Qələmlə fırçanın vəhdəti

 

XALİDƏ HİCRANIN BƏDİİ YARADICILIĞINA BİR BAXIŞ

 

İncəsənət növlərindən olan rəssamlıq, heykəltəraşlıq, musiqi və digərləri kimi, ədəbiyyat da həyatı obrazlarla əks etdirir.

 

Söz sənətkarlarının həyata baxışı, hər kəsin görüb-duya bilmədiyi incə məqamları misralara çevirmək qabiliyyəti onların təxəyyülünün məhsulu kimi ilahi vergisi olub sözlə ilhamın vəhdətindən yaranır. Eləcə də rəssamlarda da həyat gözəlliklərini duymaq, onu boyaların dili ilə canlı və əsrarəngiz şəkildə əks etdirmək hər kəsə nəsib olmayan bir qabiliyyət və bacarıqdır. Təsadüfi deyil ki, haqqında söhbət açacağımız rəssam-şair bu barədə yazır:

 

Ruhun qidasıdır bil, hər bir zaman gözəllik,

Onu görəndə vardır fərqli duyğu, özəllik.

 

Dünyaya həm şair, həm də rəssam gözü ilə baxmaq isə seçilmiş insanlara qismət olan bir taledir. Əslində, həm şairlər, həm də rəssamlar həyat gerçəkliklərini təxəyyüllərindən keçirərək əks etdirirlər. Lakin onların təxəyyüllərini gerçəkləşdirmək üçün istifadə etdiyi material fərqlidir; biri sözlərin, digəri isə rənglərin dili ilə danışır, həyatı və təbiəti onun vasitəsilə öz oxucusuna və tamaşaçısına çatdırır. Bu zaman qələm və fırça onlar üçün bir vasitə, yaratdıqları əsərlər isə duyğu və düşüncələrinin tərcümanı kimi çıxış edir. Bu baxımdan ömrünün əsas hissəsini rəssamlığa həsr etmiş Xalidə Hicranın (Seyidova-Nağıyeva) sözlə boyanın vəhdətindən doğan və onun könül nəğmələri kimi diqqəti çəkən “Hikmət xəzinəsi” kitabı oxucuda maraq doğurur.

 

Xalidə Hicran rəssam kimi doğulub və dünyaya rəssam gözü ilə baxıb. İlk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb. Sonra isə indiki Rəssamlıq Akademiyasını bitirib. O, peşəkar rəssam olmaqla yanaşı, lirik şeirlər, nəsihətlər, hekayətlər, məsnəvilər, qəzəllər, sərbəst beytlər (təkbeytlər), təmsillər də yazmışdır. Xalidə Hicran öz yaradıcılığında sanki fırça ilə qələmi birləşdirmiş, həyata, dünyaya baxışını bunların vəhdətində əks etdirmişdir. Onun üç şeir kitabı çapdan çıxmışdır. Müəllifin iki cilddən ibarət ilk kitabı “Hikmət xəzinəsi” adlanır. Birinci cildin 335 səhifəsini hikmətli beytlər təşkil edir. Klassik ədəbiyyatla tanışlıqdan məlumdur ki, həmişə böyük söz sənətkarlarının yaradıcılığında öyüd-nəsihət, təlim-tərbiyə, hikmət və fəzilət ön planda olmuş, onlar öz dəyərlı fikir və məsləhətləri, ibrətamiz hekayətləri ilə oxucularına düz yol göstərməyə çalışmış, insanları kamilliyə səsləmişlər. Böyük Nizaminin “Xəmsə”si, xüsusilə, ora daxil olan “Sirlər xəzinəsi”, Əhməd Yəsəvinin “Divani-hikmət”i, Mövlananın hikmət dolu “Məsnəvi”si, Şah İsmayıl Xətainin “Nəsihətnamə”si, Abbasqulu ağa Bakıxanovun “Nəsihətlər”i və s. kimi örnəklər dediklərimizə əyani misal ola bilər. Belə bir ədəbi ənənə əsasında formalaşan Xalidə Hicranın hikmətli beytlərdən ibarət söz xəzinəsi “Məntiqim əntiqdir” adlı girişlə başlayır:

 

Ey sözüm, qoy hikmətin ağılla idrak olsun,

Ağıllılar oxusun, qəlblərinə nur dolsun.

