Amerikanın xilaskar peyğəmbəri -
Abraham Linkoln
Telman ORUCOV
Amerika Birləşmiş Ştatlarının 16-cı
prezidenti, ölkəsinin və xalqının tarixində dərin
və silinməz iz buraxan Abraham Linkoln Vətəndaş
müharibəsi ərzində (1861-1865-ci illər) Birliyi
qoruyub saxlamış və ölkədəki qulları
bütünlüklə azadlığa
çıxarmışdı.
Amerikan qəhrəmanları arasında Linkoln öz həmvətənlərinə
və həmçinin, digər ölkələrin
xalqlarına ünvanladığı unikal bir
çağırışını indiyədək davam
etdirir. Onun nöqteyi-nəzərinə görə, Birlik təkcə
özünün naminə deyil, həm də nəcib bir
idealı təcəssüm etdirdiyinə görə xilas edilməyə
layiq idi. Bu, özünü idarəetmə
idealı olan dövlət, bütün dünyanın
xalqları üçün xüsusi maraq kəsb edirdi. Müasir ABŞ xarici siyasətindən fərqli
olaraq, o vaxtkı dövlət başqa ölkələrin və
xalqların işinə qarışmır, özünün
taleyinə aid məsələləri həll etməyə
çalışırdı. Malik
olduğu cazibə qüvvəsi də, Linkolnun yaddan
çıxmayan çağırışının
universallığı da həmin vaxtdan mövcuddur.
Məgər bu müqayisəsi çətin tapılan
ideyanın və fəaliyyətin vəhdəti onu Bibliya qəhrəmanları
sayılan peyğəmbərlərin - Moisey və ya
adını daşıdığı Abrahamın səviyyəsinə
qaldırmırmı? Bibliyadakı Abraham əgər Allaha sədaqətinə
görə oğlu İsaakı qurban verməyə hazır
idisə, ancaq Allahın mərhəməti hesabına bu fədakarlıq
da heç ona qismət olmamamışdı. Abraham Linkoln isə öz ölkəsi və amerikan
xalqının gələcəyi naminə ən ağır
sınaqlardan keçdi və nəhayət, məqsədi əsasən
həyata keçdikdə məhz bu yolda da həlak oldu, milli
şəhidə çevrildi.
Moisey
Allahın köməyi ilə öz xalqını - Misirdə
əsarətdə olan yəhudiləri köləlikdən azad
edərək vətənlərinə - Xanaana
çatdırmağa can atırdı. Abraham
Linkoln isə öz ölkəsində köləliyə
bütünlüklə son qoyaraq, afroamerikalıları - qara
rəngli ölkə vətəndaşlarını
azadlığa çıxardı və ABŞ-ı,
bütün insanların azad yaşayacağı bir məkana
çevirməyə çalışdı.
Linkoln haqqında çox yazılmışdır, bu
yazılanlar həqiqətdən nə qədər uzaq olmasa
da, əslində bir əfsanə təsəvvürü
yaradır. O,
bu əfsanə çərçivəsinə də öz
amalı və əməli hesabına tam qaydada
sığışırdı. Əfsanə
şəklində təsvir olunanlar kənara qoyulsa, real, həqiqi
Linkoln daha çox bir müəmma idi və əsr yarımdan
sonra da məhz elə olaraq qalır. O, öz daxili hisslərini
açan adam deyildi, həmin hisslər onun
obrazını əhatə edən əfsanə tərəfindən
də həmçinin bir qədər gizlədilmişdir.
