında Anarın əsl vətəndaş
mövqeyini necə cəsarətlə göstərdiyini
görmüşəm. 20 yanvar vaxtı mən
Daxili işlər nazirinin müavini idim. Anar, Yusif Səmədoğlu,
bir də Çingiz Abdullayev akademiyada oturmuşdular, “Qara
yanvar” kitabını yazırdılar. Mən də
lazım olan materialları - fotoları, faktları onlara
ötürürdüm. İki günə
yazdılar o kitabı.
O çətin
illərdə Anar Moskvada deputat idi, nə zülmlər çəkmirdi
orda. Sözümüzü deyə bilən tək-tək
adamlardan idi. Bütün bu tarixi hadisələr
onun əsərlərinə də təsir etdi. Fikir verin, müstəqillik illərindən sonra Anar
ancaq milli problemlərimizi, tarixi faciələrimizi qələmə
alır. “Otel otağı”, “Vahimə”,
“Ağ qoç, qara qoç” və başqa bu kimi bədii əsərləri,
üstəgəl cildlərə sığmayan esseləri, məqalələri
xalqın dərdlərini, problemlərini əks etdirir. Bu da onu göstərir ki, həmin ağrılı məsələlər
Anarı dinc buraxmır, onu daima düşündürür.
Ən çətin bir vaxtda Anar Amerika konqresmenləri
ilə görüşdə “907-ci düzəliş”ə
etirazını bildirmişdi. Deməli, 1992-ci ildə erməni
lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən
“Azadlığa Dəstək” Aktına qəbul edilən və
Azərbaycana Amerikanın birbaşa dövlət
yardımını yasaqlayan düzəliş idi bu. Anar
konqresmenlərə: “İşğalçı dövlətə
yardım edirsiz, amma torpağının iyirmi faizi zəbt
olunmuş, bu qədər şəhid verən ölkəni
yardımdan məhrum edirsiz” - deyəndə onlar cavab
tapmamışdılar. Bu cür yüzlərlə
fakt var ki, Anar ən müxtəlif kürsülərdən
xalqının sözünü cəsarətlə deyib.
Həm də bunu həm əsərləriylə, tarixləşən
əməlləri ilə, həm də müxtəlif ölkələrdə
çıxışları, müsahibələri vasitəsiylə
edib...
Etibarlı
dost...
Anarın dostlarına qarşı etibarı, diqqəti
ayrıca bir söhbətin mövzusudur əslində. O məni rəhmətlik
Araz Dadaşzadə ilə, Emin Sabitoğlu ilə yaxından tanış etmişdi, onun vasitəsiylə bu
böyük sənətkarlarla dostlaşmışdım. Həmçinin,
Elçinlə də Anarın vasitəsiylə tanış olmuşam. Heç
unutmadığım bir xatirəmi bölüşmək istərdim.
Zaqatalada prokuror işləyəndə Anarla
Elçin, bir də Xəyyam Mirzəzadə ora gənc
yazıçıların seminarına gəlmişdilər.
Mən də evdə gözləyirdim onları.
Axşam düşürdü, gəlib
çıxmaq bilmirdilər, yaman nigaran idik. Bir də gördüm, gəlirlər,
üst-başları su içində. Məlum
oldu ki, bizim milis rəisi Kamandar onları məşhur Zaqatala
şəlaləsinə baxmağa aparıb və
çayı keçəndə sel gəlib, yaxşı ki,
maşının qapılarını açıblar və su
maşının içindən keçib gedib,
maşını sel aparmayıb. Bunu Anar sonra bir məqaləsində
yazdı... Mənim üçün də
unudulmaz gün idi, o cür təhlükədən
çıxıb gəlmişdilər, amma o qədər
deyib-gülürdülər, hətta mənim
paltarlarımı geyinib tədbirdə çıxış
eləməyə də getdilər və yüksək səviyyədə
keçdi hər şey. Bir də
yadımdadır ki, Anarın pyesi Şəki teatrında səhnəyə
qoyulmuşdu, ordan çıxıb Zaqatalaya gəlmişdi.
O vaxt Elçinin “Arxadan vurulan zərbə” filmi çəkilirdi
Zaqatalada, gecə çəkilişləri gedirdi. Anar da gəlmişdi ki, dostlarının yanında
olsun. O vaxt da Anarın dosta həssaslığı məni
təsirləndirmişdi, gecəyəcən bizim evdə
süfrə açdıq, yeyib-içib söhbət elədik
çəkiliş qrupu ilə. Anarın Eminə də, Araza
da, Yusif, Vaqif Səmədoğlu qardaşlarına da,
Elçinə, Fikrət Qocaya da
həmişə necə ürəkdən, həssas
yanaşdığını, sədaqətini
görmüşəm. Bu, hər insana xas olan
keyfiyyət deyil.