 

Xalidə xanım elə buradaca oxucularını söz xəzinəsinə - öz dünyasına qonaq çağırır, yaradıcılığında rəssamlıqla şairliyi birləşdirdiyini və bunun “Tanrıdan bir ərməğan” olduğunu bildirir:

 

Mən bir dünya yaratdım, burada öz dünyam var,

Mənim oxucularım dünyama qonaq olar.

Mənə qonaq olanlar bilsin dünyamda nə var,

Rəssam kimi çəkməyim, bir də şairliyim var.

Mənim çəkib-yazmağım Tanrıdan ərməğandır,

Dünyanı vəsf etməyim qəlbimdəki nurdandır.

 

Müəllif hikmətlə dolu bu söz xəzinəsində hər kəsin istədiyini tapacağına, ondan fayda görəcəyinə inanır:

 

Kimə nə lazımdırsa, axtarmaz, tapar burda.

Hər kim oxusa bunu, görəcək min bir fayda.

 

Xalidə Hicran elə hikmətli beytlərinin ilk səhifəsindən oxucularını elmə, kitaba, oxuyub-öyrənməyə çağırır. Müəllifin hikmət dolu bu beytləri sanki xalq deyimlərindən, onun mənəvi xəzinəsindən (“Elm ağlın çırağıdır”, “Elm adama zinətdir”, “Elmsiz adam - ruhsuz cəsəd”, “Elm mərtəbəsi uca olar” və s.) qaynaqlanır, dahi Nizaminin “Elmlə, hünərlə başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz” misralarından su içir:

 

Öyrən həyatın boyu, öyrənsin biri səndən,

Öyrət, səndən çox bilsin səndən ağıl öyrənən.

Qaçma elmdən uzaq, düşmə kitabdan qaçaq,

Yaxınlaş kitablara, oxu sən varaq-varaq.

Elmsiz cahil olub, ömür yaşamaqdansa,

Ağıl dəryası olub, şərəfli ömür yaşa.

 

Övlad tərbiyəsinə xüsusi önəm verən Xalidə Hicran gələcəkdə savadlı və ağıllı bir nəsil yetişməsi üçün valideynləri lap körpəlikdən uşaqlarının təhsili barədə düşünməyə çağırır. Sanki Məhəmməd peyğəmbərin “Beşikdən qəbrəcən öyrən” hədisini onlara xatırladır:

 

Övladı yetişdir ta ki, bələkdən,

O alsın dərsini hələ beşikdən.

 

Müəllif öz oxucusuna dəbdəbəni var-dövlətdə yox, ağılda axtarmağı məsləhət bilir. Çünki insan mənən zənginləşdikcə maddi zənginliyi deyil, mənəvi zənginliyi üstün tutur. İnsanın zənginliyi mal-dövlətlə ölçülməz. Mal-dövlət gəldi-gedər olduğundan, onunla ölçülən zənginlik də gəldi-gedərdir. Əsl zənginlik isə əbədi olan mənəvi zənginlikdir. Aşağıdakı misraları oxuyanda Məhəmməd peyğəmbərin “Əsl zənginlik mal-dövlət çoxluğu deyil, könül zənginliyidir (mənəvi zənginlikdir)” hədisi yada düşür:

 

Dəbdəbəni varda yox, öz ağlında axtarsan,

Dəbdəbəli ağlınla var-dövlətdən qaçarsan.

 

Xalidə Hicranın “Hikmət xəzinəsi” öz mövzu və əhatə dairəsinə görə olduqca böyük və sonsuz bir ümmanı xatırladır. İnsan həyatını, davranışını müxtəlif cəhətlərdən nizamlayan və onlara yüksək əxlaqi keyfiyyətlər aşılayan bu hikmətli beytlər əxlaq normalarının əsas prinsiplərini açıqlayır. İnsanın mənəvi aləmindəki çatışmazlıqları islah etmək, onu saflaşdırmaq, hər cür rəzil və çirkin xasiyyətlərdən xilas edib gözəl əxlaqa - fəzilətlərə qovuşdurmaq həmin beytlərin əsas ideyasını təşkil edir. İnsanlarda olan əxlaq öz xüsusiyyətinə görə iki yerə bölünür: gözəl və çirkin xasiyyətlər. Lakin insanların əxlaqı dəyişə bilir; çirkin xasiyyətləri gözəl xasiyyətlərə çevirmək mümkündür. Odur ki, böyük ağıl və hikmət sahibləri həmişə bu işə xüsusi diqqət yetirmişlər. Eləcə də haqqında söhbət açdığımız “Hikmət xəzinəsi”nin də əsas məqsədi məhz buna xidmətə yönəlmişdir. Burada insan həyatının, onun davranış normalarının, əxlaq qaydalarının, insanların bir-biri ilə münasibətlərinin çeşidli yönləri öz əksini tapmışdır.