Ancaq bir cəhət də nəzərə
alınmalıdır ki, Linkoln əfsanəsi heç də
uydurma deyildir, lakin bu janra məxsus olan bir qayda üzrə onun
həqiqi xüsusiyyətlərinin və nailiyyətlərinin
çox vaxt böyüdülməsidir. Əfsanə qəhrəman
imici yaradır, axı meşənin dərinliklərində
yaşayan bir adam ətraf dünyadan virtual
çəpər vasitəsilə təcrid olunmuşdu. Özünü üzə çıxaran şəxs
kimi rəsmi təhsildən kənarda qalsa da, imkanına
uyğun şəkildə tonqal işığında
mütaliə ilə bilik qazanmışdı. Siyasi həyata
atıldıqdan sonra o, bir iri cüssəli adam
olsa da, ancaq siyasət aləmindəki bu kiçik David nəhəng
Qoliafla vurulmuş, Bibliyadakı kimi primitiv silahla - adi bir
sapandla deyil, ölkənin taleyini müəyyən edən
prezident seçkisində öz natiqliyi və fərasəti
hesabına ona qalib gəlmişdi.
Həmin mübarizə illəri artıq Linkolna milli
populyarlıq və nüfuz qazandırmışdı. O, müharibə illərinin
müdriki və “Abraham Ata”sı, bütöv bir xalqın zəncirlərini
qırmaqla, ona Böyük Azadlıq verəni, yıxılan,
Müqəddəs cümə günündə (İisus da məhz
həmin gün çarmıxa çəkildiyindən, bu
gün belə adlanır) şəhid olan lider və çox
sürətlə öz apofeozuna yüksələn bir insan
olmuşdu. Linkoln həm də müharibə dövründə
bir siyasətçi kimi yaxın niyyətini gizlətməməklə
yanaşı, adətən, düşündüyünü
müvafiq qaydada ifadə etmə üsuluna meyil edən bir adam idi. Linkoln yaxşı halda
quldarlığın laqeyd bir opponenti idi və qara dərili
xalqın heç də böyük dostu sayıla bilməzdi.
Şimallılar abolyutsionist hərəkata
(Şimal ştatlarında quldarlığın ləğv
edilməsi uğrundakı hərəkat) böyük önəm
verdikləri halda, o, quldarlığa qarşı həmin kəskin
mübarizəyə qoşulmamışdı. O, amerikan
irqçiliyinin əsasında dayanan bu ciddi problemlə əvvəllər
heç vaxt yaxından məşğul olmamışdı.
Linkolnun həyatının və fəaliyyətinin təsvirində
müəyyən mübaliğələrə, hiperbolalara yol
verilirsə, buna adi hal kimi yanaşmaq daha düzgün
olardı. Axı həmin mübaliğələr onun həyat
tərzi və fəaliyyəti ilə heç də əkslik
təşkil etmir, əksinə, onun portretini daha canlı və
maraqlı təsvir edən yaxşı çalarlar rolunu
oynayır. İdealizə edilmiş portret
romantik millətçilik ənənəsinə xasdır,
çünki millətçilik təkcə real
düşüncə ilə qidalanmır, ona daha parlaq cazibə
qüvvəsi vermək üçün palitranın müxtəlif
boyalarından (rənglərindən) istifadə edir. Linkolnun şəxsiyyətinin təsvirinə gəldikdə,
əgər antiəfsanələrə yol verilsəydi, bu,
Amerikanın keçmişi ilə ölkənin sonrakı
günlərinin uyğun gəlməməsini əks etdirərdi.
Həm də, tarixi şəxsiyyətlərin
ölçüsü heç də müasir dünyanın
standartlarına və tələblərinə uyğun gəlmir.
Bir məsələni də unutmaq olmaz ki,
hansısa şəxs əfsanəyə çevrildikdə
onun tərcümeyi-halı hər dəfə təzədən
yazılır.
