Musiqiyə və ulu
tara sonsuz
sevgiylə...
TANINMIŞ MUSİQİÇİ
ARİF AZƏRTÜRK MİLLİ İFAÇILIQ
SƏNƏTİMİZİN XARİCDƏ TANIDILMASI YOLUNDA
ARDICIL FƏALİYYƏT GÖSTƏRİR
Şahanə MÜŞFİQ
Vətən yalnız şəhidləri,
qəhrəmanları, sərkərdələri
ilə deyil, həm də onun adını dünyaya tanıdan, milli adət-ənənələrini,
özünəxas dəyərlərini
müxtəlif ölkələrdə
minlərlə, milyonlarla
insanların tanımasına
səbəb olan vətəndaşları ilə
də öyünür.
Belə insanlardan biri də yalnız Azərbaycanda deyil, xaricdə də tanınan mahir musiqiçi Arif Azərtürkdür. O,
1967-ci ildə Bakıda
doğulub. Hələ uşaq vaxtından
musiqini çox sevən Arifdəki istedadı sezən valideynləri onu 1977-ci ildə uşaq musiqi məktəbinə yazdırıblar. Orta
məktəblə musiqi
məktəbini birgə
oxuyub və 1983-cü
ildə Asəf Zeynallı adına
Bakı Musiqi Kollecinə daxil olub. 1987-ci ildə buranı bitirərək təhsilini Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasında (Azərbaycan
Dövlət Musiqi Akademiyası) davam etdirərək, 1993-cü ildə
tamamlayıb.
Arif Azərtürk
hələ tələbəlik
illərindən peşəkar
musiqi karyerasına başlayır. O, 1983-1985-ci illərdə
Mədəniyyət Nazirliyinə
bağlı İRS Folklor
Ansamblında ud və saz ifaçısı
kimi çalışır.
1984-1985-ci illərdə həmçinin Opera və
Balet Teatrının semfonik orkestrında tarzən-orkestrant olaraq yarım-ştat işləyir.
1985-1988-ci illərdə Əhməd
Bakıxanov adına
Azərbaycan Dövlət
Radio və Televiziyasının
Xalq Çalğı
Alətləri Ansamblında
tarzən kimi çalışan sənətçi
hərbi xidmətini başa vurduqdan sonra 1989-1991-ci illərdə
Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblında ud ifaçısı,
1990-1991-ci illərdə isə
Konservatoriyada repetitor vəzifələrini icra edir.
1991-ci ildə hələ tələbə ikən keçmiş SSRİ Mədəniyyət
Nazirliyi tərəfindən
Suriyaya göndərilərək
oradakı Dəməşq
Konservatoriyasında ud
müəllimi kimi 2 il dərs
deyir.
Arif Azərtürk
artıq 15 ildir ki, fəaliyyətini Türkiyədə davam etdirir. 1993-cü ildə qardaş
ölkəyə üz
tutan sənətçi
burada Sivas Dövlət
Türk Xalq Musiqi Xorunda Tar ifaçısı kimi bir il çalışır. 1994-cü
ildən 2002-ci ilə
kimi Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında dərs
verir.
Sənətçinin fəaliyyəti bununla da yekunlaşmır. O, hələ
könül verdiyi sənətə gəldiyi
ilk illərdən Azərbaycan
musiqisini, Azərbaycanın
ən qədim simli alətlərindən
tarı bütün dünyada tanıtmağı
qarşısına məqsəd
qoyub. Buna görə də 1980-ci ildən bəri Türkiyə, Suriya, Rusiya, Ukrayna, İngiltərə,
İtaliya, İspaniya,
Fransa, Kanada, Amerika, Belçika, Danimarka, İsveçrə,
Misir və digər ölkələrdə
müsabiqələrə, konsertlərə
və festivallara qatılıb, solo və orkestrlərlə birgə
konsertlər verib.
2003-2011-ci illərdə İstanbul Texnik Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında işləyir. 2011-2015-ci illər arasında Hollandiya Den Haaq Universitetində etno muzikal olaraq dərslər verir. 2016-cı ildən etibarən Türkiyəyə
qayıdıb Mədəniyyət
Nazirliyi Türk Dünyası Rəqs və Musiqi Topluluğunun rəhbəri
kimi vəzifə alır.
Bioqrafiyasından da göründüyü kimi, Arif Azərtürkün
yaradıcılığı yalnız tar ifaçılığı
və ya musiqinin bir sahəsilə
məhdudlaşmır, daha
geniş sahəni əhatə edir.
Azərbaycanın qədim tarixə
malik milli aləti olan tar əvvəllər dünya
ölkələrində çox
da tanınmırdı.
Özünün də dediyi
kimi, tarın mürəkkəb quruluşu
və onda ifa etməyin çətinliyi bəlkə
də bir çoxlarını bu gözəl musiqi alətindən uzaq salırdı. Amma Arif Azərtürk Suriyada, Türkiyədəki
Konservatoriyalarda tələbələrinə
bu sənətin və tarın sirlərini öyrədərək,
onun dünyada tanınmasında mühüm
iş görmüş
olur. Yəni qəhrəmanımız tar çətin alət olsa da, onu
Türkiyədə sevdirməyə
qərarlıyam - deyir.