 

Xalidə Hicranın hikmət dolu söz boğçasının hər beytinin şərhə, izaha ehtiyacı vardır. Onun hər bir beyti insanın yaşam tərzinin düzgün istiqamətinə, insanlarla münasibətində doğru yol seçməyə, əxlaq və davranışlarında haqq yolunu tutmağa yönəlmişdir. Şair insanları haram işlərdən uzaq olmağa, halal işlərin dalınca qaçmağa çağırır, çünki xalq arasında deyildiyi kimi, “Haram malın bərəkəti olmaz”, “Haram gəldi, halalı da apardı”:

 

Haramla iş başlasan, qaçaq olar bərəkət,

Halal bir iş başlasan, evə dolar bərəkət.

 

Eləcə də yalan danışmaq insan təbiətində ən yaramaz hal kimi pislənir. Çünki yalançı insanlardan yaxşı bir şey ummaq əbəsdir:

 

Yalanla yoğrulubsa, bir insanın xəmiri,

Dili, əli, əməli - düzgün olmaz heç biri.

 

Məlumdur ki, şairlərin yaradıcılığında sözün dəyəri həmişə diqqət mərkəzində olmuş, az danışmağın gözəlliyi, sözün qüdrəti üstün tutulmuşdur. Xalidə Hicran da bu cəhətə ayrıca nəzər yetirmiş, insan həyatında sözün roluna xüsusi dəyər vermişdir:

 

Sözlər var, bir dövləti idarə edər,

Sözlər var, sahibini idarə etməz.

Sözlər var, savaş, döyüş törədər,

Sözlər var, yoldan daşlar götürər.

Beş-beş işlət barmağını, əlini,

Çox gec işlət söz deyən o dilini.

 

Şair sonuncu misrada “Çox gec işlət söz deyən o dilini” deməklə az danışmağı təqdir edir. Çox danışmaq həm insanın özünü, həm də sözünü dəyərdən salar.

 

Müəllif verilən sözdə durmayan, onu yerinə yetirməyən adamların el içində gözdən düşdüyünü vurğulayaraq yazırdı:

 

Çıxma verdiyin sözdən,

Düşmə el içrə gözdən.

 

Həqiqətən də, verilən sözün üstündə durmamaq, onu yerinə yetirməmək insanın mənliyini ayaqlar altına atar, onu alçaldar. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbərin bir hədisində deyilir: “Vəd - borcdur”.

 

Öncə qeyd edildiyi kimi, öz hikmətli beytləri içərisində ağıl və kamala yüksək dəyər verən şairin aşağıdakı beyti də aforizm kimi səslənir:

 

Ağıl tac kimi parlar, olsa hər hansı başda,

Ağılsız şah başında gülünc görünər tac da.

 