Keçmişin
keşikçisi
1981-ci il Anarın həyatında ən çətin
il idi. Atasını və anasını yüz
günün içərisində itirdi. Bunu
“Sizsiz” əsərində çox təsirli şəkildə
qələmə alıb. Amma mənim
üçün, elə hər kəs üçün də
qəribə olan Anarın həmin o çətin zamanda
“Üzeyir ömrü” filmini çəkməsidir. Təsəvvür edin ki, hər cümə
axşamı Bakıya gəlib yas mərasimi verirdi, sonra yenə
Şuşaya qayıdıb çəkilişlərə davam
edirdi. Elə bil Allah Anara bu millətin mənəvi
sərvətini qorumaq missiyası verib. Hələ
sovet dövründə min bir əziyyətlə “Qobustan”
toplusu buraxırdı, hər nömrəyə görə
incidirdilər onu, amma yolundan dönmürdü. İlk dəfə
ikiseriyalı filmin - “Dədə Qorqud”un
ssenarisini yazdı, ssenarini keçirmək üçün nə
qədər zəhmət çəkdi. Demək
olar ki, o, dastanın kodunu tapdı, millətinə hədiyyə
etdi dastanı. Yaxud elə Mirzə Cəlil haqqında
çəkilmiş “Qəm pəncərəsi” filmi,
“Nigarançılıq”, Mirzə Fətəli haqqında
“Sübhün səfiri”, Hüseyn Cavid haqqında “Cavid
ömrü”... Rafael Hüseynovun çox bəyəndiyim
bir fikri var, deyir, “Biz XX əsrdən XXI əsrə Anarla
keçdik”. Mən əlbəttə,
mütəxəssis deyiləm, amma millətinin dəyərlərini
qorumaq, yaşatmaq üçün Anarın gördüyü
böyük işləri elə sadə tamaşaçı
da, oxucu da bilir, dərk edir. Bütün
bunlar onun yenə də sarsılmaz ziyalı mövqeyinin,
böyük yazıçı istedadının göstəricisidir.
Səfərlər...
Anarla birgə çox səfərlərimiz olub. Hər zaman deyirəm ki, Anarla yol gedəndə elə bilirəm, bir ensiklopediya oxuyuram, ya da dərin bir bədii əsər... Anar hərtərəfli zəngin biliyə, istedada malik adamdır. Sanki Anarın bilmədiyi mövzu, sahə yoxdur. Nədən danışsan, ən orijinal, maraqlı fikirləri deyəcək. Ona görə Anarla səfərlər ayrı bir zövqdür. Bilirsiz ki, bizim Rəfibəylilər nəslinin bir qolu da Türkiyəyə gedib çıxır. Orda çoxlu qohumlarımız var. Anar hələ Sovet dövründə gedib görüşmüşdü onlarla. Amma mən işlədiyim sahəylə əlaqədar gedə bilməzdim. Ona görə ilk dəfə müstəqillikdən sonra Anarla birgə getdim, qohumlarımızla görüşdüm. Bu da mənim üçün son dərəcə unudulmaz məqamdır. Bir də onu deməliyəm ki, Anarın Türkiyədə necə böyük sevgiylə qarşılanması məni hər zaman təsirləndirib. Yadımdadır, “Təhminə” filminin İstanbulda Atatürk mərkəzində təqdimatı idi. Mən də yoldaşımla getmişdim. Film bitəndən sonra türk tamaşaçılar Anarı əhatəyə almışdılar, ona böyük sevgilərini bildirirdilər. Hətta əsas rolu canlandıran Meral Konrat o qədər böyük diqqət görmədi orda... Həmişə Anarla səfərdə olanda onun ölkəmizdən kənarda necə nüfuz, söz sahibi olmasından qürurlanmışam. Bütün bunlar onu bir ziyalı etalonumuz olaraq təsdiqləyir.
Gələcəyə doğru...
Bu il Anarın 80 yaşı tamam olur. Hamımız üçün bu il həm də Anar ilidir. Böyük insanların yubileyləri il boyu qeyd olunmalıdır. Ona görə istədim ki, qardaşımın yubileyi ərəfəsində ona aid fikirlərimi sizlərlə bölüşüm. Məncə, Anar xoşbəxtdir, ona görə ki, hərtərəfli sevgiylə əhatələnib. Xalqının sevgisi, oxucularının sevgisi ilə yanaşı, həm də ailəsinin sevgisi, qayğısı ilə. Akademik Zemfira Səfərova ona, az qala, altmış ildi ki, ömür-gün yoldaşıdır, hər anında onun yanındadır, hayanıdır. Çox ağıllı, istedadlı övladları Turalla, Günellə hər zaman qürur duya bilər. Ona görə, məncə, Anarın səksən yaşının bütün gözəlliyini yaşamaqdadır. Bizimsə ona arzumuz daha gözəl illər yaşaması və yeni-yeni əsərləriylə hamımızı sevindirməsidir. Ad günün mübarək, qardaşım.
525-ci qəzet 2018.-
20 yanvar.- S.10.