Mirzəcəlilşünaslığa dəyərli
töhfə
Azərbaycançılıq ideologiyasının pərvanəsi,
milli mücadiləmizin
öndərlərindən olan
Cəlil Məmmədquluzadənin
yaradıcılığı ilə ədəbiyyatımızın
və publisistikamızın
yeni mərhələsi
başlanır.
Elə bu səbəbdən də bu qüdrətli şəxsiyyətin irsinin
araşdırılması ilə
bağlı yeni istiqamətlərin yaranması,
yeni baxış sistemlərinin formalaşması
tamamilə təbiidir. Görkəmli ədəbiyyatşünas Əziz
Mirəhmədovun yazdığı
kimi, əldə olan əsərləri Cəlil Məmmədquluzadədən
bir şair kimi də söz
açmağa imkan verir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Ədəbiyyatşünaslıq şöbəsinin böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın "Cəlil Məmmədquluzadənin
şeir yaradıcılığı"
adlı monoqrafiyasında
məqsəd böyük
sənətkarın poetik
irsinin araşdırılmasıdır.
Monoqrafiya Aygün Orucovanın
filologiya üzrə fəlsəfə doktorluğu
dissertasiyası əsasında
hazırlansa da, onun bu sahəyə
dair tədqiqatlarının
yekun variantı hesab oluna bilər.
Akademik İsa Həbibbəylinin
"Böyük ədibin
şeir yaradıcılığı"
adlı ön sözü ilə başlayan tədqiqat əsəri 2017-ci ildə
Naxçıvanda "Əcəmi"
Nəşriyyat-Poliqrafiya Birliyində
nəşr olunub.
Akademik İsa Həbibbəyli monoqrafiyanı Cəlil Məmmədquluzadənin şeir
yaradıcılığı ilə bağlı ilk sistemli və ümumiləşdirilmiş tədqiqat
işi kimi yüksək qiymətləndirib.
Monoqrafiyanın elmi redaktoru
akademik İsa Həbibbəyli, rəyçiləri
isə filologiya üzrə elmlər doktoru, professor, Əməkdar
elm xadimi Hüseyn Həşimli və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovdur.
XX əsrin əvvəllərində
Azərbaycan xalqının
qəflət yuxusundan
oyanışı və
müstəqilliyi uğrundakı
mübarizədə əsaslı
rol oynayan Naxçıvan ədəbi
mühitinin Azərbaycan
və Şərq ədəbiyyatına bəxş
etdiyi əvəzolunmaz
şəxsiyyətlərdən biri də Cəlil
Məmmədquluzadədir (1869-1932). Dahi ədibin
yaradıcılığının indiyədək müxtəlif
səpkilərdə araşdırılmasına
baxmayaraq, hələ də tədqiq olunması vacib olan bəzi sahələr qalmaqdadır.
Monoqrafiyanın əvvəlində fenomenal yaddaşa, dərin zəkaya malik bir şəxsiyyət
olan Ümummilli liderimiz Heydər Əliyevin Cəlil Məmmədquluzadə haqqında
dediyi "Cəlil Məmmədquluzadə yaradıcılığı
elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə
etmək mümkün
deyildir. Güman
edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi,
ədəbiyyatşünası, sənətşünası, siyasətşünası,
alimi Cəlil Məmmədquluzadə xəzinəsini
araşdıracaq, onu tədqiq edərək yeni kəşflər edəcəkdir" - fikri
Cəlil Məmmədquluzadə
yaradıcılığının Azərbaycan ədəbiyyatında
mühüm yer tutduğunu bir daha təsdiq edir. Əsasən nasir, dramaturq
kimi şöhrət qazanan Cəlil Məmmədquluzadənin şeir
yaradıcılığı da diqqətəlayiq və tədqiqi vacib olan bir
mövzudur. Məhz buna
görə də Aygün Orucova Cəlil Məmmədquluzadənin
şeir yaradıcılığını
dərindən araşdırıb
və nəticədə
dolğun və əhatəli, bütöv
və sistemli bir monoqrafiya ortaya qoyub.
Monoqrafiyada Cəlil Məmmədquluzadənin
şeirlərinin əsas
xüsusiyyətləri ilk dəfə
olaraq araşdırılıb,
böyük sənətkarın
təkcə satirik və lirik şeirləri
yox, həm də nəzmlə yazılmış "Çay
dəstgahı" alleqorik
dramı, felyetonları,
məqalələri, dram və
nəsr əsərlərində
istifadə olunmuş şeir nümunələri
də diqqət mərkəzinə çəkilib.
Bununla belə, dahi ədibin əsl şeir və həqiqi şair haqqında ədəbi tənqidi görüşləri,
yeni əsrin ədəbiyyat və sənətdən tələblərinə
dair fikirlərinə də yer verilib.
Cəlil
Məmmədquluzadənin bugünədək
qırxa yaxın şeiri toplanaraq nəşr olunub ki, müəllif bu şeirləri ilk dəfə olaraq tarixi ardıcıllıqla
tədqiqata cəlb edib.