Xalidə Hicranın “Hikmət xəzinəsi”nə daxil olan öyüd-nəsihət dolu beytləri saya-hesaba gəlməz. Onlarda ifadə olunan fikirlər və öz əksini tapan məsələlər olduqca çeşidlidir; onların izah və şərhi bir kitaba belə sığmaz. Şairin irəli sürdüyü bu əxlaq normaları xalqın adət-ənənəsindən, həyat təcrübəsindən, Məhəmməd peyğəmbərin hədislərindən, dahilərin öyüd və nəsihətlərindən, müəllifin çoxillik və zəngin real həyat müşahidələrindən qaynaqlanır. Ümumiyyətlə, bu hikmət xəzinəsində insanlara aid bütün vəzifələri, lazımlı xasiyyətləri, islaha ehtiyacı olan çirkin əxlaqi xüsusiyyətləri tapmaq mümkündür. Şairin hər bir insan üçün lazım hesab etdiyi bu vəzifə və borclar ya Allahın mərhəmət və rəhmətini qazanmaq üçün, ya insanların özünə və ailəsinə, ya da cəmiyyətə görə müəyyənləşirdi. Bu baxımdan yanaşdıqda şairin irəli sürdüyü bu əxlaq normaları, insanlara öyüd-nəsihət kimi yazdığı bu hikmətli beytlər islam əxlaqına, islam əxlaqı normalarına tam uyğundur, biri digərini tamamlayır. Vətənə və torpağa sevgi, ata-anaya, ümumilikdə insana və insanlığa hörmət və məhəbbət, elmə, biliyə, ağıla yüksək qiymət, dosta, qohuma və qonşuya sonsuz sayğı, mərdliyə, igidliyə, comərdliyə, yaxşılığa, xeyirxah əməllərə çağırış və s. kimi gözəl ali keyfiyyətlər aşılayan bu hikmətli beytlər, eyni zamanda insanları pis işlərdən uzaq olmağa səsləyir. Beytlər, səhifələr bir-birini əvəz etdikcə Xalidə Hicranın hikmət xəzinəsinin hüdudları da genişlənir, onun insanlara aşıladığı gözəl xasiyyətlərin, eləcə də insanlığa yad olan və insanlarda görmək istəmədiyi pis və rəzil xüsusiyyətlərdən uzaq olmağa çağırışın da miqyası böyüyür. Dünyanı gözəlləşdirən, insanların həyatına rəng qatan, həyatı cənnətə çevirən, əlbəttə ki, gözəl əməllər, xeyirxah işlərdir. Bəs insan bütün bu fəzilətlərə necə qovuşa bilər? Müəllifin gəldiyi qənaətlərdən biri belədir: “Qəlbdə sevgi olmasa, həyat gözəl görünməz”. Həqiqətən də, həyatda hər bir şey sevgi və məhəbbətdən su içir, ondan qidalanır, boy atır, böyüyür. İnsan övladı da Allahın yaratdıqlarına, onun insanlara bəxş etdiyi maddi və mənəvi nemətlərə, hörmət və məhəbbətlə yanaşmalı, hər şeyin qədrini bilməli, ona verilən hər bir şeyə görə şükr etməyi bacarmalıdır.

 

Xalidə Hicranın “Hikmət xəzinəsi” kitabının birinci cildinə daxil edilən hikmətli beytlərdən sonra şairin müxtəlif mövzulara həsr olunmuş ayrı-ayrı şeirləri gəlir. Bu şeirlərdə də müəllif öyüd və nəsihət yolunu tutmuşdur. “Abır hissi”, “Atını sürmə dördnala”, “Axtarma başqa məxluq”, “Başını qoru”,  “Bilmək gərək”, “Ağlın xəzinədirsə”, “Övlad ucaltsa”, “Övlada nəsihət”, “Qadın, qoru adını” və s. şeirlərində insanda olan ən ali hisslər əsas mövzu götürülmüş, abır, həya, ismət, dostluq, tərbiyə kimi məsələlər ön plana çəkilmişdir. Şairin bu şeirlərində də insanları xoş xasiyyətlərə sahib olmağa, onları pis əməllərə sürükləyən içlərindəki iblislərdən uzaq durmağa çağırış vardır:

 

Xoş xasiyyət əlindədir, kin-küdurət iblisdədir,

Bacar, əlindəkin saxla, iblis, bil ki, içindədir.

 

Xalidə Hicranın “Hikmət xəzinəsi” adlı kitabının ikinci cildi də öyüd-nəsihətlə dolu bir mücrünü xatırladir. Birinci cilddən fərqli olaraq, müəllif burada öz hikmətli fikirlərini beytlər şəklində deyil, ayrı-ayrı şeirlər şəklində vermişdir. Şair kitaba daxil olan ilk şeirdə oradakı örnəklərin mahiyyətinə işarə edərək yazırdı:

 

Oxusan bu kitabı, Haqq yoluna gələrsən,

Əyri nədir, düz nədir? - sən oxuyub bilərsən.