O, həmçinin, Türkiyəyə
getdikdən sonra türklərin Anadolu bağlaması adlanan milli musiqi alətində
ifa etməyi öyrənərək özüylə
birgə Azərbaycana
gətirib, bu alətin azərbaycanlılar
tərəfindən tanınıb
qəbul olunmasına yol açıb. Bu cür fərqli musiqi alətlərinə marağını və sevgisini dilə gətirən ifaçı
tarın onun dünyasında ayrı bir yerdə olduğunu tez-tez vurğulayır: Hərdən
dostlarım buna görə mənə sataşıb zarafat edirlər. Mən də onlara
deyirəm ki, məqsədim hər işə əl atmaq deyil, sevdiyim
işlə məşğul
olmaqdır və mən də bunların hamısını
sevirəm, musiqini sevirəm. İfa etdiyim bütün
alətlər sultanlarım,
baş tacımdır.
Tar isə onların imperatorudur.
Arif Azərtürkün tara olan sevgisi o qədər dərin və içdəndir ki, o, təkcə tarın ifası, tədris və təbliğilə kifayətlənməyib, özü
də tar düzəltməyi
öyrənib. O, tarı
özünə məxsus
olan emalatxanasında hazırlayır. Tarın hazırlanmasının çox
çətin və ağır zəhmət, yüksək diqqət tələb edən iş olduğunu deyən sənətkar sevgi olan yerdə
hər bir işin öhdəsindən
gəlməyin mümkünlüyünə
əmindir: Tarı özün hazırlayıb
özün də ifa edə bilməyin
möhtəşəm və
fərqli bir hissdir. Düşünün
ki, çox uzun müddət bir tarı hazırlamaq
üçün zəhmət
çəkirsən və
iş bitəndən sonra sinənə sıxıb tellərini dilləndirirsən. İnsan bütün
yorğunluğunu beləcə
unudur. Sanki öz övladın kimidir. Üzərində çalışırsan, zəhmətini, nazını
çəkirsən, sonra
isə bəhrəsini
görürsən.
İstəyi hələ tələbə
ikən Türkiyəyə
gedib, musiqi təhsilini orada davam etdirmək olan Arif Azərtürk
mövcud quruluşun,
Sovetlər Birliyinin Türkiyə ilə bağları qopardığı
bir zamanda bu arzusuna nail ola bilmir. Onun istəyi
Türkiyədən sonra
Ərəb ölkələrinə
getmək olsa da, həyat ona əksini yaşadır, yəni Ərəb ölkələrindən
sonra Türkiyəyə
gedir və orada məskunlaşır.
O, əsas məqsədinin Şərq ölkələrinin
mədəniyyətlərini araşdırmaq, onların
arasındakı tarixi
bənzərliyi, ortaqlığı
öyrənmək və
əlbəttə ki, Azərbaycan musiqisini, tarı dünyada tanıtmaq olduğunu deyir.
Türk sənətçisi Ənvər
Merallı onun haqqında həddindən
artıq məsuliyyətli
insan - deyə bəhs edir. Xalq artisti Brilliant Dadaşova isə: Musiqiçilər
həssas, ətrafına
xoşbəxtlik yayan insanlardır. Arif də ruhu ilə,
varlığı ilə
musiqi adamı olduğundan ən azından pis ürəyə sahib ola bilməz - deyir.
1995-ci ildə Türkiyədə
tar və piano ifalarından
ibarət albom hazırlamaq istəyərkən
gözlənilməz qəza
onun bu istəyinin
10 il ləngiməsinə
səbəb olur. Beləliklə, o, 2005-ci ildə Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət
Ay işığı albomunu
buraxır. Yer alan 17 əsərdən yalnız Ayrılıq və Nazəndə sevgilim mahnıları türkiyəli dinləyiciyə
tanış olan albomda digər 15 əsərin hər biri Azərbaycanın görkəmli bir bəstəkarına aiddir.
Ay işığı albomu
ümumilikdə dünyanın
120 ölkəsinə göndərilib
və böyük marağa səbəb olub.
Arif müəllimi sevindirən
bir iş də artıq Azərbaycan tarının
Türkiyənin bir çox Konservatoriyalarında
tədris olunmasıdır.
Heç
təsadüfi deyil ki, o, bir baxımdan,
özünü Azərbaycanla
Türkiyə arasında
mədəniyyət elçisi
adlandırır.
Arif Azərtürk
eyni zamanda, səmimi və təvazökar insandır. Bunu onun
müsahibələrindən və dostlarının, həmkarlarının onun
haqqındakı fikirlərindən
də öyrənmək
olur. Musiqiyə bütün qəlbilə
bağlı olan, həyatını işinə
həsr edən sənətkarın gələcək
planları da məhz işi və çox sevdiyi tarla bağlıdır.
Tez-tez müxtəlif ölkələrdə
qastrollarda, konsertlərdə
olan tarzən gələcəkdə də daimi məskəni kimi Türkiyədə - İstanbulda
yaşamağı düşünür.
Özünün sözlərinə görə, İstanbulda onu özünə cəlb edən ən böyük özəllik qədim tarixi ilə yanaşı, fərqli ölkələrdən, fərqli
yerlərdən olan insanların məhz bu şəhərdə qaynayıb-qarışması, bu
fərqlilikdən yaranan
çağdaş və
özünəxas mədəniyyətdir.
Buna görə də o, Türkiyəni, xüsusən İstanbulu dünyaya açılan böyük qapı adlandırır.
525-ci qəzet 2018.- 20 yanvar .- S.24.