Kitabın ilk fəslində müəllif
Cəlil Məmmədquluzadənin
şeirlərinin toplanması,
tədqiqi və nəşri məsələlərinə
nəzər salıb. Burada Mirzə
Cəlil şeirlərinin
həm Sovet dövrü, həm də müstəqillik dövrü ədəbiyyatşünaslığında
tədqiqi məsələlərinə
diqqət ayırıb.
Ayrı-ayrı görkəmli ədəbiyyatşünasların
fikirlərinə də
müraciət edərək
öz fikirlərini əsaslandırıb. Müəllif böyük sənətkarın
məqalə və felyetonlarına, həmçinin,
müxtəlif kitablara
yazdığı müqəddimələrə
müraciət edərək
Cəlil Məmmədquluzadənin
şeirə dair fikir və mülahizələrini
ayrıca yarımfəsildə
ümumiləşdirib. Bütövlükdə, birinci fəsil
Mirzə Cəlilin mənzum əsərlərinin
toplanılması, nəşri
və tədqiqi məsələlərini, eləcə
də ədibin poeziya barədəki ədəbi görüşlərini
sistematik tərzdə
və çağdaş
elmi prinsiplər məcrasında işıqlandırır.
Monoqrafiyada Cəlil Məmmədquluzadənin yaradıcılığında mübahisəli bir mövzu olan "Nə işim var" satirasının məhz Cəlil Məmmədquluzadəyə məxsus olduğuna tutarlı dəlillərlə, istinadlarla aydınlıq gətirilməyə çalışılıb və demək olar ki, buna nail olunub. Müəllifin göstərdiyi əsaslardan aydın olur ki, "Nə işim var" satirasının Mirzə Cəlilə aid olduğunu təsdiq edən faktlar üstünlük təşkil edir. Kitabda müəllif haqlı olaraq qeyd edir ki, ömrü boyu qaraya ağ deməyən görkəmli ədibin belə bir ciddi mövzuda səhv etməsi mümkün deyildir.
Kitabın ikinci fəslində Cəlil Məmmədquluzadənin şeirlərinin klassik irslə əlaqəsi, mövzu dairəsi və tənqid hədəfləri geniş şəkildə tədqiq olunub. Müəllif Cəlil Məmmədquluzadənin şeirlərinin mövzusundan bəhs edərkən mədəni gerilik, avamlıq, ətalətin ifşası, qadın məsələsi, elm və maarif mövzularının üstünlük təşkil etdiyini bildirib. Mövhumatın xalqın mədəni tərəqqisinə əngəl olduğunu deyən böyük ədib Mirzə Cəlil satirik şeirlərində avamlığı, geriliyi, elmsizliyi hər zaman tənqid edib.
"Cəlil Məmmədquluzadənin şeirlərinin bədii xüsusiyyətləri" adlanan üçüncü fəsildə ədibin şeir yaradıcılığının bədii məziyyətləri hərtərəfli araşdırılıb. İstedadlı ədib Mirzə Cəlil poetik vasitələrdən məharətlə istifadə edib. Şeirlərində bədii təsvir və ifadə vasitələri, satirik monoloq və dialoqlardan istifadə, folklor janrlarından yaradıcı istifadə kimi məsələlər monoqrafiyada geniş izahını tapıb.
İlk mənzum alleqorik dram olan "Çay dəstgahı" müəllifin nəzərindən qaçmamış və əsərin şeir texnologiyası haqqında fikirlərinə də monoqrafiyada yer verib. Müəllif bu əsərdəki "həyatilik, xalq yumoru, satira və demokratizmi" yüksək qiymətləndirib.
Bütün bunları nəzərə alaraq demək olar ki, Cəlil Məmmədquluzadənin şeirləri onun yaradıcılığının ayrılmaz bir parçasıdır. "Molla Nəsrəddin" şeir məktəbinin yaradıcısı olmuş Mirzə Cəlil XX əsr Azərbaycan şeirində tənqidi və satirik ünsürlərin yaranmasına səbəb olub.
Bütövlükdə Aygün Orucovanın "Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı" adlı monoqrafiyası özünün elmi yeniliyi, sistematikliyi, gəlinən nəticələrin inandırıcılığı və dürüstlüyü ilə səciyyələnir. Bu dissertasiyada ilk dəfə olaraq Mirzə Cəlilin şeir yaradıcılığı əsas parametrlər üzrə hərtərəfli şəkildə tədqiq olunub. Beləliklə, azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim, böyük satirik, məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri kimi tanıdığımız Cəlil Məmmədquluzadəni Aygün Orucovanın monoqrafiyasında bir daha humanist, vətən sevgisi ilə dolu, sadə və düşündürücü dil və üsluba, fərqli vəzn və janrlara malik novator şair kimi də tanımış oluruq.
Rübabə
QAFAROVA
AMEA
Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşı
525-ci qəzet 2018.- 19 yanvar.- S.8.