"Mən elə maestroyam ki..."

 

Esse

 

RƏSUL RZANIN "RƏNG"LƏR MELODİYASINDA SÖZLƏRİN RƏNGİ VƏ RƏNGLƏRİN MUSİQİSİ BARƏDƏ DÜŞÜNCƏLƏR

 

(Əvvəli ötən sayımızda)

 

"FİRUZƏYİ"

 

"Xatirələrdə qalmış

məhəbbət ağrıları.

...Yoxsul qız barmaqlarının həsrəti.

...Dünyadakı gözlərdən

Ancaq ikisi".

 

- Qəlbi daha qəmli, gözləri daha nəmli hansı simli alətdir, bilirsənmi?

 

- Bilirəm. Musiqi dünyamızda, min avazlı sevdamızda kədər ağlayan, ürəyi qəm yuvası, taleyi kəm, "sol" kiçik oktava, "re", "lya" birinci oktava, "mi" ikinci oktava ilə köklənmiş dörd simli kamançadır bu.

 

- Bəs, ürək ovsunçusu, kamançaçalan Habil Əliyev sehrinin sirri nədədir?

 

- Bu sirrin şirəsi, şəkəri dörd simin Habilin "qəlbinin hərarətindən, barmaqlarının pərvanə çırpıntılarından, kəmanəni kamanın quru qoluna çəkməsindən", gurşad dramatizmlə zərif lirizmin musiqi sehrindən süzülür.

 

Bizə elə gəlir ki, kaman heç vaxt bu qədər sehrlənməyib. bir bizə elə gəlir ki, Habil sehrini tarixlərdə oxumuşuq, əfsanələrdə, nağıllarda eşitmişik. Habil sehri əsrimizin musiqi aləmində bir kaman möcüzəsidir, musiqimizə işıq salan, nur ələyən Günəş şəfəqləridir.

 

- Yəqin ki, yerdən insan qiyafəsində çıxan alovu da görmüsən. Habil hər təranəyə min ovqat çaları verəndə...

 

- Görmüşəm. Elə ki, Habil şax oturub kamançanı dizinin üstündə saxlayır, bax, əsl dəstgah bundan sonra başlanır. Bədəni sanki kamançanın qolu kimi, nazilə-nazilə üzüyuxarı dartınır.

 

Habilin başı musiqinin ritm ahəngində, gözləri yumulub, kirpikləri dodaq-dodağa olanda, şana barmaqlar pərvanə uçuşuna qanad verib, musiqi ocağında dilim-dilim yananda, bax onda oğulsan ki, yerdən insan qiyafəsində kükrəyən alovun istisinə, oduna dözəsən.

 

Kamanın ürəyindən pörşələnə-pörşələnə axıb gələn səs eşidib-duyanı yandırıb-yaxır, için-için qovurur.

 

- Səncə, "Habil fenomeni"nin elmi-nəzəri izahını bilirikmi?

 

- Bəlkə çoxlarımızın bundan xəbəri yoxdur.  Lakin əsas şərt odur ki, Habil Əliyev sənəti var, onun misilsiz ifası var, misilsiz ifasının möcüzəli musiqisi var, möcüzəli musiqisinin milyonlarla dinləyicisi var...

 

...Hər dəfə Habili dinləyəndə, kamançanı insan kimi dilləndirən barmaqlarının arasında sıxılan, gərilən simlərin gah həzin könül hıçqırıqlarını, gah da coşqun ehtiraslı fəryadlarını eşidəndə bu fikirlərin, nalə çəkən yanıqlı, göynərtili notların isti qoynuna düşürəm.

 

Müqtədir sənətkarın ifasında səsləndirilən musiqilərin çırpınan təranələri elə ilk andaca duyğularımızı Habil kamanında "şəfəqlənən hisslər qammasının qövsü-qüzehində" nurlandırır.

 

Guşələrarası keçidlərdə Habilin ustad həssaslığı, əvəzsiz ifaçılıq texnikası, Şərq çalğıçılarına məxsus incə musiqi duyumu, gözəl zövq ölçü hissi, özünəməxsus virtuoz məharəti, nadir improvizasiya istedadı ilə yeni aləm, yeni dünya kəşf etməsi, sənətinin sehrkarlığı, cazibəsinin heyranediciliyi dinləyicini yerindəcə donduran heyrətlə görüşdürür.