 

Ana dilinə hörmət, sevgi və məhəbbət söz sənətkarlarının müraciət etdiyi əbədi və əzəli mövzulardan olmuşdur. Bu baxımdan Xalidə Hicranın “Öz dilini sev” şeiri də diqqəti cəlb edir:

 

Nə qədər çox dil bilsən, gözəl bir haldır,

Öz dilini bilməyən. eşidir, amma laldır.

...Dil də hörməti sevir, dilinə qoy hörməti,

Dilini bilməsən, alçaldarsan milləti.

 

Həmin şeirə daxil olan aşağıdakı beyt isə, deyərdik ki, şeirin şah beytidir və müəllifin tapıntısı kimi dəyərləndirilə bilər:

 

Tarixi yazılmasa millətin öz dilində,

Təhrif olunacaqdır özgələr qələmində.

 

“Mənəviyyat” şeirində insanın mənəvi aləmini hər şeydən üstün tutan müəllif mənən güclü insanları şəxsiyyət, mənəviyyatsız olanları isə qeyrətsiz və şərəfsiz adlandırır. Məlumdur ki, Allah-taalanın insanlara bəxş etdiyi ən gözəl duyğulardan biri mərhəmətdir. Xalidə Hicran da “Mərhəmət” şeirində bu duyğunu Tanrı nuru kimi dəyərləndirərək yazırdı:

 

Mərhəmət Tanrı nuru, hər yerə səpələnər,

Kimdə mərhəmət varsa, hissləri tir-tir əsər.

 

Sözün qədir-qiymətini üstün tutan şair bu kitabında da sözə yüksək dəyər verərək öncəki öyüd nəsihətlərinin davamı kimi “Söz ver” şeirində yazırdı:

 

Sözlər var ki, dəlib keçdi,

Sözlər var ki, gəlib keçdi.

Sözlər var ki, məna gəzər,

Sözlər var ki, qəlbi üzər.

 

Şairin “Hər tərifə aldanma” şeiri də diqqəti cəlb edir. Tərifin bir çox hallarda insanı arxayınçılığa sürüklədiyini, inkişafdan saxladığını vurğulayan müəllif yazırdı:

 

Hər tərifə aldanma, itirərsən özünü,

Tərifə boyun əysən, dəyişərsən üzünü.

Edilən hər tərifdən əgər hərlənsə başın,

Tapa bilməzsən işin nə ayağın, nə başın.

Tərifdən sən fərəhlən, öz-özünlə qürrələn,

Ona arxayın olma, ağıl-kamala güvən.

 

İnsana məxsus ən gözəl keyfiyyətlərdən biri də səbirdir. Ən çətin və müşkül işlər belə səbir ilə gerçəkləşə bilir. Bu baxımdan şairin “Səbr” şeiri də diqqəti çəkir:

 

Səbr edən insanı Allah çox sevər,

Səbri kəm insanı şeytan dost edər.

Hər bir xeyirli iş səbr ilə gələr,

Səbrsiz işlərdən xeyir gen gəzər.

 

Xalidə Hicranın “Hikmət xəzinəsi”nin ikinci cildinin sonuna doqquz təmsil, on bir mənzum hekayət daxildir. Müəllif bu təmsil və mənzum hekayətlərdə ayrı-ayrı məsələlərə toxunmuş, oxucularına maraqlı mətləblər çatdırmağa çalışmışdır. Şair bu təmsil və hekayətlərində xalq folklorundan yaradıcı şəkildə bəhrələnmiş, maraqlı mənzum hekayələr qələmə almışdır. Bu baxımdan “Yoxsul adam” hekayəti diqqəti çəkir. Yoxsul olsa da, qürurundan kimsəyə əl açmayan bir kişiyə kömək məqsədilə onu tanıyanlar yardım toplayaraq bir boğçaya yığır, hər gün kişinin keçdiyi körpünün üstünə qoyurlar. Məqsəd bu idi ki, körpüdən keçən kişi boğçanı tapanda onu Allah payı bilib götürsün. Lakin kişi körpüdən keçəndə ağlına belə bir fikir gəlir ki, görəsən korlar körpüdən necə keçir? Bunu düşünən kişi gözlərini yumaraq körpüdən korlar kimi keçir və boğçanı görmür. Müəllif bu hekayətini belə bir nəticə ilə tamamlayır:

 

Ey övladım, istərsə o böyük pərvərdigar,

Gözlərini bağlamaz, gizlini edər aşkar.

