"Baba ocağı": bədii əsər və tarixi gerçəkliklər

 

Nizami Muradoğlunun "Baba ocağı" əsəri Azərbaycan xalqının tarixən digər xalqlara, fərqli dinlərin daşıyıcılarına xoş, doğma, humanist münasibətinin bədii ifadəsidir.

 

Yazıçı əsərində tarixi gerçəklikləri bədiiləşdirməklə, ermənilərin qeyri-insani hərəkətlərinin birbaşa genlə bağlı olduğunu sübut edib, tarixi gerçəkliklə zaman arasında müəyyən bir sintez yaradıb. Bunu əsərin qəhrəmanı Rövşənin arzu istəklərində, insanlara gələcəyə baxışında, əbədiyyət qazanan Qanlı daşa münasibətində, mərhəmət, tövbə, humanistlik, ədalət kimi bəşəri dəyərlərində görmək olar.

 

Müəllifin böyüyüb boya-başa çatdığı baba ocağında erməni işğalçılarının tarixən törətdikləri faciələri qələmə almağı, hadisələrə doğru-dürüst münasibət göstərməyi, tarixi gerçəkliklərə poetik çalar verməyi, bu hadisələrə son dərəcə düşüncəli, məntiqli yanaşmağı onun vətənə, xalqa, milli ruha bağlılığı ilə əlaqədardır.

 

N.Muradoğlu əsərdə bir folklorşünas alim kimi, xalq ruhuna yaxın olmasını bir daha təsdiq edir. Bu, onun əsərə gətirdiyi, xalqımızın mifik təfəkküründən qaynaqlanan " Dədə" obrazı, "tövbə məsələsi", "iki adlılıq" nağıllarımızın, dastanlarımızın əsasında duran müqəddəs "yuxu" motivi, "Ala daş", Qanlı daş, kösöv digər elementlərdə görünür. Kösövün göyərməsini səbirsizliklə gözləyən daim onun qulluğunda duran Rövşən nəhayət ki, kösövün cücərməsi ilə orada bir cənnət yaratmış olur. Əsərdə Rövşənə tövbəsinin həyata keçməsi ilə bağlı doğru yol göstərən dədənin adı kimi ölümü qeyri-adi olur. Müəllif burada mifik düşüncə tərzini bütünlüklə ortaya qoyması uğurlu alınmışdır.

 

N.Muradoğlu insan niyyətinə bağlı qara daşın timsalında bütün müharibələrə, insanlara qarşı haqsızlıqlara, böyük maraqlara üsyan edir...

 

Tarixi hadisələrə yanaşma tərzi, obrazların hərəkətində, davranışlarında ortaya qoyduğu məsələ əslində xalqımızın elə tarixən ürəyiaçıq, humanist, bəşəri dəyərlərə üstünlük verən, nəfsi kimsənin torpağında, evində gözü olmayan multikultural xalq olduğunu isbatlayır.

 

Əsər multikulturalizm dəyərlərini özündə əks etdirmək baxımdan çox səciyyəvidir.

 

Burada müəllifin azərbaycanlılara tarix boyu haqsızlıq etmiş ermənilərə qarşı münasibəti açıqlanır. Bütün pisliklərə rəğmən tarixin bütün dövrlərində ermənilərə humanistlik göstərib süfrəmizin yuxarı başında yer verməyimiz, onların şirin dillərinə inanmağımızın acı nəticələrini göz önünə gətirmək belə dəhşətlidir.

 

Əsərdə ermənilərin Naxçıvanda, Araz boyu kəndlərdə törətdikləri müsibətlər ürək ağrısıyla qələmə alınmışdır.

 

Müəllif əsərə Qaçaq Səməd obrazı gətirməklə XIX əsr Azərbaycan feodal zülmünə qarşı çıxan qaçaqçılıq hərəkatı haqqında oxuculara müəyyən bilgi vermiş olur. Azərbaycanın şimalında Şeyx Şamili, Qaçaq Hüseyni, qərbində Qaçaq Kərəmi, Qaçaq Nəbini tanıyırıqsa, Naxçıvanda da qaçaq Səmədin yadelli qüvvələrin qurbanı olduğunun şahidi oluruq. Qaçaq Səmədi elindən, obasından ayrı salan da məhz erməni hiyləsi olur.

 

Əsərdə yeri gəldikcə ibrətamiz məsəllər işlədilir ki, bu da düşmənlərimizi tanımaq, Azərbaycan türklərinin necə olduğunu ermənilərə tanıtmaq üçün yetərli əsas verir.

 

Müəllif əsərdə obrazlar vasitəsilə tarixi dönəmlərə ekskurs edir. Bunu əsərin qəhrəmanı Rövşənin Ordubadla, Əylislə, valideynləri ilə, məscidlərlə, memarlıq abidələri ilə, məbədlər, üçgünbəzli hamam, kəhrizlər sistemi, yer adları, təsərrüfat fəaliyyəti ilə əlaqəli bir çox xatırlatmalarında görə bilərik. Burada müəllif xalqımızın tarixinə, etnoqrafiyasına, yerd-yurd adlarına, dil özəlliklərinə, milli mənəvi dəyərlərinə, mətbəxinə böyük önəm verir.

 

Əsərdə verilən digər bir xətt öz ağasına son ana kimi sadiq qalan Xallı obrazıdır. Rövşən əsərdə göstərildiyi kimi "ata-anasını tərk edib gedəndən sonra, Xallı Güllübəyimin ölümündən sarsılan, tək-tənha qalan Novruz kişinin dostuna, baba ocağının yeganə qoruyucusuna çevrilmişdi". Novruz kişinin qəbri üstündə ölən Xallının sadiqliyi göz önündədir.

 

Adi bir heyvanın çörək verən yiyəsinə sadiqliyini göstərən müəllif, digər tərəfdən daima yurdumuzda, yuvamızda süfrəmizin başında yer alan mənfur qonşularımızın adi heyvan qədər də vəfası olmadığını isbat etmiş olur.

 

Müəllif xalqımızın milli-mənəvi dəyərlərindən, xalq bayramlarımızdan olan Novruz bayramını məharətlə öz əsərinə gətirmişdir. Hətta xalqımızın düşmənlərinə qarşı münasibətini ayrı-ayrı obrazların dilində, davranışında, qonaqsevərliyində nümayiş etdirmələrini göstərmişdir....

 

N.Muradoğlu yerd-yurd adlarının incəliklərini açıqlamaqla isbat etmişdir ki, bu ərazilər əsrlər boyu türklərin olub. Türklər "odu da, ocağı da, torpağı da qoruyarsan vətən olar, qorumazsan kəfən olar", "torpaqdan kimsəyə pay olmaz" devizi ilə yaşamışlar... N.Muradoğlunun "Baba ocağı" əsərinin əsas ideyasını təşkil edən bir ana xətt kimi, əminik ki, biz bu haqqı kimsəyə verməyəcəyik. Ən azı ona görə ki, "torpağı qoru oğlum! Torpaq Vətəndir! - müəllifin özünündediyi kimi, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyaq ki, Vətən olmaqdan çıxmasın...

 

"Baba ocağı" bədii əsər olmaqla yanaşı, bizim tarixi gerçəklik kitabımızdır.

 

Zümrüd İBRAHİMQIZI

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet  2018.- 19 yanvar.- S.7.