Həqiqətən də, Linkoln öz
dövrünün olduqca böyük adamı idi və bəlkə
də, bir əsr sonra prezident seçilə bilməzdi. Kamil olmayan və
kənd təsərrüfatı sərhədində, təcrid
olunmuş bir cəmiyyətdə böyüməklə o,
öz iradəsinin gücü ilə həmin mühitdən
çıxmağı bacarmışdı. Onun pionerlik (ABŞ-da Qərbi ilk məskunlaşdıranlara
“pioner” deyilir) təcrübəsi də Linkoln üslubunda
görülən kimi qalmışdı. İlk
bir imkan düşən kimi o, fermerlikdən, kəndlilikdən
hüquqşünaslıqla və siyasətlə məşğul
olan şəhər adamına çevrilmişdi. Tezliklə o, hər iki sahədə tədricən
uğur qazandı. Onun davranışı
və yaxşı hissiyyatı fəaliyyətinə göstəriləcək
etimadı ilhamlandırırdı. O, qızğın
işləməyə alışmışdı və məsələnin
bilavasitə özəyinə nüfuz etmək kimi nadir
qabiliyyətə malik idi. O, şamın alovunu küləyin əsdiyi
istiqamətdə tutmağı da bacarırdı, elə bil
ki, bu onun taleyi və həyatının mənası idi. Hər şeydən əvvəl Linkoln ingilis dilindən
istifadədəki ustalığı ilə özünü
üzə çıxarmışdı, onun ilhamlı danışığı
dövrün ibarəli danışığı ilə kəskin
əkslik təşkil edirdi. Dili səfərbərliyə
ala bilməsi prezident seçilmək üçün onu
yarışa girməyə cəsarətləndirmişdi,
baxmayaraq ki, o, son bir dekadanın çox illəri ərzində
heç bir ictimai vəzifə tutmamışdı və senatorluğa
nail olmaq üçün hətta seçkilərdə məğlub
olmuşdu.
Geniş mənada götürüldükdə, Linkoln
öz təbiəti etibarilə islahatçı deyildi. Lakin onun
müharibədəki qələbədən sonra ölkəni
birləşdirmək planı, məğlub olan Cənuba
yumşaq münasibət timsalı olmaqla yanaşı, islahat
yaradıcılığından xəbər verirdi. O,
quldarlığa nifrət etsə də, Konstitusiyada onun ləğv
edilməsi barədə heç bir yol göstərilmədiyindən,
bunu həll etmək üçün milli siyasəti
hazırlamağa diqqət verirdi. Ona bir şər
institutu kimi yanaşırdı, quldarlığın
yayılmasının qarşısını almağa
çalışırdı və “bütöv ölkə”yə
aid olan bir günü nəzərdə tuturdu. Bir prezident kimi onun birinci vəzifəsi, heç
şübhəsiz, Birliyi xilas etmək idi. O, elə bir
hüquqa malik deyildi ki, bu müharibəni quldarlığa
qarşı səlib yürüşünə çevirsin. Çünki belə hərəkət, həmçinin,
Birlik uğrunda vuruşmağa xüsusi ehtiyacın olduğu
amerikanların çoxunu bu taleyüklü işdən
uzaqlaşdıra bilərdi. Beləliklə,
Linkolnun təklif etdiyi Azadlıq Proklamasiyası həm
Konstitusiya tələblərinə, həm də siyasi səbəblərə
görə sırf hərbi tədbir kimi gündəliyə
çıxarılmalı idi.
Bu sənəd, əslində, müharibəni sosial
inqilaba çevirdi. Müharibə isə milləti irqi
uyğunlaşmanın yeni problemi ilə üz-üzə
qoymuşdu. Linkoln dövrünün nəsli
bu məsələnin həlli üçün biliyə və
mənəvi resurslara malik deyildi. Problem onu narazı
salmırdı və Linkolnun yenidənqurma proqramı buna az diqqət yetirirdi. Linkoln təkid
edirdi ki, qaralar İstiqlaliyyət Deklarasiyasının təminat
verdiyi bütün hüquqlara yiyələnsin. O
çalışırdı ki, ağ amerikanların irqi məsələ
barədəki qorxusunu sakitləşdirsin və o, ölüm
ərəfəsində israr etməyə
başlamışdı ki, azad olunan qaralara siyasi sistemdə hökmən
yer verilsin. Həm də o, öz həmvətənlərinin
məhdud düşüncəyə malik olduğunu bildiyindən,
iki irqli cəmiyyət kimi Birləşmiş Ştatların
gələcəyi barədə müəyyən qədər
pessimist idi. Qul problemi irqi uyğunlaşma
kimi daha çətin problemdən ayrı saxlansa, bunun daha
effektli olacağı barədə onun mühakiməsi,
güman ki, düzgün idi. Əlbəttə
ki, quldarlıq Linkoln və onun müasirlərinin əksəriyyəti
üçün daim ən böyük məsələ idi.