 

Habil isə gözlərini yumub çalır, çalır, elə çalırdı...

 

O, "musiqinin könül-könül yayılan sonsuz aləmində, xalların, pərdələrin bir-birini əvəz edən ahəngində, hər şeydən, onu əhatə edən bütün varlıqdan uzaqda, muğamın mənəvi dünyasında idi"...  

 

"QIRMIZININ İNAM ÇALARLARI"...

 

"Qəlbi səksəkəli atanın 

İlk övladı

İnsan adı.

Ölümün dadı.

İnsanlara məhəbbət-

Çılpaq həqiqət".

 

...Rəsul Rza doyulmaz, ziqiymət poeziyası ilə böyük şair eyni zamanda bütöv, kamil şəxsiyyət kimi XX əsr ədəbiyyatımızda ayrıca, parlaq çox işıqlı bir səhifədir.

 

Əzəmi dərəcədə xalqın mənəvi təmsiledicisi, könül tərcümanı olan Rəsul Rza milli ədəbiyyat tariximizdə öncə həqiqi novator şair, yeni poeziyanın yaradıcısı nadir xəzinədarı, daha sonra isə Azərbaycan ensiklopediyası kimi mühüm mürəkkəb bir işin ilkincisi banisi, görkəmli ictimai xadim, bütöv, kamil şəxsiyyət kimi tanınır.

 

Nurlu zəkası ilə "insan qəlbinin baş mühəndisi" olan Rəsul Rzanın böyüklüyü orasındadır ki, o, sözün ən geniş mənasında novatordur.

 

O, Azərbaycan poeziyasında yeni ədəbi janrın əsasını qoyub - sərbəst şeirin milli-klassik nümunələrini yaradıb.

 

O, yeni Azərbaycan şeirinin bünövrəçisi, öndəridir. Bu poeziya yalnız ictimai məzmunu deyil, forması etibarilə ədəbiyyatımızda yeni bir mərhələ, yeni geniş bir yol, ədəbi məktəb oldu.

 

Bütün bunlara rəğmən, oxucu dostum, mən sizə deməliyəm ki, sözümün "öyü" burdadır: o, iyirminci yüzilliyin "mənimliyi"ndə, pozulmaz yaddaşında ən monumental ən nəhəng fiqurlarından biri olaraq qalır.

 

Dəxi bir fikir daha: Mən bu yerdə sizə müqəddəs bir yalan demək istəyirəm: könlü "nəğməli ney", dili "dolu giley olan" Azərbaycanın nəhəng çinarı Rəsul Rza ölməyib.

 

Bizi canlı insan ömrünün "illərliyin"dən, "çarpışımlı" həyat yolunun "bitim nöqtəsin"dən 37 sənəlik zaman məsafəsi ayırsa da, o "qayıtmazlığa", "yer üstündən yer altına", "əbədi sükut evinə" köçsə , Rəsul Rza yalnız öz əsrinin deyil, ondan əvvəl sonrakı neçə yüz illərin ən mərd, mübariz, dönməz əqidəli, sarsılmaz, əyilməz kişilərinin cərgəsində öndə gedənidir.

 

Onsuzlu bu illər ərzində bizsiz Rəsul Rza vaxtdaşları, "həmyolluq" etdiyi "sənətdaşları, könüldaşları, əməl, qardaşları", nəhayət, oxucuları sırasında addımlamasa da, hər dəfə onu xatırlayarkən əsiredici misralar içindən ölərilikdən uzaq, yaradıcılığın göz qamaşdıran zirvələrinə yüksəlmiş bir şairin səsini illərin isti-soyuğundan keçib gələn hərarətli arzular ümidlərlə dolu böyük qəlbinin - nəcib, humanist, insanlara sevgiylə dolu ürəyinin çırpıntılarını, hərarətini, sevinc kədərini, məhəbbətinin gücünü şeirlərindən duyuruq.

 

Deməli, o canlı bir insan kimi "bu gün var, yarın da".