Əgər əmr gəlibsə, o böyük Yaradandan,

Bil ki, axtarmadan da taparsan astanadan.

 

Xalidə Hicranın üçüncü şeir kitabı olan “Hicrannamə” öncə haqqında danışılan iki kitabından fərqlənir. Şair “Hicrannamə”nin əvvəlki kitablarından fərqləndiyini “Müəllifdən” adlı ön sözdə belə verir: “Hikmətli beytlərlə süslənmiş yazdığım iki qalın cildlik “Hikmət xəzinəsi” öz dünyagörüşümdən, həyati fikir və müşahidələrimdən bəhrələnib.

 

Yazdığım “Hicrannamə” - qəzəllərim və məsnəvilərim, mənim sevib aşiq olduğum dönəmlərdən bu günə qədər olan sevgi həyatımı əks etdirir. Burada sədaqət, təmiz sevgi, bəzən inciklik, bəzən küskünlük, sonda isə əbədi ayrılıq öz təzahürünü tapıb...”

 

Xalidə Hicranın “Hicrannamə” kitabına 190 qəzəl, 2 qitə, 164 lirik məsnəvi və sərbəst beytlər daxildir. Qəzəllər kimi, həmin örnəklər də eşq və məhəbbət dolu nəğmələri xatırladır.

 

Şair kitabın qəzəllər bölümünü böyük Füzulinin Azərbaycan-türk divanının girişində qəzəl janrı ilə bağlı yazdığı hissəyə (Qəzəldir səfabəxşi-əhli-nəzər, Qəzəldir güli-bustani-hünər... Qəzəl bildirir şairin qüdrətin, Qəzəl artırır nazimin şöhrətin... Qəzəl de ki, məşhuri-dövran ola, Oxumaq da, yazmaq da asan ola.) nəzirə kimi başlayır:

 

Qəzəldir şairin ruhuna qida,

Qəzəl yoxsa, şeriyyətə əlvida.

Sənət bağçasında qızılgül qəzəl.

Qızılgül yox isə, tez ək, əlbəəl.

Qəzəl cismə candır, cana ruhdu bil,

Ona xor baxanlar sənətkar deyil.

Qəzəlsiz oxunan muğam boş səda,

Bu nöqsan sayılar nə etsən ifa.

 

Qəzəllərini belə bir başlanğıcla oxucularına təqdim edən müəllifin ilk qəzəli də ənənəvi olaraq Allaha müraciətlə yazılmışdır. Özünün qəzəl yaradıcılığında daha çox klassik ənənələrə sadiq qalan şairin qəzəllərinin əsas mövzusu da məhəbbətdir:

 

Səni sevdim ki, sevən könlümə bir şah olasan,

Demədim gözlərə yaş, qəlbəsə min ah olasan.

 

Sevən aşiqin hisslərinin təbii bir dillə verildiyi bu qəzəldə ifadə edilən fikirlə əruz vəzninin rəməl bəhrinə məxsus bir ahəng çulğalaşaraq gözəl bir ritm yaratmış olur. Lirik qəhrəmanın hiss və həyəcanlarının bənzərsiz bir dillə və obrazlı şəkildə ifadəsi oxucuda heyranlıq doğurur.

 

Eşqindən bezməyən, əksinə eşq odunda yanıb kül olmağı belə özünə azmış bilən lirik qəhrəmanın hiss və duyğuları başqa bir qəzəldə belə verilir. Onu da qeyd edək ki, həzəc bəhrinin özünəməxsus ritmi bu qəzəlin gözəlliyinə yeni bir rəng qatır:

 

Könlüm, nə qədər yansan o eşqə, yenə azdı.

Eşqim bitə bilməz, olasan kül, mənə azdı.

 

Ancaq qəzəllərlə tanışlıq göstərir ki, onların bir qismi şairin uzun illər sevib-seçdiyi ömür-gün yoldaşının ayrılığından doğan və onun göz yaşları ilə yazılan qəm, kədər, hicran, həsrət nəğmələridir. Əvvəlki şeirlərindən fərqli olaraq, oxucu “Hicrannamə”dəki qəzəllərin bir çoxunda başqa bir Xalidə Hicranı görür, onun ayrılıq odu ilə yanan könül nəğmələrini oxuyur:

 

Səni sənsiz yaşamaq, söyləmə asandı mənə,

Səni sənsiz yaşamaq zülm ilə zindandı mənə.