Linkoln nəzakətli
adam idi, lakin hər şeyi sınaqdan
keçirmək istəyirdi. O, yaxşı düzəldilmiş
kağız dəstəsini papağının içində
saxlayırdı. O, özünü vicdanlı Eyb
adlandırırdı, bir sıra böhran anlarında belə,
onun nəzakətliliyi, adamların ləyaqətinə həssaslıqla
yanaşması, hər kəsə öz təmiz
vicdanının güzgüsündə baxması faktları
buna əyani misal ola bilər.
Onu öz ətrafında olanlardan bir cəhəti də
fərqləndirirdi. Bu adamların üzləri təmiz
qırxıldığı halda, Linkoln saqqal saxlayırdı.
O, sifətinin kəskin cizgilərini yumşaltmaq
üçün saqqal saxlamışdı və nəhayət, bu qaydada bir prezident kimi
görünəndə, millət tərəfindən əsl
Abraham Ata kimi qəbul edilmişdi. O, ABŞ tarixində ilk
saqqallı prezident idi.
Linkolnun ABŞ tarixi üçün nəhəng şəxsiyyət
olduğuna şübhə etmək, Yerin Günəş ətrafında
fırlanmasını inkar etməyə bərabər
olardı. Lakin XXI əsrin əvvəllərində zövqlərin
dəyişilməsi hətta tarixi dəyərlərə
münasibəti dəyişdirməyə, dəqiq deyilsə,
korlamağa da səbəb olur. Bunun
utandırıcı nümunəsini Linkolnun siyasi fəaliyyət
məkanı olmaqla, vətəni saydığı İllinors
ştatının iqtisadi mərkəzi olan Çikaqoda da
görürük. Bu şəhərin mərkəzi
meydanında məşhur amerikan kinoaktrisası və
seks-simvolu olan Merilin Monroya, onun eyni ilə populyar fotoşəklində
olan kimi, yubkasını küləyin qaldırdığı
formada təsvir edən heykəl qoyulmuşdu. Turistlər buraya axışır, heykəlin
yanında şəkil çəkdirir və
şıltaqlıq naminə yubkanın qalxan yerindən onun bədəninin
intim hissəsini görmək məqsədilə yuxarı da
boylanırdılar. Bu, Çikaqoda əxlaq
təmizliyi uğrunda mübarizə aparan yaşlı adamlara
xoş gəlmədi və onların tələbi ilə heykəl
həmin meydandan uzaqlaşdırıldı.
“Müqəddəs yer boş qalmır” zərb-məsəlinə
uyğun olaraq, həmin yerdə Abraham Linkolnun heykəli
qoyuldu. Buraya turist axını tamamilə dayandı, Monrodan
fərqli olaraq, Linkolnun abidəsinə tam laqeydlik hökm
sürdü. Gənclər
üçün aktrisa Merilin Monronun böyük tarixi şəxsiyyət
olan Linkolndan daha yüksək hörmətə layiq olduğu
barədə əcayib bir fikir meydana gəldi. Birləşmiş Ştatları, həmin gənclərin
yaşadığı ölkəni xilas edən,
quldarlığı bütünlüklə ləğv edən
dahi siyasətçi əbləhləşmiş, primitiv
zövqlər hesabına sənətindən daha çox,
seks-simvol kimi tanınan adi bir kinoaktrisaya uduzmalı olmuşdu.
Bu da bizim əsrin paradoksallığı, dəqiq
desək, daha çox, nadanlığı.
(Ardı var)
525-ci qəzet 2018.- 20 yanvar .- S.22.