 

Özü yazmışkən: "Əgər şairin yaşamağı, varlığı onun sənəti ilə, onun əsərləri ilə ölçülürsə, onunla müəyyən olunursa", deməli, onda mən dediyim müqəddəs yalan düzdür - şair Rəsul Rza ölməyib.

 

... deməli, ölməyibsə, onda kökü torpağa bağlı vüqarlı çinar, müdrik insan ömrü - "kimsəyə əziyyəti dəymə"yən, "heç gileyə enmə"yən, "heç kəsə baş əyməyən", "yoxuşu şərəfli, enişi dözümlü" bir kişi ömrü yaşayan, "ölümsüzlüyü" ilə bütün ərzi ölkə-ölkə dolaşan, "yerişi ağır, oturuşu xan oturuşlu", sözündə, əməlində, sevgisində bütöv, nifrətində bütöv şair Rəsul Rza bu gün sağdır həmişə bizim sıramızdadır!

 

Mənim ,  "həmgünüm, həmilim" "mənçi"lərin "düşünüşü" belədir!

 

Rəsul Rzanı "mən hansı bir şairə bənzədim ki" - "hər kəlməsi, hər sözü dillərdə əzbər" olub.

 

Biz bu gün poeziyamızın "şəfəqli yollarından" keçdikcə çox məğrur, çox dönməz, əyilməz adam olan, qəzəbi sözündən iti bir insan ömrü yaşayan, dupduru, aydın   mavi gözlü Rəsul Rzanın özünə, izinə, ölməz fikirlərinə durnalar kimi ötən, bənövşələr kimi çiçəkləyən şeirlərinə  rast gəlirik.

 

Mən onun haqqında indiki zamanda danışdım, qələmdaşlarından birinin dediyi sözlərə rəğmən - "çünki başqa cür mümkün deyil".    

 

SON SÖZ ƏVƏZİ...

 

"Mənim poeziyamın başlıca xüsusiyyəti təmtəraqlı ibarələrdən, bayağı qəşəngliklərdən, çoxsözçülükdən qaçmaqdır. Danışıq tərzi, sınanmış sadəlik, özünəməxsusluğa canatma, orijinallıq (ancaq orijinallıq xatirinə olanı yox), hər şeirdə nəsə təzə bir şey demək, təsvir etdiyin obyektin yeni cəhətlərini göstərmək - bax, yaradıcılığımda mən buna çalışıram".

 

Rəsul Rza  

 

...Fikrimcə, bu qeydlər sevdiyim və poeziyasına vurğun olduğum, yaradıcılığı mənə çox qüvvətli bədii təsir göstərmiş sənətkarın assosiasiyalarla zəngin olan palitrasına uyğundur. Bu palitranın sürməyi, bənövşəyi, sumağı, narıncı, innabı, qızılı rənglərində rəssam molbertində olduğu kimi, adiliyin qeyri-adiliyə çevrilməsini dahilər dahisi Üzeyir Hacıbəylinin, Cahangir Cahangirovun, Bülbülün, Rəşid Behbudovun, Tahir Salahovun, Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Vaqif Mustafazadənin və adlarını çəkmədiyim neçə-neçə sənətkarın yaradıcılığında da əks etdirmək mümkündür.

 

Təbii ki, mən poetik fikirlər kataloqu tərtib etmək niyyətində deyiləm. Zənn edirəm ki, elə bu qədər də yetərlidir. Amma bu essenin qələmə alınması haqqında can evimdən duyğulanan daha iki cümlə:

 

Bu düşüncələrimdə poeziyanın novator bayraqdarı kimi xalqımızın qəlbində yaşayan qüdrətli "sözlər sərkərdəsi"nin - "rənglər nəğməkarı" maestronun öz poetik "Rənglər" deyimlərində "kimsənin çalmadığı telləri" musiqinin dili ilə verməyə çalışdım.

 

"Rənglər"in ifadə etdiyi sevinci, kədəri melodiyaların cazibədar palitrası ilə "göstərməyə" və onları duyğularla, düşüncələrlə və xəyallarla bağlamağa can atdım... 

 

P.S: Yazının ideyasına görə hörmətli Ramiz Məmmədzadəyə təşəkkürümü bildirirəm.

 

Rafiq HACIYEV

Yanvar, 2018-ci il

 

525-ci qəzet  2018.- 19 yanvar.- S.6.