 

Mətlə beyti verilən bu qəzəldə lirik qəhrəmanın hiss və həyəcanlarını “Səni sənsiz yaşamaq” təkriri daha da qüvvətləndirir, fikrin yeni və bənzərsiz bir biçimdə təqdiminə şərait yaradır.

 

Aşağıda örnək kimi verilən qəzəldə isə səs təkrarları hesabına yaranan ahəng lirik qəhrəmanın daxili aləmini həm söz, həm də səslər vasitəsilə əks etdirməyə imkan verir:

 

Könlümün eşq evinin kərpici qəm, qüssə, kədər,

Bu kədərdən tikilən evdə kimin könlü gülər?

 

Öz qəzəllərinə klassik ənənədən gəlmə bir üsulla başlayan Xalidə Hicranın qəzəl yaradıcılığında Füzuli, Seyid Əzim, Natəvan və başqa şairlərin təsiri də özünü göstərir. Şairin Füzuliyə yazdığı bir neçə nəzirə və Xurşidbanu Natəvanın “Ölürəm” rədifli qəzəlinin təsiri açıq-aşkar duyulan aşağıdakı örnək fikrimizə əyani misal ola bilər:

 

Bilməz idim belə ağırdı bu hicran, ölürəm,

Ayrılıq canımı aldı, ciyərim qan, ölürəm...

 

Xalidə Hicranın qəzəlləri ilə tanışlıq göstərir ki, şair ana dilinin bütün gözəlliklərindən ustalıqla bəhrələnmiş, canlı xalq dilindən gəlmə söz və ifadələrlə fikrini ifadə etməyə nail olmuşdur. Müəllifin qəzəllərində, demək olar ki, ərəb-fars dillərindən gəlmə izafət tərkiblərinə rast gəlinmir. Eləcə də əruz bəhrinin tələbi ilə alınma sözlərin çoxluğu da müşahidə olunmur. Şairin qəzəllərində işlənən ərəb-fars mənşəli sözlər hamı tərəfindən başa düşülən olub dildə heç bir anlaşılmazlıq yaratmır. Şair sadə bir dillə dərin və incə mənalar ifadə etməyə nail olmuşdur. Xalidə Hicranın şeir dili bədii sənətkarlıq xüsusiyyətləri baxımından da diqqəti cəlb edir. Şair bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə etməklə fikrin bənzərsiz ifadəsinə nail olur. Başdan-başa təşbehlər üzərində qurulan aşağıdakı qəzəl xüsusilə diqqəti çəkir:

 

Gəl ki, göylərdə sən Aysan, sənə ulduz kimiyəm,

Gəlməsən, sən gecəsən,

mən sənə gündüz kimiyəm...

 

Yaxud “Eyləyir” rədifli qəzəl də bu baxımdan xarakterikdir:

 

Göz vurub göylərdən ulduzlar yerə naz eyləyir,

Binəva ruhum uçub göylərdə pərvaz eyləyir.

 

Təqdim olunan bu örnəklərdə, eləcə də öncə verilən nümunələrdə müşahidə edilən obrazlı deyim tərzi şairin şeirlərində ana dilimizin incəliklərindən məharətlə istifadə olunduğunu əyani şəkildə nümayiş etdirir.

 

Xalidə Hicran “Hicrannamə” kitabına yazdığı ön sözü belə tamamlayır: “Əziz oxucum, növbəti bir kitabda isə mənim şeirlərim və bayatılarım cəm olunacaq”. Yaradıcılığında qələmlə fırçanı birləşdirən Xalidə xanıma yeni-yeni uğurlar arzulayır, həmin kitabın işıq üzü görəcək günü görmək ümidi ilə oxuculardan ayrılırıq.

 

İsa HƏBİBBƏYLİ

Akademik

Ataəmi MİRZƏYEV

Filologiya üzrə elmlər doktoru

 

525-ci qəzet  2018.- 20 yanvar.- S.14.